Logo
news content
User
Kateqoriyalar

Analitika

“Qaz vurub, qazan doldurmaq” niyyəti 
Avropa Putinin növbəti qaz şantajına boyun əyəcəkmi

Rusiya Prezidenti Vladimir Putin martın 23-də bəyan edib ki, Moskva daha neft-qaz satışından ödənişləri dollar, yaxud avroyla qəbul etməyəcək. O, Ukraynaya hücuma görə sanksiya tətbiq etmiş ölkələrin valyutalarını etibarını itirmiş adlandırıb.

Putin konkret adlar çəkməsə də, bu siyasətin Britaniya, Kanada, Yaponiya, İsveçrə, Ukrayna, Birləşmiş Ştatlar və Avropa İttifaqı üzvlərini hədəfə aldığı məlumdur. Qeyd edək ki, sanksiyalar Rusiya rublunu kəskin ucuzlaşdırıb, Rusiya beynəlxalq pul transferlərindən çıxarılıb, xaricdəki valyuta ehtiyatları dondurulub. 

V.Putin əməliyyatların rubla keçirilməsi üçün hökumətə və mərkəzi banka bir həftə vaxt verib. “Qazprom” şirkəti isə kontraktlara müvafiq dəyişikliklər etməlidir.

Xatırladaq ki, Avropa illik 540 milyard kub metrlik qaz istehlakının 40 faizə qədərini (160 milyard kub metr) Rusiyadan alır.

Avropa İttifaqının (Aİ) bir sıra liderləri isə Rusiyanın qeyri-dost ölkələrə qazı və nefti rublla satmaqla bağlı tələbinə rişxənd edib, bunu kontraktın pozulması adlandırıb. Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen martın 24-də Aİ-nin Brüssel sammitində deyib: “Bu, birtərəfli qərar, kontraktın pozulması və sanksiyalardan yayınmaq cəhdi olar. Biz sanksiyalarımızdan yayınmağa imkan verməyəcəyik. Enerjidən bizə qarşı şantaj kimi istifadə edilməsinin vaxtı bitib”.

İtaliyanın Baş naziri Mario Draqi Putinin bu qərarını kontraktın pozulması adlandırıb. Sloveniyanın Baş naziri Janesz Jansa isə jurnalistlərə açıqlamasında “məncə, Avropada heç kəs rublun nəyə oxşadığını bilmir, heç kəs rublla ödəniş edən deyil”, - deyə reaksiya verib.

Ukraynanın Xarici işlər naziri Dmıtro Kuleba Moskvanın tələblərini alçaldıcı adlandırıb, bu addımın təsir göstərə biləcəyi ölkələri geri çəkilməməyə çağırıb.

İqtisadçı Rövşən Ağayev hesab edir ki, Rusiyanın öz qazını rublla satmaq tələbini gerçəkləşsə belə, bunun ciddi iqtisadi divident gətirəcəyi mübahisəlidir: 

“Avropalı əvvəl avro ödəyib birbaşa qazı alırdı. Bu tələblə razılaşacağı halda avronu verib rubl alacaq, Rusiyanın rublu ilə Rusiyanın qazını alacaq. Hər iki halda Avropadan qaz üçün avro çıxacaq, hər iki halda Rusiyaya satılan qaz üçün ölkəyə avro daxil olacaq. Şübhəsiz ki, texniki baxımdan bu cür hesablaşma əlavə mürəkkəblik, valyuta mübadiləsi üçün çox da böyük olmayan əlavə xərclər yaradır”. 

Ekspertin sözlərinə görə, Rusiya öz qazını rubla satmağın əvəzinə qarşılıqlı hesablaşmalarda milli valyutadan istifadə şərti qoysa idi və nəzəri olaraq qarşı tərəf bu şərtə razılaşsaydı, proses Rusiyanın xeyrinə uduşlu olardı: “Həm qaza görə avro alardı, həm də Avropadan idxal etdiyi mallara görə avro xərcləmək əvəzinə öz rublunu təqdim edərdi. Amma indiki şərtlərdə Rusiya siyasi baxımdan uduşlu görünsə də, iqtisadi baxımdan zərərli çıxa bilər. Çünki qaz müqavilələri uzun müddətə bağlanır və rublun dəyərdən düşməsi Avropa üçün rus qazını daha ucuz edə bilər. Hər halda avropalıların məzənnə dəyişikliyinə adekvat hər ay müqavilənin şərtlərini yenidən baxmağa razı olacaqları da real deyil”.

Politoloq Elxan Şahinoğlu isə hesab edir ki, Putin bu qərarla həm onu tənqid edən Avropa ölkələrini cəzalandırmaq, həm rublu möhkəmləndirmək, həm də dollar və avronun mövqelərini zəiflətməyi planlaşdırır: 

“Rusiyadan qaz alan Avropa ölkələrinin iki seçimi var: Ya Rusiya bazarında rubl alaraq Putinin istəyinə uyğun ödənişi həyata keçirmək, ya da Rusiya qazından imtina etmək. Avropa ölkələri rublla ödəmə həyata keçirsələr, Ukraynadakı işğalçı müharibə ilə əlaqədar Rusiyaya qarşı elan etdikləri sanksiyalara zidd qərar vermiş olacaqlar. Soyuq ayların bitməsinə az qalıb. Bu baxımdan Avropa ölkələrinin bir qismi ödəməni əvvəlki qaydada həyata keçirib növbəti il üçün alternativ enerji bazarlarını tapmağa çalışacaqlar”. 

Ekspert hesab edir ki, Avropa ölkələrindən Almaniyaya üçün daha çətin olacaq. “Bu ölkə qaza olan tələbatının təxminən yarısını Rusiyadan alır. Avstriya müqavilədə göstərildiyi kimi Rusiyadan aldığı qaza görə bundan sonra da ödəməni avro ilə ödəyəcəyini bəyan edib. Polşa gələn ildən ümumiyyətlə Rusiyadan qaz almayacağını açıqlayıb. Bolqarıstanın və İtaliyanın ümidi Azərbaycan qazınadır”, - o vurğulayıb. 

Avropa ölkələri ard-arda Rusiya qazından imtina edərlərsə, Moskva Avropaya sata bilmədiyi qazı hansı ölkə və ya ölkələrə satacaq?

E.Şahinoğlu bildirib ki, Kremlin tək ümidi Çindir: “Rusiya Çinə uzanan boru xətti inşa edib. Boru xəttinin nəql imkanı 38 milyard kubmetrdir. Ancaq il ərzində bunun yarısı qədər qaz nəql edilib. Kreml “Sibirin gücü - 2” adlanan boru xətti ilə Çinə əlavə olaraq 50 milyard kubmetr qaz nəql etməyi planlaşdırır. Buna baxmayaraq, Çin Rusiyanın ona təklif etdiyi qaz həcmini almağa tələsmir. Pekin Brüsselin strategiyasından istifadə edir. Çin yalnız Rusiyadan aldığı qazdan asılı olmaq istəmir. Çin qonşuları – Qazaxıstan, Özbəkistan və Türkmənistandan da qaz alır. Rusiya Çinə bu ölkələrdən daha ucuz qaz qiyməti təklif edir. Bununla Kreml Çinin Rusiya qazına üstünlük verəcəyinə ümid edir. Ancaq qiymətlər fərqli olsa belə, Pekin qazın alınmasında şaxələndirməyə üstünlük verir. Bu o deməkdir ki, Rusiyanın Çin bazarına olan ümidləri özünü doğrultmaya da bilər”. 

Turqut