Logo
news content
User
Kateqoriyalar

Analitika

"Cahangir Əsgərovun göstərişi ilə mənə 8 il həbs hökmü hazırlanıb..."
“İdeal”ın keçmiş sahibi: “Görünür, şəxsin pulu və nüfuzu çox olanda onun əmri qanundan üstün sayılır”

"İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibi, həbsdə olan iş adamı İlqar İsmayılov “Azərbaycan Hava Yolları” QSC (AZAL) prezidenti Cahangir Əsgərovun sifarişi ilə onun haqqında ittiham hökmü hazırlandığını iddia edir. İş adamı hesab edir ki, onunla bağlı məhkəmə iclasları, günahsız olmasını təsdiqləyən sübutların ortaya qoyulması və s. formal xarakter daşıyır, artıq 8 il azadlıqdan məhrum edilməsi barədə hökm hazırdır və onu elan etmək qalıb. Bunu İlqar İsmayılov Bakı Ağır Cinayətlər Məhkəməsində öz işi üzrə məhkəmə iclasında bildirib.

1999-cu ildə "İdeal Kompani"ni yaradan İlqar İsmayılov 2011-ci ildə şirkətin səhmlərinin yarısını AZAL prezidentinin xanımı Zərifə Həmzıyevaya satıb. Sonra qalan 50 faizi də Zərifə Həmzəyeva ondan alıb.

"Mən 2017-ci ildə olduğu kimi, yenə də eyni sifarişlə, eyni ittihamla həbsdəyəm. O zaman da gücü məndən qat-qat çox olan Cahangir Əsgərov məni həbs etdirdi. Qarşımda şərt qoydu və bütün mal-mülkümün əlimdən alınmasına dair razılıq sənədlərinə imza atdırıldı. Bundan sonra həbsdən buraxıldım. Mənə xəbərdarlıq etdi ki, səsimi kəsim, sakit olum. Mən isə səsimi kəsmədim, yenə də əvvəlki kimi, sehrli cubuğunu qaldırıb, məni həbs etdirdi”, - deyə İlqar İsmayılov söyləyib. 

O xatırladıb ki, qanunvericilik şəxsin eyni ittihamla iki dəfə cinayət məsuliyyətinə cəlb olunmasını qadağan edir: “Görünür, şəxsin pulu və nüfuzu çox olanda onun əmri qanundan üstün olur. Səkkiz aydır ki, heç bir günahım olmadan həbsdəyəm. Məhkəmə boyunca təqsirsiz olduğum sübuta yetirilsə də, haqqımda 8 il həbs hökmünün artıq hazır olması barədə məlumat almışam”.

İlqar İsmayılov məhkəməyə yazılı şəkildə etiraz verib ki, onun işi ümumiyyətlə, bu məhkəmədən alınsın. Çünki Bakı Ağır Cinayətlər Məhkəməsində heç bir hakimin obyektiv qərar verəcəyinə inanmır: “Bu məhkəmə Cahangir Əsgərovun təsiri altındadır. Onun əmrinin icra olunacağına zərrə qədər şübhəm yoxdur”.

İş adamı etirazının baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini istəyib.

İlqar İsmayılov və müdafiəçiləri məhkəmədə iş üçün əhəmiyyətli saydıqları bir sıra vəsatətlərinin təmin olunmamasından sonra məhkəməyə etiraz veriblər. Onlar Zərifə Həmzəyevanın, eləcə də 2011-ci ildə “İdeal Kompani”yə şərik olduqdan sonra şirkətdə onu təmsil etmiş nümayəndəsi Fuad Əliyevin məhkəməyə çağırılıb, dindirilməsini istəyiblər.

İlqar İsmayılov AZAL prezidentinin xanımıyla şəriklikdən sonra təsisçilərin ümumi yığıncağının iclaslarını keçirmədən, şirkətin kassasından özbaşına ümumilikdə 680 min manat götürüb xərcləməkdə ittiham olunur. İlqar İsmayılov isə bu ittihamı qəbul etmir. O deyir ki, “İdeal Kompani” gəlirlə işləyən şirkət olub və gəlirlər də şəriklikdən sonra həmişə Zərifə Həmzəyeva ilə bölünüb.

Məhkəmədə dindirilən şahidlər Samirə Quliyeva və Həbib Qarayev digər təsisçiyə - Zərifə Həmzəyevaya pul çatdırıldığını təsdiqləyiblər. Həbib Qarayev bildirib ki, şəxsən onun özü Zərifə Həmzəyevanın şirkətdəki nümayəndəsi Fuad Əliyevə gəlirləri çatdırıb. Çatdırdığı məbləğlər də hər dəfə 500 min manatdan az olmayıb.

"İş materiallarında yazılıb ki, guya İlqar İsmayılov şirkətin direktoru kimi vəzifəsindən sui-istifadə edib. Amma məhkəmə araşdırmaları da göstərdi, onların öz aralarındakı yazışmalardan da görünür ki, faktiki rəhbərlik Zərifə Həmzəyevada olub. Hətta şirkətə 40 manatlıq süpürgə alınmasından da onun xəbəri olub. Ona görə də mütləq Fuad Əliyev dindirilməlidir ki, bir çox suallara cavab tapılsın”, - deyə vəkil İlhamə Həsənova bildirib. Məhkəmə bu vəsatəti təmin etməyib.

Sonra vəkillər Zərifə Həmzəyevanın özünün məhkəməyə çağırılıb dindirilməsi barədə vəsatət qaldırıblar. Onlar bildiriblər ki, bu cinayət işində bütün məsələlər gəlib Zərifə Həmzəyevaya dirənir. Buna baxmayaraq, onu nə istintaqda dindiriblər, nə də məhkəmədə.

“İlqar İsmayılova mənimsəmə ittihamı verilib. Mənimsəmə də başqasının əmlakının ələ keçirilməsi deməkdir. İlqar İsmayılov özü o şirkəti yaradıb, uzun müddət təkbaşına rəhbərlik edib. Sonradan Zərifə Həmzəyeva ilə şərik olub. Əgər mənimsəmə varsa, deməli, başqasına aid əmlakdan, konkret halda, Zərifə Həmzəyevaya aid əmlakdan söhbət gedir. Gəlsin, görək ki, nə mənimsənilib, necə mənimsənilib”, -  deyə vəkil Rəşad Əliyev söyləyib. Hakimlər bu vəsatəti də təmin etməyib.

İş materiallarında iddia olunur ki, İlqar İsmayılov şirkətin xəzinəsindən 280 min götürüb, “Şəhər bağları”ndan özü üçün ev alıb. Materiallara 280 min manatla bağlı qəbz də əlavə olunub.

Vəkillər deyir ki, iş materiallarındakı qəbzlər mötəbər sübut sayıla bilməz. Çünki onlar sənədin əsli yox, kserosurətdir. Həm də qəbzlərin bir çoxunda İlqar İsmayılovun imzası və möhür yoxdur. Bu səbəbdən vəkil Rəşad Əliyev 280 min manatlıq qəbzin ekspertizadan keçirilməsi barədə vəsatət qaldırıb. Bu vəsatət də təmin olunmayıb.

Ardınca hakim Əli Məmmədov məhkəmə istintaqının yekunlaşması barədə tərəflərin fikrini soruşanda müdafiə tərəfi etiraz edib. İlqar İsmayılov nəinki hakimlər kollegiyasına, ümumiyyətlə, Bakı Ağır Cinayətlər Məhkəməsində ədalətli hökm çıxarılacağına inanmadığını deyib və işinə bu məhkəmədə baxılmasına etirazını bildirib.

Məhkəmənin bu etirazla bağlı qərarı - İlqar İsmayılovun işinin başqa məhkəməyə göndərilib-göndərilməyəcəyi dekabrın 13-də keçiriləcək növbəti iclasda məlum olacaq.

Xatırlatma: İlqar İsmayılova qarşı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda məınimsəmə)308.2 (vəzifədən sui-istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb. Bu maddələrdə 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub. İş adamı deyib ki, “İdeal”dakı payını və əmtəə nişanını vermək istəmədiyinə görə ilk dəfə 2017-ci ildə şərlənib həbs olunub, o zaman 3 ay 10 gün həbsdə saxlanıb. Şirkətdəki payından və əmtəə nişanı hüququndan imtina etməsi haqda sənədləri imzalayandan sonra həbsdən buraxılıb. 3 il dözsə də, sonra hüququnu tələb etməyə başlayıb. Ardınca yenidən həbs olunacağı barədə xəbərdarlıq edilib. İlqar İsmayılov həbsinə və şirkətin əlindən alınmasına görə AZAL rəhbəri Cahangir Əsgərovu ittiham edir. O, həbsindən bir neçə gün əvvəl “Facebook” hesabında paylaşımında da yazmışdı ki, 2017-ci ildə AZAL rəhbərinin kabinetində Cahangir Əsgərovun özü və həyat yoldaşı Zərifə Həmzəyevanın hədə və tələbi ilə Samir Əliyev adlı şəxsi “İdeal Kompani”nin direktoru təyin etmək məcburiyyətində qalıb. Zərifə Həmzəyevanın hüquqşünası İlqar İsmayılovu böhtana görə xüsusi ittiham qaydasında məhkəməyə versə də, məhkəmə sonda iş adamını haqlı sayıb və onun haqqında bəraət hökmü çıxarıb. “İdeal”ın idarəçiləri 2020-ci ildə “Sabina” mağazalar şəbəkəsini də alıb. Bu iki şirkət “Adore Kompani”yə daxil edilib. AZAL rəhbərinin xanımı Zərifə Həmzəyeva “Premium Bank”ın da əsas səhmdarı, “Gazelli Group”un rəhbəridir.

Gülər