
Tehran-Moskva təmasları: sirr pərdəsi açılır
Zəngəzur yolu şimal və cənub qonşularımızı ayırır, yoxsa birləşdirir?
12 Oktyabr 2024
İran Yaxın Şərqdə Rusiya və Çinə arxalanaraq, iddialar irəli sürür. Məsələ yalnız İsrail dövlətinə münasibətlə kifayətlənmir.
İndiki İran rejimi vaxtı ilə Türkiyəyə qarşı PKK terror qruplaşmasından və “Hizbullah”dan (İran yönlü Türkiyə “Hizbullah”ı, lideri Hüseyn Əzizoğlu öldürülüb), habelə erməni lobbisindən istifadə edib. İslam Respublikası ərazisindən körfəzdəki ərəb dövlətlərin qarşı fəaliyyət göstərib, hər il həcc ziyarəti zamanı Səudiyyə Ərəbistanında iğtişaşlar törədib, Birləşmiş Ərəb Əmirliyinə qarşı ərazi iddiası ilə çıxış edib, İraqla müharibə aparıb, Kərbəlanı, Məkkəni işğal etməyə səy göstərib və s.
İsrailin məhv edilməsi, dünyanın siyasi xəritəsindən silinməsi məsələsi isə bu hakimiyyət üçün siyasi-dini ideologiyanın təməllərindən birinə çevrilib.
İraqla müharibənin gedişindı İranın o vaxtkı ali rəhbəri ayətullah Xomeyni Kərbəlanı azad etdikdən sonra Qüds və Kəbəni də “düşmən tapdağından xilas edəcəklərini” bildirirdi. O, deyirdi ki, gələcəkdə İsraillə belə əməkdaşlıq etmək olar, ancaq Səudiyyə Ərəbistanı ilə heç vaxt.
İran hakimiyyəti bu iddiaları ilə həm də ABŞ başqa olmaqla, Qərbin maraqlarına qarşı çıxmış olur. Tehran bununla özünü gələcək təhlükələrdən qorumağı və regionda oyunçu, hesablaşılacaq qüvvə olduğunu göstərmək istəyir. Onun varlığı ilə böyük güclər regionda İsrailin təhlükəsizliyi üçün ərəb dünyası ilə İran arasında balansı yaratmağa nail olurlar.
Ancaq 40 ildən çoxdur Tehran yürütdüyü bu siyasətlə bölgəni girova çevirib. Suriya və İraqda bazalarını yaradıb. Hətta bu ərazilərdə neft hasilatına müəyyən miqyasda nəzarət edir.
2023-cü il oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumu ilə İranın qurduğu sistem çat verməyə başlayıb. Artıq onun proksilərinin İsmayıl Həniyə, Həsən Nəsrullah, Haşim Safuddin kimi liderləri zərərsizləşdirilib. Qəza zolağına HƏMAS-ın, Livanın cənubuna “Hizbullah”ın nəzarəti zəifləyib.
Deməli, İranın Fələstin və Livanda de-fakto işğalı altında olan ərazilər azad edilib.
Belə bir şəraitdə Tehran İsraildən ölkə ərazisinə ediləcək hücumu gözləməkdərdir. Çünki o, beş ay ərzində faktiki olaraq İsrail ərazisinə iki dəfə raketlə hücum edib. Bu məntiqlə yəhudi dövlətinin ona iki hücum borcu qalır.
Belə təhlükənin qaçılmaz olduğunu anlayan İran hakimiyyəti Rusiyadan S-400 zenit raket kompleksi alıb. Bildirilib ki, bu, Moskvanın Tehrana hava hücumundan müdafiə sahəsində yardımı sayılır.
Sentyabrın 27-də İsrail Hərbi Hava Qüvvələrinin Beyrutu raket hücumuna məruz qoyması nəticəsində “Hizbullah” lideri Həsən Nəsrullah, onun silahdaşları və SEPAH-ın generalı ölmüşdü. Həmin hadisənin səhəri gün Rusiyanın Baş naziri Mixail Mişustin Tehrana səfər etdi. Maraqlıdır ki, onu İran Prezidenti Məsud Pezeşkian deyil, onun birinci müavinin Məhəmmədrza Arif qarşıladı. Rusiyalı qonaq ikitərəfli münasibətləri də onunla müzakirə etməli olmuşdu. Maraqlıdır, Baş nazir o cür gərgin bir zamanda niyə səfərini təxirə salmadı? İsmayıl Həniyə öldürüləndən sonra, yaxud Həsən Nəsrullah öldürüləndən 10 gün qabaq Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu İrana getmişdi.
Rusiyalı qonaqların İran yollarını belə gedişli-gəlişli etməsinə səbəb nə ola bilər? Birincisi, ehtimal etmək olar ki, İran Zəngəzur yolu ilə bağlı Rusiyanın mövqeyindən narahatdır. İran mili təhlükəsizlik Şurasının katibi Əhmədrza Əhmədian Moskvada səfərdə olmuş, Prezident Vladimir Putinlə görüşmüşdü. Onun səfərinin bu məsələyə həsr edildiyi istisna edilmir.
İkincisi, İranın maraq göstərdiyi Rusiyanın təbii qazı ilə bağlı müzakirələr aparılıb.
Üçüncü ehtimal, Moskvanın Tehrana hava hücumundan müdafiə sistemi verməsinə dair razılıq əldə edilib.
Dördüncü, İranın Ermənistana yönəlik siyasətində Rusiyanın maraqlarının nəzərə alınmasına dair razılaşma ola bilər.
Beşinci ehtimal, Məsud Pezeşkianın BRİCS sammitində iştirakı çərçivəsində müzakirə olunacaq məsələlər nəzərdən keçirilib.
Altıncı, İranla Rusiya arasında əhatəli razılaşma müqaviləsinin imzalanmasına dari fikir ayrılıqlarının aradan qaldırmağa dair məsələlərin müzakirə olunub.
Rəsmi məlumata görə, tərəflər iqtisadi, mədəni və humanitar sahələrdə ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib. Nəqliyyat, energetika və sənaye sahələrində birgə iri layihələrə xüsusi diqqət yetiriblər.
Rusiyanın əsas hədəflərindən biri ABŞ-ni Yaxın Şərqdə daha çox məşğul etməkdir. Digər hədəfi isə silah və hərbi texnika satmaq, iqtisadi sahədə tənəzzüldən bu yolla xilas olmaqdır. S-400-ün satışı həm də bu məqsədlə reallaşa bilər.
Yeri gəlmişkən, “Ölüm taciri”, Rusiya vətəndaşı Viktor Butun iranyönlü Yəmən qiyamçılarına, husilərə silah satdığına dair məlumat yayılıb.
Haşiyə: “National İnterest”in yazdığına görə, husilərlə RF arasında yaranan əlaqələr İrana regional təsirini gücləndirmək üçün unikal imkan yaradır: “Rusiya ilə birləşərək, Tehran regiondakı rəqiblərinə daha çox təzyiq göstərə və husilərin mövqeyindən ABŞ, Avropa və İsrailin maraqlarını pozmaq üçün istifadə edə bilər”.
Qeyd edək ki, beynəlxalq silah qaçaqmalçısı Viktor But 2022-ci ildə ABŞ basketbolçusu, Rusiyaya narkotik maddə keçirməkdə şübhəli bilinən Brittni Qraynerlə dəyişdirilib.
“The Wall Street Journal” daha sonra bildirib: “Ancaq husi emissarları 2024-cü ilin avqust ayında 10 milyon dollara avtomatik silah almaq üzrə danışıqlar aparmaq üçün Moskvaya getdikdə, tanış sima – bığlı döyüşçü (Viktor But-red.) ilə qarşılaşıblar”. “WSJ”-nin məlumatına görə, husilərə “AK-74” avtomat tüfəngi, həmçinin Kornet tank əleyhinə raketləri və zenit silahlarının tədarükü müzakirə edilib. Bölgədəki Amerika donanması üçün birbaşa təhlükə yarada biləcək silah danışıqları haqqında heç bir məlumat yoxdur.
Yeri gəlmişkən, iki ölkə arasında əvvəllər S-300 satışı ilə bağlı böyük qalmaqal yaşanmışdı. BMT Təhlükəsizlik Şurası İrana silah satışına dair sanksiya tətbiq edəndən sonra Rusiyanın o vaxtkı prezidenti Dmitri Medvedev də bu qadağaya uyğun olaraq S-300-ün tədarükünü dayandılmasına göstəriş vermişdi.
İrana 900 milyon dollarlıq “S-300” zenit-raket kompleksinin satılmasına dair müqavilə bir neçə il əvvəl imzalansa da, Tehran həmin sistemi 2012-ci ilədək ala bilməmişdi. 2007-ci ildə İran ilə Rusiya arasında bağlanmış 900 milyon dollarlıq müqavilə BMT-nin İrana sanksiyalar tətbiqindən sonra dondurulmuşdu.
Rusiya prezidenti 2010-cu il sentyabrın 22-də fərman imzalayaraq, İrana zenit-raket kompleksləri, iriçaplı artilleriya sistemləri, zirehli texnika, hərbi təyyarə, vertolyot və gəmilər satılmasını yasaqlayıb. Həmin fərmanla İrana Rusiyadan keçirməklə silah daşımaq da qadağan olunub. Müqavilənin pozulmasından narazı qalan İranın Müdafiə Nazirliyi və “Aerospace İndustries Organisation” şirkəti Cenevrə Beynəlxalq Arbitraj Məhkəməsinə üz tutaraq, Rusiyadan 4 milyard ABŞ dolları təzminat istəmişdi.
2012-ci ilin aprelində Rusiya prezidenti Vladimir Putin İrana S-300 zenit raket komplekslərinin satışına qoyulmuş qadağanı ləğv edib.
2015-ci ilin noyabr ayında “Rostex” şirkətinin baş direktoru Sergey Çemezov bildirmişdi ki, Rusiya və İran arasında S-300 sistemlərinin İrana verilməsi barədə müqavilə qüvvəyə minib.
Odur ki, bu səfəri həm də Rusiya-İran münasibətlərindəki gərginliyin azaldılmasına, anlaşılmazlığın aradan qaldırılmasına cəhd kimi də qiymətləndirmək olar. Bu baxımdan, səfərin hədəfini aşağıdakı kimi sıralamaq mümkündür:
-Rusiya İranla Əhatəli Razılaşma Müqaviləsinin imzalanmasının sürətlənməsinə nail olmaq istəyir;
-Moskva Tehrana yeni hərbi texnika və avadanlıq satmağı hədəfləyir;
-Rusiya İrana təbii qaz nəql etməyi planlaşdırır;
-Cənubi Qafqazda eyni mövqedən çıxış etmək təklif olunur;
-İran husilərə himayədarlığı Rusiyaya verir;
-Rusiya İrana sərmayə qoyacağını boyun olur;
-Moskva beynəlxalq arenada İranı siyasi-diplomatik baxımdan müdafiə edəcəyini vəd edir və s.
Beləliklə, Mişustin və Şoyqunun bir ay əvvəlki səfərlərinin bəzi nəticələri indi üzə çıxmaqdadır. İranın Rusiya üçün nə qədər vacib olduğu bir daha aydın olur.