Logo
news content
User
Kateqoriyalar

Analitika

İqtisadiyyatda "soyuq duş"
Azərbaycanda yeni şirkətlərin qeydiyyatı niyə 7 dəfə azalıb?

2026-cı ilin ilk 5 ayının yekunlarına dair açıqlanan statistika Azərbaycanın biznes sektorunda kəskin daralmanı ortaya qoyub. Şirkət qeydiyyatının birdən-birə 85%-dən çox azalması ölkə iqtisadiyyatında hansı proseslərin getdiyini və bu bədbin statistikanın real səbəblərinin nədən ibarət olduğunu araşdırmağı zəruri edir.

Müqayisəli statistika göstərir ki, 2025-ci ilin yanvar-may aylarında ölkədə 6 236 yeni şirkət qeydiyyata alındığı halda, 2026-cı ilin eyni dövründə bu rəqəm kəskin şəkildə azalaraq, cəmi 910 şirkətə düşüb. Bu isə yeni şirkətlərin yaranma dinamikasında rəsmən 85.4% kəskin azalma deməkdir. Kəskin fərq onu göstərir ki, hər ay orta hesabla 1200-dən çox şirkətin qurulduğu iqtisadi mühitdə indi bu rəqəm ayda cəmi 180-ə düşüb. Bəs hüquqi şəxslərin yaradılmasında fəallığın bu dərəcədə iflic olmasının səbəbləri nələrdir?

Ekspertlərin fikrincə və mövcud iqtisadi reallıqlara əsasən, bu azalmanı bir neçə konseptual amillə izah etmək olar.

"Kağız üzərindəki" şirkətlərə qarşı mübarizə 

Son illərdə Vergi Xidmətinin və hüquq-mühafizə orqanlarının "müştərək müəssisələr", virtual dövriyyə (saxta faktura) yaradan və ya tenderlərdə iştirak etmək üçün xüsusi olaraq açılan birdəfəlik ("göbələk") şirkətlərə qarşı mübarizəni kəskinləşdirməsi əsas amillərdən biridir. Ötən illərdə bir qrup şəxs tərəfindən süni dövriyyə yaratmaq məqsədilə onlarla şirkət qeydiyyatdan keçirilirdisə, hazırda nəzarət mexanizmlərinin (məsələn, bank hesablarının açılmasının çətinləşməsi, real ofis mütləqliyi) sərtləşməsi bu prosesin qarşısını alıb. Yəni, statistikanın təmizlənməsi baş verir - "köpük" yox olur, real sektor qalır.

Biznes mühitində inhisarçılıq 

Kiçik və orta sahibkarlığın (KOB) bazar payının zəifləməsi fonunda irihəcmli holdinqlərin status-kvonun qorunmasında dominant rol oynaması yeni oyunçuların bazara daxil olmasını çətinləşdirir. Yeni sahibkarlar bazarda böyük maliyyə gücünə malik inhisarçı strukturlarla rəqabət apara bilməyəcəklərini düşünərək hüquqi şəxs yaratmaqdan çəkinirlər.

Ola bilsin, iqtisadi fəallıq tamamilə ölməyib, sadəcə hüquqi şəxs (MMC) formatından fiziki şəxs (fərdi sahibkar) formatına kütləvi keçid baş verib. MMC-lərin idarə edilməsi, mühasibatlığı və ləğv edilməsi prosesinin mürəkkəbliyi, eləcə də dividend vergisi kimi öhdəliklər kiçik biznesi sadələşdirilmiş vergi ödəyicisi olan fərdi sahibkarlığa yönəldir.

Qlobal və regional geosiyasi gərginliklər, logistik zəncirdəki qeyri-müəyyənliklər və inflyasiya təzyiqləri daxili bazarda investorların "gözlə-gör" taktikasına keçməsinə səbəb olub. Kapital riskə getmək istəmir, yeni iş yerlərinin açılmasına və yeni strukturların qurulmasına maraq azalıb.

Beynəlxalq maliyyə qurumları xəbərdarlıq edirlər

Təkcə daxili rəsmi statistika deyil, həm də nüfuzlu beynəlxalq maliyyə qurumlarının və müstəqil biznes assosiasiyalarının hesabatları Azərbaycanda biznesin fəaliyyət imkanlarının daraldığını dolayı yollarla təsdiqləyir.

Dünya Bankının ölkədəki biznes və investisiya mühitinə dair analitik qeydlərində mütəmadi olaraq vurğulanır ki, administrativ (inzibati) maneələr, bazara daxilolma xərclərinin yüksək olması və rəqabət mühitinin şəffaf olmaması xüsusilə yeni yaranan kiçik müəssisələrin ("start-up" və KOB-ların) davamlılığına mənfi təsir göstərir.

Digər tərəfdən, Alman-Azərbaycan Xarici Ticarət Palatasının ölkədəki yerli və xarici sahibkarlar arasında keçirdiyi ənənəvi "Biznes Mühiti Sorğusu"nun nəticələri də reallığı çılpaqlığı ilə ortaya qoyur. Sorğularda iştirak edən iş adamlarının əhəmiyyətli bir hissəsi fəaliyyətlərinə mane olan əsas faktorlar kimi aşağıdakıları qeyd edirlər:

İlk növbədə vergi və gömrük yükünün ağırlığı qeyd olunur. Sahibkarların təxminən 40%-i vergi dərəcələrindən və hesabatlılıq sisteminin mürəkkəbliyindən şikayətçidir.

Maliyyə resurslarına çıxışın məhdudluğu da əsas problemlərdən biridir. Yeni qurulan şirkətlər üçün banklardan əlverişli şərtlərlə və girovsuz biznes kreditləri almaq, demək olar ki, qeyri-mümkündür.

Hüquqi müstəvidə proqnozlaşdırıla bilməyən dəyişikliklər də sahibkarların əsas narazı olduğu məqamlardandır. Belə ki,  qanunvericilikdəki qəfil dəyişikliklər uzunmüddətli biznes planlaşdırılmasını iflic edir.

Beynəlxalq ekspertlərin rəyləri təsdiqləyir ki, yeni şirkətlərin qeydiyyatındakı 85%-lik kəskin azalma təsadüfi deyil; bu, biznes mühitindəki sistemli problemlərin və sahibkarların gələcəyə dair risk gözləntilərinin rəqəmlərə köçmüş formasıdır.

Bu durum hansı risklər vəd edir? 

İlk növbədə, tenderlərin və dövlət satınalmalarının effektivliyinin azalması qaçılmazdır. Bazarda şirkət sayı azaldıqca, dövlət sifarişlərində rəqabətlilik zəifləyir, bu isə qiymətlərin süni şəkildə yüksəlməsinə və keyfiyyətin düşməsinə gətirib çıxarır.

Yeni şirkətlər həm də yeni iş yerləri deməkdir. Biznes fəallığının 7 dəfəyə yaxın düşməsi gələcəkdə əmək bazarında təklifin azalması və işsizlik faizinin artması ilə nəticələnə bilər.

Qeyri-neft sektorunun inkişaf tempinin zəifləməsi də əsas amillərdəndir. DSK-nın məlumatına görə ilin 5 ayında qeyri-neft ÜDM cəmi 4 faiz artıb. Dövlətin strateji hədəfi qeyri-neft ÜDM-ni artırmaqdır. Lakin yeni şirkətlərin yaranmaması bu şaxələndirmə siyasətinə ciddi zərbə vurur.

Sonda qeyd edək ki, Azərbaycanda yeni şirkətlərin qeydiyyatındakı 85%-lik azalma iqtisadi idarəetmə blokunun dərhal reaksiya verməli olduğu məsələdir. Bu azalma yalnız saxta və şəffaf olmayan şirkətlərin sıradan çıxarılmasının nəticəsidirsə, bu, müsbət "təmizlənmə" kimi qiymətləndirilə bilər. Lakin proses real biznes motivasiyasının itməsi və iqtisadi durğunluqla bağlıdırsa, yaxın aylarda vergi daxilolmalarında və investisiya qoyuluşlarında daha dərin fəsadlar özünü büruzə verəcək. Hökumətin biznesin qeydiyyatı və fəaliyyəti üçün stimullaşdırıcı paketlərə yenidən baxması qaçılmaz görünür.

Turqut