Sərvət ovu: Ağ Evin “arxa qapısı”, müəmmalı əfv, milyardlıq şam yeməyi...
“Amerika tarixində belə şey olmayıb”
01 May 2026
Donald Tramp ABŞ tarixində ən varlı prezident və Oval kabinetə daxil olmuş yeganə milyarder sayılır. İkinci prezidentlik müddətinin başlanğıcından — 2025-ci ilin yanvarından 2026-cı ilin əvvəlinə qədər — Trampın və ailəsinin sərvəti nəzərəçarpacaq dərəcədə artıb. Minimal qiymətləndirməyə görə, ötən ilin avqustu üçün 3,4 milyard dollar. Sonrakı yarım ildə isə Tramp ailəsinin sərvəti kriptoaktivlər hesabına daha da böyüyüb. Bu zaman Tramp şəxsi varlanma üçün prezident statusundan fəal istifadə edir, bəzi hallarda isə söhbət açıq maxinasiyalardan gedir.
Hətta ən ehtiyatlı hesablamalara görə — köhnə otellər və qolf-klublar nəzərə alınmadan — 2025-ci ilin avqustuna qədər Trampın və onun klanının prezident kürsüsündən birbaşa faydalanmaqla əldə etdiyi ümumi qazanc azı 3,4 milyard dollar təşkil edib. Bu, sadəcə “biznesmen qazancı” deyil, dövlət başçısı statusu hesabına qazanılmış kapitaldır.
Tramp nümunəsində dövlət idarəçiliyi ilə şəxsi cib arasındakı sərhəd sistemli şəkildə silinir. Prezidentin təyin etdiyi şəxslər biznesin tənzimlənməsi sahəsində elə qərarlar qəbul edirlər ki, bu, ailənin aktivlərini dərhal şişirdir, xarici dövlətlər isə Trampın özəl layihələrinə investisiya qoymaqla, faktiki olaraq, Amerika texnologiyalarına və milyardlıq müqavilələrə çıxışı “satın alırlar”.
Demokrat senator Elizabet Uorren bunu görünməmiş hakimiyyət qəsbi adlandırıb: “ABŞ prezidenti faktiki olaraq onun şəxsi maliyyə imperiyasına nəzarət etməli olan tənzimləyicilərə nəzarət edir. Onun biznesinə nəzarət etməli olan qurum prezidentin göstərişi ilə işləyir. ABŞ tarixində belə şey olmayıb”.
2025-ci ilin oktyabrında Nümayəndələr Palatası Trampı öz vəzifəsindən ABŞ-ın xarici siyasətinə xarici təsir riski yaradan “kriptokorrupsiya”da açıq ittiham etdi.
“Əsas məsələ Trampın aktivləri uşaqlarının idarə etdiyi trastlara ötürməklə qanunlardan necə yan keçməsidir. Ekspertlərin fikrincə, bu, sadəcə etik pozuntu deyil, hüquqi boşluqlardan şüurlu istifadədir. Üstəlik, Dövlət orqanlarında qulluq etikası idarəsində və Ağ evdə Trampın təyin etdiyi adamların olması icra hakimiyyəti daxilində istənilən araşdırmanı formal edir”, - ABŞ hüquq və vergi sistemi üzrə ekspert, USLegalNews kanalının müəllifi İqor Slabıx “The Insider”ə müsahibəsində deyir.
100 milyon dollar: “American Bitcoin” vasitəsilə soyadın monetizasiyası
Yazda Erik Tramp və kiçik Donald Tramp “American Bitcoin”də təxminən 13 faizlik ortaq pay əldə etdilər. Onların bütün “töhfə”si atalarının soyadını verməkdən ibarət idi.
Şirkət birjaya “penny stock” ilə şübhəli bir birləşmə sxemi vasitəsilə çıxıb. Bu, daha sərt və uzun IPO proseduru və onunla bağlı ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasının ciddi yoxlamalarından yan keçməyə imkan verib. Nəticədə kiçik Donald Trampın payının dəyəri 100 milyon dollara qədər yüksəlib.
Bu, prezidentin oğullarının atasının statusunu şəxsi kapitala çevirməsinin klassik nümunəsi kimi təqdim olunur, bu zaman isə Trampın təyin etdiyi tənzimləyicilər başqa tərəfə baxır.
5 milyard dollar: “World Liberty Financial” kriptomaxinasiyası
Prezident ailəsi “World Liberty Financial “vasitəsilə nəhəng maliyyə axınlarına çıxış əldə edib. Burada Tramp “co-founder emeritus” (formal idarəçilik rolu olmayan fəxri həmtəsisçi) kimi göstərilir. Layihənin əsas məhsulu ABŞ dollarına bağlanmış və ehtiyatlarla təmin olunan USD1 steyblkoinidir — bu ehtiyatlar, xüsusilə, ABŞ Xəzinə istiqrazlarına yatırılır. “The New Yorker”in məlumatına görə, USD1-in dövriyyə həcmi təxminən 5 milyard dollara çatıb.
Bu sxem etika ekspertləri və qanunvericilər arasında ABŞ Konstitusiyasının, xüsusilə xarici dövlətlərdən fayda əldə etmə qadağalarının mümkün pozuntusu kimi şübhələr doğurub. 2026-cı ilin fevralında Konqres Əbu-Dabi hakim ailəsinin USD1 alışları vasitəsilə yatırdığı 500 milyon dollarlıq investisiya ilə bağlı araşdırma başladıb. Məlum olub ki, bu məbləğin 187 milyon dolları birbaşa Tramp ailəsi ilə əlaqəli strukturlara gedib.
Sövdələşmə tənqid doğurdu, çünki “The New Yorker”in qeyd etdiyi kimi, bu, “mükafatlandırma görüntüsü” (appearance of a payoff) yaradır: xarici investisiyalar prezident çevrəsi ilə bağlı kriptolayihəyə axır və bu, əlaqəli strukturlar üçün dolayı maliyyə qazancı demək ola bilər. Faktiki olaraq, xarici monarxiya ABŞ prezidentinin birbaşa maliyyə qidalanma kanalını əldə etmiş olub.
562 milyon dollar: idarəetmə tokenlərindən havadan qazanc
Donald Trampın ailəsi yalnız nominal hüquqlar verən idarəetmə tokenlərinin (governance tokens) satışından daha 562 milyon dollar qazanıb. Əvvəllər məişət texnikasının utilizasiyası ilə məşğul olan “Alt5 Sigma” şirkəti ilə sövdələşmə dairəvi himayədarlıq sxeminə bənzəyir: Trampın bir şirkətdəki adamları başqa şirkətdəki Trampın adamlarından token alır, bununla onların qiymətini süni şişirdirlər.
“World Liberty saytındakı xırda şriftli qeydlərə görə, müəyyən xərclər çıxıldıqdan sonra token satışından gəlirin 75 faizi Tramp ailəsi ilə əlaqəli şirkətə gedir; 750 milyon dolların 75 faizi isə 562 milyon edir”, - “The New Yorker” yazır.
USD1 steyblkoinindən alınan faiz “xəracı”, əfv qərarları və ixrac lisenziyalarının ticarəti
“World Liberty Financial” USD1 təminat vəsaitlərini ABŞ xəzinə istiqrazlarına yatırır. Mövcud dövriyyə ilə gözlənilən gəlir təxminən 360 milyon dollar təşkil edib. Layihənin istismar şərtlərinə görə, bunun 38 faizini — təxminən 136 milyon dolları — Tramp ailəsinin şirkəti götürür.
Ailə steyblkoini USD1-in uğuru və Trampın çoxmilyonluq qazancı bazar rəqabətinin nəticəsi deyil, dövlət təsirinin birbaşa ticarəti kimi təqdim olunur. “Forbes”in istinad etdiyi “Arkham” portalı analitiklərinə görə, 2026-cı ilin əvvəlində USD1 tokenlərinin “Binance” birjasında anormal cəmləşməsini aşkar edib: bütün emissiyanın 87 faizi.
“Binance” birjası bu zəncirin əsas halqası olub. 2023-cü ildə onun qurucusu Çanpen Çjao (daha çox CZ kimi tanınır) çirkli pulların yuyulmasına qarşı qanunların pozulmasında günahını etiraf etmişdi. O zaman “Binance” 4,3 milyard dollar cərimə ödəmiş, Çjao isə dörd ay həbsdə yatmışdı. 2025-ci ilin oktyabrında, aylarla sürən lobbiçilikdən və birja strukturlarının prezident ailəsinin kriptolayihəsinə “maliyyə töhfəsi”ndən sonra Tramp Çjaonu əfv etdi.
Azadlığa çıxandan dərhal sonra CZ “Binance”ni prezident layihəsinin əsas donoruna çevirdi. Birja USD1 emissiyasının təxminən 87 faizini (4,7 milyard dollar civarında) aldı və təkcə xəzinə istiqrazları faizləri hesabına Tramp ailəsinə ildə 136 milyon dollarlıq təminatlı gəlir yaratdı. Kriptovalyuta tədqiqatçısı Molli Uayt də daxil olmaqla ekspertlər bunu açıq şəkildə “quid pro quo” (bizdəki “əl-əli yuyar” məsəlinin analoqu) — biznes faydası müqabilində əfv, “likvidlik formasında rüşvət” adlandırırlar.
Oxşar mexanizm BƏƏ ilə münasibətlərdə də görünür. Vəzifəyə gəldikdən cəmi iki həftə sonra Tramp əmirliklərin G42 şirkətinə həssas Amerika süni intellekt texnologiyalarının ixracını təsdiqləmişdi. Bu zaman o, həmin məlumatların Çinə sızması riski barədə kəşfiyyat xəbərdarlıqlarını faktiki görməzlikdən gəlmişdi.
Qlobal kriptosarmaşıq: yapon birjalarından Ağ Evə “ödənişli giriş”ə qədər
Bu ekspansiyanın miqyası Ağ Evi Tramp klanının şəxsi maraqları üçün marketinq şöbəsinə çevirir. “Trump Media” şirkəti bitkoin almaq üçün 2,5 milyard dollar toplayarkən, Erik Tramp yapon “Metaplanet” birjasına “məsləhət verir”, ailənin “DT Marks DEFI LLC” şirkəti isə “World Liberty Financial” layihəsinin xalis gəlirinin 75 faizinə hüquq əldə edib. Bu, sadəcə biznes deyil — dövlət simvollarının pulsuz reklam alətinə çevirən sistemin yaradılmasıdır.
Bu situasiyanın sinizmi 2025-ci ilin mayında Virginyada keçirilən qapalı qala-şam yeməyində zirvəyə çıxdı. Trampla bir masada oturmaq üçün 220 investor $TRUMP memkoininə 148 milyon dollardan çox vəsait yatırdı. Prezident bu özəl kommersiya tədbirinə “Marine One” hərbi helikopteri ilə gəldi və rəsmi prezident möhürü ilə bəzədilmiş tribunadan çıxış etdi.
Qonaqların tərkibi amerikalı qanunvericilər və etika ekspertlərinin ən pis ehtimallarını doğrultdu: iştirakçıların yarıdan çoxu xaricilər idi, o cümlədən çinli kriptomilyarderlər. Xarici seçki ianələri qanunla qadağan olunduğundan, tənqidçilərin fikrincə, Tramp faktiki olaraq Oval kabinetə “arxa giriş” açıb, prezident diqqətini dəyişkən tokenlər vasitəsilə almağa imkan verib və ABŞ xarici siyasətini seçilmiş sponsorlar üçün hərraca çevirib.
Əsas vəzifələrdə öz adamları
Bu pul qazanma konveyerini qorumaq üçün Donald Tramp bütün əsas postlara öz adamlarını yerləşdirdi. Vəzifəyə gələndə təyin etdiyi 216 şəxs 340 milyon dollara qədər kriptoaktivlərə sahib idi və onların çoxu təyinatdan sonra da bu aktivləri saxladı. Belə vəziyyət sahənin tənzimlənməməsində şəxsi maraqların görünməmiş dərəcədə cəmləşməsinə səbəb olur.
İşinin ilk günündə Tramp məmurları iki il ərzində keçmiş lobbiçilik mövzuları ilə bağlı məsələlər üzərində işləməkdən çəkindirən “etik and” fərmanını ləğv etdi. Bundan başqa, 17 baş inspektor və Dövlət etikası ofisinin rəhbəri işdən çıxarıldı; bu da icra hakimiyyətini korrupsiya və maraqlar toqquşmasını araşdıran mütəxəssislərsiz qoydu.
Trampın dövlət xəzinəsinə çıxış əldə edən təyinatları arasında müdafiə nazirinin müavini Stiv Faynberqi göstərmək olar. O, “Cerberus Capital Management” investisiya şirkətinin həmtəsisçisidir. Rəsmi olaraq biznesdən çıxdığını bildirsə də, onun kurasiya etdiyi “Qızıl Günbəz” raketdən müdafiə layihəsi çərçivəsində müqavilə almış azı dörd şirkətin sahibi “Cerberus”dur. Üstəlik, onun razılaşması vergi uçotu və tibbi sığorta üçün “Cerberus” xidmətlərindən qeyri-müəyyən müddət istifadə etməsinə imkan verir.
Müdafiə nazirinin Kosmik siyasət üzrə köməkçisi Mark Berkoviç əvvəllər “Lockheed Martin”də vitse-prezident olub. Sənədlərə görə, o, bu şirkətin 1–5 milyon dollar dəyərində səhmlərinə malikdir və oradan aylıq iki pensiya alır. “Lockheed Martin” də “Qızıl Günbəz” layihəsi üzrə podratçılardandır.
Başqa bir nümunə: ABŞ magistral yollarında hərəkətin təhlükəsizliyinə nəzarət üzrə Milli İdarənin (NHTSA) rəhbəri Conatan Morrison əvvəllər pilotsuz avtomobil istehsalçılarının maraqlarını təmsil edən assosiasiyanın direktoru olub.
Yekun: 1,4 milyard dollar şəxsi mənfəət və total immunitet
Tədqiqat məlumatlarına görə, Donald Trampın ümumi xalis mənfəəti 1,4085 milyard dollara çatıb. Buraya daxildir:
- 867 milyon dollar kriptovalyuta manipulyasiyalarından;
- 400 milyon dollar - Qətərin “hədiyyə” verdiyi “Boeing 747-8” təyyarəsinin dəyəri (keçmiş kral təyyarəsi, Trampın prezident kitabxanası fonduna verilib);
- Səudiyyə Ərəbistanı və Maldiv adalarında “Trump” brendinin lisenziyalaşdırılmasından on milyonlarla dollar.
Hüquqi baxımdan Tramp ABŞ Ali Məhkəməsinin prezident immuniteti qərarı sayəsində praktiki olaraq toxunulmaz qalır. ABŞ prezidenti ilk dəfə olaraq Ağ Evi tam biznes holdinqə çevirib, burada əfv səlahiyyəti və texnologiya ixracına nəzarət faktiki olaraq satıla bilən alətlərə çevrilib. Yeganə hüquqi mexanizm olan impiçment isə Konqresdə Trampa loyal çoxluq tərəfindən bloklanır.
İqor Slabıx izah edir ki, prezidentin cinayət məsuliyyətinə cəlb olunmasının çətinliyi onun avtomatik immunitetə malik olması ilə bağlıdır: “Bu qərarı təxminən bir il əvvəl ABŞ Ali Məhkəməsi verib. Məsələn, prezidentin səfir təyinatı qarşılığında rüşvət alıb-almaması məsələsi müzakirə olunurdu və cavab belə idi: yox, məsuliyyətə cəlb edilə bilməz. Nəzəri olaraq bəzi hallarda bu immunitet aradan qaldırıla bilər, amma bunun alınacağı dəqiq deyil və ən azı yaxın üç ildə mümkün deyil — Ədliyyə Nazirliyinin siyasəti və Baş Prokurorluq fəaliyyətdə olan prezidentin təqibini qadağan edir.”
Ekspertin fikrincə, hazırda prezidentə qarşı yeganə real mexanizm impiçmentdir. “ABŞ Konstitusiyasında “Emoluments Clause” var ki, xarici şəxslərdən qanunsuz gəlir əldə etməyi qadağan edir”. Lakin bu maddənin tətbiqi iki səbəbə görə çətindir. Birincisi hüquqi xarakterlidir, çünki prezidentin həqiqətən “gəlir” əldə etdiyini sübut etmək lazımdır. İkincisi siyasi xarakterlidir. “İndi Nümayəndələr Palatası və Senat Respublikaçıların nəzarətindədir və onlar mövcud dəlillər müqabilində impiçment prosedurunun başladılmasına çətin ki, razı olsunlar”, - ekspert söyləyir.
Hazırladı: Yadigar Sadıqlı
Mənbə: Burada