Logo
news content

Pulla alınması mümkün olmayan resurs
Azərbaycan pul qıtlığı ilə deyil, su qıtlığı ilə üzləşə bilər

Epiqraf:

“Minlərlə insan sevgisiz yaşayıb, amma heç kim susuz yaşamayıb.”
– U. H. Oden

Bir vaxtlar ən böyük sərvət qızıl və ədviyyatlar hesab olunurdu. Sonra neft erası başladı və uzun müddət gücün, təsirin və rifahın simvoluna çevrildi.

İndi isə qaydalar dəyişir. Və bu dəyişikliklər artıq haradasa uzaqlarda deyil, gözlərimizin önündə baş verir. Biz elə bir dövrə daxil oluruq ki, burada əsas resurs şəffafdır. Bu resurs... sudur.

Mücərrəd anlayış deyil, heç hesabatlardan götürülmüş statistika da deyil. Adi içməli su – hər səhər heç düşünmədən içdiyimiz həmin su. Hələ ki, içə bilirik.

Kran hadisəyə çevriləndə

Bakının rayonlarından biri. Yay fəslidir. Su qrafiklə verilir: səhər və axşam. Günorta təzyiq azalır, gecə isə demək olar, sıfıra enir.

Mətbəxdə plastik kanistrlər düzülüb. Bu, dekorasiya deyil, strateji ehtiyatdır. Uşağa qısa və fəlsəfəsiz izah edirlər: “Krani səbəbsiz yerə açma”.

Heç bir təşviş yoxdur. Heç bir xəbər də yoxdur.

Sadəcə həyat bir qədər dəyişib. Böyük problemlər adətən məhz belə başlayır – səs-küysüz.

Optimizmi sevməyən rəqəmlər

Su narahat resursdur. Onunla “razılaşmaq” mümkün deyil və onun çatışmazlığını sonraya saxlamaq da olmur. Su illüziyaları bağışlamır və dəqiq hesablamalar tələb edir.

Beynəlxalq təşkilatların və ixtisaslaşmış tədqiqatların qiymətləndirmələrinə görə:

• Azərbaycanın şirin su ehtiyatlarının 70 faizə qədəri ölkə xaricindən daxil olur – bu isə o deməkdir ki, ölkənin su təhlükəsizliyinin əhəmiyyətli hissəsi iqlimdən deyil, qonşu dövlətlərdən asılıdır;

• su təchizatı şəbəkələrində itkilər bəzi yerlərdə 30–40 faizə çatır;

• kənd təsərrüfatı ümumilikdə su ehtiyatlarımızın 80 faizə qədərini istehlak edir.

Mütəxəssislərin qiymətləndirmələrinə əsasən, son otuz ildə Azərbaycanda adambaşına düşən bərpa olunan su ehtiyatları təxminən üçdə birə qədər azalıb: 1990-cı illərin əvvəllərində ildə 3000–3500 kubmetrdən, bu gün 2000–2300 kubmetrə qədər.

Səbəblər aydındır: ölkə əhalisi təxminən 7 milyondan 10 milyona yüksəlib, iqlim dəyişiklikləri isə su ehtiyatlarına düşən yükü artırır. Güclü yağışların, dolunun və sel axınlarının tez-tez baş verməsi bizi aldatmamalıdır: ekstremal yağıntılar Azərbaycanın iqliminin getdikcə daha quraq xarakter almasını dəyişmir. Quraqlıq dövrləri uzanır, buxarlanma artır, dağlardakı qar ehtiyatları isə azalır.

Bu, hələlik fəlakət deyil. Amma artıq elə vəziyyətdir ki, “hər şey öz-özünə düzələr” yanaşması işləmir.

İllüziyasız coğrafiya 

Xəritə sakit görünür: Kür və Araz əvvəlki kimi axır.

Amma hər şeyi dəyişən bir detal var: onların mənbələri Azərbaycanın hüdudlarından kənarda yerləşir. Bundan sonra gələcəyin sadə hesablaması başlayır: axının yuxarı hissəsində yerləşənlərin manevr imkanları daha çox olur. Su nadir hallarda birbaşa təzyiq alətinə çevrilir. Lakin istənilən qərar – yeni su anbarının tikilməsi və ya su götürülməsinin artırılması – qaçılmaz olaraq siyasi məna kəsb edir və qonşulara təsir göstərir. Volqa çayının axınının dəyişdirilməsi və Xəzər dənizinin səviyyəsinin azalması ilə bağlı tarix göstərir ki, bir ölkənin su sahəsində qəbul etdiyi qərarlar digər ölkələrdə vəziyyəti nə dərəcədə dəyişə bilər.

Gələcəkdə su uğrunda yaranacaq münaqişələr çətin ki, fəlakət filmlərinə bənzəsin. Heç kim ultimatum irəli sürməyəcək. Sadəcə ölkələrdən biri bənd tikəcək. Digəri su istehlakını artıracaq. Üçüncüsü isə bir gün suyun azaldığını görəcək. Və bütün bunlar bircə atəş açılmadan baş verəcək. Sakitcə. Demək olar, nəzakətli formada.

Çünki su yeni geosiyasətə çevrilir – geosiyasətin ən səssiz formasına.

XXI əsrin paradoksu

Ən maraqlı və bir qədər də ironik məqam başqadır: neftlə zəngin olan ölkələr çox vaxt su baxımından kasıb olurlar. Nefti satmaq olar. Qazı almaq olar. Amma su qıtlığını nə idxal etmək, nə də sonraya saxlamaq mümkündür – o, dərhal məhdudiyyətlər şəklində özünü göstərir.

İqtisadiyyat təbiətin onu “su ilə təmin edə bildiyindən” daha sürətlə inkişaf edə bilməz. Və elə bir məqam gəlir ki, inkişaf investisiyalara deyil, su anbarlarındakı suyun səviyyəsinə dirənir.

Ən qəribəsi isə odur ki, bəşəriyyət hələ də bu resursun nə qədər qeyri-adi olduğunu tam dərk etmir.

Alimlər çoxdan müşahidə ediblər ki, su əksər maddələr kimi davranmır. Onun 60-dan çox xüsusiyyəti anomal hesab olunur.

Demək olar ki, bütün maddələr soyuyanda sıxılır. Su isə əksinə: donarkən genişlənir. Məhz buna görə buz suyun səthində qalır.

Bu, xırda detal kimi görünə bilər. Amma əgər buz batmış olsaydı, çaylar və göllər aşağıdan yuxarıya doğru donardı və Yer üzündə həyat tamamilə başqa cür görünərdi.

Bəzən sivilizasiya sözün əsl mənasında fizikanın qəribəlikləri üzərində dayanır.

Daha bir heyrətamiz məqam da var. Su havadan təxminən 800 dəfə ağırdır, amma ağaclar hər gün onu heç bir nasos və elektrik enerjisi olmadan onmərtəbəli bina hündürlüyünə qədər qaldıra bilirlər. Bütün bunlar suyun qeyri-adi xüsusiyyətləri sayəsində mümkün olur.

Bəşəriyyət demək olar ki, hər şeyə əvəz tapa bilib: ağacı plastiklə, misi optik liflə, nefti günəş enerjisi ilə əvəz etmək mümkündür.

Amma suyu əvəz edəcək heç nə yoxdur.

Görünməyən ixrac

Biz pul saymağa öyrəşmişik. Amma suyu demək olar ki, hesablamırıq, halbuki onu daim sərf edirik. İstehsal olunan hər kiloqram məhsul isə təkcə əmək və texnologiya deyil, həm də sudur.

Azərbaycan pomidor və ya meyvə ixrac edəndə xaricə təkcə məhsul göndərilmir. Hər ton məhsulla birlikdə onun yetişdirilməsi üçün istifadə olunmuş minlərlə litr su da “ölkədən çıxır”.

Məhz buna “görünməyən ixrac” deyilir: ölkə öz su resursunu burada sərf edir, əlavə dəyər isə məhsulla birlikdə ölkədən gedir. Su qaimələrdə göstərilmir, amma sövdələşmənin mühüm iştirakçısı olaraq qalır.

Burada sadə sual yaranır: biz əslində nə satırıq – məhsulu, yoxsa məhsula çevrilmiş suyu?

Məsələ ixrac edib-etməməkdə deyil. Məsələ hər kubmetr sudan daha çox gəlir əldə etməkdədir – texnologiyalar, emal və itkilərin azaldılması hesabına. Bu nöqtədə su artıq sadəcə resurs olmaqdan çıxır və məhdudlaşdırıcı amilə çevrilir. Hər məhsulun özünəməxsus “su izi” var – onun istehsalı üçün tələb olunan su həcmi. 

1 kiloqram pambığın istehsalı üçün 10 min litrə qədər su tələb olunur.

1 kiloqram buğda üçün təxminən 1000 litr su lazımdır.

Bir fincan qəhvə üçün isə təxminən 140 litr su sərf edilir.

Bu, məhdud su təchizatı şəraitində bir ailənin bir gün ərzində istifadə edə biləcəyi suya yaxın həcmdir.

Bundan sonra səhər içilən qəhvə bir qədər daha fəlsəfi görünməyə başlayır.

Əslində milyonlar harada itir

Köhnə zarafat var: “Fermer qazanc üçün yox, yağış üçün dua edir”.

Bu gün vəziyyət bir qədər fərqli görünür.

Yaydır. Sahənin artıq yarısı yanıb quruyub. Sənədlərə görə su var. Amma sahəyə fasilələrlə çatır: bir hissəsi köhnə kanallarda itir, digər hissəsi isə sadəcə yoxa çıxır.

Fermer artıq sərmayəsini qoyub: toxum alıb, texnika və yanacaq üçün xərc çəkib. Amma məhsulun taleyi qoyulan sərmayədən deyil, suyun gəlib çatıb-çatmayacağından asılıdır.

Ənənəvi suvarma zamanı suyun bir hissəsi buxarlanır, bir hissəsi bitkinin köklərinə çatmadan kənara gedir, digər hissəsi isə kanallarda və borularda itir. Nəticədə demək olar ki, absurd vəziyyət yaranır: vəsait qoyulub, amma məhsul yenə də təhlükə altındadır.

Bəzən bir borunu təmir etmək yeni su anbarı tikməkdən daha ucuz başa gəlir. Amma borular hesabatlarda o qədər də təsirli görünmür.

Bu gün əsas məsələ yeni su mənbələrinin yaradılması deyil, mövcud suvarma sistemlərinin səmərəliliyinin artırılmasıdır. Şəbəkələrdəki itkilər və qeyri-effektiv suvarma üsulları bir çox bahalı layihələrdən daha böyük ehtiyat mənbəyi yaradır.

Həqiqətən nələri etmək məntiqlidir

Həll yolları var. Və onlar çoxdan məlumdur.

Damcı suvarma “innovasiya” deyil, resurslara qənaətin normal üsuludur. İtkilərin azaldılması təmir deyil, investisiyadır.

Suyun təkrar istifadəsi dəb halına gəlmiş ekologiya deyil, sağlam məntiqdir. İsrail vaxtilə oxşar məhdudiyyətlərlə üzləşmişdi və “əlavə” su axtarmağa deyil, səmərəliliyə üstünlük vermişdi: suvarma texnologiyaları, suyun təkrar istifadəsi və sərfiyyata dəqiq nəzarət.

Ən vacibi isə budur: bu gün itirilən hər əlavə litr su sabah iqtisadiyyat üçün itki deməkdir.

Əvvəllər suyu təbiətin pulsuz əlavəsi kimi qəbul edən ölkələr indi ona demək olar ki, strateji aktiv kimi yanaşırlar. Və ola bilsin, məhz bu düşüncə tərzi yaxın onilliklərdə ən vacib iqtisadi bacarığa çevriləcək.

Bir qədər nikbinlik (illüziyasız)

Yaxşı xəbər ondan ibarətdir ki, su qıtlığı artıq nəhəng bazara çevrilib. Duzsuzlaşdırma texnologiyaları ucuzlaşır. Suyun təmizlənməsi texnologiyaları inkişaf edir.

Yeni materiallar, nəzarət sistemləri, “ağıllı” şəbəkələr və daha dəqiq kənd təsərrüfatı üsulları meydana çıxır. Bəzi ölkələr hətta su qıtlığından məhz şikayət etməklə deyil, texnologiyalar satmaqla gəlir əldə etməyi öyrəniblər.

Və burada məsələ artıq Azərbaycanın probleminin olub-olmamasında deyil. Sual başqadır: Azərbaycan bu problemi üstünlüyə çevirə biləcəkmi?

Nəticə əvəzinə

Bu gün uşağa deyirlər: “Kranı səbəbsiz yerə açma”.

Sabah isə bu, məişət vərdişi deyil, iqtisadi zərurətə çevrilə bilər. Biz adət etmişik ki, iqtisadi artımın pul, texnologiya və ya siyasətlə məhdudlaşdığını düşünək. Amma elə bir məqam gəlir ki, onun qarşısını daha sadə bir amil kəsir – su.

Məhz onda aydın olur ki, nefti daha dərin qatlardan çıxarmaq olar. Pulu borc almaq olar. Texnologiyaları satın almaq olar. Amma suyu çap etmək mümkün deyil. Və məhz buna görə su XXI əsrin ən qiymətli resursuna çevrilir.