Logo
news content
User
Kateqoriyalar

Analitika

Hökumətin pandemiya siyasətinə əhalinin münasibəti necədir?

“İmpuls” Tədqiqat Mərkəzi Azərbaycan hökumətinin pandemiya siyasəti və onun cəmiyyətdə yan təsirləri ilə bağlı 2020-ci ilin sentyabr-dekabr aylarında araşdırma aparıb. Araşdırma əsas etibarilə 5 qrup üzrə ayrı-ayrı ekspertlərin fikirləri əsasında hazırlanıb. Tədqiqatın mərkəzin öz təşəbbüsü və resursları hesabına aparıldığı bildirilir.

Ekspertlər pandemiyanın iqtisadiyyata, vətəndaş cəmiyyətinə təsirlərini, həmçinin siyasi və psixoloji təsirlərini, pandemiya ilə mübarizədə verilən qərarların hüquqiliyini və effektivliyini dəyərləndiriblər. Bundan başqa, araşdırmada ikinci pandemiya dövründə 2029 sosial şəbəkə iştirakçısı arasında online şəkildə keçirilmiş sorğunun nəticələri yer alıb.

Ekspertlərin ümumi rəyi ondan ibarət olub ki, Azərbaycanda “pandemiya siyasəti” mütəxəssislərin, vətəndaş cəmiyyətinin, bu sahədə müvafiq biliklərə malik olan şəxslərin fikirləri nəzərə alınmadan, dünya təcrübəsi dərindən araşdırılmadan həyata keçirildiyinə və sadəcə, məhdudiyyətlərdən ibarət olduğuna görə özünü doğrultmayıb. Ekspertlər hesab edir ki, Azərbaycanda həyata keçirilən “pandemiya siyasəti” strateji cəhətdən planlı olmayıb və dünya ölkələrində tətbiq edilən məhdudiyyətlər olduğu kimi birbaşa ölkə ərazisində icra edilib. Digər tərəfdən, pandemiyaya qarşı mübarizəyə cavabdeh olan Operativ Qərargahın tərkibinin ictimaiyyətə açıq olmaması və hansı əsaslarla formalaşdırılması aydın olmadığı üçün cəmiyyətdə bu quruma qarşı güvənsizlik yaranıb. Əhalinin sağlamlığının qorunmasına cavabdeh qurum - Səhiyyə Nazirliyinə aid səlahiyyətlərin isə əsas vəzifəsi “tibbi sığortanın həyata keçirilməsi” olan TƏBİB-ə ötürülməsi bu güvənsizliyi dərinləşdirib.

Pandemiyanın iqtisadi təsirini ölçən ekspertlər pandemiya dönəmində iqtisadiyyatın 3,1-3,8% arasında gerilədiyini bildiriblər. Verilən rəsmi göstəricilərə görə, qeyri-neft iqtisadiyyatı 2,7%, sənaye istehsalı 4,5%, qeyri-neft fonduna investisiyalar 10% azalıb. Kənd təsərrüfatında 1,6%, pərakəndə ticarət dövriyyəsində 1,5%, əhaliyə göstərilən pullu xidmətlərdə 26% azalma olub. Əhalinin nominal gəlirləri 1,4%, real gəlirləri isə 4,2% azalıb. Ən ciddi azalma turizm və ictimai-iaşə sahəsində olub – burada 2,1 dəfə kiçilmə qeydə alınıb. İşsizlik 40% artıb. Lakin ekspertlər hesab edirlər ki, real göstəricilər rəsmi göstəricilərdən böyükdür.

Ekspertlərin fikrincə, pandemiya dönəmində ölkədə büdcə kəsirinin ciddi artmamasının əsas səbəbi pandemiya ilə əlaqədar dövlət yardımlarının digər ölkələrlə müqayisədə məhdud olmasıdır.

Ekspertlərin ümumi rəyinə görə, pandemiya zamanı hakimiyyətin həyata keçirdiyi məhdudlaşdırıcı tədbirlərin hüquqi əsası qeyri-legitim olub. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquq və azadlıqları Azərbaycanın beynəlxalq öhdəliklərini nəzərə almaq şərtilə qismən və müvəqqəti şəkildə müharibə, hərbi və fövqəladə vəziyyət, habelə səfərbərlik elan edilərkən məhdudlaşdırıla bilər. Ekspertlər elan edilən karantin tədbirlərinin konstitusion legitimliyinin olmaması səbəbilə, habelə pandemiya ilə bağlı qərarlar “Normativ hüquqi aktlar haqqında qanun”un tələblərini pozaraq qəbul edilidyi üçün onların pozuntusu halında tətbiq edilən sanksiyaların da legitim olmadığı barədə həmfikirdir.

Ekspertlərin ortaq fikri ondan ibarət olub ki, ölkəmizdə tətbiq edilən pandemiya siyasəti və karantin tədbirləri vətəndaş hüquq və azadlıqlarını zərurəti aşan ölçüdə və ölkənin siyasi həyatında olan problemləri örtmək üçün tətbiq edilib. Rəyi soruşulanlar bildiriblər ki, pandemiya dönəmində hakimiyyətin müxalifətə qarşı davranışı sonuncunun siyasi fəaliyyətinin məhdudlaşdırılmasına yönəlmişdi. Müsahiblər hakimiyyətin pandemiyadan öz siyasi məqsədləri üçün sui-istifadə etdiyinə nümunə kimi  müxalif tənqidçilərin karantin qaydalarını pozmaq bəhanəsi ilə həbs olunduqlarını qeyd edirlər.

Müsahibədə iştirak edən psixoloq-ekspertlər pandemiya dönəmində insanların ciddi təsir altında olduğu və bütün yaş qruplarının mənfi psixoloji təsirə məruz qalması barədə həmfikirdilər. Onlar hesab edirlər ki, pandemiya dönəmində cəmiyyətin kütləvi depressiyaya qapılmaq ehtimalı yüksəldi. Depressiyadan çıxmaq üçün ünsiyyətə ehtiyac olsa da, insanlar ardıcıl tətbiq edilən sərt karantin səbəbilə evdən çıxa bilmədilər.

Pandemiya dönəmində sosial şəbəkələrdə ciddi fəallıq müşahidə olundu. Sərt karantinlərin tətbiq edildiyi dövrdə bu fəallıq aqressiv yanaşma şəklini alıb. Aqressivlik həm Operativ Qərargahın qəbul etdiyi qərarlara, həm də dövlət məmurlarına münasibətdə özünü göstərirdi. Ölkədə online təhsillə bağlı bazanın zəifliyi, evlərdə müvafiq cihazların çatışmaması da aqressiyanı artırıb.

2029 nəfər arasında online qaydada keçirilən sorğunun nəticələri göstərib ki, sosial şəbəkə istifadəçilərinin əksər hissəsi virusa yoluxma riskindən narahatdır, lakin böyük kəsim insan maska taxmağa və sosial məsafəyə riayət etməyə meylli olmadığını və pandemiya ilə bağlı tədbirləri dəstəkləmədiyini bildirib. Belə ki, sorğuda iştirak edənlərin 79.8%-i virusun varlığına, 65.5%-i isə virusun deyildiyi qədər təhlükəli olduğuna inanır. Lakin ikinci karantin dövründə aparılmış bu sorğuda respondentlərin 40,8%-i maska taxmağa və sosial məsafəyə riayət etməklə bağlı suala birmənalı cavab verməyib.

Sorğuda iştirak edənlərin 90.7%-i SMS-icazəli sərt karantin rejiminin uzunmüddətli olmasından narahatlığını ifadə edib. Bu narahatlığın səbəbi əsasən işini itirmək, iş tapa bilməmək qorxusu kimi izah olunur – respondentlərin 78.16%-i karantin zamanı gəlirdən mərhum olmaq təhlükəsindən öz narahatlığını dilə gətirib.

Sorğudan əldə edilən nəticələr göstərib ki, pandemiya ilə bağlı maarifləndirmə işinin zəif olmasının, hökumətin virusla mübarizədə gördüyü tədbirlərin qeyri-effektivliyinin insanların baxışlarına və davranışlarına təsir göstərməklə, nəticə etibarilə hökumətin gördüyü tədbirlərə güvənsizliyə gətirib çıxarıb.

Beləliklə, tədqiqat zamanı COVİD-19 pandemiyasının və bununla əlaqədar tətbiq edilən karantin rejiminin iqtisadiyyata, siyasi münasibətlərə, insanların sosial vəziyyətinə və psixoloji durumuna mənfi təsir etdiyi aşkar olunub. Buna bir tərəfdən pandemiyanın mahiyyətindən doğan obyektiv səbəblər, bir çox hallarda vətəndaşların laqeydliyi, pandemiya ilə bağlı verilən qərarlara güvənsizliyi və etimadsızlığı, digər tərəfdən isə idarəetmənin qeyri-səmərəliliyi, hökumət strategiyasının xəstəliklə mübarizə deyil, sadəcə, məhdudiyyətlərin tətbiqi üzərində qurulması, maarifçiliyin aşağı səviyyədə olması, iqtisadi sistemin qeyri-şəffaflığı və siyasi sistemin avtoritarlığından irəli gələn amillər şərait yaradıb.