
Qarabağ ermənilərinə tələsik Ermənistan vətəndaşlığı – Səbəb nədir?
Rəsmi İrəvan hazırda “quyruğu təmizləməklə” məşğuldur
12 Noyabr 2024
“Dağlıq Qarabağdan olan soydaşlarımız sürətləndirilmiş qaydada Ermənistan vətəndaşlığı ala bilərlər”. Bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.
“Bunun üçün İrəvandakı Miqrasiya və Vətəndaşlıq Xidmətinə, rayonlarda isə Daxili İşlər Nazirliyinin ərazi bölməsinə getmək, ərizə yazmaq və müvafiq sənədlər təqdim etmək lazımdır.
Bundan sonra bir-iki ay ərzində sizə Ermənistan Respublikası Prezidentinin fərmanı ilə Ermənistan vətəndaşlığı verildiyi barədə qısa mesaj gələcək.
Növbəti addım olaraq, Ermənistan Respublikasının vətəndaşı kimi yeni pasport almaq üçün ərizə yazmalısınız”, - məlumatda qeyd edilir.
Belə çıxır ki, rəsmi İrəvanın özü Azərbaycanın Qarabağ bölgəsinin dağlıq hissəsinin keçmiş sakinlərinin mübahisəli statusuna son qoyulmasına kömək edir. Çünki bu insanlara sürətləndirilmiş qaydada Ermənistan vətəndaşlığı verilsə, onların daimi yaşayış yerlərinə - Azərbaycan ərazisindəki keçmiş evlərinə qayıtmalarının mümkünlüyü məsələsi avtomatik olaraq tam şəkildə aradan qalxacaq. Sadəcə ona görə ki, Azərbaycan ikili vətəndaşlığı tanımır. Ermənistan rəsmiləri də müxtəlif beynəlxalq toplantılarda “2023-cü ilin sentyabrında baş vermiş etnik təmizləmənin nəticələrini aradan qaldırmağın vaxtı çatdığı” ilə bağlı Bakıya qarşı iddia qaldıra bilməyəcəklər. Xüsusən də ona görə ki, “etnik təmizləmə” olmayıb. Əksinə, erməniləri Azərbaycan Respublikasının pasportlarını alaraq Qarabağa qalmağa dilə tuturdular. Onlar isə Ermənistana köçməyə üstünlük verdilər. Amma belə çıxır ki, Ermənistan rəhbərliyinin özü bu mövzunu tez bir zamanda gündəmdən çıxarmağa çalışır. Sual olunur - bu, İrəvanın nəyinə lazımdır? Ermənistan hakimiyyəti Qarabağ ermənilərinə qarşı niyə belə bir xətt tutub?
Pressklub.az-ın suallarını tanınmış ekspertlər cavablandırıblar.
İqtisad elmləri doktoru, Sankt-Peterburq Dövlət Universitetinin professoru, diplomatiya üzrə magistr proqramının rəhbəri Stanislav Tkaçenko bildirib ki, Qarabağdan olan ermənilərin Ermənistan vətəndaşlığı alması ilə bağlı müzakirə olunan məsələ Azərbaycan və Ermənistan arasında münaqişənin hərbi fazasının başa çatmasının çoxsaylı nəticələrindən biridir.

“Bu nəticələr siyasiləşdirilə və bununla da münaqişənin tam başa çatması anı ləngidilə, ya da tez bir zamanda həll edilə və bununla da Cənubi Qafqaz torpağına sülh gətirmək olar.
Dünya ekspert birliyi artıq bir ildir Qarabağın erməni sakinlərinin yaşayış yerlərini demək olar ki tam şəkildə tərk etmələrinin əsl səbəbləri ilə bağlı sual üzərində düşünür. Buna, Qarabağdakı hakimiyyətin, eləcə də İrəvandakı hökumət strukturlarının iki icmanın bir dövlət daxilində yaşamasının mümkünsüzlüyü ilə bağlı 1991-2023-cü illər ərzində apardıqları təbliğat səbəb olub? Onların öz təhlükəsizlikləri ilə bağlı hər hansı bir qorxusu olubmu? Bu və digər suallar cavabsız qalır, amma onların hər birinə cavab verilməsi yaxşı olardı.
Hazırda Ermənistan hakimiyyətinin Qarabağdan gedənlərin vətəndaşlıq məsələlərini həll etməyə tələsməsi, onların mülkiyyət hüquqlarına məhəl qoymaması və bu məsələdə Azərbaycanla danışıqlara getmək istəməməsi Nikol Paşinyan hakimiyyətinin 2020-2023-cü illərdəki hərbi məğlubiyyətdən sonra Qarabağa münasibətdə qeyri-ardıcıl siyasətinin göstəricisidir”, - o deyib.
Onun sözlərinə görə, elə bir təəssürat yaranır ki, sanki İrəvanda bu məğlubiyyəti heç nə xatırlatmamasına nail olmaq, tarixin bu səhifəsini çevirərək, tələsik şəkildə “Avropaya”, “Qərbə” və ya başqa istiqamətdə hərəkətə başlamaq istəyirlər.
“Belə bir siyasət Ermənistanın yeni vətəndaşlarının hüquqlarını pozur, onları hakimiyyətin girovuna çevirir. Eyni zamanda, sürətləndirilmiş qaydada vətəndaşlıq verilməsi məsələləri ilə bağlı qəbul edilən qərarlar Qarabağda qalan daşınar və daşınmaz əmlak üzərində mülkiyyət hüququ, qohumlarının məzarlarını ziyarət kimi aktual məsələlərin müzakirəsini sadəcə olaraq təxirə salır, həmçinin Qarabağdan olan insanları Azərbaycan vətəndaşlığı əldə etmək perspektivindən məhrum edir. Göründüyü kimi, bütün bu problemlər Paşinyan və onun nazirlərini az narahat edir. Bu cür hərəkətlərə siyasi qiymət növbəti seçkilərdə və ya Ermənistandakı siyasi proseslər çərçivəsində veriləcək. Onda biz Ermənistanın hazırkı vətəndaşlarının bu çətin məsələyə münasibətini öyrənəcəyik”, - deyə Tkaçenko proqnozlaşdırır.
Beynəlxalq məsələlər üzrə ekspert, “Cənubi Qafqaz” politoloqlar klubunun rəhbəri İlqar Vəlizadə isə öz növbəsində bildirir ki, son həftələr, xüsusilə Kazan görüşündən sonra, danışıqlar prosesində dinamikanın gücləndiyi görünür və çox güman ki, Ermənistan tərəfi keçmişdən bizə miras qalan ziddiyyətli mövzuları uzatmağın mənası olmadığını başa düşür. Çünki real Ermənistan üçün yeni regional və beynəlxalq gündəliyi həyata keçirmək istəyi varsa, o zaman köhnənin qalıqlarından imtina etmək lazımdır.

“Amma “Qarabağ erməniləri” deyilən mövzunun qaldığı bir şəraitdə bunu etmək daha çətindir və ona görə də, necə deyərlər, “quyruğu təmizləmək lazımdır”. İndi onlar da bununla məşğuldurlar. Burada həm də sırf hüquqi məqam var. Əgər Qarabağdan olan ermənilər Ermənistan ərazisindədirlərsə, orada yaşayırlarsa, o zaman onlar hansısa formada leqallaşdırılmalı, onların hansısa formada dövlətlə qarşılıqlı əlaqəsi olmalıdır. Onlar vətəndaşa çevrilməlidirlər. Əks halda separatçı-revanşist qrupların onlardan öz eqoist məqsədləri üçün istifadə etməyə cəhd etdiyini görürük. Üstəlik, hələ də məhv edilməmiş separatçı rejim Ermənistan ərazisində fəaliyyətini davam etdirir, Azərbaycanı tərk etmiş və hələ də Ermənistan vətəndaşlığı olmayan bu şəxslərin maraqlarını təmsil etməyə çalışır. Ona görə də, Ermənistan hakimiyyəti situasiyaya daha çox təsir etmək və onları hansısa yolla ölkənin qanunlarına tabe etmək üçün bu addımları atır”, - deyə Vəlizadə yekunlaşdırıb.
Rauf Orucov