Logo
news content
User
Kateqoriyalar

Analitika

Rasim Quliyevin məhkəməsi yekunlaşdı 
Hakim ciddi suallar olmasına baxmayaraq, Hacıbala Abutalıbov və Ramiz Mehdiyevi ifadə verməyə çağırmağa ehtiyac görmədi 

Uzun illər (1995-2019) Prezident Administrasiyasına rəhbərlik etmiş, hazırda isə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti olan Ramiz Mehdiyevin məhkəmədə dindirilməsi tələb olunub. Bunu istəyən isə Bakı şəhər İcra Hakimiyyətinin sabiq aparat rəhbəri, bir neçə aydır həbsdə olan Rasim Quliyevdir. O, Ramiz Mehdiyevlə yanaşı, 18 il birlikdə işlədiyi Hacıbala Abutalıbovun da məhkəməyə cəlb olunmasında israrlıdır. Bu barədə onun vəkilləri noyabrın 29-da məhkəmədə vəsatət qaldırıb.

Rasim Quliyev Bakının Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 141 ünvanında tarixi-memarlıq abidəsi hesab olunan binanın sökülməsi və yerində hündürmərtəbəli yaşayış binasının tikintisi üçün “FF-2011” şirkətinə icazə verməkdə ittiham edilir. Lakin şirkətin rəhbəri Tamilla İbrahimova məhkəmədə dindirilərkən deyib ki, o, bütün məsələləri Hacıbala Abutalıbovla həll edib, Rasim Quliyevi tanımayıb. T.İbrahimovanın sözlərinə görə, söküntü-tikinti ilə əlaqədar məsələni icra başçısı ilə hələ 2012-ci ildə həll eləmişdi. H.Abutalıbovun özünün də 5 il ərzində sözügedən ünvanla bağlı 3 sərəncamı olub. Lakin 2018-ci ildə qayda dəyişdiyinə görə daha bir sərəncama ehtiyac yaranıb. Həmin vaxt Hacıbala Abutalıbov artıq icra başçısı vəzifəsindən azad edilərək baş nazirin müavini təyin olunmuşdu. İcra Hakimiyyətində onun birinci müavini işləmiş Rauf Pənahov da vəfat etdiyinə görə müavin səlahiyyətlərini icra edən şəxs kimi, 2018-ci ilin mayında sərəncamı Rasim Quliyev imzalayıb.

Sabiq aparat rəhbəri isə deyir ki, əslində həmin vaxt onun rəsmən müavin səlahiyyətləri olmayıb. Çünki Hacıbala Abutalıbov 2017-ci ilin sentyabrında Prezident Administrasiyasının razılığı olmadan onu müavin təyin edib. Bir müddət sonra Prezident Administrasiyasının o vaxtkı rəhbəri Ramiz Mehdiyev Bakı şəhər İcra Hakimiyyətinə məktub göndərib ki, R.Quliyev müavin səlahiyyətlərini icra edə bilməz, çünki onun təyinatı üçün Prezident Administrasiyasının razılığı alınmayıb. “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 2.7-ci bəndində göstərilib ki, yerli icra hakimiyyətinin başçısı olmadıqda, onun səlahiyyətlərini Prezident Administrasiyasının rəhbəri ilə razılaşdırmaqla, İH başçısının müəyyən etdiyi müavinlərindən biri həyata keçirir.

Rasim Quliyev məhkəmədə bildirib ki, faktiki, onun sözügedən sərəncamı imzalamaq səlahiyyəti olmadığına görə həmin sənədin də hüquqi qüvvəsi yoxdur. Üstəlik, mübahisə predmeti olan bina da sökülməyib, yerindədir. Səlahiyyətlə bağlı məsələnin araşdırılması üçün Ramiz Mehdiyevin, “FF-2011” şirkətinə kimin icazə verdiyini müəyyənləşdirmək üçün isə Hacıbala Abutalıbovun məhkəməyə çağırılmasını istəyən Rasim Quliyev, ekspertiza keçirilməsini və müavin statusunda sərəncam imzalamaq səlahiyyətlərinin olub-olmamasının aydınlaşdırılmasını da tələb edib.

Amma hakimlər bu vəsatətlərin heç birini təmin etməyiblər.

Rasim Quliyevin vəkilləri deyir ki, onun səhhətində ciddi problemlər var, bu üzdən bir müddət əvvəl Bakı İstintaq Təcridxanasından Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülüb. Müdafiəçiləri onun sağlıq durumuyla əlaqədar ev dustaqlığına buraxılması məsələsini də qaldırıblar. Amma məhkəmə buna da “yox” deyib.

Rasim Quliyevin işi üzrə məhkəmə araşdırmaları artıq yekunlaşıb. Prosessual qaydalara görə, məhkəmə istintaqı başa çatdıqdan sonra prokuror çıxış edib ya cəza istəməli, ya da şəxsə qarşı irəli sürülən ittihamdan imtina etməlidir. Bu işdə prokuror çıxışa hazır olmadığını deyib və vaxt istəyib. Ona dekabrın 9-na qədər vaxt verilib.

Qeyd edək ki, Rasim Quliyev 2001-ci ildə Bakı şəhər İcra Hakimiyyətində işə başlayıb və 2018-ci ilə qədər bu qurumda fəaliyyət göstərib. 2010-cu ildə aparat rəhbəri təyin edilməzdən əvvəl Ərazi idarəetmə şöbəsinin müdiri olub. Eldar Əzizov 2018-ci ilin iyulunda Bakı şəhər İcra Hakimiyyəti başçısının birinci müavini təyin edilib, həm də başçı səlahiyyətlərinin icrasına başlayandan sonra sentyabrda R.Quliyevi vəzifəsindən uzaqlaşdırıb. Onu yerinə Elgün Həbibullayev təyin edilib. Rasim Quliyev isə Xarici Əlaqələr Departamentinin sədri olub. 2018-ci ilin noyabrında Eldar Əzizov İH başçısı təyin edildikdən sonra rəhbərlik etdiyi qurumda bir neçə departamenti, o cümlədən Xarici Əlaqələr Departamentini ləğv edib. Rasim Quliyev isə sərəncama göndərilib.

Rasim Quliyevə Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə)314-2.3-cü (qanunla müəyyən olunmuş qaydaları pozmaqla tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham verilib. O, özünü təqsirli bilmir.

Gülər