Logo
news content
User
Kateqoriyalar

Xəbər

“Adi bir mərkəzə vətəndaşları izləmək səlahiyyətləri verilib” - ekspertlər Nazirlər Kabinetinin qərarını tənqid edir

Nazirlər Kabineti 2011-ci il 28 dekabr tarixli Qərarı ilə təsdiq edilmiş “Mobil cihazların qeydiyyatının aparılması Qaydası”na dəyişiklik edilməsi haqqında qərar qəbul edib.

Yeni qərara görə, Mobil Cihazların Qeydiyyat Mərkəzi mobil cihazın İMEİ nömrəsinin dəyişdirildiyini və ya surətinin köçürüldüyünü müəyyənləşdirmək məqsədilə abunəçinin mobil (sellülar) nömrəsinin Mobil abunəçinin inteqrasiya xidmətlərində rəqəmsal nömrəsini (MSİSDN-Mobile Subscriber Integrated Services Digital Number) və mobil xidmət abunəçisinin beynəlxalq identifikasiyası (İMSİ-İnternational Mobile Subscriber İdentity) barədə məlumatları, o cümlədən əməliyyat növü, başlama və bitmə vaxtı, davamiyyəti, olduğu yer, başlanğıc və son stansiyalar, baza stansiyaların identifikasiya parametrləri və yerləşmələri barədə çağrı qeydiyyat məlumatlarını mobil operatorlardan informasiya sistemləri vasitəsilə onlayn qaydada əldə edəcək.

“İMEİ nömrəsi dəyişdirilmiş, habelə surəti bir və ya bir neçə başqa cihaza köçürülmüş mobil cihazı ilk olaraq istifadə etmiş abunəçinin (onun mobil (sellülar) nömrəsinin) müəyyənləşdirilməsi üçün həmin cihazın İMEİ nömrəsi qara səhifəyə daxil edildiyi tarixdən 3 ay əvvələdək olan dövr üzrə yuxarıda qeyd edilən məlumatların təhlili aparılacaq”, sənəddə qeyd edilir.

Qərara əlavə edilmiş yeni bəndə görə, mobil cihazın qeydiyyatının aparılmasından yayınmaq məqsədilə mobil cihazın İMEİ nömrəsinin dəyişdirilməsi və ya surətinin köçürülməsi, habelə İMEİ nömrələri Mobil Cihazların Qeydiyyat Sisteminin qara səhifəsində olan mobil cihazlara telekommunikasiya xidmətlərinin göstərilməsi İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati məsuliyyətə səbəb olunacaq.

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz Amerikanın Səsinə deyib ki, “ağlasığmaz olsa da”, adi bir Qeydiyyat Mərkəzinə vətəndaşları izləmək və əməliyyat-axtarış səlahiyyətləri verilib.

“Anlaşıqlı desək, yeni qaydalar Qeydiyyat Mərkəzində oturan birisinə bütün ölkə üzrə bütün mobil telefon əməliyatlarına real vaxtda tam nəzarət etmək imkanı verib”.

Ekspertin fikrincə, qaydalarda bu addımın telefonun İMEİ nömrəsinin dəyişdirildiyini və ya surətinin köçürüldüyünü müəyyənləşdirmək məqsədilə edildiyi vurğulanıb.

“Əlbəttə, anlaşılandır ki, təhlükəsizlik və cinayətkarlığa qarşı, terrorizmə qarşı tədbirlər görülməlidir. Lakin bununla bağlı ölkədə oturuşmuş bir sistem və qanunlar, səlahiyyətli qurumlar var. Əvvəlki qaydalarda Mərkəz bunu hər bir konkret abunəçi ilə bağlı mobil operatorlara müraciət əsasında reallaşdıra bilərdi. Mobil operatorların bu tip məlumatları təqdim etməsinin xüsusi proseduru var idi. İndi isə adi bir qurum heç bir iz qoymadan, real vaxtda, onlayn olaraq vətəndaşı izləmək imkanı qazanmış oldu. Düzü, anlamıram bütün bunlar nə deməkdir. Bəlkə xəbərimiz yoxdur, Qeydiyyat Mərkəzi Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) bir qurumuna, Antiterror Mərkəzinə çevrilib?

Görəsən. qanunla bu səlahiyyətlərə sahib olan qurumlar, DTX, Daxili İşlər Nzirliyi baş verənlərin fərqindədirmi? Xatırlayıram ki, "MTN işi"ndən sonra rəqəmsal mühitdə əməliyyat-axtarış, izləmə ilə bağlı qanunvericilikdə xeyli səliqə-sahman yaradılmış, səlahiyyətlər konkretləşdirilmişdi. Hökumətin yeni yanaşması isə onu deməyə əsas verir ki, mobil cihazların adi bir qeydiyyat qaydası artıq vətəndaşların rəqəmsal izləmə qaydasına çevrilib”.

Osman Gündüz hesab edir ki, bu tip məsələlər heç bir halda vətəndaşların konstitusiya ilə qorunan hüquqlarının pozulmasına yönələ bilməz.

“Bir daha vurğulamaq istərdim ki, yeni qaydalarda vətəndaşların hüquq və azadlıqları üçün ciddi risklər var. Bu Qaydalarda əməliyyat-axtarış səlahiyyətləri olmayan bir quruma açıq-aşkar vətəndaşları izləmə səlahiyyəti verilib. Onlayn mühitdə aparılacaq bu izləmə üçün hüquqi əsaslar necə müəyyən olunacaq, izləmə prosesi necə rəsmiləşdiriləcək, izləmə nəticəsində toplanan data hara təqdim olunacaq, toplanmış datadan sui-istifadənin qarşısı necə alınacaq, təhlükəsizlik necə qorunacaq? Ümid edirəm səlahiyyətli qurumlar, ombudsman buna aydınlıq gətirəcək”, ekspert qeyd edib.

Hüquqşünas Ələsgər Məmmədli Amerikanın Səsinə deyib ki, Azərbaycanda fərdi məlumatların qanusuz toplanması və istifadəsi baxımından beynəlxalq standartlara əhəmiyyət verilmir.

“Baxmayaraq ki, Azərbaycan bununla bağlı 108 saylı köhnə tarixli beynəlxalq konvensiyaya qoşulub. Bu konvensiya dataların toplanılması və istifadəsi ilə bağlı yeni standartlar müəyyən edib. Amma Azərbaycan yenilənmiş konvensiyanı imzalamır. Əsas problem ölkə daxilində fərdi məlumatların, xüsusilə də fərdi dataların qanunsuz toplanılması və müxtəlif qurumlar tərəfindən istifadə edilməməsinin önlənməsi üçün mexanizmlərin inkişaf etdirilməməsidir”.

Ekspertin fikrincə, fərdi məlumatlar ciddi şəkildə qorunmalıdır.

“Yalnız məhkəmə qərarı olduqda istisna halda fərdi məlumatlardan cinayətkarlığın qarşısının alınması üçün müəyyən çərçivələrdə istifadə oluna bilər. Azərbaycandakı mobil texnologiyalara birbaşa nəzarət, məhkəmə qərarı olmadan istənilən halda təqib olunması və izlənməsi, məlumatlardan istifadə olunması, xüsusən də Nazirlər Kabinetinin müəyyən etdiyi yeni qaydalarda sərbəst buraxılması fərdi məlumatların qanunsuz toplanması və istifadəsidir. Bu, həm də şəxsi həyata çox kobud müdaxilədir”.

Məmmədli hesab edir ki, Nazirlər Kabinetinin qərarı həm də Avropa İnsan Haqları Konvensiyasının 8-ci maddəsinə (Şəxsi və ailə həyatına hörmət hüququ) ziddir.

“Bu maddə şəxsi həyat məlumatlarının, ümumiyyətlə, şəxsi həyatın qorunmasını nəzərdə tutur. Azərbaycanda hüquq infrastrukturu bu istiqamətdə ciddi inkişaf etdirilməlidir. Çünki ölkədə bu sahədə çoxlu problemlər var. Məhkəmə qərarı olmadan məlumatların toplanması və istifadəsi, izlənmə, təqib olunma xüsusən də operatorlara, həm də operatorlara birbaşa çıxışı olan dövlətin nəzarət orqanlarına (Xüsusi Mühafizə Xidməti, Dövlət Təhlükəsizliyi Xidməti, Daxili İşlər Nazirliyi) məhkəmə qərarı olmadan bu imkanlar verilir. Bu, birmənalı olaraq insanları ikinci plana atmaq, onların həyatına  “dövlət” adı altında müdaxilə etmək fürsəti qazanmaq cəhdidir”.

Məmmədlinin fikrincə, Nazirlər  Kabinetinin qərarının hüququ əsası yoxdur.

“Azərbaycan Konstiutsiyasının 32-ci maddəsində şəxsi həyata müdaxilənin yolverilməzliyi və yalnız qanunla göstərilən hallarda məhdud şəkildə məhdud məqsədlər üçün toplana biləcəyi göstərilir. Nazirlər Kabinetinin qərarı bu prinsipi kobud şəkildə pozur. Çünki burada sistemli və davamlı bir izlənmədən söhbət gedir. Bu, nə məhdud çərçivə, nə də məhdud məqsəd deyil”, o, Amerikanın Səsinə bildirib.