Zəngəzur ağrısı
Tehran rejimi öz maraqlarına görə erməniləri də satır
02 Oktyabr 2023
Iran hakimiyyəti Zəngəzur dəhlizi layihəsinin baş tutmaması üçün bütün imkanlardan istifadə edir. Bir sıra hallarda hətta Ermənistandan artıq canfəşanlıq göstərir. Tehran rejimi bu məsələdə elə davranır, sanki onları körfəzdən, yaxud Xuzistan əyalətindən çıxarırlar.
İranda bunu “Cənubi Qafqazdan sıxışdırılmaq”, “geosiyasi fəlakət”, “Ermənistanla sərhəddən məhrum olmaq”, “hərbi baxımdan İrana ziyanlı davranış”, "regional və beynəlxalq səviyyədə anti-İran layihəsi”, “saxta Zəngəzur dəhlizi” və s. kimi qiymətləndirirlər.
Ölkənin ali rəhbəri ayətullah Seyid Əli Xamenei isə bir az da irəli gedərək, hadisələri qabaqlamağa çalışıb. Bildirib ki, bu, İranla Ermənistan arasında “tarixi sərhədi bağlamaqdır”. İran rəsmiləri, o cümlədən Prezident İbrahim Rəisi Ermənistanın ərazi bütövlüyünü ölkəsi üçün “qırmızı xətt” saydıqlarını vurğulayıb.
Tehran rejimi Zəngəzur dəhlizinin “Turan, pantürkçü dəhilizi” də adlandırıb.
Deyəsən, panfarsizm ideologiyasının qulu olan bu hakimiyyətin əsl ağrısı sonuncu məqamla bağlıdır. Tehran hakimiyyəti bu dəhlizin Türkiyə ilə Orta Asiyanı birləşdirəməsindən narahatdır. Çünki belə olacağı halda, bölgə dövlətləri İran ərazisindən istifadəni ikinci plana keçirir. Bu da onun tranzit ölkə kimi əhəmiyyətinin azalmasına səbəb ola bilər.
Sentyabrın 25-də Naxçıvana səfəri zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan
Zəngəzur yolundan da danışıb: "Arzumuz budur ki, bu yerləri sülh dəhlizinə çevirərək, açaq. Hələ də müharibənin hökm sürdüyü dəhlizi təsəvvür etmək mümkün deyil. Çünki həm Zəngəzur dəhlizini, həm də Laçın yolunu sülh dəhlizi hesab etmək istəyiriksə, bu məsələni heç bir münaqişəsiz, səs-küysüz həll etməliyik. Xüsusilə bunların relsli sistemlər olduğunu nəzərə alsaq, Türkiyədən gələn qatar Ermənistandan keçərək Azərbaycana gedəcək. Əgər İrəvan bu məsələyə razılıq verməsə, yol İrandan keçəcək. İran hazırda buna müsbət baxır. Ona görə də indi İrandan Azərbaycana keçmək imkanı yaranacaq".
Yeri gəlmişkən, Ərdoğanın dediklərindən belə məlum olur ki, İran bu layihəyə yalnız Ermənistan ərazisindən keçdiyi üçün qarşı çıxır. Öz ərazisindən keçəcəyi halda isə cənab Ərdoğanın dediyi kimi “müsbət baxır”.
Tehran rejiminin yürütdüyü aqressiv siyasət səbəbindən İran beynəlxalq əhəmiyyətli bir çox iqtisadi layihələrdən kənar qalıb.
Məsələn, İran-Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan təbii qaz kəməri layihəsi reallaşmadı. Hətta bunu Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan layihəsi əvəzlədi. Qeyd edək ki, bu, həm də Pakistanın İranın təbii qazından asılılığını minimum endirə bilər.
Bakı-Tbilisi-Ceyhan Əsas Neft İxrac Kəməri İrandan yan keçdi. Halbuki vaxtı ilə bu xəttin İran ərazisindən keçməsi də variantlardan biri idi. Ermənistan Azərbaycan torpaqlarını o vaxt işğal altında saxladığına, İran isə terrorçuluğu dəstəkləməsi səbəbindən sanksiyaya məruz qaldığına görə bu böyük platformadan kənar qaldı.
Bu baxımdan, yaxın dövrdə regional layihələrin İran və Ermənistan ərazisindən keçməsinin dəstəklənəcəyi gözlənilmir. Çünki istənilən layihənin maliyyə ilə yanaşı, siyasi dəstəyə də ehtiyacı var. İndiki şəraitdə bu ölkələrin qlobal əhəmiyyətli layihələrə qoşulacağı da mümkünsüzdür. Zəngəzur dəhlizi ilə bağlı Türkiyə liderinin vurğuladığı məsələ həm də İran və Ermənistan hakimiyyətlərinə “Regional layihələri, o cümlədən Zəngəzur dəhlizini tormozlamaq perspektivdə sizi başqa planlardan da kənarda saxlaya bilər” kimi özünəməxsus ismarışdır.
Bu, həm də alternativin olması deməkdir. Zəngəzur dəhlizi İran ərazisindən keçsə, Ermənistan və Rusiya ondan istədiyi kimi faydalana bilməyəcək. Belə planın gerçəkləşməsi İranın da fakt qarşısında qalmasıdır: yəni “Turan yolu”, “Pantürkistlərin yolu” - Zəngəzur dəhlizi İrandan keçir.
Bu dəhlizi beynəlxalq ictimaiyyətin də dəstəklədiyini təsdiqləyən çıxışlar var.
Madriddə NATO Parlament Assambleyasının 68-ci sessiyasına təqdim olunan, Zəngəzur dəhlizi ilə bağlı mövzunun da yer aldığı təklif qəbul edilib. Bunu Türkiyənin Böyük Millət Məclisinin üzvü, NATO Parlament Assambleyasının İqtisadiyyat və Təhlükəsizlik Komitəsinin üzvü, MHP sədrinin müavini, professor Mevlüt Karakaya bildirib. “Bir kəmər, bir yol” və Zəngəzur dəhlizinin hazırda ən aktual məsələ olduğunu deyən millət vəkili 2022-ci il noyabrın 22-də NATO PA toplantısı zamanı təklif olunan və hesabata əlavə edilən bənddə diqqəti yeni açılacaq Zəngəzur dəhlizi mövzusuna yönəltmək məqsədləri olduğunu vurğulayıb: “Təklifdə Azərbaycanın Avroatlantik regionun enerji təchizatında oynayacağı rolu və Zəngəzur dəhlizinin NATO müttəfiqlərinin enerji təhlükəsizliyinə verdiyi töhfəni vurğulamışdıq. Bu, qəbul olundu. Zəngəzur dəhlizi regional təhlükəsizlik, əməkdaşlıq və iqtisadi tərəqqi baxımından mühüm əhəmiyyət kəsb edir”.
Bu, Ermənistan hakimiyyətinin üzərinə düşənləri yerinə yetirməkdən başqa yolu çətin qalmadığın göstərir. Belə halda Tehranın məsələyə müdaxilə etmək cəhdi baş tutmayacaq. Çünki onun tərəfindən istənilən güc tətbiqi İran hakimiyyəti üçün əlavə başağrısına çevrilə bilər. Odur ki, Zəngəzur dəhlizinə qarşı çıxmaqla İran həm də beynəlxalq layihələri sabotaj etməklə məşğul olur.