Logo
news content

Tehran məğlubiyyətini gizlətməyə çalışır
Suriyanı tərk etməsi İranın gücsüzlüyünü göstərdi

İran Suriyanı tərk etdi. Bu hadisə Qəzza zolağında HƏMAS-ı, Livanda “Hizbullah”ı zəiflətdi. 

Tehran hakimiyyəti bu uğrusuzluqları müxtəlif bəhanə və arqumentlərlə ört-basdır etməyə səy göstərir. İranın ali rəhbəri ayətullah Seyid Əli Xamenei bildirib ki, ABŞ, İsrail “müqavimət hərəkatının” dayandığını zənn edir, ancaq onlar yanılır: “Məhv olacaq biri varsa, o da İsraildir”

Ümumiyyətlə, Tehran hakimiyyətinin təmsilçiləri Suriyada hərbçilərinin olduğunu həmişə təkzib ediblər. Bu məsələdən söz düşəndə deyiblər: “İran Suriyaya hərbi müşavir kimi xüsusi təyinatlılar göndərib”.  Hələ bir müddət əvvəl İran Xarici İşlər Nazirliyinin o vaxtkı rəsmi nümayəndəsi Səid Xətibzadə iddia edirdi: “Bizim Suriyada müşavir kimi fəaliyyət göstrməyimizə mane olmaq istəyənlər, İranın dağıdıcı cavabına tuş gələcək”. 

Ötən ilin ortalarında Polşadakı araşdırma institutu İranın və başqa ölkələrin Suriyada müxtəlif bölgələrdə dislokasiyasına dair xəritə dərc etmişdi. 

Bu xəritəyə əsasən, Suriyanın 10 vilayətində İranın 125, o cümlədən Dərada (ölkənin cənubunda) 37, Dəməşq və ətraflarında 22, Hələbdə (şimalda) 15 hərbi bazası vardı. 

Rəsmi Tehran Suriyadakı hərbi mövcudluğunu inkar etsə də, “Fars” xəbər agentliyinin hesabatında bu ilin son altı ayında Suriyada öldürülən bir neçə iranlı döyüşçünün xatirəsinin yad edildiyini vurğulayıb. Yaxud, Dəməşqdə İran nümayəndələrinin yığışdığı bir binanın İsrail tərəfindən bombalanması nəticəsində iranlı generalların və onunla birlikdə bir neçə hərbçinin ölməsi də bunu təsdiqləyir. 

Suriyada İranın ərəb olmayan silahlı qüvvələri üç kateqoriyaya bölünür: 

  • 1981-ci ildə o vaxtkı ali rəhbər ayətullah Ruhullah Xomeyninin əmri ilə yaradılan İnqilab Keşikçiləri Qvardiyası; 
  • Qvardiyanın “Qüds” qoşunlarının komandanı general Qasim Süleymaninin komandanlıq etdiyi Dəməşq, Tartus və Latakiya şəhərləri ətraflarında yerləşən, sayı 8000 nəfərə yaxın olan “Qüds” qüvvələri; 
  • “Zeynəbiyyun”briqadası. Onlar əsasən, puştunlardan ibarət olub. 

“Iranwire”-in məlumatına görə, Suriyada İranın komandanlığı altında döyüşən ərəb qrupları isə bunlardır: “Hizbullah”, “Ən-Nəcbə” Hərəkatı, “Asaib Əhli-Haq”, “Filaq əl-Vad əs-Sadiq”, “Saraya Təlai əl-Xorasani”, Şəhid Məhəmməd Baqir əs-Sədr Qüvvələri, İmam Hüseyn Briqadası və Zülfüqar Briqadası (hamısı İraqdan), Livandan “Hizbullah”, Yəməndən Saad Briqadası, fələstinlilərin Qüds Briqadası və mənizl-qərargahı Dəməşqdə yerləşən, Əhməd Cibrilin rəhbərlik etdiyi Fələstinin Xalq Qurtuluşu Cəbhəsi Baş Qərargahı.

İranın Suriyadakı vacib hərbi mərkəzləri: 

  • Dəməşq Beynəlxalq hava limanı; 
  • Hələbin cənubunda üç baza; 
  • Deyr-əz-Zor əyalətinin əl-Bukamal şəhərində İmam Əli mərkəzi; 
  • Ölkənin şimalında - Latakiyada hərbi baza. 

İran hərbçiləri Bəşər Əsədin hərbçilərinin uniformasında bir sıra yüksəkliklərə də nəzarət və bu ərazilərdən müşahidə mərkəzləri kimi istifadə edib.

Ayətullah Seyid Əli Xamenei Suriyadakı vəziyyətdən danışarkən başçılıq etdiyi rejimin bu ölkədə proksi qüvvəyə ehtiyacı olmadığını bildirib: “Suriyada bir üsyançı qrup xarici güclərin planlaması, köməyi ilə hakimiyyətin zəifliklərindən istifadə edərək, ölkəni xaosa sürükləyib”. 

O, ABŞ-nin yürütdüyü siyasəti tənqid edərək deyib: “ABŞ ya diktator rejimlərdən istifadə edir, ya da onlar üzərində hökmranlıq yaratmaq üçün başqa ölkələrdə xaos yaradır”.

Xameneinin bu çıxışından belə qənaətə gəlmək olar ki, o, Bəşər Əsədi diktator sayırmış. O, Suriyadakı qələbədən ABŞ məmurlarının məmnun olduğuna etiraz edərək deyib ki, onlar bu qələbədən boşuna sevinirlər. Xamenei yaranmış vəziyyətdən İran hakimiyyətinin narahat olmadığını deməklə əksini gizlətməyə çalışıb: “Amerikalı məmur ayağa qalxıb deyir ki, kim İranda üsyan etsə, biz ona kömək edəcəyik. Axmaqlar boş yerə həyəcanlanırlar. İran xalqı ABŞ muzdlularını ayaqları altında əzəcək”.

Ancaq Xamenei və Tehran rejiminin başqa rəsmləri məğlubiyyətlərinə hansı donu geyindirsələr də, bütün çıxışları təskinlikdən, tərəfdarlarına “qorxma-qorxma” deməkdən, ölkə ictimaiyyətinə güc nümayiş etdirməkdən başqa bir nəsnə deyil. 

Dəməşqdə də Tehran hakimiyyəti yalnız Bəşər Əsədin süqutu ilə üzləşməyib, həm də Suriya kimi böyük ərazini, neft ölkəsini, İsrailə ən yaxından güclü təsir edə bilmək, “Hizbullah”a yardım göstərmək imkanlarını itirib. 

Yaranmış vəziyyət Tehran hakimiyyətini çox məyus edib. Suriya, Qəzza zolağı, Livandakı olaylar beynəlxalq ictimaiyyətin, o cümlədən Çin və Rusiyanın İrana qarşı bir aksiyası da sayıla bilər. Çünki Pekin və Moskva HƏMAS-ın, “Hizbullah”ın zəifləməsində, Əsədin süqutunun qarşısının alınmasında Tehranı dəstəkləmədi.

Ona görə belə qənaətə gəlmək olar ki, rejim beynəlxalq qüvvələr, ictimaiyyət tərəfindən təkləndi, regiondan, bu ərazilərdən kənarlaşdırıldı. Bu səbəbdən İran hakimiyyəti pərt olub. 

Odur ki, bu vəziyyət Tehran hakimiyyəti üçün ibrətamiz bir məsələdir. Oxşar hadisə onun da başına gələ bilər. Xameneinin ABŞ-nin gücünü heçə sayması məntiqsizlikdir. 

Suriya daha çox İran hakimiyyəti üçün ciddi bir siqnaldır. Tehran hakimiyyəti HƏMAS-ı, “Hizbullah”ı, Bəşər Əsədi qoruya bilmədi. Deməli, elə böyük gücü yox imiş. Ya da beynəlxalq ictimaiyyətin bunlar barəsində verdiyi fətvaya tabe olaraq, özünü qorumaq üçün Suriyadan çıxmağa məcbur qalıb.