AzTV “koronavirus ittihamları”nı qərəzli sayır
03 İyul 2020
Koronavirus pandemiyasının fəsadları Azərbaycan mediasından da yan keçmədi. Artıq “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin iki əməkdaşı COVİD-19-dan vəfat edib. AzTV-də virusun belə güclü yayılması necə baş verib? Niyə əməkdaşlar evə buraxılmır? Ümumiyyətlə, jurnalistlərin qorunması üçün hansı tədbirlər görülür?
“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nərgiz Rəfiyeva son iki gündə koronavirusdan 2 əməkdaşlarını itirdiklərini üzüntü ilə qeyd etdi:
”Allahdan hər iki əməkdaşımıza rəhmət diləyir, ailələrinə başsağlığı veririk. Bu, yalnız 3 min əməkdaşı olan AzTV ailəsi üçün deyil, ölkəmiz, jurnalistikamız üçün itkidir. Çünki həm Samir Nemətzadə, həm də Etibar Babayev illərin rejissoru, televiziya mütəxəssisi idilər. Ard-arda baş verən ölüm hallarından sonra bəzi şəxslərin, sosial şəbəkə istifadəçilərinin QSC rəhbərliyini qınamasına, dezinfeksiya tədbirləri görməklə bağlı çağırışlarına cavab olaraq bir neçə vacib məqamı qeyd etmək istəyirik:-Qurumun həyəti və iş otaqları, studiyalar həftədə ən azı 1-2 dəfə xüsusi maşınlar, aparatlarla dezinfeksiya olunur;
-Polis əməkdaşları qapıdan QSC ərazisinə daxil olan işçilərin hərarətini ölçür və hərarəti yüksək olan əməkdaşlar dərhal geri qaytarılır;
-Şirkət daxilində hər kəs maskadan istifadə edir, maarifləndirmə işləri aparılır və s...
Bundan əlavə, QSC-nin nəzdində üç televiziya kanalı fəaliyyət göstərir və onların işini minimal şərtlər daxilində təmin etmək üçün də kənar çəkilişlər, qonaqların dəvət olunması mütləqdir. Bu səbəbdən hazırda 3 min əməkdaşdan yalnız min nəfəri iş başındadır. Lakin Nazirlər Kabineti yanında Operativ Qərargahın xüsusi karantin rejimi ilə bağlı 02.07.2020-ci il tarixli qərarından sonra işçi sayı bir qədər də azaldılacaq”.
Rəfiyevanın sözlərinə görə, əməkdaşların QSC daxilində virusdan qorunması üçün lazım olan bütün tədbirlər həyata keçirilir. O vurğuladı ki, koronavirus tək Azərbaycanın və ya AzTV-nin bəlası deyil:
“Bu, dünyanı bürüyən qlobal bəladır. Hər gün virusa yoluxan 600-ə yaxın vətəndaşımız və ya vəfat edən 10-a yaxın soydaşımız da hansısa idarənin, qurumun əməkdaşıdır. Bu səbəbdən belə həssas mövzu ilə bağlı hansısa quruma və ya idarəyə qarşı “koronavirus ittihamı” irəli sürənlərin qərəzli olduğunu hesab edirik. AzTV olaraq, bütün vətəndaşlarımızdan xahiş edirik ki, indiki məqamda həmrəylik və məsuliyyət sərgiləyək, koronavirusdan həyatını itirmiş bütün vətəndaşlarımızın ruhuna hörmətlə yanaşaq və yaşananları oyun bilməyək. Biz birlikdə güclüyük!”
Bəs, jurnalistlərin virusdan qorunması üçün hansı tədbirlər görülməlidir? Mətbuat Şurası media orqanlarına evdən işləmək və ya jurnalistlərin fərdi mühafizəsini təşkil etmək üçün hər hansı tövsiyə veribmi? Bu sualları MŞ rəhbəri Əflatun Amaşova ünvanladıq.
Ə.Amaşov bildirdi ki, Azərbaycan Mətbuat Şurası indiyədək jurnalistlərin koronavirus dövründə fəaliyyətinin müxtəlif aspektlərinə toxunan tövsiyələr hazırlayıb, çağırışlar edib:“Həmin tövsiyə və çağırışlarda əsasən iki məqama diqqət yetirmişik.
Birincisi, jurnalistlərin təhlükəsizliyinin qorunması. Burada redaksiya rəhbərlərinin peşə vəzifələrini həyata keçirmək üçün müxtəlif yerlərə göndərdikləri jurnalistlərin gigiyena qaydalarına riayət etmələrinə ciddi nəzarət həyata keçirmələri əsas götürülüb. Eyni zamanda, jurnalistlər özləri də qoyulan qaydalara əməl etməlidirlər, hər hansı laqeydlik yolverilməzdir.
İkincisi, jurnalistlərin koronavirusla bağlı həssas davranmaları zəruridir. Biz müxtəlif vaxtlarda ayrı-ayrı sosial şəbəkə profillərində, xəbər saytlarında virusla əlaqədar sensasiyon xarakterli fikirlərin, dezinformasiyaların yayıldığını görürdük. Bildirirdik ki, insanları təlaş içərisində saxlamaq, ruh düşkünlüyü yaratmaq qətiyyən yolverilməzdir. Bu fikri yenə də vurğulayırıq”.
Ə.Amaşov əlavə etdi ki, Operativ Qərargahın qərarındakı məhdudlaşdırıcı mahiyyət ümumi xarakterli olmaqla, təhlükəli virusdan müdafiədə effektivliyi artırmaq, əhalini qorumaq, mümkün qədər çox insanın evdə qalmasını təmin etmək məqsədi daşıyır:
“Nəzərə alınmalıdır ki, bir qayda olaraq, KİV-in əksəriyyəti həftənin şənbə və bazar günləri öz işlərini məhdudlaşdırırlar, bəziləri ümumiyyətlə, işləmirlər. Azərbaycan Mətbuat Şurası bir daha ölkə jurnalistlərinə müraciət edərək Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyənləşdirdiyi qaydalara əməl etməyə, məhdudiyyətləri nəzərə alaraq fəaliyyət göstərməyə çağırır. Əsas olan koronavirus pandemiyası ilə mübarizənin aparılması, vətəndaş mövqeyinin və məsuliyyətinin ortaya qoyulmasıdır. Şura əmindir ki, jurnalistlər bu mərhələdə də nümunəvi davranışları ilə yadda qalacaqlar”.
Ülviyyə Şahin