Logo
news content
User
Kateqoriyalar

Analitika

İki həftəlik sərt karantin sınağı

Bu ölkənin bəzi rəsmiləri pandemiyaya teleqramlarla qalib gələcəklərini düşünürdülər. Koronavirusa qarşı mübarizədə qazanılmış uğurlara görə hər gün dövlət başçısına yerlərdən təbrik məktubları təşkil edirdilər.

Əhalinin əksəriyyəti isə ümumiyyətlə, koronavirusun mövcudluğuna inanmır. Xəstəxanalar dolub, statistik göstəricilər real rəqəmlərin heç yarısını da əks etdirmir, amma yenə inanmaq istəmir. Və bu, insanların gözəgörünməz virusa deyil, öz hökumətinə inamsızlığının nəticəsidir: “Deyirlərsə var, deməli, yoxdur”. Həmişə, hər yerdə belə olub və ətraf dövlətlərdəki vəziyyətə baxsanız, görərsiniz ki, orada da əhalinin pandemiya barədə tədbirlərə münasibətinin ciddiliyi ilə hökumətə inamları arşında mütənasiblik var.

Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargahdan narazılığın birinci səbəbi budur. İkinci səbəb isə Qərargahın xüsusilə may ayından bəri buraxdığı ardıcıl səhvlərdir. Onun fəaliyyətində qeyri-davamlılıq, natamamlıq və hətta xaotiklik hiss olunmağa başlayır. Qəbul edilən bir çox qərarların icra mexanizmi yoxdur. Xəstəliyin daha geniş yayıldığı Bakı şəhərində 2 günlük sərt karantin rejimi tətbiq edilir ki, adamlar evdə qalsınlar, onlar isə “möcüzəvi” şəkildə postları aşıb, dəstə-dəstə Qubaya, Şəkiyə, Nabrana, Masallıya axışır, rayonları da çətin duruma salırlar. Xeyli belə misallar gətirə bilərik. Amma indi tənqidə yox, vəziyyətdən çıxış yolları barədə söhbətə köklənmək daha səmərəlidir.

İyunun 21-dən ölkənin iri şəhərlərində iki həftəlik sərt karantin rejimi tətbiq olunur. Rejim qaydalarına nə dərəcədə ciddi əməl ediləcəyi isti yay günlərində məcburən evdə qalan adamların ən ümdə ehtiyaclarının necə  qarşılanacağından çox asılıdır. Dövlət təchizat sistemləri fövqəladə iş rejimində çalışmalıdır. Hansısa binada su problemi yaranarsa, onu operativ həll etmək üçün sudaşıyan maşınlara qədər hazır vəziyyətə gətirilməlidir. “Əhali artdığından, hamıya su çatmır”, yaxud “xəstəni aparmağa təcili yardım maşını tapılmır” söyləməklə dövlət “tədbirini” bitmiş hesab etmək olmaz. Qərarların hərtərəfli düşünülmüş olmasına xüsusi fikir verilməlidir, elə olmamalıdır ki, dializ xəstələri nəzərə alınsın, sonra yada düşsün ki, onkoloji xəstələr unudulub. Polis xüsusi təlimatlandırılmalıdır. Virusa qarşı mübarizənin ön cərgələrində olanların təminatı yüksək olmalı, onlara verilən vədlər yerinə yetirilməlidir. Maarifçilik yenidən ön plana keçməlidir. Teleradio şirkətləri, dövlətin media resursları buna işləməlidir.

Vəzifələrini yerinə yetirməyənlər isə ciddi şəkildə cəzalandırılmalıdır. Mayın 7-də 1-ci vitse-prezident Mehriban Əliyevanın saytında bir xəbər dərc olunmuşdu. Orada bildirilirdi ki, ilk modul tipli xəstəxana üç həftəyə istifadəyə verilib, may ayında daha 5, iyunun sonuna qədər 4 belə xəstəxana yaradılacaq. Amma iyunun 18-də verilən məlumatdan bəlli olur ki, hələlik cəmi 4 modul xəstəxana işə salınıb. Niyə? Buna görə - əvvəlcədən planlaşdırılmış və lazımi maliyyə ayrılmış tədbirin görülmədiyinə və nəticədə koronovirus xəstələrini ev şəraitində müalicə etmək məcburiyyəti yarandığına görə kimsə məsuliyyət daşımalıdır.

Bu iki həftə ərzində hökumət son ayda əhalinin zəifləmiş inamını bərpa edə, yaxud daha ağır etimad böhranı ilə üzləşə bilər. Koronavirus sayğacını təzələyib, yeni hesaba başlayır...

 

Press Klub