Üçlüyün müəmmalı dövlət arxitekturası...
Gürcüstan iqtidarı ölkəni hansı istiqamətdə aparır?
01 May 2026
Gürcüstanda hakimiyyət orqanlarının və hakim “Gürcü Arzusu” partiyasının nümayəndələrinin anti-Qərb ritorikasının ciddi şəkildə gücləndiyi müşahidə olunur. Bu, son illərdə ölkənin siyasi mənzərəsinin əsas xüsusiyyətlərindən birinə çevrilib və tendensiya bu gün də zəifləmək bilmir. Faktiki olaraq hər gün Kobaxidze–Papuaşvili–Kaladze üçlüyü Avropa İttifaqına qarşı müxtəlif ittihamlar və hücumlar səsləndirir.
Məsələn, Gürcüstanın baş naziri İrakli Kobaxidze Aİ-nin Tbilisidəki səfiri Pavel Herçinskinin son bəyanatını “məzmun baxımından son dərəcə ağır” adlandırıb.
Hökumət başçısının sözlərinə görə, Avropa İttifaqının səfirinin “gürcü xalqını açıq şəkildə vətəndaş müharibəsi və yoxsulluğa qayıdışla hədələməsi çox ciddi məsələdir”. Buna görə də diplomatik addım atılıb – səfir Xarici İşlər Nazirliyinə çağırılıb.
Kobaxidze əlavə edib ki, Aİ-nin Gürcüstandakı diplomatik missiyasının rəhbəri 2024-cü il parlament seçkiləri zamanı ölkənin “Milli Hərəkat”ın dövründəki “qaranlıq keçmişə” qayıtmasını istəyirmiş.
“Kollektiv “Milli Hərəkat”ın hakimiyyətə qayıdışı bizim keçdiyimiz o qaranlıq keçmişə dönüş deməkdir. Gürcü xalqı belə bir geri dönüş istəmir və məhz buna görə də 2024-cü il parlament seçkiləri zamanı gürcü xalqı Herçinskinin “ölkəni öz əli ilə kollektiv “Milli Hərəkat”ın qaranlıq keçmişinə qaytarmaq çağırışını nəzərə almadı, əksinə, öz maraqlarını əsas götürdü.
Aİ səfirinin bu kimi bəyanatlarında bizim üçün yeni heç nə yox idi – biz artıq belə şeylərə öyrəşmişik. Buna baxmayaraq, reaksiyanın verilməsi zəruri hesab olundu.
Düşünürəm ki, əlavə addımlara ehtiyac yoxdur, çünki artıq diplomatik addım atılıb: səfir çağırılıb, xarici işlər naziri onun izahatlarını dinləyib. Bu məsələ ilə bağlı atılmalı olan diplomatik addım da bundan ibarət idi”, – Kobaxidze bildirib.
Xatırladaq ki, Aİ-nin Gürcüstandakı səfiri Pavel Herçinski Brüsseldə çıxışı zamanı ölkənin Avropa gələcəyi perspektivlərindən danışmışdı. Bu bəyanat Gürcüstan hakimiyyəti tərəfindən tənqidi qarşılanmış və baş nazir İrakli Kobaxidze diplomatı Gürcüstan Xarici İşlər Nazirliyinə çağırmağı məqsədəuyğun hesab etmişdi.
Pavel Herçinski bildirib ki, Gürcüstan “yol ayrıcındadır” və onun gələcəyi həm hakimiyyətin, həm də cəmiyyətin seçimindən asılıdır. Diplomat eyni zamanda Avropa yolundan uzaqlaşma riskinin mövcud olduğunu qeyd edib və Aİ-nin ölkədə demokratik geriləmədən narahat olduğunu vurğulayıb. O, gürcü cəmiyyətini Avropa perspektivini itirməməyə çağırıb.
“Gürcüstan yol ayrıcındadır. Ölkənin gələcəyi hələ müəyyənləşməyib, lakin yaxın həftə və aylarda qəbul ediləcək qərarlar Gürcüstanın demokratiya, hüququn aliliyi və insan hüquqları prinsiplərinə əsaslanan Avropa ölkələri ailəsinin bir hissəsinə çevriləcəyini, yoxsa təəssüf ki, yenidən öz qaranlıq keçmişinə qayıdacağını müəyyən edəcək”, – diplomat bildirib.
O, bu bəyanata görə aprelin 27-də Gürcüstan Xarici İşlər Nazirliyinə çağırılıb.
Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili isə bəyan edib ki, Gürcüstan üçün Avropa inteqrasiyasının “Ukrayna və Moldova yolu” qəbuledilməzdir və ölkə heç vaxt bu yolu seçməyəcək.
Onun sözlərinə görə, Almaniya kansleri Fridrix Mertsin və Moldova prezidentinin açıqlamaları Avropa İttifaqına üzvlük naminə suverenlikdən imtinanı nəzərdə tutur.
“Biz Almaniya kansleri Fridrix Mertsin bəyanatını gördük. O, dedi ki, Ukraynanın Aİ üzvlüyünə doğru irəliləməsi üçün ehtimal ki, ərazilərdən imtina etməsi lazım olacaq. Eyni zamanda, Moldova prezidentinin bəyanatını da eşitdik – o yenidən vurğuladı ki, Moldova dövlətinin ləğvi və onun Rumıniyanın tərkib hissəsinə çevrilməsi Aİ-yə daxil olmağın ən optimal yoludur. Hər iki bəyanat suverenlikdən imtinanı nəzərdə tutur – ya onun ləğvini, ya da Avropa İttifaqına üzvlük naminə demək olar, tam itirilməsini.
Mertsin bəyanatından belə çıxır ki, əgər Ukrayna Aİ-yə üzv olmaq istəyirsə, o, öz əraziləri üzərində yurisdiksiyadan və suverenlikdən imtina etməli olacaq. Moldova prezidentinin dedikləri isə onu göstərir ki, əgər ölkə Aİ-yə qoşulmaq istəyirsə, təkcə suverenlikdən imtina etməli deyil, hətta faktiki olaraq dövlətçiliyini də ləğv etməlidir.
Bizə nümunə kimi Ukrayna və Moldovanı göstərdikdə, mən Aİ-yə, Brüsselə və onların Gürcüstandakı “əlaltılarına” demək istəyirəm ki, Ukrayna və Moldova yolu Gürcüstanın yolu deyil. Gürcüstan heç vaxt Aİ üzvlüyü naminə ərazilərdən imtinanı və dövlətçilikdən vaz keçməyi nəzərdə tutan yolu seçməyəcək.
Məhz bu yanaşma üzvlüyü məqsədin özünə çevirir. Əgər üzvlük məqsədin özüdürsə, bu, ərazi və dövlət suverenliyini qurban verməyə hazır olmaq deməkdir. Buna görə də, əgər üzvlük müqabilində ərazilərdən, suverenlikdən və öz siyasətimizi müstəqil şəkildə müəyyən etmək hüququndan imtina etmək tələb olunursa – yəni onların sözlərinə görə, Ukrayna və Moldovaya irəli sürülən şərtlər belədirsə – bizim üçün Aİ üzvlüyü məqsəd deyil”, – Papuaşvili bildirib.
Gürcüstan hakimiyyəti, o cümlədən “Gürcü Arzusu”nun təsisçisi Bidzina İvanişvili mütəmadi olaraq xarici qüvvələri (“qlobal müharibə partiyası”, Qərb rəsmiləri) ölkəni Rusiya ilə münaqişəyə cəlb etməyə cəhd göstərməkdə, hakimiyyəti kənardan “təyin etməkdə” və dövləti “yarasalar” vasitəsilə idarə etməyə çalışmaqda ittiham edir.
Artıq uzun müddətdir ki, əvvəlki illər üçün xarakterik olan Avropa strukturlarına aktiv inteqrasiya ritorikasından uzaqlaşma baş verib və müşahidəçilərin “funksional olaraq Rusiyapərəst” adlandırdığı kursa keçid müşahidə olunur. Hakimiyyətə yaxın partiyalar hətta Avropa inteqrasiyasının aktuallığı ilə bağlı debatların keçirilməsi təşəbbüsü ilə çıxış edirlər.
Eyni zamanda, hakimiyyətə yaxın media və rəsmi dairələr müxalifəti və Qərb QHT-lərini dövlət çevrilişinə hazırlıqda və stabilliyi pozmaqda ittiham edir. “İnqilabi ssenarilər” barədə ittihamlar səsləndirilir.
Gürcüstan rəhbərliyi Aİ və NATO tərəfindən edilən tənqidlərə kəskin və emosional reaksiya verir, eyni zamanda həmin qurumları ölkənin Avropa inteqrasiyasını sabotaj etməkdə ittiham edir.
Bütün bu dəyişikliklər dərin daxili siyasi böhran fonunda və 2024-cü il parlament seçkilərinin legitimliyinə dair şübhələrin artdığı bir şəraitdə baş verir. Bu seçkilərin nəticələri faktiki olaraq sivil dünyanın heç bir ölkəsi tərəfindən rəsmi şəkildə tanınmayıb.
Maraqlıdır, İvanişvilinin və ona tabe olan hakim komandanın belə mövqeyi nə ilə bağlıdır? Onların əsas hədəfi nədir? Bu, həqiqətən də dolayısı ilə Rusiyaya dəstəkdirmi? Yoxsa məqsəd ölkəni xarici münaqişələrdən uzaq saxlamaq, eyni zamanda daxildə siyasi sahəni daraltmaq, nəzarəti gücləndirmək və faktiki olaraq təkpartiyalı sistemə doğru hərəkət etməkdir?
Pressklub.az-ın suallarını hərbi və siyasi elmlər doktoru, professor Vaxtanq Maisaya (Tbilisi) cavablandırıb.

“İqtidar partiyasının mövqeyi belədir ki, onlar Gürcüstanda sovet dövrünün “yaxşı köhnə ənənələri”nə bənzər təkpartiyalı sistem qurmaq istəyirlər. Əslində bu, sovet quruluşunun və onun son mərhələsinə xas olan izolyasionizm modelinin yenidən nəzərdən keçirilməsidir. Əsas məqsəd hakimiyyət üzərində təsiri qorumaq və təkpartiyalı sistemi saxlamaq, eyni zamanda demokratik islahatlar görüntüsü yaradaraq hazırda həyata keçirilən avtokratik addımlara yönələn tənqidlərin qarşısını almaqdır.
Bu, faktiki olaraq hakimiyyətin ələ keçirilməsi və siyasi avtokratiyadır. Formalaşdırılan sistem avtokratik xarakter daşıyır və bu xüsusilə Qərblə qarşıdurmada özünü açıq şəkildə göstərir”, – professor bildirib.
Onun sözlərinə görə, bununla yanaşı, hazırkı xarici siyasət kursu dəyişə bilər, çünki hakimiyyət Tramp administrasiyası ilə münasibətləri yaxşılaşdırmağa çalışır.
“Hazırda fərqləndirmə vəziyyəti yaranır: Avropa İttifaqı ilə qarşıdurma, Rusiya Federasiyası ilə münasibətlərdə balans axtarışı və Çinlə bağlı qeyri-müəyyən mövqe. Bununla paralel olaraq, hakimiyyət Tramp administrasiyası ilə yaxınlaşmağa çalışır və ümid edir ki, ABŞ müəyyən mənada Gürcüstan üzərində himayə rolunu öz üzərinə götürə bilər. Görünür, hazırkı hakimiyyət nümayəndələri və ya hakim qruplar məhz belə bir yanaşmaya üstünlük verirlər. Bu məsələ ilə bağlı başqa şərh vermək çətindir”, – Maisaya yekunlaşdırıb.
Rauf Orucov