Komediya kimi cinayət, aldadılmış “terrorçular”, bəxtiqara “hava taksisi”...
Təyyarə qaçıran iki sovet gəncinin qeyri-adi sonu
05 Oktyabr 2022
SSRİ-də təyyarə qaçırılması elə də nadir hadisə deyildi. Baxmayaraq ki, bu barədə adətən mətbuatda yazılmırdı və vətəndaşların əksəriyyəti belə hadisələrdən xəbər tutmurdular. Başqa ölkələrdəki analoji hadisələri televizorda izləyəndə isə “nə yaxşı, bizdə belə şeylər yoxdur” deyib, şükür edirdilər. Halbuki ölkədə ildən-ilə belə cəhdlərin sayı artırdı.
İnternet üzərindən axtarış verəndə çıxan cavablar SSRİ-də ilk təyyarə qaçırmaq cəhdinin 1954-cü il yanvarın 8-də baş verdiyi göstərilir. Sonrakı 16 il ərzində 10-dan çox cəhdlər edildi. Amma onların heç biri uğurlu olmadı. İlk uğurlu cəhd 1970-ci il oktyabrın 15-də baş verdi. Litva sakini Pranas Brazinskas və həddi-büluğa çatmayan oğlu Algirdas Batumidən Suxumiyə uçan An-24 sərnişin təyyarəsini Türkiyəyə uçmağa məcbur etdilər. Bu zaman 20 yaşlı stüardessa Nadejda Kurçenko tapançadan açılan atəş nəticəsində öldürüldü, kapitan da daxil olmaqla heyət üzvləri yaralandılar.
İki il həbsdə yatan ata-bala amnistiya ilə azad edildilər, amma ABŞ-dan siyasi sığınacaq almaq cəhdləri uğursuz oldu. Bununla belə, 1976-cı ildə onlar Meksikadan Kanadaya uçan təyyarə mindilər və Nyu-Yorkda aralıq enişi zamanı qanunsuz ABŞ ərazisinə daxil oldular. Sonra da Litva diasporunun köməyi ilə yaşamaq hüququ əldə etdilər.
Sovet hökuməti süqut edənə qədər Brazinskasların təhvil verilməsini tələb etdi və ABŞ-ı hava terroruna münasibətdə ikili standartda qınadı. Bu, Moskvanın haqsız olmadığı azsaylı hallardan biri idi. SSRİ-nin çöküşündən sonra isə Brazinskaslar bir müddət unuduldular və 2002-ci ildə gözlənilmədən yenidən qəzet manşetlərinə qayıtdılar: Algirdas öz atasını qantellə vuraraq öldürdü və 16 illik həbs cəzasına məhkum edildi.
SSRİ-də iri qəzalar, terror aktları, böyük cinayətlər barədə məlumatlar adətən gizlədilirdi. Yəqin ki, belə mənfi halların yalnız “çürüməkdə olan kapitalizmdə” mövcud olması görüntüsü yaradılırdı. Amma nədənsə Brazinskaslar olayı ilə başqa cür davranıldı, qəzetlər yazdı, televiziyada danışıldı, hadisə əsasında “Abituriyent qız” adlı bədii film, “Yalan və nifrət” adlı sənədli film çəkildi.
Sovet hökumətinin belə davranmasının səbəbi nə olur olsun, məqaləmizin mövzusu bu da deyil. Brazinskasların təyyarə qaçırmasından cəmi 12 gün sonra baş verən, xoşbəxtlikdən qansız və hətta komik nəticələnən başqa bir hadisədir.
***
Sevastopol cihazqayırma institutunun 21 yaşlı tələbəsi Vitali Pozdeyev və Krım tibb institutunun 20 yaşlı tələbəsi Nikolay Qilev də qohum – kuzen idilər. Üstəlik, heç də kasıb təbəqəyə mənsub deyildilər. O zaman sovet gənclərinin əksəriyyətinin həsrət çəkdiyi maqnitofona və əksəriyyətinin ağlından belə keçirmədiyi motosikletə sahib idilər. Amma həyatlarından razı deyildilər və Qərbə qaçmaq istəyirdilər.
SSRİ-də isə xaricə getmək asan deyildi. Ölkədən çıxış üçün icazə almaq lazım idi. Kuzenlər də bir neçə uğursuz icazə cəhdindən sonra təyyarə qaçırmaq qərarına gəlirlər. Amma onlar böyük sərnişin təyyarəsi deyil, “Let L-200 Morava” markalı yüngül təyyarə qaçırmaq və Türkiyəyə uçmaq, burada da siyasi sığınacaq üçün ABŞ səfirliyinə müraciət etmək fikrində idilər.
SSRİ Çexoslovakiya istehsalı olan “Morava” təyyarəsindən 181 ədəd almışdı. Bir pilot və dörd sərnişin üçün nəzərdə tutulan bu ikimühərrikli təyyarələr “hava taksisi” funksiyasını yerinə yetirirdi. Az benzin işlədən, böyük uçuş zolaqları tələb etməyən “Morava” istifadə üçün çox rahat idi, üstəlik bilet qiyməti də ucuz idi. Ağır yükü olmayan sərnişinlər üçün çox münasib olan təyyarə belə mütəvazi göstəricilərinə baxmayaraq, 1700 km-dən çox məsafəyə uça bilirdi.
Kuzenlər təyyarəyə minəndən sonra idarəçiliyi öz əllərinə almaq niyyətində idilər. Buna görə də Nikolay Qilev bir müddət Orduya, Aviasiyaya, Donanmaya Könüllü Yardım Cəmiyyətinin (OADKYC) nəzdində pilotluq kurslarına gedir və lazım olan vərdişləri qazanır. Bundan əlavə, bir neçə dəfə Kerç-Krasnodar və əks istiqamətdə uçan Nikolay pilotun hərəkətlərinə, naviqasiya cihazlarına fikir verir.
1970-ci il oktyabrın ortalarında onlar Brazinskasların təyyarə qaçırmalarını eşidirlər. Qohumlar anlayırlar ki, bu hadisə sovet hökumətinin əlavə təhlükəsizlik tədbirləri görməsinə səbəb ola bilər. Buna görə də öz planlarını həyata keçirməyə tələsirlər və bunun üçün oktyabrın 27-ni seçirlər.
Onlar təyyarədə başqa sərnişin olmasını istəmədiklərindən Kerçdən Krasnodara uçan “Morava”ya dörd biletin dördünü də alırlar. Amma hər şey istədikləri kimi olmur. Uçuşun vaxtına az qalmış cəmi iki nəfərin qeydiyyatdan keçdiyini görən aeroport işçiləri biletlərdən birini satırlar. Beləcə, təyyarədə daha bir kişi peyda olur. Amma bu Pozdeyev və Qilevi fikrindən daşındırmır.
Üçüncü sərnişin öndə pilotun yanında, kuzenlər isə arxa oturacaqda əyləşirlər. Təyyarə havaya qalxandan az sonra sərnişini bıçaqla hədələyərək əl-qolunu bağlayırlar, pilot Aleksey Minçenkonun isə başına torba keçirərək, yerini dəyişməyə məcbur edirlər və Qilev şturval arxasına keçir.
Amma Qara dəniz üzərindən uçub Türkiyə sahillərinə çatana qədər hava qaralır və Qilevdə təyyarəni endirə biləcəyinə şübhələr yaranır. Şturval arxasına yenidən pilot keçir, o da “Morava”nı Sinop yaxınlığında ABŞ aviabazasında yerə endirir. Bu zaman benzin tükəndiyi üçün mühərriklərdən biri dayanır.
Təyyarə, pilot və üçüncü sərnişin 15 gündən sonra SSRİ-yə qayıtdılar, Qilev və Pozdeyev Türkiyədə qaldı. Bu təyyarə qaçırılması olayını digərlərindən fərqləndirən ən maraqlı və təəccüblü hadisələr də bundan sonra baş verdi.
***
Əvvəlcə türklər kuzenlərin sovet casusu ola biləcəklərini düşündülər və sorğu-suala tutdular. Belə olmadığına inanandan sonra onları amerikalılara ötürdülər. Amerikalılar da gənclərə SSRİ-nin hərbi sirləri, Krımda yerləşən hərbi hissələr, məxfi obyektlər barədə suallar verdilər. Məlum oldu ki, gənclər bu yöndə informasiya daşıyıcısı malik deyillər. Nəticədə onlara maraq azaldı.
Moskvanın tələblərinə baxmayaraq, Türkiyə Qilev və Pozdeyevə sığınacaq verdi və onlar İstanbulda qaçqınlar üçün nəzərdə tutulan baraka yerləşdirildilər. Amma kuzenlərin məqsədi Türkiyədə yox, Amerikada yaşamaq idi. ABŞ səfirliyi isə onlara viza verməyə tələsmirdi. Gənclər gözlədikləri kimi təntənə ilə qarşılanmadıqlarından məyus olmuşdular. Əlbəttə, Türkiyə və Qərb mətbuatı bir neçə gün onlardan yazdı, amma sonra da unutdular. Qilev və Pozdeyev tamamilə başqa münasibətə ümid edirdilər.
Bir müddət sonra kuzenlər ailələrindən məktublar almağa başlayırlar. Həmin məktubda onlara deyilirdi ki, əsər qayıdarlarsa, onların günahları bağışlanacaq. Yəqin ki, ailələrini sovet hakimiyyət nümayəndələri inandırmışdılar. Gənclərin cavab məktublarında da əməllərində peşmanlıq ifadə olunur.
Vitali Pozdeyev yazır: “Yalnız burada mən anladım ki, Vətənsiz, doğmalarsız qalmaq nə deməkdir. Evdə yaşayanda ətrafımdakı yaxşı şeyləri görmürdüm”. Bundan sonra sovet nümayəndələri onların özü ilə görüşür, məsuliyyətə cəlb olunmayacaqlarını, hətta instituta bərpa ediləcəklərini deyirlər. Kuzenlər də inanıb, ölkələrinə qayıtmaq qərarına gəlirlər.
İndi Türkiyə nümayəndələri onlarla görüşür, verilən vədlərə inanmamağa çağırır, mütləq həbs olunacaqlarını deyirlər. Hətta amerikalılar yaxın günlərdə viza veriləcəyini vəd edirlər. Amma Pozdeyev və Qilevin qayıtmaq qərarı artıq qəti idi. 1971-ci il dekabrın 20-də onlar Batumi yaxınlığındakı Sarp sərhəd keçid məntəqəsini keçdilər. Onları əsl gürcü qonaqpərvərliyi ilə qarşıladılar, ziyafət təşkil etdilər. Səhər təyyarə ilə Moskvaya aparılan kuzenlər isə burada həbs olundular.
Onların məhkəməsi 1972-ci ilin sentyabrında başladı. Qilev təyyarə qaçırmalarından, aldadılmalarından əsəbiləşən Pozdeyev isə geriyə qayıtmalarından peşman olduğunu bildirdi. Məhkəmə də bu fikirləri nəzərə aldı: Nikolay Qilev 10 il, Vitali Pozdeyev isə 12 azadlıqdan məhrum edildilər. Onlar cəzalarını son günə qədər çəkdilər.
Yetərincə fərasətli düşünülən və bacarıqla həyata keçirilən qaçış beləcə mənasız bir sonluqla yekunlaşdı. Amma yox, hadisənin başqa bir sonluğu da oldu. Qaçırılmaq üçün əlverişli olan “Let L-200 Morava” təyyarələri bir neçə il ərzində istismardan kənarlaşdırıldılar. Rahat və münasib “hava taksisi” xidməti sona çatdı.