Logo
news content
User
Kateqoriyalar

Analitika

Eldar Həsənov: “Nəslimdəki 38 nəfər araşdırılıb, 5 ölkəyə sorğu göndərilib”
Keçmiş səfir Bakıda həbs olunarkən Belqradda qaldığı evin qapısı sındırılaraq orada axtarış aparılıb

Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı keçmiş səfiri Eldar Həsənov 2020-ci il avqustun 13-də Bakıda tutulduğu gün Belqradda onun kirayə yaşadığı evin qapısı sındırılıb, orada axtarış aparılıb. Həmin mülkün sahibi Azərbaycan hüquq-mühafizə orqanları əməkdaşlarının onun əmlakına qanunsuz müdaxilə etməsindən şikayətçi olub. Hazırda Serbiyada bununla bağlı araşdırma gedir. Bu, dekabrın 17-də Eldar Həsənovun məhkəməsində məlum olub.

Sabiq səfirin vəkili Cavad Cavadov deyib ki, həmin gün Belqraddakı səfirlik binasında da axtarış aparılıb: “Səfirlikdəki axtarış protokollarından görünür ki, oradan Eldar Həsənova məxsus imza faksimili, Ermənistanın Serbiyadan silah almasıyla bağlı Xarici İşlər Nazirliyində aparılan araşdırmalara dair sənədlər və bu haqda Azərbaycan və Serbiya mətbuatında dərc olunmuş məqalələrin kserosurətləri götürülüb. Lakin prokurorluq həmin sənədləri iş materiallarına əlavə etməyib. Eldar Həsənovun həbsindən sonra da Ermənistana silah satışı mövzusu müzakirə predmeti oldu...”

Prokuror Eldar Həsənovun bu haqda danışmasına etiraz edib. Hakim Əfqan Hacıyev də bu məsələnin məhkəmədə baxılan cinayət işinə aidiyyəti olmadığını vurğulayaraq prokurorla razılaşıb.

E.Həsənov özü də bu barədə ətraflı danışmaq istəməyib və səbəbini belə izah edib: “Bu məsələ dövlətlərarası xarakter daşıyır. Yalnız onu deyə bilərəm ki, mən bir Azərbaycan övladı kimi, üzərimə düşən vəzifəni, mümkün olan və olmayan işləri görmüşəm. Dövləti məlumatlandırmışam ki, filan ölkənin sifarişi İlə filan yerdən filan şeylər gedir. Bu da işin içində var”.

Eldar Həsənov səfir işlədiyi müddətdə Belqradda qaldığı evin qapısının sındırılması və mülk sahibinin yerli hüquq-mühafizə orqanlarına şikayət etməsi haqda vəkilin dediklərini təsdiqləyib: 

“Bu, həqiqətdir. Dördmərtəbəli binanın ikinci mərtəbəsində dördotaqlı evdə qalırdım. Deməzdim ki, o davranış DTX əməkdaşlarının təşəbbüsü olub. Bildiyimə görə, hətta orada olanlar arasında qapını sındırıb-sındırmamaq müzakirəsi də aparılıb. Məndə olan məlumata görə, qapının sındırılması Xarici İşlər Nazirliyinin oradakı nümayəndəsinin təşəbbüsüdür. Mülk sahibi təxminən 20 gün sonra yerli hüquq-mühafizə orqanlarına şikayət edib. Baxış adı altında əslində axtarış aparılıb. Mən artıq tutulmuşdum, heç ailə üzvlərim də axtarışda iştirak etməyib. Səfirin qaldığı yer iqamətgah sayılır. Ona görə də mütləq səlahiyyətli şəxsin – səfirlik nümayəndəsinin iştirakı təmin olunmalıydı. Bunu da eləməyiblər”.

Vəkil Cavad Cavadov deyib ki, Rumıniya da daxil olmaqla, Eldar Həsənovun səfir işlədiyi 4 ölkəyə, eləcə də ailə üzvlərinin yaşadığı Türkiyəyə onun bütün yaxın və uzaq qohumlarıyla bağlı sorğular göndərilib, beynəlxalq tapşırıqlar verilib. Beş ölkədə aparılan araşdırmalar zamanı Eldar Həsənov və yaxınlarının əleyhinə heç bir fakt tapılmayıb: 

“Beş ölkənin prokurorlugunda istintaq aparılıb, heç birində Eldar Həsənovun əleyhinə bircə sübut da tapılmayıb. Səfir işlədiyi 4 ölkənin 40 milyona yaxın əhalisindən bir nəfər tapılmayıb desin ki, Eldar Həsənova bir manat pul vermişəm, yaxud məndən istəyib. Məhkəmədə dindirilənlərin heç biri onun əleyhinə ifadə vermədi. İttihamla bağlı sənədlərin heç birində Eldar Həsənovun imzası yoxdur. Eldar Həsənov tutularkən onunla dostluq əlaqəsi olan, salam verdiyi, hətta tanımadığı 16 nəfərin evində məhkəmə qərarı olmadan qanunsuz axtarış aparılıb. O adamlardan “axtarışa etiraz etmirəm” ərizəsi alınmaqla bu qanunsuz əməli rəsmiləşdiriblər. Biabırçılıqdır, adamın evində, iş yerində axtarış aparırlar, hər dəfə də yazdırırlar ki, “etiraz etmirəm”. Aydın məsələdir ki, heç kim bunu könüllü etməyib. Bütün bunlar da tələsik aparılıb. Nəsə axtarırdılar, amma heç nə tapa bilmədilər”.

Vəkil vurğulayıb ki, Eldar Həsənovun həbsinin səbəbinin ona qarşı irəli sürülmüş ittihamlarla heç bir əlaqəsi yoxdur. Sabiq səfir özü də Baş Prokurorluğun onunla bağlı açıqlamasına cavabında bunu demişdi.

Digər vəkil - Valeh Mehrəliyev deyir ki, Eldar Həsənovun yaxınlarıyla bağlı “İnterpol”un müxtəlif ölkələrdəki bürolarına da sorğular göndərilib, sabiq səfirin yaxınlarının maliyyə əməliyyatları araşdırılıb: 

“Beş aya yaxın o ölkələrdə dindirmələr aparılmaqla, sənədlər alınmaqla araşdırma aparılıb. İstintaq çərçivəsində xarici ölkələrdən əldə olunmuş sənədlərin böyük əksəriyyəti Eldar Həsənovla bağlı iş materiallarına əlavə olunmayıb. Onlar prokurorluqda ayrıca otaqda saxlanılır. O cavablar Eldar Həsənovun xeyrinə olduğuna görə gizlədilib. Halbuki onlar Eldar Həsənovun təqsirsizliyinə dəlalət edən sübutlardır. Məhkəmənin də vəzifəsidir ki, şəxsin təqsirsizliyinə dəlalət edən ərizə və vəsatətləri təmin etsin. Biz də xahiş edirik ki, o materiallar prokurorluqdan alınsın”.

Eldar Həsənov özü də əlavə edib ki, nəinki ailə üzvləri, nəslindəki 38 nəfər haqqında araşdırma gedib. Onun sözlərinə görə, Azərbaycandan 5 ölkəyə 52 sual göndərilib: 

“O suallara cavablar necə gəlibsə, o şəkildə də iş materiallarına əlavə olunmalıdır. Beynəlxalq Maliyyə Kəşfiyyatına sorğular göndərilib, 68 səhifədən ibarət hesabat şəklində cavab gəlib. Mən orada nə yazıldığını bilirəm. Onu da gizlədirlər. Özümün və nəslimdəki 38 nəfərin bank və maliyyə əməliyyatlarıyla bağlı bircə qanunsuzluq aşkarlanmayıb. Sorğuları iş materiallarına əlavə ediblər, lakin cavabları yox. Məqsəd məlumdur...”

Hakimlər vəkillərin tələb etdiyi sənədlərin prokurorluqdan alınmasına dair vəsatətlərə “yox” deyib.

Məhkəmə dekabrın 23-də əcnəbi şahidlərin ifadələri ilə davam edəcək.

Xatırlatma: Eldar Həsənov Rumıniya, Serbiya, Bosniya və Herseqovina, eləcə də Monteneqroda səfir olduğu dövrlərdə - 2010-2020-ci illərdə səfirliklər üçün binaların alınması, təmir-tikinti işləri ilə əlaqədar ayrılmış vəsaitlərdən 17 milyon 931 min 316 manatlıq yeyinti və israfçılıqda təqsirləndirilir. O, həmçinin, 11 milyon 804 min manat cinayət yoluyla əldə olunmuş pulu leqallaşdırmaqda, 192 min manat vəsaitdən təyinatı üzrə istifadə etməməkdə ittiham olunur. Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israfetmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul və ya əmlakı leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda), 308-1.1 (büdcə vəsaitlərindən təyinatı üzrə istifadə etməmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb. Bu maddələrdə 10 ilə qədər həbs cəzası nəzərdə tutulub. 

Eldar Həsənov özünü təqsirli bilmir. O bildirib ki, hakimiyyətdə təmsil olunan müəyyən şəxslər onun siyasi iddiada olması barədə ölkə başçısına yalan məlumat veriblər: “Həbsimin həqiqi səbəbi əslində guya mənim siyasi iddiada olmağım, siyasi müxalifətlə əlaqə və əməkdaşlıqda olmağım, hakimiyyət əleyhinə hansısa tənqidi fikirlər səsləndirməyim, hansısa nöqsanları özündə əks etdirən məktublar yazmağım kimi, ölkə rəhbərliyinə tamamilə yalan, uydurma dolu məlumatların ötürülməsidir”.

Gülər