
Uşaqlığın son gecəsi, böyük sevginin kədərli sonu... – HƏYAT HEKAYƏTİ
Şahbaz o faciədən sonra Şərəfnisəyə qovuşmaq üçün yaşadı
17 Mart 2025
“Ürəyimi nişan al, Kələntər dayı, ağrıdır axı...”
Ağrıdır axı... Bəzən ağzından çıxan bir kəlmə də həyatında rol oynayır. Bu kəlmə Ənvər Həsənovu izlədi, ömrünün axırına qədər onu ağrıtdı...
Ənvər Həsənov deyəndə gözlərimizin qarşısına əvvəlcə "Yeddi oğul istərəm"in Cəlalı, "Dərviş Parisi partladır"ın Şahbazı, "Babək"in Tərxanı, "Atları yəhərləyin"in Siracı, "Uşaqlığın son gecəsi"nin Muradı gəlir. Murad onun kinoda ilk obrazı sayılır, ona qədər iki filmə çəkilib, amma Murad ilk böyük obrazı olub.
Segah üstündə “ağlayan” içərişəhərli
Ənvər Həsənov 1950-ci il avqustun 17-də Bakıda sadə bir ailədə dünyaya gəlib. Ondan başqa bir bacısı və bir qardaşı var. Ataları Cəfər İçərişəhərlidir, 5 nömrəli zavodun direktoru olub. Ənvər Həsənova istedad anası Tovuz xanımdan keçib – şuşalıdır, uşaqları dünyaya gələndən sonra heç işləməyib, evdar qadın olub, amma evdə işi yalnız uşaqları idi. Onları yedirib-içirib, əllərindən tutub gəzməyə aparmaqla işini bitmiş hesab etməzmiş, onlarla məşğul olarmış. Ənvər gözünü dünyaya açandan anasının dilindən Azərbaycan filmlərindən sitatlar eşidib, kino musiqilərini zümzümə edən görüb. Uşaqları üçün mahnısını oxuduğu kino haqqında danışıb, onlarda bəlkə özü də bilmədən kinoya, mədəniyyətə sevgi aşılayıb. Şuşalı xanımdan elə bunu gözləmək olar. Nahaq yerə deyilmir ki, Şuşada körpə uşaq da ağlayanda muğam üstündə ağlayır, səs, istedad, incəsənət qarabağlılara genetikadan ötürülür.
Xülasə, belə tərbiyə ilə Ənvər təhsil aldığı 190 saylı orta məktəbdə 7-ci sinfə qədər ancaq oxuya bilir, orta məktəbi bitirməyə hövsələsi çatmadan rejissor Adil İsgəndərovun “Azərbaycanfilm”də təşkil etdiyi aktyorluq kurslarına yazılır. Orta məktəbi Fəhlə Gənclər Məktəbində, yəni gecə oxumaqla bitirir. Bakıda həmin vaxt zaman 1965-ci ili göstərirdi və Ənvər oxuya-oxuya həm də kinostudiyada işləməyə başlayır. 1969–1973-cü illərdə M. A. Əliyev adına ADİİ-nun (ADMİU) kino və dram aktyorluğu fakültəsində təhsil alıb. Çox erkən yaşlarından kinolara çəkilir.
“Kinoya gəlişim 1966-ci ildə “İstintaq davam edir” filmindəki rəqslə başladı. Orda kafe səhnəsində bir neçə gənc ortaya çıxıb, rəqs edirlər. O gənclərin biri də mən idim. Fuad Poladov o filmdə baş rolda çəkilirdi. İkinci filmim Şamil Mahmudbəyovun “Torpaq, dəniz, od, səma” filmi oldu. Arif Babayev müəllimim idi. İkimiz də içərişəhərli idik. Orda da bir adət var, hamı bir-birinə salam verməlidir. Biz həmişə salamlaşardıq, əlbəttə, uşaq idim deyə məni ciddiyə almazdı, amma mən onu tanıyırdım. “İnsan məskən salır” filminə başlayanda məni də dəvət etdi. Amma aktyor kimi yox, rejissor köməkçisi kimi. Deyirdi, orda mənə uyğun bir rol yoxdu. O filmdə bərabər çalışdıq, münasibətlərimiz daha da yaxşılaşdı. Onda mənə dedi ki, hazırlaş, səni növbəti filmə çəkəcəm. Düzü, inanmırdım. Amma günlərin bir günü məni çağırdı, dedi, yeni filmə başlamışam, səni də Murad roluna çəkmək istəyirəm.”
Gənc qızların favoriti

O vaxtlar Adil İsgəndərovun yaratdığı aktyorluq kursunun müdavimlərinin yollarında üçün yaşıl işıq yanardı. Bir-birinin ardınca çəkildiyi filmlər ona həm şöhrət, həm də uğur gətirirdi. Yaraşıqlı olduğundan “Azərbaycanfiilm” kinostudiyasının poçtu ona gələn məktublardan dolub-daşardı. Elə 1968-ci ildə çəkildiyi “Uşaqlığın son gecəsi” (Arif Babayev) filmindən sonra da belə davam edirdi. Murad obrazı, gənc qızların indiki gənclərin leksikonu ilə ifadə etsək, favoriti idi.
1969-cü ildə həmin film beynəlxalq kino festivalında beş mükafata layiq görülmüşdü: “Ən yaxşı rejissor”, “Ən yaxşı ssenari”, “Ən yaxşı operator işi”, “Ən yaxşı bəstəkar” və “Ən yaxşı kişi rolu”. Sonuncu nominasiya üzrə mükafatı Azərbaycana Ənvər Həsənov gətirib.
Sovetlər birliyinin digər respublikalarından Ənvər Həsənovu görmək üçün gəlib evlərinin kandarında gözləyirmişlər. Anası qapını açıb onları evə dəvət edərmiş: “Evə gəlirdim, anam deyirdi ki, səni gözləyənlər var. Baxırdım ki, qızlar oturub məni gözləyir. Məcbur olub, üç-dörd gün onları Bakıda gəzdirməli, söhbət etməli idim. Hər halda, uzaq yerlərdən Bakıya mənə görə gəlmişdilər”.
1976-cı ildə rejissor Kamil Rüstəmbəyov onu “Dərviş Parissi partladır” filminə Şahbaz roluna dəvət edəndən sonra Ənvərin taleyi dəyişdi, məktublar yenə davam edirdi, amma bu dəfə aktyorun gözü o məktubları oxumaq üçün bağlanmışdı.
Onun gözlərini filmdə tərəf müqabili Şərəfnisə obrazına çəkilən Mömünat Qurbanova bağlamışdı. Aktrisa “Dərviş Parisi partladır” filmindən sonra cəmi iki (birinin taleyi bəlli deyil) filmə çəkilə bildi, o da Ənvər Həsənovla birlikdə. Həm də çox uzun “elçilik”dən, xahiş-minnətdən sonra. Ənvər Həsənov çox sevdiyi sənət dostları Əbdül Şeyxovla Həsənağa Turabovun sözünü geri çevirə bilmədiyi üçün razılaşmışdı. O barədə sonra, hələlik görək Ənvər Həsənov Mömünat xanımın ürəyinə necə hakim ola bilib.
Cehizi qovluqda olan gəlin
Tamaşaçıların “Dərviş Parisi partladır” filmində Şərəfnisə, “Qaçaq Nəbi”də Həcər kimi tanıdıqları aktrisa Mömünat Qurbanova hələ məktəbli ikən “Yeddi oğul istərəm” filminə o qədər baxmışdı ki, əzbər bilirdi. Cəlalın (Ənvər Həsənovun - red.) şəklini otağının divarına vurmuşdu. Hərdən bu portretlə söhbət də edirdi. Bir dəfə söhbət əsnasında ona söz vermişdi ki, səninlə birlikdə filmə çəkilmək üçün aktrisa olacağam. Ənvər Həsənov haqqında mətbuatda yazılan məqalələri topladığı qovluq Mömünatın kitab dolabında layiqli yerdə dururdu.
İllər keçəcək və Mömünat Qurbanova Ənvər Həsənovun evinə həmin qovluqla gəlin köçəcəkdi.
Kamil Rüstəmbəyov və Şamil Mahmudbəyov “Dərviş Parisi partladır” filminə kastinqlər keçirirdi. Tələbə Mömünat Qurbanova eşidir ki, filmdə Şahbaz bəy roluna Ənvər Həsənov çəkiləcək. Sınaq çəkilişlərində iştirak etmək üçün kinostudiyaya gəlir. Heç özü də bilmir ki, hansı rolun sınaq çəkilişində iştirak edəcək, sadəcə rejissorun gözünə görünmək istəyirdi. Tələbələrin arasında Mömünat Qurbanova Kamil Rüstəmbəyovun sərraf rejissor gözündən yayınmır. Ənvəri yanına çağırıb soruşur: “Bax gör, bundan sənə Şərəfnisə olar?” Ənvər “elə olar!” – yarızarafat cavab verir. Sınaq çəkilişlərindən Şərəfnisə roluna ən layiqli namizəd kimi Mömünat Qurbanova qalib çıxır.
Münasibətləri bu filmlə elə başlayır ki, çəkilişlər başa çatar-çatmaz nişanlanırlar. Artıq filmin premyerasında ailəli idilər.
1978-ci ildə institutu bitirən Mömünat Qurbanovaya azad təyinat verilir, çünki o, artıq tanınmış aktyor Ənvər Həsənovun həyat yoldaşı idi. Ənvər isə “Azərbaycanfilm”də çalışırdı.
“İstəyirdim işdən evə qayıdanda yuvamı isti, Mömünatı uşaqla, mətbəxlə məşğul olan görüm. Düzü, bir az da qısqanırdım. O, mənim həyatımın Şərəfnisəsi olmuşdu, kiminsə Şərəfnisəsi, Həcəri olmasını qəbul edə bilmirdim”.
Mömünatın “kaskadyoru”

İllər ötür və Ənvərin xətrinə aktrisalıqdan vaz keçən Mömünat xanım daha bir filmə dəvət alır. Bu, dəvət deyildi, tələb idi. Ailənin dostu, rejissor Əbdül Mahmudov Qaçaq Nəbidən bəhs edən “Atları yəhərləyin” filmində Həcər rolunda Mömünatdan başqa heç bir aktrisanı təsəvvür edə bilmirdi.
Ənvər Həsənov: “Mömünatın mərd, ağıllı, amiranə görkəmi vardı. Nigar roluna ondan başqa namizəd yox idi. Həm ağıllı, həm də çox şən olması Mömünatı hamıya sevdirmişdi. Onun sayəsində ailəmiz çoxlu dost qazanmışdı. İştirak etdiyi məclislər də şən keçirdi. Çəkiliş meydançası Mömünatla daha maraqlı olurdu. Həsən Turabovla Əbdül Mahmudov dedilər ki, Mömünatın Həcər obrazına çəkilməsinə razı olmasan, onu qaçırıb sənsiz çəkəcəyik. Əlacım kəsildi, razılaşdım. Nəbini Həsənağa Turabov oynasa da, Həcərlə olan məhrəm səhnələrdə özüm çəkilmişəm. Qrimi elə edirdilər ki, hiss olunmasın. Həcərin at çapmaq səhnələrini də Mömünatın təhlükəsizliyi üçün özüm oynayırdım. Mənim təcrübəm var idi, məharətlə at çapırdım. Bir dəfə çəkiliş vaxtı həvəslənib özü mindi ata, at da onu götürüb baş alıb getdi. Yaxşı ki, atın qaçışının qabağını divar kəsdi. Onda Mömünata möhkəm acığım tutdu, elə bildim itirdim onu. Ona bir şey olsa, nə edəcəyimi təsəvvürümə belə gətirmirdim”.
Mömünat Qurbanova cəmi üç filmə çəkilib, üçündə də həyat yoldaşı ilə birlikdə. Üçüncü film kommersiya xarakterli olub, ekranlara çıxmayıb. Ənvər Həsənov deyir ki, indi sevinirəm, yaxşı ki, bu filmlərə çəkilib, tarixdə qalacaq. Aktrisalıqdan uzaqlaşandan sonra Mömünat İncəsənət Muzeyində elmi işçi kimi çalışırdı.
2008-ci il dekabrın 8-i Mömünat xanımın 50 illik yubileyi münasibətilə dostları onları Nabrana dəvət edirlər. Ailə razılaşır, amma yola çıxmaq vədəsi çatanda yubilyar nədənsə tərəddüd edir. Mömünat gecə qəribə yuxu görüb, əhvalı pozulubmuş. Amma bunu Ənvərə deməyib.
Ənvər müəllim danışırdı ki, Möminat ölümünü duymuşdu: “Bir gün əvvəl özünə dublyonka almışdı, evə gələndən sonra nədənsə xoşuna gəlmədi. Dedi ki, səhər aparıb dəyişəcəyəm bunu. Səhər dostlar gəldilər bizi götürməyə. Dedim, Mömünat, dostlar aşağıda maşında gözləyirlər, gedək. Dedi ki, Ənvər, sən get, mənim nəsə həvəsim yoxdur. Dedim, ay qız, sənin yubileyindir, dostlardan ayıbdır, gedək. Qayıtdı ki, əvəzimdən üzrxahlıq edərsən, mən gedim bu dublyonkanı dəyişim, sonra gec olar, dəyişməzlər. Gördüm israr edir, razılaşdım. Keçib yan otaqdan ov tüfəngimi götürdüm ki, Nabran meşəsidi də, birdən ov düşər könlümüzə. Mömünat əlimdə tüfəngi görən kimi cəld ayağa qalxdı ki, mən də gedirəm. Kaş tüfəngi götürməyəydim. O da ov həvəskarı idi, dedi ki, sən gedib mənsiz ov edəcəksən, mənsə burda qalacam? Gəlirəm! Getdik, Nabranda çox maraqlı məclisimiz oldu. Qayıdanda maşını dostumuz sürürdü. Arada onu yuxu basdığından məcbur olub sükan arxasına mən keçirdim. Mömünat mənim arxamda oturub, dostum qabaqda, xanımı da onun arxasında. Maşını yavaş sürürdüm, sonra ekspert də müəyyən etdi ki, həmin sürətlə yer buz olsa belə, maşın aşa bilməzdi, arxa təkərin altına daş düşüb, ondan aşıb. Qəfildən yola bir it çıxdı, sükanı kəskin sağa döndərməli oldum. Nə oldu bilmirəm, yığışdıra bilmədim, arxa qapı, Mömünatın oturduğu tərəf ağaca çırpıldı. Ağzını açıb bir kəlmə deyə bilmədi...”
Yuxusunu nə ömür-gün yoldaşına danışıb, nə də bizim üçün güman və ehtimallardan savayı nəsə buraxıb...
Məzarla yaşamaq...
Onun vəfatından sonra Ənvər Həsənov dərin bir uçuruma düşdü. Həmin uçurum onu çox sevdiyi kinoda da müşayiət edirdi. Əvvəlki kimi kino çəkilişləri yox olmurdu. Azərbaycanda kino sahəsində Ənvər Həsənovun xidmətləri yalnız kinoya çəkilmək, kino çəkməklə bitməyib. Axı o, həm də rejissor kimi "Haray, Xocalım, haray", " Tələ" və Hacı Zeynalabdin Tağıyevdən bəhs edən "Sönməyən çıraq" sənədli filmlərini ekranlaşdırıb.
“Azərbaycanfilm” kinostudiyasında xəstələnincəyə qədər böyüklüyünə, xırdalığına baxmadan kino çəkilişlərində əmək qoyub. Buna görə də Xalq artisti, Prezidentinin fərdi təqaüdçüsü idi.
Mömünatdan sonra həyatının “incidir axı” dönəmi başladı. Aktyor xanımının ölümündə özünü günahkar bilirdi, bunu özünə bağışlaya bilmirdi. Üç dəfə insult keçirdi, yaddaşını itirdi. Bunlar hamısı “özünə kəsdiyi cəza”nın təsirindən olurdu. Bütün həyatını yeganə qızına və nəvələrinə bağlasa da...
“Üstündən illər keçib, amma mən hər səhər onun məzarını ziyarət etmək üçün oyanıram. Biz burada, o isə öz cənnətində yaşayır. O cür kişi xasiyyətli, xanım-xatun qadını itirmək mənim üçün olduqca ağırdır. Bəlkə də bu gün yanımda olsaydı, çox şeylərin üstündən asanlıqla keçərdim. Mənə məsləhətlər, tövsiyələr verərdi. O dəhşətli günü, qəzanı unutmaq mümkün deyil. Adi günləri insan unuda bilir, ən azından, unudur. Sırf o günü yox. Hər şey gözümün önünə gəlir. Onun getmək istəməməsi, həvəssiz olmağı - hər şey yadımdadır. O bizi tək, yetim qoyub getdi”.
Bax bu nisgil, nəhayət, onu yenidən Şərəfnisəsinə qovuşdurdu.
Azərbaycanın xalq artisti Ənvər Həsənov 16 mart 2025-ci ildə bu dünyaya vida edib, Mömünatın dünyasına getdi...