Tehranın bataqlıq aqibəti
Yalan, xülya və bəlağətli çıxışa ayrılmış vaxt bitir
15 Oktyabr 2025
İsraillə müharibədə Rusiya strateji tərəfdaşı İrana münasibətlərinə uyğun səviyyədə yardım etməyib. 12 günlük müharibə zamanı Prezident Vladimir Putin bildirmişdi ki, İsraildə çoxlu sayda rusdilli var və Rusiya İsrailə hücum etmək üçün İslam Respublikasına yardım edə bilməz. İran müharibədən sonra Moskvanın onlara hava hücumundan müdafiə sistemini vaxtında çatdırmadığı gileyini də etmişdi.
Oktyabrın 1-də Rusiya ilə İran arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Müqaviləsi qüvvəyə minib. İranın səhiyyə naziri Məhəmməd Rza Zəfər Qəndi bildirib ki, 12 günlük müharibə zamanı Rusiyadan dəstək gözlənilsə də, heç bir kömək göstərilməyib: “Rusiya 12 günlük müharibədə İrana kömək etmədi”.
Onun sözlərinə görə, nə dərman və tibbi avadanlıq, nə də digər sahələrdə Rusiya tərəfindən heç bir addım atılmayıb.
Bu kimi səbəblərdən İran hərbi arsenalını gücləndirmək məqsədi ilə Rusiyanı Çinlə əvəzləməyə başlayıb.
İslam Respublikası regional hərbi balansa tab gətirmək məqsədi ilə ÇXR istehsalı olan “Chengdu J-10C” ( “J-100”) qırıcılarına diqqətini artırıb. Məlumatlara görə, bu qırıcıların yüksək manevr qabiliyyəti, modern radar sistemləri və həm hava-hava, həm də hava-yer əməliyyatlarına uyğun silahlanması kimi qabiliyyəti onu bölgə üçün strateji seçimə çevirib. “J-10C” avadanlığı Çinin yerli “WS-10” turbofan mühərriki ilə təchiz olunub. O, 18 min metr uçuş hündürlüyünə malikdir. Qırıcının 11 silah bağlama nöqtəsi var – “PL-12”, “PL-10” kimi raketlərlə təchiz edilə bilir. Bildirilib ki, İran bu qırıcılarla maraqlanır. Onun Çindən “J-10C” almaq ehtimalı istisna edilmir. Ancaq İrana tətbiq edilən beynəlxalq sanksiyalar, o cümlədən 2015-ci ilin yayınadək Tehrana tətbiq edilən sanksiyaların yenidən qüvvəyə minməsi (snapback) fonunda İslam Respublikasının onu əldə etməkdə çətinlikləri olacağı istisna edilmir.
Bu baxımdan, Çin İranla alış-veriş etməmək üçün müəyyən mənada manevrlər edə bilər.
Düzdür, bəziləri iddia edir ki, “snapback” İranı Rusiya və Çinlə daha sıx yaxınlaşdırar. Ancaq hazırkı şəraitdə belə onlar arasında münasibət və əməkdaşlıq sıxdır. Bu günlərdə ABŞ neft ticarətinə görə Çin və İrana qarşı sanksiyaları genişləndirib. Məhdudiyyətlər 50-dən çox fiziki və hüquqi şəxsi əhatə edir. Sanksiyalar həmçinin kölgə donanmasının bəzi gəmilərini də əhatə edir. Sanksiya altında olan “Madestar” tankeri, bu yaxınlarda iki milyard dollarlıq İran neftini daşıyıb. ABŞ Maliyyə Nazirliyi milyonlarla barel İran neftini emal edən Çin xam neft yükləmə terminalına və müstəqil neft emalı zavoduna qarşı sanksiyalar qoyub.
Lanşan limanında neft terminalını idarə edən “Rizhao Shihua Crude Oil Terminal Co.” şirkəti və Şandunq əyalətindəki “Shandong Jincheng Petrochemical Group” müstəqil neft emalı zavodu oktyabrın 9-da elan edilən sanksiya paketinə düşən 50-dən çox fiziki şəxs, təşkilat və gəmi sırasına daxil olub.
Açıqlamaya görə, sanksiyalar ümumilikdə milyardlarla dollarlıq neft və neft məhsullarının ixracını təmin edərək, İran rejiminə mühüm gəlirlər təmin edən subyektlərə qarşı yönəlib.
İran KİV-in məlumatın görə, əvvəlki sanksiyalardan sonra İslam Respublikasının neft ixracı artıb. İran xam neft ixracatının əhəmiyyətli hissəsi birbaşa və ya Sinqapur və Malayziya vasitəsilə Çinə tədarük olunub. “S&P Global” məlumatlarına görə, sentyabrda İran gündə orta hesabla 1,5 milyon barel xam neft ixrac edib: Sinqapura — 934 min barel/gündə, Çinə — 100 min b/g, Malayziyaya — 367 min b/g.
ABŞ Maliyyə Nazirliyi bildirib ki, həmçinin BƏƏ-dən olan şirkətlər ətrafında cəmləşmiş və İran neft-kimya məhsullarının Şri-Lankaya, başqa bazarlara çatdırılmasına kömək edən maye qaz ticarətinin geniş şəbəkəsi aşkar olunub. Şəbəkə 2025-ci ilin əvvəlində 125 milyon dollardan çox məbləğdə İran maye qazı üçün ödənişləri emal etməkdən ötrü Honkonq şirkətlərindən istifadə edib.
Sonuncu sanksiya paketi həmçinin yüklərin mənşəyini gizlətmək üçün Kəngər körfəzində, Sinqapur və Malayziya sahillərindəki sularda gəmidən-gəmiyə yükləri yenidən yüklənməsi də daxil olmaqla, məlumatı gizlətməyin mürəkkəb üsullarını tətbiq edən kölgə donanmasının iyirmi yaxın tankerinə toxunur. Sanksiyalar həmçinin İran propan və butanını Çin, Banqladeş, Şri-Lanka və Yəmən bazarlarına daşıyan gəmilərə də aid olacaq.
Bu, Çinə edilən təzyiqlərdən bir nümunədir. Gələcəkdə ABŞ-nin ÇXR-ə gömrük tariflərini artıracağı da istisna edilmir. Ona görə rəsmi Pekinin tədbirləri görməzdən gələcəyi, yaxud nəzərə almayacağı inandırıcı görünmür.
Rusiya isə ABŞ başda olmaqla Qərb blokunun sanksiyaları altındadır. Bu baxımdan, RF sanksiyaların təsirini azaltmaq məqsədi ilə İranla birgə fəaliyyət göstərməyə üstünlük verir. Habelə 12 günlük müharibədə buraxdığı səhvləri təkrarlamamaq, etibarsız tərəfdaş olmadığını isbatlamaq üçün canfəşanlıq edir.
Bu günlərdə RF ilə İran arasında nüvə sahəsində əməkdaşlığa dair 24 milyard dollarlıq müqavilənin imzalanması, eləcə də İranın RF-yə 48 “Su-35” qırıcısı sifariş etməsi kimi xəbərlər də Moskvanın Tehran qarşısında özünü təmizə çıxarmaq cəhdlərindəndir. İranın hərbi dəniz qüvvələrinin komandanı kontr-admiral Şəhram İraninin Rusiyanın Hərbi Dəniz Qüvvələrinin komandanı ilə mühüm danışıqlar aparmaq üçün Sankt-Peterburqda olması bu yöndən dəyərləndirilə bilər.
İran Hərbi Dəniz Qüvvələrinin komandanı Fin körfəzindəki bir neçə dəniz bazası, “Admiral Qriqoroviç” flaqmanı və Rusiya Dəniz Muzeyinə baş çəkib, bir sıra görüşlər keçirib.
Yaxud, iranlı rəsmilərin Moskvaya tez-tez etdikləri səfərlər hələ Rusiyanın İrana münasibətinin dəyişdiyi demək deyil. Başqa sözlə, Tehran yenidən müharibə başlayacağı halda, Kreml onu çətin müdafiə etsin. Çünki onun İsrail hökumət ilə münasibətləri var. Elə Donald Tramp “Qəzza planı”nı elan etdikdən sonra RF Prezidenti Vladimir Putinin İsrailin Baş naziri Benyamin Netanyahu ilə telefon danışığı Təl-Əviv – Moskva əlaqələrinin səviyyəsini göstərir.
Bu günlərdə HƏMAS-ın Trampa da təşəkkür etməsi Tehran üçün xoş olmayan hallardandır. Bir zamanlar hərəkat yardımlara, dəstəklərə görə İslam Respublikası rəhbərliyinə belə münasibət göstərərdi. Bu, Yaxın Şərqdə vəziyyətin dəyişikliyə doğru getdiyini təsdiqləyir.
Belə bir şəraitdə İran bölgəni qarışdırmaq üçün istifadə etdiyi “maşa”lardan məhrum olur. Bu baxımdan, müxtəlif yollarla satdığı neftin pulunu Çinə və Rusiyaya qaytarmaq, yaxud onu qırıcılarla barter etmək nə dərəcədə məntiqidir? Yerli ekspertlər hesab edirlər ki, bu vəsait İran əhalisinin gündəlik tələbatının təmin olunması üçün mallara dəyişdirilsə, daha uyğun olar. Ancaq bu Tehran hakimiyyətidir. Onun əsas hədəfi rejimi qorumaq, yaxud xilas etməyə yönəlib. Bir müddət sonra Suriyanın Prezidenti Əhməd əş-Şaraa kimi HƏMAS başçısı da Trampla əl sıxsa, yaxud İsrailə səfər etsə, Tehranın halı necə olacaq? Onda İran hakimiyyətinə nə Rusiya, nə də Çindən aldığı qırıcılar yardım edəcək. Bu baxımdan, bəlkə İslam Respublikası rəhbərliyi İnqilab Keşikçiləri Qvardiyasının (SEPAH) hikkəsindən xilas olub, pulları qırıcılara deyil, vətəndaşlarının tələbatına xərcləsə daha məntiqi davranmış olar. Rejim özünü qorumaqla ölkəni bataqlığa, borclara sürükləyir. Yalan, xülya və bəlağətli çıxışa ayrılmış vaxt bitir. Reallıq qatarı İran hakimiyyətini gözləyir. Geciksə nələr olacaq...