Logo
news content
User
Kateqoriyalar

Xəbər

ABŞ Gürcüstanda Rusiya qanununun tətbiqindən "narahatdır"

Çərşənbə axşamı ABŞ Dövlət Departamenti bildirib ki, bu yaxınlarda Gürcüstanda qəbul edilmiş mübahisəli "xarici agentlər" haqqında qanunun "könüllü olaraq qeydiyyatdan keçməyən təşkilatlara, o cümlədən ictimai təşkilatlara və müstəqil KİV-ə" tətbiq edilməsindən "narahatdır”, - mətbuat katibi Metyu Miller deyib, Turan-ın Vaşinqton müxbiri bildirib.

Gürcüstan hökuməti tədbirlər görməyə - öz maliyyələşməsinin 20%- dən çoxunu xaricdən alan təşkilatları ya qeydiyyatdan keçməyə məcbur etməyə, ya da cərimə tətbiq etməyə hazırdır, çünki qeydiyyat müddəti sentyabrın 2-də başa çatır.

Könüllü qeydiyyat üçün qanunla nəzərdə tutulmuş bir ay ərzində 476 təşkilat qeydiyyat xahişilə Ədliyyə Nazirliyinə müraciət edib.

"Gürcüstan hökuməti olduqca narahatedici istiqamətdə hərəkət etməyə davam edir ki, bu da ölkəni gürcü xalqının əksəriyyətinin arzuladığı avroatlantik trayektoriyadan daha da uzaqlaşdırır", - Miller brifnq zamanı deyib.

ABŞ və Gürcüstan arasında ikitərəfli əməkdaşlıq çərçivəsində Vaşinqton onlarla Gürcüstan vətəndaşı və onların ailə üzvləri, o cümlədən Gürcü Arzusu Partiyasının üzvləri, parlament üzvləri, hüquq-mühafizə orqanlarının əməkdaşları üçün viza məhdudiyyətləri tətbiq edib. Miller xatırladıb ki, Dövlət Departamenti Gürcüstan hökumətinə birbaşa fayda gətirən 95 milyon dollarlıq yardımı dayandırıb.

"Mən gələcək hərəkətləri istisna etməzdim", - o  deyib.

Yerli analitiklər hesab edirlər ki, xaricdən maliyyə alan qeyri-hökumət təşkilatlarının "xarici agentlər" kimi qeydiyyata alınması tələbi oktyabrın 26-na planlaşdırılan ümummilli seçkilərdən əvvəl Gürcü Arzusu Partiyasının fərqli düşünənləri kənarlaşdırmaq səylərinin bir hissəsidir ki, bu da potensial olaraq ölkəni Rusiya ilə yaxınlaşdıracaq.