Logo
news content
User
Kateqoriyalar

Xəbər

Dünya liderləri COP29-a az diqqət yetiriblər?

Noyabrın 12-də Bakıda Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) liderlərin toplantısı başlayıb.

"Euronews" telekanalı BMT-dəki mənbələrə istinadən bildirir ki, tədbirdə 100-ə yaxın dövlət başçısı iştirak edir.

Amma COP29-a bəzi dövlət başçıları gəlməyib. Onların arasında Almaniyanın kansleri Olaf Şolts, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının kralı III Çarlz, Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen, Fransa prezidenti Emmanuel Makron, ABŞ prezidenti Co Bayden və bu ölkənin dövlət katibi Antoni Blinken də var. Halbuki, ABŞ dövlət katibi bir il əvvəl Dubayda keçirilən COP28-ə qatılmışdı. Bu tədbirdə isə ABŞ-ı prezidentinin beynəlxalq iqlim siyasəti üzrə baş müşaviri Con Podestan təmsil edir.

Braziliya prezidenti Luiz İnasio Lula da Silva, Kanadanın baş naziri Castin Trüdo, Hindistanın baş naziri Narendra Modi, Çin lideri Si Cinpin, İran prezidenti Məsud Pezeşkian və daha bir neçə dövlət başçısı da gəlməyənlər arasındadır. Onlar konfransda iştirak etməmələrini, əsasən, ölkələrindəki mövcud vəziyyət ilə izah ediblər. Amma tədbir ərəfəsində Azərbaycanda insan haqlarına, siyasi məhbus məsələsinə diqqət çəkən bəzi beynəlxalq qurumlar da COP29-u boykot etməklə bağlı çağırışlar səsləndirmişdilər.

Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev noyabrın 12-də belə çağırışlarlarla bağlı suala cavab verərkən deyib ki, COP29-u boykot etmək üçün ətrafa baxmaq lazımdır: "Bu tədbirdə 70 mindən artıq xarici və yerli nümayəndələr iştirak edir. Ona görə də sizin dediyiniz ifadə bu tədbirə heç bir halda uyğun gəlmir".

Milli Məclisin deputatı Elşad Musayev isə fərqli düşünür. O, Turana bildirib ki, tədbirdə nə qədər çox ölkə iştirak etsəydi, o qədər yaxşıdır və bir çox ölkələrin siyasi liderləri konfransa qatılıb: “Bunun özü Azərbaycanın ölkələrin arasında əlaqələrin yaxşılaşmasına xidmət edir. Yəni, biz dövlət olaraq maraqlı idik ki, gəlsinlər”.

E.Musayev qeyd edib ki, tədbirə gəlməyən dövlət başçıları müxtəlif əsasları gətiriblər: “Bu da onların daxili işidir. Elələri var ki, həqiqətən də ciddi səbəblərə görə qatılmadılar. Amma demokratiya məsələsi, Qərbin bu demokratiya havası 90-cı illərdə çalınıb oxunurdu. Sonra zaman keçəndə Azərbaycan cəmiyyəti gördü ki, bu Qərbin demokratiyası özləri üçündür”.

Onun fikrincə, bu Qərb digər ölkələrə münasibətdə yalnız öz maraqlarına uyğun hərəkət edirlər: “Həmin ölkələrin bəzi Ərəb ölkələri ilə çox yüksək əlaqələri mövcuddur. Orada demokratiya var? Yaxud da Fransa gedib Afrika ölkələri sümürür. Bu, demokratiyaya uyğundur? Ermənistan Azərbaycanın əraziləri işğal eləmişdi, demokratiyaya uyğun bütün bu ölkələr Ermənistana dəstək vermişdi? Bu demokratiya məsələsi bəhanədir. Sadəcə gəlmələri onların maraqlarına uyğun deyil”. 

"Müdafiə Xətti" hüquq-müdafiə təşkilatının həmtəsisçi Rüfət Səfərovun isə AzadlıqRadiosuna deməsinə görə, əvvəldən görünürdü ki, Qərb ölkələri bu tədbirdə yüksək səviyyədə təmsil olunmayacaqlar: "Bunun müəyyən qədər anonsları var idi. İndi də məlum olub ki, siyasi güc mərkəzlərinin rəhbərləri konfransda bu və ya digər səbəblərdən iştirak etmirlər".

Hüquq müdafiəçisi hesab edir ki, burada Azərbaycanın daxilində hökm sürən repressiv tədbirlər, təməl hüquq və azadlıqların əngəllənməsi də mühüm rol oynayıb. Onun sözlərinə görə, son illərin təcrübəsinə diqqət yetdikdə görünür ki, Azərbaycana insan haqları ilə bağlı Qərbdən davamlı təzyiqlər var: "Lakin təəssüf ki, rəsmi Bakı bütün bunlardan nəticə çıxarmayıb, əksinə, cavab olaraq ölkə daxilindəki siyasi azadlıqlara daha da sərt münasibət sərgiləyir".