Avtobuslarda sıxlıq: yenə nəyisə düz etmirik...
07 İyul 2020
İyulun 4-dən Bakı metrosunda sərnişindaşıma fəaliyyəti dayandırılıb. Bu qərar sərnişin avtobuslarında böyük sıxlığın, el dili ilə desək, “basabas”ın yaranmasına səbəb olub. Avtobuslarda yaranmış mənzərə ilə Operativ Qərargahın və rəsmilərin sosial məsafə çağırışları arasında ciddi uyğunsuzluq var. Belə vəziyyət heç şübhəsiz, virusun yayılması üçün minbit şərait yaradır.
Əslində Operativ Qərargahı da, dövlət orqanlarını da, özəl qurumları da anlamaq olar. Mövcud vəziyyətdən ən doğru və ən effektiv çıxış yolunu tapmaq doğrudan da çox çətin məsələdir. Amma ictimai nəqliyyatda hazırkı vəziyyətin qəbuledilməz olduğu da dəqiqdir. Nə etməli? Bəlkə xəttə buraxılan avtobusların sayı artırılmalıdır? Bəlkə metronu təkrar açmaq lazımdır? Yaxud da, həftə sonları olduğu kimi, ümumiyyətlə, ictimai nəqliyyatın hərəkəti tam dayandırılmalıdır? Bu sualları müsahiblərimizlə müzakirə etdik.
Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev “Press Klub”a açıqlamasında bildirdi ki, xüsusi karantin rejiminin sərtləşdirilməsindən sonra müntəzəm marşrut xətləri üzrə daşınan sərnişin sayında ümumilikdə 60-70 faiz azalma müşahidə olunur:
“Buna baxmayaraq, gündəlik reysə çıxan avtobusların sayı azaldılmayıb. Daşıyıcılara da avtobus sayı və intervalın mövcud epidemik vəziyyət nəzərə alınmaqla tənzimlənməsi barədə tapşırıq verilib. Tapşırığın icrasına nəzarət məqsədilə hər gün səhər qarajlarda monitorinq keçirilir. Hazırda gündəlik 153 müntəzəm marşrut xətti üzrə sərnişindaşımalara 1650-dən artıq avtobus cəlb edilib. Yalnız metro stansiyalarını əlaqələndirən 7 ekspres marşrut xətti üzrə 80-dən artıq avtobus gündəlik xəttə çıxarılır. Sərnişin tələbatının vaxtında qarşılanması üçün 70-dan artıq avtobus isə ehtiyat olaraq ekspres xətlərə cəlb edilir”.
M.Ağayevin sözlərinə görə, ümumilikdə həm müntəzəm, həm ekspres xətlər üzrə gündəlik xəttə çıxan avtobus sayı 1800-dən artıqdır:
“Metronun fəaliyyət göstərdiyi vaxtla müqayisədə gündəlik 160-dan artıq avtobus xəttə çıxarılır. Adi rejimlə (yay mövsümü) müqayisədə isə hazırda xətlərə 15-20% artıq avtobus cəlb olunur”.
Nəqliyyat məsələləri üzrə ekspert Azər Allahverənov ”Press Klub”a şərhində sərtləşdirilmiş karantin rejiminin iyulun 20-nə qədər müəyyən edildiyini xatrılatdı:
“Əslində bu müddət ərzində bir çox müəssisələr öz fəaliyyətlərini dayandırmalı idilər. Çünki Nazirlər Kabinetinin müəyyən etdiyi bir siyahı var idi. Nəticə etibarilə ictimai nəqliyyatdan istifadə edən sərnişinlərin sayı nisbətən az olmalıydı, yəni gözlənti belə idi. Onlar əllərində olan məlumatlara əsasən qərar verdilər ki, Metropoliten fəaliyyətini dayandırsın. Belə olan halda, insanların avtobuslardan istifadə etməsi əlavə problemlər yaratdı. Sosial şəbəkələrdə gedən paylaşımlar da göstərdi ki, ictimai nəqliyyatdan istifadə edən sərnişinlərin sayı nəzərəçarpacaq qədər çox imiş, bu, pik saatlarında açıq-aşkar görünür. Aydın məsələdir ki, əgər Metropoliten bağlanıbsa, metrodan istifadə edən sərnişinlərin böyük əksəriyyəti təbii ki, avtobuslardan istifadə etməli olacaq”.
Ekspert qeyd etdi ki, pandemiyadan əvvəl gün ərzində stabil olaraq 700-800 min sərnişin metrodan istifadə edirdi:
“Amma pandemiya dönəmində bu say kəskin azaldı, 240-250 min civarında qaldı. Bu barədə Metropoliten məlumat verirdi. Belə qənaətə gəlmək olar ki, əgər pandemiya dönəmində metrodan 250 min sərnişin istifadə edirsə, sərtləşdirilmiş karantin rejimində bundan da az sayda sərnişin olmalıdır. Çünki bir çox sahələr fəaliyyət göstərmir. Amma reallıq tam əksini göstərdi. Sərnişinlərin sayı az olsa belə, onlar hamısı avtobuslardan istifadə etməlidir. Biz bilirik ki, bu gün bizim ictimai nəqliyyatımız kifayət qədər yüklənib. M1, M2 ekspres xətlərin sayı da artırıldı, intervalı artırmağa, əlavə avtobusları xəttə buraxmağa çalışırlar. BNA daşıyıcı şirkətlərə əlavə avtobusların verilməsi üçün müraciət edir və təbi ki, hər şirkətin buna imkanı olmur”.
A.Allahverənov avtobus qıtlığı olduğunu da söylədi:
“Rəsmi statistikada Bakı şəhəri üzrə iki min avtobus xəttinin olması barədə məlumat verilib, amma tələb olunan avtobusların sayı realda bundan artıqdır. Bəlli məsələdir ki, pandemiya şəraitində hamı ictimai nəqliyyatdan istifadə etmir. İş yerlərinin çoxu bağlıdır. Tədris müəssisələri fəaliyyət göstərmir. Məsələn, normalda, pandemiyaya qədər olan dövr ərzində, avtobusdan istifadə edənlərin sayı gün ərzində bir milyon iki yüz mini keçir. Qeyd edilən sayda avtobusların xəttə olması ehtiyacı tam ödəmir. Pandemiya şəraitində ictimai nəqliyyatdan istifadə edən insanların sayında kəskin azalma olmasına baxmayaraq, yenə avtobus çatışmazlığı açıq-aşkar görünür. Bunu avtobus sayı ilə əlaqələndirmək olar. Amma digər səbələri də ola bilər. Məsələn, əsasən günahı insanlarda görürlər və deyirlər ki, sosial məsafə gözlənilmir, qaydalara əməl olunmur. Şərait olsun ki, vətəndaş da buna əməl edə bilsin. Çünki vətəndaşın niyyəti dayanacaqda durub, istədiyi ünvana getməkdir. Amma işləyən insanlar işə gecikir. Onlar bir avtobusu, iki avtobusu buraxa bilər, axı işinin başına vaxtında çatmalıdır! Əgər biz insanların təhlükədən uzaq olmasını istəyiriksə, avtobuslar həm də insanları qoruyucu, dezinfeksiyaedici məhsullarla təmin etməlidirlər. Metropolitenin fəaliyyətinə gəldikdə, düşünürəm ki, gözləntilər özünü doğrultmadı. Ola bilsin, bu qərarı qəbul edən şəxslər gözləyirdilər ki, ictimai nəqliyyatdan o qədər də çox insan istifadə etməyəcək. Düşünürəm ki, metronun yenidən istifadəsi nəzərdən keçirilə bilər. Təbii ki, orada zəruri təhlükəsizlik tədbirləri görülmək şərti ilə”.
Ekspert bütün məsələlərin başında insan sağlamlığının dayandığını vurğuladı:
“Cənab prezident də dəfələrlə çıxışlarında qeyd edir ki, biz ya iqtisadiyyatımızı, ya da vətəndaşımızı düşünməliyik - biz vətəndaşımızı düşünürük. Yəni bizim üçün insan sağlamlığı bütün iqtisadi göstəricilərdən, inkişafdan da üstündür. Çünki insan resursu bizim genefondumuzdur, gələcəyimizdir. Onu itirmək, təhlükə altına almaq olmaz. Bu baxımdan mən düşünürəm ki, Metropolitenin yenidən açılması məsələsi nəzərdən keçirilə bilər. Bununla yanaşı, əlavə avtobusların xəttə buraxılması, intervalların azaldılması da tətbiq edilə bilər. Bəzi müəssisələrin rəhbərləri isə iş rejimi, iş qrafiklərində dəyişikliklərin edilməsi, daha az sayda işçilərin işə cəlb olunması kimi məsələləri nəzərdən keçirməlidir”.
P.S. Foto jurnalist Ülviyyə Xəlilə məxsusdur.
Ülviyyə Şahin