Tehran-Moskva qarşıdurması: dostlar niyə üz-üzə gəldi?
Pekin və Moskva ərəb dünyası ilə münasibətlərə daha böyük önəm verirlər
17 İyul 2023
Rusiyanın İranla strateji müttəfiq olmadığı sirr deyil. O da məlumdur ki, vəziyyəti düzələn kimi Moskva Tehranı köhnə borclarına sata bilər. Bunu bilən iranlı siyasilər daim Rusiya ilə ehtiyatla davranmağa çağırırlar. Bəzən isə Rusiyanın İrana tarixi düşmən olduğunu iddia edirlər. Onların fikrincə, İranın ənənəvi dostu və tərəfdaş Böyük Britaniya, yəni ingilislərdir.
Hazırda müttəfiq və ortaq sayılan, Ukraynadakı müharibədə hərbi texnika sahəsində əməkdaşlıq edən Tehran və Moskvanın da arasından su keçə bilərmiş. Belə məlum olur ki, Ukrayna torpaqlarını ilhaq edən Rusiya İranın ərazisini yaxşı tanımır. Yaxud, bu məsələdə tərəfsizlik göstərmək cəhdi ona problem yaradıb.
İyulun 12-də Rusiyanın Tehrandakı səfir Aleksey Dedov İranın Xarici İşlər Nazirliyinə çağırılıb. Ona İranın Rusiya və Körfəz Əməkdaşlıq Şurasına üzv ölkələrin xarici işlər nazirləri arasında strateji danışıqların yekun bəyanatında yer alan məzmuna etiraz çatdırılıb. Məlumata görə, Rusiya və Körfəz Əməkdaşlıq Şurasına üzv ölkələrin xarici işlər nazirləri arasında Əbu Musa, Böyük Tonb və Kiçik Tonb adaları haqqında verilən bəyanat İranı qane etməyib. Bu adaları İran öz ərazisi, Birləşmiş Ərəb Əmirlikləri isə özününkü sayır. Nazirlik Rusiyanı bu məsələdə mövqeyini dəqiqləşdirməyə çağırıb. Rəsmi Moskva adalarla bağlı mübahisəli məsələnin danışıqlar yolu ilə həlli olunmasının vacibliyini bildirib.
İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani həmin bəyanatı rədd edərək, sözügedən adaların əbədi olaraq İrana məxsus olduğunu bildirib: “Rusiyanın İrana aid 3 ada ilə bağlı mövqeyi sadəlövhlükdür”.
İranın ali rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti Körfəz Əməkdaşlıq Şurasına üzv ölkələrin 3 ada ilə bağlı dosyenin Beynəlxalq Ədalət Məhkəməsinə göndərilməsinə dair bəyanatına dəstək verən Rusiyanın son mövqeyinin bəzən ruslarda “bir növ görünən sadəlövhlük” adlandırıb. O, Rusiya rəsmilərini “İslam Respublikası hakimiyyətinin dostları” kimi qələmə verərkən, onlardan sadəlövhlüyə yol verməmələrini istəyib. Yeri gəlmişkən, rusların atalar sözünə görə, “sadəlövhlük oğurluqdan betərdir”.
İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian da paylaşdığı tvitdə Rusiyanın adını çəkmədən, İranın Böyük Tonb, Kiçik Tonb və Əbu Musa adaları üzərində suverenliyinə qarşı Moskvanın mövqeyini dolayısı ilə tənqid edib.
Qeyd edək ki, Böyük Tonb və Kiçik Tonb, Əbu Musa körfəzin şərqində, Hörmüz boğazının yaxınlığında yerləşən kiçik adalardır. Adalar İranın Hörmüzgan əyalətinin bir hissəsi kimi idarə olunur. Digər tərəf - Birləşmiş Ərəb Əmirliyi isə oranın Rəs-ül-Xeymə əmirliyinin ərazisi olduğunu iddia edir.
Böyük Britaniyanın müstəmləkəsi dövründə adalar krallığın ərazisi sayılıb. İngilislər bölgəni tərk etdikdən sonra ada ilə bağlı problem yaranıb. Əbu Musa adası 1960-cı ildə Şarca əmirliyinin idarəçiliyinə verilib. Bu ərazi hazırda BƏƏ-nin bir əmirliyi sayılır. 1968-ci ildə Şarca Əbu Musa adasının İrana qaytarıldığını elan edib. 1971-ci il noyabrın 30-da isə İranla Şarca arasında anlaşma müqaviləsi imzalanıb. Müqaviləyə əsasən, Şarcanın adada polis, İranın isə qoşun saxlamaq hüququ tanınıb. Sənədə görə, adanın faydalı qazıntılarından hər iki tərəf istifadə edə bilər. Həmin il BƏƏ adaların BMT-nin idarəçiliyinə verilməsini tələb etsə də, Təhlükəsizlik Şurasında onun tələbə qəbul olunmayıb.
1992-ci ilin avqustunda İran sakinləri qovaraq, adaya ordu yerləşdirib. 10 il sonra İranın o vaxtkı Prezidenti Mahmud Əhmədinejatın adaya səfəri BƏƏ ilə Tehran arasında diplomatik qalmaqala səbəb olmuşdu.
Xatırladaq ki, Rusiyadan qabaq bu addımı ötən ilin dekabrında Çin də atmışdı. İran rəsmisi Kənani üç ada ilə bağlı iddiaları İranın daxili işlərinə və ərazi sərhədlərinə müdaxilə hesab etdiklərini bildirmişdi: “Bu iddiaları qətiyyətlə pisləyirik”.
Ərəb dünyası ilə münasibətləri yaxşılaşdırmaq istəyən Rusiya və Çin BƏƏ-nin 3 ada ilə bağlı iddiasını təmin etməyə çalışır. Bu zaman İranı qıcıqlandırırlar. BƏƏ son zamanlar adalarla bağlı tələblərini gücləndirib. Belə görünür, rəsmi Əbu-Dəbi İranın gələcəyinə etibar etmədiyi üçün indidən adalarla bağlı məsələni öz istəklərinə uyğun həll etməyə çalışır. Yoxsa, Rusiya ilə Çin indiki qarışıq məqamda BƏƏ-ni müdafiə edərdi? Görünür, Pekin və Moskva ərəb dünyası ilə münasibətlərə İranla müqayisədə daha böyük önəm verirlər. Bunu Rusiya və Çinin İranın mövqeyinə laqeydlik kimi də dəyərləndirmək olar. Hər halda, İran, Rusiya və Çinin səmimi müttəfiq olmadıqları aydındır. Onlar, sadəcə, real şəraitin qurbanları və zorən dostlardır. Adalar məsələsi də onların bu oyununu ifşa edən faktlardan biridir.