Logo
news content
User
Kateqoriyalar

Araşdırma

Yaş yarımında qəzet oxuyan, sevgisini gizli saxlayan, tənhalıqda ölən dahi...
25 dil bilən bu oğlanın İQ göstəricisi Aynştayndan da yüksək idi

Uilyam Ceyms Saydis adlı oğlan tarixdəki ən ağıllı adamlardan biri hesab olunur. Gəncin IQ göstəricisi 250-300 bal təşkil edirdi, Albert Aynştaynda olduğundan çox. Amma olduqca inkişaf etmiş intellekti Saydisə həyatda yerini tapmağa, uğurlu və xoşbəxt yaşamağa kömək etmədi. Vunderkindin heyrətamiz və eyni zamanda kədərli tarixçəsindən danışırıq. 

“Ağıldan bəla” - bu ifadə Uilyam Saydisin həyatını əla təsvir edir. 

Uşağın yaşı cəmi 6 ay olanda dünya Uilyam Saydis adını eşitdi. Hələ körpə yaşlarından təlimdə inanılmaz uğurlar sərgiləyirdi. Onun valideynləri, Boris və Sara Saydislər dərhal uşağa böyük ümidlər bəslədilər, sonra da onun tərbiyəsində çoxlu səhvlər buraxdılar. 

Uilyam Saydisin uşaqlığı

Uilyam Ceyms Saydis 1898-ci il aprelin 1-də Nyu Yorkda mühacir ailəsində anadan olub. Onun valideynləri yüksək intellektli şəxslər idi: anası Sara o zaman tibb məktəbini bitirən azsaylı qadınlardan biri, atası Boris isə görkəmli psixoloq idi. 

Oğlan həyatının ilk günlərindən qeyri-adi bacarıqla öyrənirdi. 6 aylığında hərfləri və formaları artıq ayırırdı, 18 aylığında isə “New York Times” qəzetində məqalələri oxuyurdu. 8 yaşında, yaşıdları məktəbdə yenicə oxumağa başlayanda Saydis artıq səkkiz dildə sərbəst danışırdı: onlardan biri də latın idi. Üstəlik, özünün “venderqud”unu, bir neçə Avropa dillərinin elementləri olan süni dil icad etmişdi.  

Heyrətamiz dahi uşaq haqqında məqalələr tezliklə bütün KİV-i bürüdü. Jurnalistlər proqnoz verirdilər: Saydis görünməmiş yüksəkliklərə qalxacaq və böyük bir kəşfə imza atacaq. Amma akademik uğurlara bütün bu aludəçilik zamanı kimsə uşağın emosional vəziyyəti barədə düşünmədi - sonda hər şeyi korlayan da elə o oldu. 

Harvardın 16 yaşlı məzunu: istehza içində ömür və tənhalıq arzusu

Saydis 1909-cu ildə, yenicə 11 yaşa çatmış universitetdə oxumağa başladı və bütün dövrlər üçün ən gənc Harvard tələbəsi oldu. Təhsil müəssisəsində çox tezliklə ən çətin riyazi məsələləri həll edə biləcək tələbə şöhrəti qazandı. Daxil olandan bir il sonra, 12 yaşında dördölçülü həndəsə üzrə ilk məruzəsini oxudu və öz biliyi ilə təcrübəli professorları belə heyrətləndirdi. 

Uilyam bir tərəfdən pedaqoqlar arasında çox populyar idi, digər tərəfdən də tələbə cəmiyyətində tamamilə izqoy idi. Əvvəla, oğlanın yaşı öz sözünü deyirdi, ikinci onu qeyri-normal sayırdılar, çünki təhsildən başqa heç nə ilə maraqlanmırdı. Fağır, idmana marağı olmayan və utancaq Uilyam kurs yoldaşlarının istehza predmeti olmuşdu. 

Uilyam Ceyms Saydis universiteti bitirəndə 16 yaşı vardı. Məzunluqdan dərhal sonra valideynlərinə onlardan ayrılmaq və tək yaşamaq istədiyini dedi. Onun əsas arzusu yad gözlərdən uzaq olmaq idi. Amma gənc adamın istədiyi mümkünsüz oldu. 

Əlbəttə, Uilyamın intellektinin formalaşmasında onunla ən kiçik yaşlarından məşğul olan valideynləri mühüm rol oynamışdılar. Lakin elə onların təsiri üzündən Saydis ciddi mənəvi sarsıntılar yaşadı. 

Boris və Sara öz oğullarına uşaqlıqda böyük adam kimi yanaşırdılar, tərbiyəsi zamanı ciddi psixoloji metodlardan istifadə edirdilər, eyni zamanda oyunlara, uşağın sosial inkişafına qəti diqqət ayırmırdılar. Saydis böyüyüb bunu anlayanda valideynlərindən uzaqlaşmağa və onlarla ünsiyyətdən yayınmağa başladı. 

Akademik karyer və şöhrətdən imtina

Saydis Harvarddan məzun olduqdan sonra Rays Universitetində dərs deməyə başlayaraq 17 yaşında pedaqoq oldu. Öz tələbələrindən kiçik idi və bu üzdən xeyli sayda neqativlə üzləşirdi: oğlanlar onu ələ salırdılar, qızlar isə guya romantik duyğular bəslədiklərini göstərərək, dolayırdılar. Uilyam müəllim statusunda 8 ay qaldı, sonra isə məsxərələrə dözməyərək, işdən çıxdı. 

Saydis Harvardın hüquq məktəbinə daxil oldu, amma sona çatdırmayıb, buraxdı. Mətbuat işçilərinin güclü diqqətinə belə cavab verirdi: “Mən ideal həyat yaşamaq istəyirəm. İdeal həyat yaşamağın yeganə yolu isə - tənha yaşamaqdır”.

Siyasi fəallıq və azmaaşlı vəzifələrdə çalışmaq

Normal həyatdan imtinaya baxmayaraq, Saydis siyasi fəal idi, müharibə əleyhinə aksiyalarda iştirak edirdi və hətta bir dəfə buna görə 18 ay həbs olundu. Bundan sonra hərbi xidmətdən imtinaya görə mühakimə olunmalı idi, amma atası məsələni yoluna qoya bildi.

Subaylıq konsepsiyasına sadiq olan Uilyamın həyatının bu mərhələsində qəflətən Marta Fouliyə, siyasi fəallıq dövründə tanış olduğu gənc irlandiyalı qadına romantik bağlılıq yaranır. Gənclər cütlüyə çevrilməsələr də, Saydis Martanın şəklini ölənə qədər cibində gəzdirdi. 

Uilyam 1920-1930-cu illərdə ictimai həyatdan qəti uzaqlaşdı və başqa adlar altında azmaaşlı vəzifələrdə işlədi. Məsələn, o, fabrikdə mexanik kalkulyatorun operatoru və menecer işləyirdi. Həmkarları onun qəzetlərdəki həmin vunderkind olduğunu biləndə, Saydis işini dəyişdirirdi. 

Açıqlıqdan imtina etməsinə baxmayaraq, Uilyam yetərincə fəal surətdə yaradıcılıqla məşğul olur, biologiyadan tarixə qədər ən müxtəlif mövzularda məqalələr yazırdı. 1925-ci ildə “Canlı və cansız” adlı kitabını nəşr etdirdi, amma əsər elmi cameədə gözlənilən rezonans doğurmadı. 

Səhhətinin pisləşməsi və faciəvi ölümü

1940-cı illərdə Uilyamın səhhəti pisləşdi. O, artıq çəkidən, yüksək təzyiqdən, pis qidalanmadan və yoxsul həyatdan yaranan digər problemlərdən əziyyət çəkirdi. Saydis 1944-cü ildə 46 yaşında beyninə qan sızmasından vəfat etdi. 

Uilyam Saydisin bioqrafiyası psixoloq və tarixçilər üçün vunderkind uşaq haqqında ən maraqlı əhvalatlardan biridir. Alimlər valideynlərinin ifrat təzyiqinin və mətbuat əməkdaşlarının yüksək marağının istedadlı uşağa necə təsir etməsini öyrənməkdə davam edirlər. 

Hazırladı: Yadigar Sadıqlı

Mənbə: Burada