Logo
news content

“Zəfər məşqi” Tehranın kürkünə birə salıb
“Traktor”un zəfərinə sahib çıxanlar onun dilinə qadağa qoyurlar

Güney Azərbaycan gəncləri idmanın müxtəlif növləri üzrə beynəlxalq yarışlarda İranın şərəfini qoruyur. Asiya, dünya çempionatlarında, olimpiya oyunlarında Azərbaycan türkləri İranın bayrağının yüksəklərdə dalğalanması uğrunda mübarizə aparıb, ona nail olublar. 

Güney Azərbaycan gəncləri İran İslam Respublikasının qurulmasında da aparıcı, hərəkətverici rol oynayıblar. Yüz minlərlə azərbaycanlı İran-İraq müharibəsində iştirak edib. Milyondan çox güney azərbaycanlı gənc Tehran və Bağdad rejimlərinin hikkəsinin nümayişi sayılan bu müharibənin qurbanı olub. 

İslam Respublikasının müasir elm-texnoloji uğurlarında da Azərbaycan türklərinin rolu əvəzsiz olduğu təsdiqlənib. 

Ölkənin ali rəhbəri ayətullah Seyid Əli Xamənei, Prezident Məsud Pezeşkian, Silahlı Qüvvələri baş Qərargahının rəisi Məhəmməd Baqeri və başqalarının Azərbaycan türkü olması faktları bu etnosun İranın həyatında oynadığı vacib, aparıcı rolu təsdiqləyir. 

Bu baxımdan, İranda türkləri kiminsə aşağılaması ən yaxşı halda korluqdur. 

Azərbaycan türkü Əli Dae isə İranın idman və futbol tarixinin ən parlaq nümayəndəsidir. O, 1969-cu il martın 21-də Ərdəbilin Xeyral məhəlləsində anadan olub. Əli Dae milli yığmalar arasında beynəlxalq görüşlərdə braziliyalı Pele, argentinalı Maradona və macar Puşkaş kimi futbol korifeylərindən daha çox - 109 qol vurub. 

Bir də Güney Azərbaycanın Təbriz şəhərinin “Traktor” futbol klubu var. Onun “Traktor-Azərbaycan”, “Qırmızı qurdlar” kimi rəsmi olmayan adları da var. Klub 1970-ci ildə Təbrizin ən böyük Traktor quraşdırma zavodu nəzdində yaradılıb. 2011-ci ildən müstəqil klubdur. Bu klub öz tarixində Kərim Baqiri, Sirus Din Məhəmmədi, Hüseyn Xətibi, Rəsul Xətibi və başqa məşhur futbolçular yetişdirib.

“Traktor” tərəfdarlarını bəzən İspaniyanın Kataloniya əyalətinin “Barselona” klubunun azarkeşləri ilə müqayisə edirlər. Katalon dili İspaniyada qadağan olunduqdan sonra "Barselona"nın azarkeşləri bu komandanın hər ev oyununda doğma Kamp Nou stadionuna axışaraq, katalonca milli şüarlar səsləndirməyə başladılar. Hazırda İran türkləri də həm "Traktor"un, həm də Təbrizin digər futbol klublarının — “Şəhrdari” və “Göstəriş Polad” klubunun ev oyunlarında stadionlarda milli şüarlar səsləndirirlər. “Traktor”çuların şüarları: “Yaşasın Azərbaycan!”, “Yel yatar, tufan yatar, yatmaz Traktor bayrağı",  “Azərbaycan var olsun, İstəməyən xar olsun!”, “Azərbaycan yurdumuz, Traktor bozqurdumuz!”, “Türk dilində mədrəsə, Olmalıdır hər kəsə!”.

“Traktor” İranda özünəməxsus marş və mahnıları olan ilk futbol klubudur. Bu marşlardan, 2010-cu ildə Barış Kor Qrupunun yazıb ifa etdiyi “Yaşa, yaşa, Traktor” mahnısı futbol klubu tərəfindən rəsmi marş kimi qəbul edilmişdir.

“Yaşa, Yaşa, Traktor!

Yaşa, yaşa Traktor, Daim yaşa, Traktor!

Yurdumuzun iftixarısan, Azər elinin qəhrəmanısan.

Yellər yatar, tufan yatar, Yatmaz Traktor bayrağı.

Sök dağları, at qolları, Arxandayıq biz, Traktor.

Sən canımız, sən eşqimiz, Al qanımızsan Traktor”.

2012-ci ildə Asiya çempionluğu uğrunda yarışlarda “Traktor İftixarımız” adlı başqa bir mahnı rəsmi marş kimi təqdim edilmişdi. Onun musiqisi Qulam Rza Mirzəzadəyə, sözləri Əyyub Şahbaziyə məxsusdur, ifaçı İsfəndiyar Qarabaği, aranjemançı Məhəmməd Hüseyn Dırablıdır. 

Həmin marşdan örnək: 

“Zəfər marşını çalan bizik, 

Dünya boyu qalan bizik,

Qəhrəmanlıq bizimkidir,

İrana baş olan bizik”...

Bu günlərdə isə Azərbaycan Respublikasında “Zəfər məşqi” adlı yeni marş ərsəyə gəlib. Marşı sözləri akademik Rəfael Hüseynova, musiqisi isə xalq artisti Faiq Sücaəddinova məxsusdur. Xalq artisti “Report”a müsahibəsində deyib ki, marş 12 nəfərlik xor tərəfindən ifa olunub: "Solo ifa isə Tural Ağasıyevə məxsusdur. Biz bu təşəbbüsü can-başla işlədik, hesab edirik ki, bu marş "Traktor" klubunu daha böyük zəfərlərə aparacaq"

Tehran hakimiyyətinə bağlı qüvvələr marşı “separatçılığı təbliğ etməkdə” ittiham edib: “Bu, Azərbaycanın etnik təxribatlardakı əsl niyyətini bir daha üzə çıxardı!”

Yuxarıda Azərbaycan türklərinin müasir İranın da həyatında oynadığı əvəzedilməz roldan bəhs etdik. Ancaq milyonlarla Azərbaycan türkünü ana dilində bir siniflik məktəbi yoxdur. Ana dilində şeir deyəndə türk prezident Məsud Pezeşkiana “farsca danış” deyə göstərişi verilir. Azərbaycan türklərinin milli varlığı, kimliyi danılır. Azərbaycan tayfalarından biri olan qaşqay türklərinin milli geyimləri, gələnəkləri farsdilli etnik qrupun adına qeydiyyata salınır. Güney Azərbaycanın milli sərvətləri mərkəzi hakimiyyət tərəfindən talan olunur. Urmiya gölü qurudulur. 

Azərbaycan ərazisində, Türkiyə ilə sərhəddə başqa bölgələrdən türk olmayan etnik qrupunun nümayəndələri yerləşdirilir və s. Bu siyahını uzatmaq da olar...

“Traktor”un uğurları İran adına olsa da, indiki rejim onu nə müdafiə edib, nə inkişafına köməklik göstərib. Rejimin sevimlisi “Perspolis”dir (Sovetlərin dövründə Moskvanın “Spartak”ın sevməsi kimi) . Bu, həm də panfarsçıların simvoludur. 

Elə bu kimi səbəblərdən marşı sözlərinin müəllifi bunları da vurğulayıb: 

“...İrəli hücum, xətti qır, qol vur, qol!  

Milyonlarca yumruq qalxana qədər, qalib ol!  

Atdığın top bütün milləti oyadır,  

Sən millətə ruh verirsən, "Traktor"!  

 

Millətin həmişə sənə dayaq olub,  

Millətə güvən, sən də xalqına dayaq ol!  

Sən bu xalqın iradəsi və sevgisisən, "Traktor"!  

Sən bu millətin qələbə məşqisən, "Traktor"!”...  

Məktəblərdə Azərbaycan türkcəsini öyrədən özəl kursları yasaq edən, valideynlərin körpəsinə ana dilində qoyduğu adları qeydə almayan, Bəzz qalasına yolu bağlayan rejim türklərin “Traktor” ətrafında “Səhənd”də toplaşmasına məcbur razı olub. Bir gün bu stadionda “Azadlıq! Ədalət! Milli hökumət!” şüarı səslənsə, təəccüblənməyin. Çünki panfarsizmin yaratdığı şərait İran vətəndaşlarını özünə qarşı qaldırır.