Logo
news content
User
Kateqoriyalar

Analitika

Vüqar Səfərliyə 11 il həbs cəzası tələb olundu 
Prokuror istintaq dövründə üzərinə həbs qoyulmuş əmlakların müsadirə olunmasını da tələb etdi 

Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) 11 il icraçı direktoru olmuş Vüqar Səfərli və onunla birlikdə mühakimə olunan daha 10 nəfərin işi üzrə məhkəmə araşdırmaları yekunlaşıb. Dekabrın 7-də Bakı Ağır Cinayətlər Məhkəməsində prokuror onlara cəza istəyib.

Prokuror Vüqar Səfərlinin 11 il azadlıqdan məhrum olunmasını tələb edib. O deyib ki, V.Səfərliyə qarşı irəli sürülmüş ittihamlar məhkəmədə sübuta yetirilib. Söhbət jurnalistlər üçün binaların tikintisi zamanı 17 milyon manata yaxın yeyintidən; Səfərlinin ailə üzvlərinə məxsus qəzetə vəsait ayrılmasından; Prezidentin keçmiş köməkçisi Əli Həsənovun qohumlarına məxsus binada maliyyə baxımından daha əlverişsiz (baha) şərtlərlə Fond üçün icarəyə yer götürərək yüz minlərlə manatın israf olunmasından; restoranlarda təşkil edilən tədbirlər zamanı qonaq sayını və qiymətləri artıq göstərməklə mənimsəmə əməllərindən gedir. Bu cinayət işində ümumilikdə 20 milyondan artıq mənimsəmə və israfetmədən bəhs olunur.

Dövlət ittihamçısı digər 10 nəfərdən birinə - KİVDF-nin mühasibi olmuş Təhminə Yaqubovaya 6 il şərti cəza verilməsini istəyib. O, təqsirləndirilən 11 nəfər arasında yeganə qadındır.

Qalan 9 nəfərdən dördünə 2 il həbs cəzası tələb olunub. Bunlar KİVDF-nin Yeni il, Novruz bayramı və Milli Mətbuat Günü ilə əlaqədar tədbirlər keçirdiyi restoranların icarədarları və idarə edənlərdir. İttihama əsasən, Fonda ayrılmış vəsaitin bir hissəsi tədbirlər zamanı qonaq sayının və qiymətlərin artıq göstərilməsi yoluyla mənimsənilib. Vüqar Səfərli, müsahib Təhminə Yaqubova tədbirlərin keçirildiyi restoranları idarə edənlərlə əlbir olaraq, bu işi həyata keçiriblər. Prokuror indiyədək azadlıqda olan həmin 4 nəfərin məhkəmə zalında həbs edilməsini istəyib.

Digər 5 nəfər təqsirləndirilən isə Səbail rayonu, Bibiheybət qəsəbəsində jurnalistlər üçün binaları inşa etmiş "Portos" MMC-nin direktoru və işçiləridir. Prokuror onların hər birinin 7 il azadlıqdan məhrum edilməsini istəyib. Bu 5 nəfərdən yalnız biri - Nadir Məmmədov həbsdədir. Digərləri barəsində istintaq və məhkəmə dövrü üçün başqa növ qətimkan tədbiri seçilib. Prokuror onların da məhkəmə zalında həbs olunmasını istəyib.

Dövlət ittihamçısı tələb edib ki, istintaq dövründə üzərinə həbs qoyulmuş əmlaklar müsadirə olunsun və yeyinti nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilsin.

Təqsirləndirilən şəxslərdən Ədalət Vəliyev məhkəməyə notarial qaydada təsdiqlənmiş ərizə təqdim edib. Orada göstərilib ki, Ədalət Vəliyev və ailə üzvləri Mətbuat prospektində yerləşən, ona məxsus çoxmərtəbəli binanın dövlət nəfinə verilməsinə razıdır. Ə.Vəliyev prezidentin sabiq köməkçisi, bu cinayət işində adı keçən Əli Həsənovun qohumudur. O, həm də jurnalistlər üçün binaları inşa etmiş "Portos" MMC-nin direktoru olub. Bu şirkətin təsisçisi isə Əli Həsənovun baldızı Gülər Vəliyevadır.

Prosessual qaydalara görə, prokurordan sonra vəkillər çıxış etməlidir. Vəkillər çıxışa hazırlaşmaq üçün vaxt istəyib. Onlara dekabrın 14-nə qədər vaxt verilib.

Xatırlatma: 63 yaşlı Vüqar Səfərli 2009-cu ildə KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu təsis olunduqdan 2020-ci ilə qədər bu qurumun icraçı direktoru vəzifəsində çalışıb. Ona qarşı CM-in 179.4 (xüsusilə külli miqdarda mənimsəmə və ya israfetmə), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və başqa maddələrlə ittiham irəli sürülüb. 2021-ci ilin yanvarında prezident KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun ləğv olunması, onun bazasında Medianın İnkişafı Agentliyinin yaradılması haqda fərman imzalayıb. Agentlik Səfərli və digərləri haqqında cinayət işində zərərçəkmiş qismində tanınıb. Vüqar Səfərli həm də YAP-ın Nərimanov rayon təşkilatının sədr müavini idi. 2021-ci ilin yanvarında həbs olunduqdan bir ay sonra onu bu vəzifədən də azad ediblər.

Gülər