
Çin Rusiyaya hansı gözlə baxır?
Moskva müttəfiqlik, Pekin isə imperiya-vassal münasibəti kimi...
23 Sentyabr 2024
BRICS-in (Brazil, Russia, India, China, South Africa) üzv ölkələr üçün heç bir fayda verməyəcəyini Çinin son qərarları bariz şəkildə göstərir. Çin hökuməti yerli şirkətləri Hindistana sərmayə qoymaqdan çəkinməyə çağırıb. Ticarət Nazirliyinin xüsusi iclasinda yerli avtomobil istehsalçılarına ölkədən kənarda, xüsusilə Türkiyə və Rusiyada avtomobil sənayesinə sərmayə qoymamaq təkidlə tövsiyə edilib.
Çinin dövlət qurumlarının bu qərarları Pekinin həmin dövlətlərin iqtisadi inkişafında maraqlı olmadığını nümayiş etdirir. Aydın görünür ki, Pekin bu ölkələrə Çinin məhsullarının ixrac ediləcəyi bazar kimi baxır. Məsələn, hazırda Rusiyada satılan 14 avtomobil markasından 11-i Çinə məxsusdur. “Moskviç” kimi “yerli” markalar da əsasən Çində istehsal olunan aşağı keyfiyyətli hissələrdən yığılır. Əksər ekspertlər bu “yerli” avtomobil sənayesinin məhsullarını “metal yığnağı” hesab edirlər.
BRICS və Şanxay Əməkdaşlıq Təşkilatı, eləcə də ilk adı “Bir kəmər, bir yol” olan “Kəmər və Yol Təşəbbüsü” bütövlükdə Çini ABŞ və Avropa İttifaqı ilə bərabər beynəlxalq münasibətləri müəyyən edən tərəfə çevirməyə xidmət edir. Bunun nəticəsidir ki, ilk vaxtlar “Bir kəmər, bir yol” təşəbbüsündə yer alan İtaliya, İspaniya, Polşa, Yunanıstan və digər Avropa ölkələri artıq bu platformaya maraq göstərmirlər. Çünki qarşılıqlı faydalı dünya nizamı əsasında bütün dövlətlərin harmoniya və sülh, Şərqlə Qərb arasında əməkdaşlıq, həmrəylik, bərabərlik və etimad şəraitində birləşməsi devizinin arxasında Çinin dünya liderinə çevrilməsini hədəfi dayanırdı. Buna görə G7-i ölkələri arasında Çin proqramının yeganə iştirakçısı olan İtaliya “Bir kəmər, bir yol”dan imtina etdi. Avropa dövlətlərinin iştirakdan imtina etməsindən sonra bu təşəbbüslər Pekinin hakim rola malik olduğu platformaya çevrilib.
Pekin və Moskvanı ABŞ-ın və müttəfiqlərinin demokratik ölkələr arasında rolunu azaltmaqla dünyada öz təsirlərini artırmaq istəyi birləşdirir. Pekin və Moskvanın hakim dairələrinin fikirlərinə görə, Vaşinqton müttəfiqlərinin dəstəyi ilə Çin və Rusiyanı sanksiyalar, “rəngli inqilablar” və təcrid siyasəti ilə sarsıtmağa çalışır. Ona görə də Çin və Rusiya arasında situativ əməkdaşlıq yaranıb. ABŞ-ın təsirlərinə qarşı birgə dayanmaq istəyi bu situativ əməkdaşlığı doğursa da, Çin Rusiyaya bərabər hüquqlu tərəfdaş kimi baxmır.
Çində Rusiyaya münasibətdə iki xətt mövcuddur. Hazırda rəsmi Pekinin yürütdüyü siyasət Rusiyanın Çindən daha çox asılı salınmasını hədəfləyir. Bu xətt tərəfdarlarının mövqeyinə görə, Rusiya o qədər zəifləməlidir ki, Çinin icazəsi olmadan heç bir addım ata bilməsin. Bu xətt tərəfdarları öz fikirlərini əsaslandırmaq üçün dəlil olaraq Rusiyanın BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən biri, nüvə dövləti və Çin iqtisadiyyatını ucuz xammala təmin edəcək nəhəng coğrafiyaya malik dövlət olmasını irəli sürürlər. Bu xətt tərəfdarlarının digər dəlili isə iki ölkənin dövlət başçıları, Si Cinpinlə Vladimir Putin arasındakı yaxın münasibətlərdir. Belə ki, “əziz dost” dövlət başçılarının bir-birinə ənənəvi müraciətidir. Çin dövlət başçısı Rusiya prezidenti ilə bu günə qədər 40 dəfədən çox görüş keçirib. Bu da Si Cinpinin digər dünya liderləri ilə keçirdiyi görüşlərdən iki dəfə çoxdur.
Çin və Rusiya dövlət başçılarını birləşdirən ortaq cəhətlər də çoxdur. Hər iki lider avtoritar idarəçilikləri ilə diqqət çəkirlər və hər ikisi ömürlük hakimiyyət iddiasındadır. Lakin bununla belə, müşahidəçilər Putinin kiçik tərəfdaş olduğunu aydın sezə bilirlər. Belə ki, Putin Si Cinpinə yaltaqlanmaqdan çəkinmir və hər imkanda Çin dövlət başçısını qazandığı uğurlara görə tərifləyir.
Çin özünün vassalına çevirdiyi Rusiyanın beynəlxalq münasibətlərin fəal oyunçusu kimi qalmasına çalışır. Siyasi müşahidəçilər bunu Çinin yeni strategiyası hesab edirlər. Pekində belə hesab edirlər ki, Rusiya beynəlxalq münasibətlərdən çıxarılsa, Çin ABŞ və müttəfiqləri ilə təkbətək qalacaq. Buna görə də Çin dövlət başçısı Ukraynaya qarşı müharibədə Rusiyanın maraqlarını təmin edəcək “sülh planı”nı irəli sürüb.
Çinin “sülh planı”nda “müharibə” ifadəsi yoxdur. Pekində bu sözü “münaqişə” və “Ukrayna böhranı” ifadəsi ilə əvəz ediblər. Sənəddə Rusiyanın heç bir hərəkəti tənqid edilmir. Bundan başqa, sənəddə Ukraynanın ərazilərinin Rusiya tərəfindən işğalı ilə razılaşmaması məsələlərinə toxunulmur. “Ukrayna böhranının siyasi həllində Çinin mövqeyi” adlı bu plan 12 prinsipdən ibarətdir və Rusiyanın maraqlarının qorunmasına yönəlib. Ukrayna rəsmiləri dəfələrlə ən yüksək səviyyədə Çinin bu təklifini sərt tənqid ediblər. Ən son olaraq Çinin Braziliya ilə birlikdə irəli sürdüyü təklif Ukrayna prezidenti Volodimir Zelenski tərəfindən tənqid olunaraq, rədd edilib.
Çində Rusiyaya yönəlik ikinci xətt çinlilərin “müvəqqəti işğal altında olan torpaqlar” adlandırdıqları ərazilərin geri qaytarılmasını hədəfləyir. Çinin ilk kommunist lideri Mao Tszedun 1949-cu ildə Moskvaya səfəri zamanı Sovet İttifaqının rəhbərliyi ilə apardığı danışıqlarda bu torpaqların Çinə qaytarılmasını gündəmə gətirməsindən bu günə qədər çinlilər “Dahi sükançı”nın arzusunu gerçəkləşdirmək niyətindədirlər. Çinin orta məktəblərinin tarix kitablarında Rusiyanın beş vilayətindən qədim Çin torpaqları kimi bəhs olunur.

Si Cinpin 2014-cü ildə Berlinə səfəri edərkən o zaman Almaniyanın kansleri olan Angela Merkel Çin dövlət başçısına bir xəritə hədiyyə etmişdi. Bu, 1735-ci ildə Almaniyada tərtib edilmiş “Çinin ilk dəqiq xəritəsi” hesab olunan xəritədir. Həmin xəritədə Rusiyanın indiki əraziləri olan Uzaq Şərq, Tıva, Amur, Sibir və Cənubi Çin dənizi bütün adaları ilə birlikdə Çin dövlətinin sərhədləri daxilindədir. Angela Merkelin Si Cinpinə hədiyyə etdiyi ikinci xəritədə isə həmin ərazilər Rusiyanın sərhədləri daxilində, ancaq fərqli görsənmək üçün qırmızı rənglə təsvir edilib.

Merkelin bu addımı Çində Rusiya qarşı keçmiş düşmənçiliyi yenidən qabardaraq, ikinci xətt tərəfdarlarının mövqelərini gücləndirib. Rusiyaya qarşı ikinci xətt tərəfdarları açıq şəkildə bildirirlər ki, bu xəritədə ehtiyacımız olan hər şey var.
Hələlik isə Çin Rusiyanın öz vəsaitləri hesabına çəkdiyi “Sibirin gücü” qaz kəməri ilə ucuz qaz almaqda davam edir. Rusiya Çinə qaz satışını artırmağa çalışır və buna görə qazın qiymətinə 30 faiz endirim edə biləcəyini bildirir. Baxmayaraq ki, “Sibirin gücü” layihəsinin indiki qiymətlər çərçivəsində çəkilən xərcləri ən yaxşı halda 2050-ci ilə qədər ödəyəcəyi ehtimal olunur. Hazırda Çin dünyanın bir neçə ölkəsindən qaz alsa da, onun ən ucuzu Rusiyadan alınan qazdır. Çinin Monqolustan və Türkmənistandan aldığı qaza Rusiyadan aldığı qazdan daha çox pul ödəməsi rusiyalı ekspertlərdə hiddət doğurur. Ancaq Qərblə qarşıdurma yolu seçən Rusiya Çinin vassalına çevrildiyi üçün bu gerçəkliyi dəyişmək iqtidarında deyil.
Rusiyanın Çinin vassalına çevrildiyini isə artıq dövlət başçıları da ifadə etməkdən çəkinmirlər. Məsələn, müsahibələrinin birində Fransa prezidenti Emmanuel Makron Rusiyanın Ukraynadakı müharibəni geosiyasi baxımdan uduzduğunu və Çinin vassalına çevrildiyini bildirmişdi.
Bütün bunlar göstərir ki, Rusiya və Çinin dövlət rəsmiləri strateji əməkdaşlıqdan danışsalar da, iki ölkə arasında münasibətlər bərabər səviyyədə deyil. Bu, daha çox öz qüdrətinə inanan imperiya ilə gücsüzlüyünü dərk edən vassal arasındakı münasibətlər sistemidir. Belə münasibət Rusiyanın yolu ilə gedərək üzünü Qərbdən Şərqə çevirən bütün dövlətləri gözləyir. Hələlik Çinin müttəfiq olmayan, ancaq Pekinlə sürətlə yaxınlaşmaqda olan Türkiyə bu əməkdaşlığın acı nəticələrini dadmaqdadır. Şərqə dönüşün Türkiyə üçün hansı fəlakətlərə yol açacağından növbəti məqalələrin birində bəhs edəcəyik.
Xaqani Cəfərli