Zəlil etdiyimiz gələcək – Ramilə Qurbanlı yazır
21 İyun 2024
Maarifçilər adətən elmli və bilikli sözlərini ayrı-ayrılıqda deyil, birlikdə işlədiblər. Xalqın gələcəyi naminə onun övladlarının elmli və bilikli olmaları üçün çalışıblar.
Hənifə Məlikova, Həsən bəy Zərdabi, Cəlil Məmmədquluzadə, Həmidə xanım Cavanşir, Ömər Faiq Nemanzadə, lap sonralar Cəfər Cabbarlı riyaziyyat, informatika, kimya, məntiq (məntiqi öyrətmək olmur, o ya var, ya da yoxdur) öyrətməyiblər, onlar məktəb proqramlarında olub, var. Maarifçilər mədəniyyəti və ədəbiyyatı təbliğ ediblər, aşılayıblar, insanların mədəniyyətli olmasına çalışıblar. Mədəniyyəti olan biləcək ki, həm də elmli, bilikli olmaq lazımdır.
Məsələnin bilik tərəfi də elə budur. Maarifçilər qaranlıqların aydınlığa çıxması üçün kütlələrə oxuyub-yazmağı öyrədiblər. Oxuyub-yazmaqdan sonrakı addım teatr idi, insanları teatra, yəni mədəniyyətə cəlb etmək, sonra mətbuat və sair.
Bu gün övladlarımızın qəbul imtahanında 700 bal toplamaları üçün onların da, özümüzün də canımızı oda yaxırıq. Amma bir anlıq dayanıb düşünənimiz yoxdur ki, “silah gücü”nə topladığı o 700 bal, aldığı təhsil, istəmədiyi peşə heç kimə xeyir verməyəcək, nə özünə, nə bizə, nə də cəmiyyətə. Ziyan eləməsə, şükür. Niyə ziyandan danışıram? Çünki 700 bal toplayan uşağın gecəsi-gündüzü olmayıb, ancaq əzbərləyib, başqa yolu yoxdur. O balı toplamağın yolu əzbərləməkdən keçir. Bugünkü təhsil sistemi bunu tələb edir. Amma biz valideynlər uşağı heç nəyə məcbur etmədən, onun bacarığı, həvəsi olan istiqamətə yön almasına şərait yaratmalıyıq. Qoy, uşaq heç 700 bal toplamasın, sadə bir peşə qazansın, amma mütaliə edən, teatr mədəniyyəti ilə yaxından tanış olan, kinoya baxan, ağı qaradan, yaxşını pisdən ayıran mərhəmətli və mədəniyyətli insan olsun.
Demirəm, 700 bal toplayan uşaq mədəniyyətsiz insan olacaq, amma onun mədəniyyət öyrənməyə heç vaxtı da olmayıb axı. Mədəniyyət teatrdan, kinodan, ədəbiyyatdan gəlir, bir də təbii ki, onları özündə ehtiva edən ailədən.
Sözümün canı odur ki, insan olmaq üçün elm dağarcığı olmağa ehtiyac yoxdur. Yaxşı riyaziyyatçı olmaq mümkündür. Lap o sahədə xüsusi istedadın olar, riyaziyyat elmində yeniliklər edərsən. Yaxud kimya sahəsində, fizika və sair, lakin mədəniyyətin yoxdursa, qəlbində insan sevgisi, humanizm kasadlığı varsa, sənin kəşfin heç kimə, özünə belə lazım deyil. O kəşf insanlığın xeyrinə yox, ziyanına işləyəcək, çünki insan əməlinin yaxşılıqlar törətməsi onun elmindən deyil, qəlbindən qaynaqlanır. Qəlb münbit torpaq kimidir. Nə əkərsən, onu da biçərsən.
O qəlbə əvvəlcə mədəniyyət, mənəvi dəyərlər, insani dəyərlər toxumu səpilməlidir. O toxumu isə elmli və bilikli cəmiyyət və eyni dəyərləri daşıyan ailə səpir. Yoxdursa, yazıq biz. Başının üstündə kökündə qılıncla dayanıb 700 bal yığdırdığımız uşağın qəlbinə də bir nəzər salaq...
Özünün düşünüb qərar vermək hüququ yerlə-yeksan edilmiş uşaq yüksək bal toplayıb ata-ananın arzusunu yerinə yetirə, oxuyub polis, həkim, iqtisadçı və sair ola bilər, amma o sahədə xoşbəxt olmayacaq, özünü yerində hiss etməyəcək. Ömür boyu içində bir qırıqlıq olacaq. Çünki biz onların içindəki onları boğuruq... Çünki biz gələcəyimiz zəlil edirik.
Maarifçilər isə qaranlıqları aydınlığa çıxartmaq üçün mədəniyyətdən, ədəbiyyatdan və mətbuatdan başlamışdılar, nə zillət bahasına etmişdilər bunu...
Ramilə QURBANLI