Tehranın türk qorxusu
Pezeşkianın “seçki millətlçiliyi”nin əsl məqsədləri üzə çıxır
13 Sentyabr 2024
Güney Azərbaycan türkləri tarix boyu İranın adını ucaltsa da, rejim onların tanınmasını, bir qayda olaraq, əngəlləyib. Yüz ildən artıq panfarsçı düşüncə ilə idarə olunan İranda türklərin milli varlığı danılır. Bütün bunlar İranın birinci şəxsi (dövlət başçısı, ali rəhbəri ayətullah Seyid Əli Xamənei) və dövlətin ikinci adamının (hökumət başçısı, Prezident Məsud Pezeşkian) türk olduğu indiki dövrdə də davam edir.
Xamənei ilə Pezeşkian da İranın şərəfinə və qüdrətli olmasına çalışır. Əslində onların bu vəzifələrə gəlib çıxması azərbaycanlıların bu ölkə uğrunda fədakarlıqlarının göstəricisidir.
Ancaq təəssüf ki, onların mənsub olduqları millətin varlığı danılır. Hətta belə görünür, vəzifə başında olanların özləri də mənsub olduqları etnosu, onun haqlarını unudurlar. Aşkardır ki, tutduqları məqama çatmaq üçün türk adı, türk dili, etnik mənsubiyyət onlar üçün vasitədir.
İran tarixində azərbaycanlılar bütün sahələrdə ad çıxarıb. Onlar bu ölkənin şərəfini idman yarışlarında da ucaltmaq uğrunda mübarizə aparıblar.
Hazırda Fransada paraolimpiya oyunları keçirilir. Güney Azərbaycanın Mərənd şəhərindən olan ən gənc paralimpiyaçı Zəhra Rəhimi, tarixi uğura imza ataraq, para-taekvando sahəsində İran üçün ilk gümüş medalı qazanıb. Başqa bir azərbaycanlı - Fatimə Himməti isə ox atmaq üzrə bu pilləyə qalxıb.
Zəhra Rəhimi 13 yaşında, Fatimə Himməti isə 21 yaşındadır. İranda “Azadlıq, Həyat, Qadın!” şüarı altında rejimin məcburi hicab qaydalarına müqavimət hərəkatı davam etdiyi bir şəraitdə onlar hakimiyyətin başını uca edib. İdman həm də bir ölkədə sosial sahəyə münasibətin göstəricisi sayılır. Bu baxımdan da onlar vətəndaşı olduqları dövlətin adını beynəlxalq səviyyədə uğurları ilə şərəfləndiriblər.
Məsələnin başqa tərəfi isə onların iştirak etdiyi olimpiadanın mahiyyəti ilə bağlıdır. Bu da sübut edir ki, sosial vəziyyətindən, sağlıq durumundan asılı olmayaraq, Güney azərbaycanlılar bu ölkə üçün bacardıqlarını əsirgəmirlər.
Panfarsçılığın xidmətçisi olan Tehran hakimiyyəti onların bu əzm və fədakarlığını inşalığa yaraşmayan tərzdə qarşılayıb. Düzdür, Prezident Pezeşkian onları təbrik edib. Lakin seçkiqabağı kampaniyada türkcə danışan, güney azərbaycanlıların bu məsələyə həssaslığından istifadə Məsud Pezeşkian bu idmançı xanımların ana dilində onları təbrik etməyib. Bu, bir daha sübut edir ki, İran Prezidenti üçün türk dili məsələsi seçkiqabağı kampaniyada sadəcə səs qazanmaq üçün vasitə olub. Belə olmasaydı, Zəhra Rəhimi İranda və Güney Azərbaycanda tanınan repçi Payam Türkün “Mənəm türk” mahnısını paylaşdığı üçün hücuma məruz qalmazdı. Yayılan məlumatlara əsasən, Zəhra Rəhimi sosial şəbəkə səhifəsində medal aldığı səhnəni əks etdirən videonu bu musiqinin fonunda paylaşıbmış. Buna görə panfarsçılar, hakimiyyətin öyrətdiyi və təşkil etdiyi trollar idmançıya hücum edib, onu “pantürkçülükdə” qınayıblar. Hətta hədələyiblər. Bu vəziyyətdən ehtiyatlanan 13 yalı qızcığaz həmin paylaşımı silməyə məcbur olub.
Yeri gəlmişkən, Payam Turk (Payam Amani) 1990-cı il noyabrın 22-də Cənubi Azərbaycanın Ərdəbil əyalətinin Biləsuvar şəhərində anadan olub. Əvvəllər repi farsca deyib. 2020-ci il II Qarabağ Müharibəsində Uran ilə birgə "Azərbaycanım" adlı sinqlı yayımlanıb. “Mənəm Türk” repinə isə 30 milyondan çox baxış olub.
Görəsən, Zəhra xanım fars şovinizmini təbliğ edən bir saatlıq material paylaşsa idi, ona təzyiqlər edərdilər? Əlbəttə, yox. Bu rejim türk adından, türkcə adlardan çəkinir, qorxur, vahimələnir. Zəhra Rəhiminin “mənəm türk” deməsindən qorxub ona hücum edən rejimin azərbaycanlı, türk vətəndaşlarına “hörməti” bundan artıq olmazdı.
İdmançıya qarşı edilən bu hücumlar ayrı-seçkiliyin nəticəsidir. Tehran hakimiyyəti İranı şərəfləndirən bir qızcığazın öz milli mənsubiyyətini tanımasından rahatsızdır. Bu, panfarsçılığın çoxsaylı nümunələrindəndir. İran hakimiyyəti islam dini pərdəsi altında mövcudluğunu sürən irqçi rejimdir.
Həmin günlərdə İranın Şərqi Azərbaycan əyaləti Boks Şurasının başçısı İsa Qulməhəmmədi soyuq və odlu silahla qətlə yetirilib. Tehran əyalətinin Rabatkərime rayonunun Şatrxvar kəndindəki bağ evində qətlə yetirilən idmançıya 5 bıçaq zərbəsi vurulub və 11 dəfə atəş açılıb. İsa Qulməhəmmədiyə iki nəfərin hücum etdiyi bildirilib. Onların kimliyi hələ müəyyən olunmayıb. Hazırda araşdırma aparılır, fakt üzrə cinayət işi açılıb.
İnformasiyaya əsasən, İsa Quməhəmmədi boks üzrə ölkə çempionu olub. O, İranın boks yığmasının ümid komandasının – “Omid Boxing”, məşqçisi və meneceri idi.
Bu da güney azərbaycanlı idmançının müəmmalı qətli, İrana xidmət etmiş türkün aqibətidir.
Başqa bir fakt. Vətəndaşların Qeydiyyatı İdarəsinin Təbriz şöbəsi atanın övladına Volkan adını verməsi ilə bağlı müraciətini qəbul etməyib. Bu səbəbdən körpəyə 19 ay vətəndaşlıq hüququndan istifadə tətbiq edilməyib. Uşağın atası Rəhman Azərmi Rad məsələ ilə bağlı verdiyi məlumatda deyib ki, 19 aylıq mübarizədən sonra uşağa türkcə ad qoyulmasına icazə verilib.
Güney Azərbaycanın Maku şəhərində türkcə küçə adları İran rəhbərliyi tərəfindən dəyişdirilərək, fars adları ilə əvəz edilib. İranın Küçə və İctimai Yer Adlandırma İdarəsi bu şəhərdə bir çox türkcə küçə adlarını dəyişdirərək, fars adları ilə əvəzləyib. İctimai fəallar tərəfindən dəyişdirilən küçələrin bəzilərinin adlarını barədə məlumat yayıb: "Beş Göz", "Bürc", "Qazbeli", "Xəncərxan", "Qarahızlı", "Şam", "Şirbaşı", "Kara Köprü". Bu adların yerinə farsa "Setayeş", "Golestan", "Ostadan", "Golha", "Golqaşt", "Baharan", "Qolçin", "Qolbad" adlandırılır.
Bu qısa məlumatlardan da göründüyü kimi, Tehran hakimiyyəti türklərə qarşı dözümsüzlük və ayrı-seçkilik siyasətindən əl çəkmir. Əksinə, bu yanaşma zaman keçdikcə daha da güclənir.