Logo
news content
User
Kateqoriyalar

Analitika

Postlar yığışdırıldı. Sonra?.. 

Pandemiya ilə əlaqədar Bakı şəhərində qurulmuş polis postları iyulun 1-dən yığışdırılıb. Daxili İşlər Nazirliyi bəyan edib ki, məqsəd həm paytaxt yollarında nəqliyyatın hərəkətinin intensivliyinin təmin olunması, həm də sərtləşdirilmiş xüsusi karantin rejiminə nəzarətə daha çox əməkdaşı cəlb etməkdir. Postlar yığışdırılsa da, vətəndaşların karantin rejiminin tələblərinə, xüsusən tibbi maskadan istifadə və sosial məsafənin gözlənilməsinə nəzarət daha da gücləndirilib. Küçə və prospektlərdə, hətta məhəllələrdə də piyada patrul naryadlarının sayı artırılıb. Nəqliyyat vasitələrinin hərəkətinə icazənin olub-olmaması isə küçələrdəki videomüşahidə kameraları ilə müəyyənləşdiriləcək.

Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Kamran Əliyev bildirib ki, küçələrdəki postlar qaldırılsa da, istənilən yerdə polis əməkdaşı maşını saxlatdırıb, icazənin olub-olmadığını yoxlaya bilər: “Postlar olmasa belə, marşrut postlar qüvvədədir və hər kəsi istənilən halda, istənilən yerdə polis əməkdaşı saxlayıb, onun evdən çıxmasına icazəsinin olub-olmamasını yoxlaya bilər”.

Durumu şərh edən ekspertlər hesab edir ki, hökumət ciddi şəkildə götür-qoy etmədən müxtəlif variantları sınaqdan keçirir.

Keçmiş deputat Nazim Bəydəmirli bu cür tədbirlə vəziyyətin dəyişəcəyinə inanmır. O, “Press Klub”a açıqlamasında bildirdi ki, polisləri, hərbi qulluqçuları əsas işlərindən ayırıb hər küçəyə, hər məhəlləyə yönləndirməyin nə iqtisadi, nə də təhlükəsizlik baxımından faydası var: 

“İnsanların evdə qalması və karantin rejiminə riayət etməsi üçün kompleks addımlar atılmalıdır. Evdə qalmaq üçün insanların maddi təminatı olmalıdır, normal yaşamını həyata keçirməyi bacarmalıdır. Hökumət adamlara pul vermək istəmir. Böyük ticarət mərkəzlərinin, molların vaxtından əvvəl açılması da buna görə idi. Halbuki, onların açılması çox yanlış qərar idi”.

Sabiq deputat Bakıdan postların yığışdırılmasını düzgün addım sayır. Onun fikrincə, virusa qarşı gerçək mübarizə baxımından bu postların heç bir faydası yox idi, amma böyük tıxaclara səbəb olmaqla, insanlara ziyan vururdu: 

“Bir müddət əvvəl monitorinq aparmışdım, şəxsi işimlə əlaqədar Bakının 6 rayonunun ərazisini gəzdim. Postların heç birində məni ciddi yoxlamadılar. Polis nəfərlərini, Daxili Qoşunların əsgərlərini günün altında saxlamağın nə mənası var? Bu postlar daha çox cərimə yığmağa xidmət edirdi. Bu cür davranışların nəticəsidir ki, vətəndaşlarda Operativ Qərargahın və Daxili İşlər Nazirliyinin tədbirlərinin virusa qarşı mübarizəyə yox, daha çox cərimənin toplanmasına hesablanması qənaəti formalaşıb. Artıq “cərimə iqtisadiyyatı” adı da qoyulub. Təəssüf ki, bu tipli məsələlərlə bağlı qərar verərkən başqa ölkələrin təcrübələri tam öyrənilmədi. Tez-tez qərar dəyişikliyi oldu, nəticədə vətəndaşlarımızda inam və etibar azaldı. Virusa yoluxmaların sayındakı artım həm də o inam və etibarsızlığın nəticəsidir. İnsanları qadağalardansa, maarifləndirmə yolu ilə inandırmağa çalışmaq lazımdır. Sosial məsafə və maska da daxil olmaqla, şəxsi gigiyenik məsələlərə diqqət yetirilməsi aşılanmalıdır”.

N.Bəydəmirlinin fikrincə, Bakı ilə bölgələr arasındakı postları yığışdırıb, paytaxtın yükünü nisbətən yüngülləşdirməyə ehtiyac var.

Tibb elmləri doktoru, professor Adil Qeybulla da pandemiyaya qarşı mübarizə məqsədilə hökumətin atdığı son addımları gecikmiş sayır. O hesab edir ki, həmin tədbirlər prosesin başlanğıcında görülməliydi: 

“Artıq infeksiya kifayət qədər yayılıb. Bu baxımdan, indiki şəraitdə effektli olacağı o qədər məntiqli görünmür”.

A.Qeybulla da düşünür ki, ancaq maarifləndirmə yoluyla ciddi nəticələrə nail olmaq mümkündür: 

“Qadağa istənilən nəticəni vermir. İnsanlar üçün karantin rejimi qaydalarına əməl etmək vərdişə çevrilməlidir. İnsanlar durumun ağırlığının fərqinə varmalıdır”.

Gülər