Logo
news content
User
Kateqoriyalar

Analitika

Sahibkarı belə müflis etdilər – Milyon yarımlıq QALMAQAL
Adi mülki iş məhkəmənin “sayəsində” cinayətə çevrildi

İqtisadi məsələlərə həsr olunan istənilən dövlət tədbirində mütləq şəkildə biznesin inkişafına dəstək çağırışı olur. Prezident çıxışlarında biznes mühitinin yaxşılaşdırılması üçün siyasi iradənin olduğunu vurğulayır və məmurlara sahibkarların qaldırdıqları problemləri operativ şəkildə həll etməyi tapşırır. “Məqsəd budur ki, sahibkarlara heç kim mane olmasın, süni əngəllər aradan götürülsün”, - o, belə tədbirlərin birində deyib və əlavə edib: “Bu gün biznesə mane olmaq istəyən şəxslər Azərbaycana xəyanət edirlər. Çünki ölkəmizin uğurlu inkişafı biznesin inkişafından asılıdır”.

“Amma bu çağırışlara çox vaxt məhəl qoyulmur,” – iş adamı Anar Qəribov bildirir. O da zamanında belə sözlərdən ruhlanaraq, öz biznesini qurub və çox tez bir zamanda müflis edilib: “Oliqarxların, yüksək vəzifəli məmurların ən yaxın çevrəsinin maraqları naminə bizim qanuni hüquqlarımız pozulur. Şikayətlərə baxılmır, sahibkarlara dəymiş ziyanı isə zorla onların özlərinə ödətdirirlər. Bəzən bu, onların tamamilə var-yoxdan çıxması ilə nəticələnir”.

Anar Qəribovun, daha dəqiqi, onun rəhbərlik etdiyi “FB-Company” ASC-nin işində adları keçənlər çoxdur. Buraya həm fiziki şəxslər, həm kommunal müəssisələr, həm də hüquq-mühafizə orqanları daxildir. Məhkəmələr isə artıq üçüncü ildir ki, həqiqəti müəyyən edə bilmirlər (ya da müəyyən etmək istəmirlər).

“Ona görə yox ki, gücləri çatmır. Ona görə ki, bizə qarşı atılan addımların arxasında qüdrətli adamlar dayanıb”, - artıq ümidsizliyə qapılmış iş adamı deyir. – “Fuad Rzayev və onun ortağı Babək Babayev kimi. Birincisi “Azərenerji”nin prezidenti Baba Rzayevin oğlu, ikincisi “Yeni Həyat” şirkətlər qrupunun rəhbəridir. Məsələnin mahiyyəti isə ondan ibarətdir ki, biz dörd il əvvəl adıçəkilən şəxslərə məxsus “Azur” ticarət mərkəzində böyük bir sahənin (1285 kv.m) icarəyə götürülməsi barədə müqavilə imzaladıq. Həmin yer beş il boş qalmışdı. Çünki əvvəllər orada müxtəlif səviyyəli yolları olan kartinq yerləşirdi, ciddi vəsait tələb edən əsaslı təmir üçün isə investor tapmaq asan deyildi. Ancaq bizim böyük planlarımız var idi və biz investisiya tapa bildik. Sonradan anlaşılmazlıq olmasın deyə, tərəflər arasında bütün münasibətlər və öhdəliklər ciddi şəkildə sənədləşdirildi”.

“Tezliklə həmin yer tanınmaz dərəcədə dəyişdi”, - deyə Anar Qəribov davam edir. – “Bahalı, zövqlü təmir, düzgün yerləşdirilmiş reklam lövhələri yeni obyekti ticarət mərkəzinin ən çox ziyarət edilən yerlərindən birinə çevirdi. Bu, ticarət mərkəzinin sahiblərinin də diqqətindən yayınmadı, lakin onların reaksiyası çox özünəməxsus oldu. Müqavilənin imzalanmasından cəmi bir neçə ay keçməsinə baxmayaraq, onlar kirayə haqqını birdən-birə beş dəfə qaldırmaq qərarına gəldilər. Təsəvvür edirsiniz, biz əsaslı təmirə, ən müasir avadanlıqlara yarım milyon manata yaxın sərmayə qoymuşduq. Geyim əşyalarının alınmasına və çatdırılmasına da təxminən eyni məbləğ sərf edilmişdi. Mağaza işə başlayan kimi götürdüyümüz kreditləri ödəməyə başladıq. Elə bu zaman heç bir əsas olmadan icarə haqqını dəfələrlə artırdılar. Belə bir ultimatumla razılaşmaq mümkün deyildi”.

Binanın birinci mərtəbəsınin əhəmiyyətli hissəsini tutan mağaza ilə ticarət mərkəzi arasında münaqişə qısa zamanda açıq qarşıdurmaya çevrilib. Anar Qəribovun sözlərinə görə, icarəyə verən tərəfin nümayəndəsi mühafizə xidmətinin köməyi ilə tezliklə icarədarın əməkdaşlarını ticarət mərkəzindən çıxarıb. Sonra elektrik enerjisinin verilməsini kəsərək, günahı “Azərişığ”ın üzərinə atıblar. Yalanı sübut etmək çətin olmayıb: enerji təşkilatı yazılı şəkildə təsdiq edib ki, icarədara qarşı heç bir iddiası yoxdur. Amma bu da mərkəzin sahiblərinə təsir göstərməyib. İcarədar məhkəməyə üz tutmalı olub.

Nəhayət, 35 gündən sonra mağazaya elektrik enerjisinin verilməsi bərpa edilib, işçilər öz yerlərinə qayıda biliblər. Amma bu müddət ərzində ticarət mərkəzinin mərtəbələrində yerləşdirilmiş reklam bannerləri izsiz qeybə çıxıb, mərkəzin monitorunda göstərilməli olan reklam da yox olub. Baxmayaraq ki, hər şey üçün bütün ödənişlər əvvəlcədən həyata keçirilib və müvafiq müqavilənin şərtlərinə görə, icarəyə verən tərəf bannerlərin qorunmasına məsuliyyət daşıyıb.

“Elektrik enerjisi probleminin həllindən 13 gün sonra həmin müqavilənin şərtlərinə uyğun olaraq, reklamın bərpa edilməsi barədə “Azur”a növbəti müraciətimizə cavab gəldi. Bizə icarə müqaviləsinə birtərəfli qaydada xitam verildiyi barədə yazılı məlumat verdilər. Onlar bunu guya çoxlu borc yığılması ilə izah edirdilər”, - Anar Qəribov qovluqlara yığılmış sənədləri göstərərək əlavə edir: “Amma burada söhbət icarəyə verən tərəfin havadan götürdüyü kirayə haqqından gedirdi. Aramızda təsdiqlənmiş və rəsmi müqavilənin şərtlərinə görə, heç bir borc yox idi”.

 

Vaxt gedir, məhkəmələr isə məsələni həll etmək əvəzinə, işi daha da qəlizləşdirirdilər. İddiaçı tələb edirdi ki, iş üzrə yekun qərar çıxarılana qədər, məhkəmə 2027-ci ilədək qüvvədə olan mövcud icarə müqaviləsi üzrə öhdəliklərin ticarət mərkəzi tərəfindən də yerinə yetirilməsini təmin etsin. Amma əvvəlcə Xətai Rayon Məhkəməsi, ardınca isə Bakı Kommersiya Məhkəməsi bu tələbi rədd edir. Məhkəmənin icarədarın mənafeyinə belə səthi münasibətindən istifadə edən ticarət mərkəzi isə tədricən təzyiqləri artırır, etiraz edən sahibkarı hər vasitə ilə sıxışdırmağa çalışırdı. Dizaynerlər, memarlar, inşaatçılar tez-tez mağazaya gələrək işi dayandırır, bu ərazini gələcəkdə restorana çevirmək üçün yenidən ölçmə işləri aparırdılar.

 

Anar Qəribov daha sonra deyir: “Bir dəfə mağazaya kanalizasiya suları töküldü, paltarların bir qismi xarab oldu. Müqaviləyə görə, malların bu səbəbdən xarab olması məsuliyyətini birbaşa icarəyə verən tərəf daşıyır. Amma bizim yazılı şikayətlərimizə yenə də baxan olmadı.

 

Sən demə, sonra baş verəcəklərin yanında bunlar hələ heç nə imiş. Əsl qanunsuzluq pandemiya zamanı -  ölkədə ticarət mərkəzlərinin fəaliyyətini dayandırdığı 2020-ci ilin mart ayından başladı. Biz işçilərin maaşlarını, kreditləri və digər öhdəlikləri ödəmək üçün ünvana çatdırılma şərti ilə onlayn satışa başlamaq qərarına gəldik. Amma sən saydığını say, gör icarəyə verən tərəf nə sayır: cəsur "mühafizəçilər" mağaza işçilərini saxlamağa, özləri ilə götürdükləri malları geri qaytarmaq tələbi ilə onların əşyalarını yoxlamağa başladılar. Yenidən şikayət etdik, bizi yenə dinləmədilər”.

Anar Qəribov dekabrın 29-da Yeni il ərəfəsində mağazaya gələrkən 6 metrlik jalüz qapının sındırıldığını görüb. Mallarla dolu olan obyektin yerində isə bomboş, bərbad zal olub. O, polisə gedib, yoxa çıxan malların və avadanlıqların siyahısını tərtib edib. Buna nə ad vermək olar –günün günorta çağında qarət, yoxsa basqın yolu ilə ələ keçirmə? O zaman güman ediblər ki, suala hüquq-mühafizə orqanları cavab verəcək.

“Axır ki, 2021-ci il fevralın 3-də itən əşyaların bir qismi tapılaraq bizə göstərildi. Onlar yararsız vəziyyətə düşmüşdü və mağazadan 7 km aralıda, icarəyə verənlərdən birinə məxsus rütubətli zirzəmidə “saxlanılırdı”. Bahalı avadanlıqlar necə gəldi yerə atılmışdı və çətin ki, yenidən istifadə oluna bilərdi. Ancaq hər şeyi diqqətlə nəzərdən keçirmək mümkün deyildi. Bizə - oğurlanmış əmlakın sahiblərinə zirzəmiyə giriş qadağan edilmişdi.

Dəyəri yüz minlərlə manat olan itmiş mal və avadanlıqla bağlı polis rəsmi məlumat yaymadı, cinayət işi başlamaqdan imtina etdi. Yalnız icarəyə götürdüyümüz mağazaya, eləcə də mallarımızın saxlanıldığı zirzəmiyə giriş əldə etmək üçün məhkəməyə dəfələrlə müraciət etməyimizdən, Bakı Kommersiya Məhkəməsinin hakimi Zeynəb Axundovanın inadkar təkidindən sonra qarşı tərəf bizə qalan əmlakımıza baxmaq imkanı yaratdı. Bütün tərəflərin iştirakı ilə 17 gün ərzində əmlakın adbaad siyahısı tərtib edildi, saxlanma qaydalarına əməl edilmədiyi üçün bütün malların yararsız hala düşdüyü təsdiqləndi: paltarlar nəm çəkmişdi, iy verirdi, bozarmışdı, avadanlıqların əhəmiyyətli hissəsi korroziyaya uğramışdı”.

Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi də mal və avadanlıqların zədələnməsi faktını təsdiqləyib. İşləyən mağazanın foto və video görüntülərinə və dağıdılan əmlakın “yoxa çıxdıqdan” sonra nəyə çevrildiyinə Famous Brands Azur youtube kanalında baxmaq olar. Yeri gəlmişkən, məqalənin başlığına çıxarılmış foto da oradan götürülüb.

Beləliklə, ekspertizanın nəticələrinə görə, məhv edilmiş əmlakın ümumi məbləği 503 661,70 manat təşkil edir. Çatışmayan əmlak isə 410 944,50 manat qiymətləndirilir. Müstəqil audit qiymətləndirməsinə əsasən, 32 ay müddətinə müqavilənin şərtlərinə əməl edilmədiyinə görə, sahibkarlara əlavə 390 760,74 manat maddi ziyan dəyib. Hüquqi, audit, ekspert xidmətlərinin dəyərini hesablamırıq. Çünki bu xərc dəyən ziyanın fonunda çox xırda bir şeydir. Amma mənəvi ziyan, imicə vurulan zərbə böyükdür.

Münaqişənin ilkin mərhələsi - mağazaya elektrik enerjisinin verilməsinin dayandırılması və reklam bannerlərinin götürülməsi ilə bağlı bu üç ilə yaxın müddət ərzində məhkəmə prosesi gedirdi. İşə əvvəlcə Xətai Rayon Məhkəməsində baxılıb, sonra materiallar Bakı Kommersiya Məhkəməsinə verilib. İki mötəbər instansiyanın belə bir kifayət qədər sadə məsələni həll etməsinin niyə bunca mürəkkəb olduğunu başa düşmək çətindir.

“Məhkəmənin iflic olmasına prosesdə iştirak edən tərəflərdən birinin ailə mənsubiyyəti səbəb olub” - Anar Qəribov belə hesab edir. - “Ancaq o vaxtdan bəri işə bir çox yeni faktlar əlavə olunub. İndi söhbət Cinayət Məcəlləsinin 177.4, 186.3, 190.2 və 322.1-ci maddələrinin pozulmasından gedir. Zərərçəkmiş tərəf olaraq bizim çoxsaylı vəsatətlərimizə baxmayaraq, icarəyə verən tərəf bir dəfə də olsun dindirilməyə çağırılmayıb. Düzdür, məhkəmə onlara yekun qərar çıxarılana qədər icarəyə götürülmüş ərazidə təmir işləri aparmağı qadağan edib, məhkəmə icraçıları isə “Azur” ticarət mərkəzinin rəhbərliyinə bu qadağanın pozulmasına görə məsuliyyətlə bağlı xəbərdarlıq ediblər. Lakin onlar xəbərdarlığa sayğısız yanaşaraq, nümayişkaranə formada obyektin tam şəkildə yenidən qurulmasına başladılar - divarları dağıtdılar, pəncərə və qapıları dəyişdilər, ərazinin sahəsini artırdılar... Biz Ədliyyə Nazirliyinə, Məhkəmə qərarlarının icrasına nəzarət Baş İdarəsinə, Xətai probasiya şöbəsinə, prokurorluq və digər hüquq-mühafizə orqanlarına müraciət etdik. Bütün müraciətlərimiz əbəs oldu.

Bu əhvalat sahibkarların hüquqlarını qorumayan, əksinə, tanınmış məmurun oğlu tərəfindən onların hüquqlarının pozulmasını ört-basdır edən hüquq-mühafizə orqanlarına, məhkəmələrə şərəf gətirmir. Biz hətta çarəsiz qalaraq, icarəyə götürdüyümüz ərazinin sahibinin atasına da məktub yazıb problemin ədalətli həllinə köməklik göstərməsini xahişi etdik, cavab olmadı. İndi bizə bu məmurlara dövlət başçısının fərdi sahibkarın işinə mane olmamaq çağırışını bir daha xatırlatmaqdan başqa nə qalır? Amma ölkə prezidenti bir şeyi deyir, onun siyasətini həyata keçirməli, qanunun aliliyinə nəzarət etməli olan dövlət qulluqçuları isə yüksək vəzifələrini şəxsi mənfəətə çevirməkdə davam edirlər. Oliqarx sistem belə işləyir. Və bu proses dayandırılmasa, ölkəmiz, xarici təcrübənin də göstərdiyi kimi, iş yerlərinin böyük əksəriyyətini təşkil edən kiçik və orta sahibkar təbəqəsiz qala bilər”.

Nəhayət, 2022-ci ilin yayında “Azur” ticarət mərkəzi ilə orada yer icarələmiş mağaza arasında uzun sürən məhkəmə çəkişməsi “ölü nöqtədən” tərpənib. 32 aylıq məhkəmə bürokratiyasından sonra Bakı Kommersiya Məhkəməsi iş üzrə qərarını açıqlayıb. O, icarədarların əsas tələbini təmin etməyib. Əksinə, məhkəmə 2027-ci ilə qədər bağlanmış icarə müqaviləsinə xitam verərək, icarədarların mağazanın fəaliyyətsiz qaldığı dövr üçün ticarət mərkəzinə 28 734 manat ödəməli olduğu barədə qərar çıxarıb. Baxmayaraq ki, mağazanın fəaliyyətsiz qalmasına icarəyə verən tərəfin özünün hərəkətləri səbəb olub. Məhkəmə dağıdılmış və itmiş əmlaka görə kompensasiya məbləğini cəmi 39 105 manat dəyərləndirib. Halbuki, sənədləşdirilmiş zərərin real məbləği bundan 33 dəfə çoxdur.

“Məhkəmə iddialarımızı əsaslandırmaq üçün təqdim etdiyimiz heç bir sənədə məhəl qoymadı: müstəqil auditorların rəyləri, əsaslı təmir üçün investisiyaların qiymətləndirilməsi, Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinin qiymətləndirməsi, satış üçün əksər malların və avadanlıqların möhlət hüququ ilə alınmasını təsdiq edən ciddi hesabatlılıq sənədləri, mal və avadanlıqların oğurluğa qədər və ondan sonrakı adbaad siyahısı...” - Anar Qəribov daha bir qalın qovluğu göstərir: “İş materiallarında olan iki mindən çox təsdiq edilmiş sənəd diqqətdən kənarda qalıb. Məhkəmə öz qərarında səbəb göstərmədən Mülki Prosessual Məcəllənin 265.4 maddəsindən yan keçib. Həmin maddədə göstərilir ki, mülki məhkəmə işdə adı keçən tərəflərin fəaliyyətində cinayət tərkibi aşkar etdikdə, iş materiallarını prokurorluğa verməlidir”.

Təbii ki, uduzan tərəf bu qərarla razılaşmayaraq, Apellyasiya Məhkəməsinə müraciət edib. Belə məsələlərdən agah olanlar bilirlər ki, apellyasiya məhkəmələrində işlərə baxılması adətən nə qədər çəkir. Bu dəfə isə məhkəmə işi qəbul edəndən dərhal sonra - cümə günü, iyulun 29-da işlə bağlı hakimlər təyin olunub. Və həftənin ilk iş günü - bazar ertəsi, 1 avqust tarixində şikayətin baxılmaq üçün qəbul edilməsi imkanının müzakirə edildiyi iclas keçirilib. Məruzəçi kimi Bakı Apellyasiya Məhkəməsinin inzibati-iqtisadi kollegiyasının sədri Vidadi Məmmədov çıxış edib. Tərəflərin iştirakı olmadan keçirilən iclasda apellyasiya şikayətinin Mülki Prosessual Məcəllənin normalarının pozulması ilə tərtib edildiyi məlum olub. Hakimlər qərar qəbul ediblər: şikayət düzgün tərtib edilmədiyinə görə onun baxılmaq üçün qəbul edilməsinə heç bir əsas yoxdur, müvafiq olaraq işə apellyasiya məhkəməsində baxılmayacaq.

Yenə də sual açıq qalır: bu qədər qısa müddətdə - cümə günündən bazar ertəsinə qədər üç hakim illərlə uzanan işlə necə tanış olub, onu təhlil edib və qərar çıxara bilib? Doğrudanmı, onlar həftənin istirahət günlərini buna həsr ediblər?

“Bundan sonra öz biznesini qurmaq qərarına gələn istedadlı gəncləri ölkəni tərk etməməyə, özəl sektoru isə ölkə iqtisadiyyatına sərmayə qoymağa necə çağırmaq olar”, - deyə Anar Qəribov yekunlaşdırır: “Bu gün Rusiya və Ukraynada yaşayan bir çox Azərbaycan əsilli sahibkarlar məmnuniyyətlə öz bizneslərini vətənlərinə köçürərək, Azərbaycan iqtisadiyyatına milyardlarla dollar sərmayə qoyardılar. Amma belə bir məhkəmə sistemi ilə bu addımı atacaqlarmı? Azərbaycanın məhkəmə-hüquq sistemi öz sahibkarının sərmayələrini qoruya bilmirsə, hətta “basqın yolu ilə ələ keçirməyə” göz yumursa, işğaldan azad edilmiş torpaqların bərpasına külli miqdarda sərmayə qoymaq imkanı olan potensial xarici investorlar nə düşünəcək?"

Müəllif: Eldar Əliyev

Redaksiyadan: Anar Qəribovun təsvir etdiyi hadisə fərdi iş olsa da, təəssüf ki, ölkə üçün xarakterikdir. Bu məqamlar o qədər ciddidir ki, son illər əsas diqqəti kiçik və orta biznesə yönəldən iqtisadiyyatımızın əsaslarına böyük zərbə ola  bilər. Bunu nəzərə alaraq, redaksiya mağaza sahibinin hekayəsini dərc etmək qərarına gəlib. Eyni zamanda, mövzu ilə bağlı çıxış etmək arzusu yaransa, qarşı tərəfə söz verməyə hazır olduğumuzu bildiririk. Bizim də bu işdə məqsədimiz birdir: sahibkarlar maksimum dərəcədə sərbəst, rahat şəraitdə işləsinlər, ölkəmizə vəsait qoysunlar, iş yerləri yaratsınlar və Azərbaycanda biznes mühiti daha da yaxşılaşsın.