SEPAH təşvişdə: İranı Bakıdan parçalayırlar?
Torpaqlarımızın işğal altında qalmasına yardım edənlər indi bizi “işğal”da suçlayırlar
10 Avqust 2023
Güney Azərbaycan türklərinin milli haqları ilə bağlı məsələ Azərbaycan Respublikasında həmişə diqqət mərkəzində olub. Hətta keçmiş sovet ittifaqında, tikanlı tellərə baxmaq qorxulu, təhlükəli olanda belə Güney-Quzey məsələləri diqqətdən kənarda qalmayıb. Hətta məsələnin həssaslığını nəzərə alan Moskvanın göstərişi ilə Cənubi Azərbaycanla sərhəddə yerləşən kəndlərimizin minlərlə əhalisi köçürülərək, Azərbaycanı SSR-in başqa kəndlərində məskunlaşdırıldı. Çünki tikanlı məftillərin üzərindən güneyli-quzeyli qardaşların bir-birinə boylanması Moskvanı heç də Tehrandan az qorxutmurdu. Buna görə hər iki tərəfdəki rejimlər azərbaycanlılara nəzarəti gücləndirmişdi.
Azərbaycan SSR-i güneylilər üçün bir örnək olub. Onlar daim bu tərəfə can atıblar. Çünki Vətənin şimalında milli haqlar cənuba nisbətən daha çox təmin olunmuşdu. Onların çoxunun sol ideologiyanın təmsil etməsinin başlıca səbəbi də bu idi. Dünyada sosial hüquqları tapdanan bir çox millətlər müstəmləkəçiliyə qarşı mübarizədə SSRİ-nin, kommunistlərin dəstəyini seçirdi. İranda isə Azərbaycan türkləri həm sosial, həm də milli hüquqlarının tapdanması baxımından zülmə məruz qalırdı. Ona görə də qapalı olan sovetlərə “sehrli qutu” kimi baxırdılar.
Azərbaycan Milli Elmlər Akademiyası və Yazıçılar İttifaqında (indi Yazıçılar Birliyi – S.S.) Cənubi Azərbaycan şöbələri də azərbaycanlıların milli-mədəniyyəti, ədəbiyyatı və tarixinin öyrənilməsi, araşdırılması məqsədi ilə yaradılmışdı.
Azərbaycan Respublikası müstəqilliyini bərpa edəndən, sərhədlər müvəqqəti də olsa götürüləndən sonra güneyli-quzeyli həsrətlər azaldı. 20 Yanvar hadisəsi Güney Azərbaycan türklərinə SSRİ və Kommunist Partiyasının iç üzünü göstərdi. O illərdə bir çox güneyli Moskvanın törətdiyi qanlı Yanvar hadisələrinə etiraz olaraq Tudə Partiyası üzvlüyündən çıxdı.
1988-ci ildən, milli azadlıq mübarizəsi başlayandan sonra da Güney Azərbaycan türklərinin məsələsi, mili hüquqlarının müdafiəsi yaddan çıxmadı. O illərdə Quzeydəki proseslərdə güneylilər də iştirak edirdilər.
Bu, bir millətin milli dirçəliş hərəkatı idi. 1990-cı ilin yanvarında sərhədlərin sökülməsi Azərbaycanın birləşmək istəyinin simvolu idi, o illərdə, elə indi də bəziləri bu hadisələrə dodaq büzsə də bu, ikiyə bölünmüş bir millətin milli haqları uğrunda birgə mübarizəsini göstərirdi.
Dünya Azərbaycanlılarının İkinci qurultayında Azərbaycan Prezidenti İlham Əliyev “50 milyon azərbaycanlının Prezidenti olduğunu” bəyan etdi. Bundan başqa, ötən il onun Güney Azərbaycan türklərinin ana dilinin məhv edilməsi ilə bağlı bəyanatları da Azərbaycan Respublikasının soydaşlarının milli haqları ilə bağlı vəziyyətə münasibətinin göstəricisi idi.
2020-ci ildə 44 günlük Vətən müharibəsinin nəticəsi olaraq torpaqlarımızın işğaldan azad edilməsinə Güney Azərbaycan türkləri də eyni dərəcədə sevinirdi. Bu, müharibə zamanı özünü müsəlman sayan İran hakimiyyətinin məsələyə yanaşmasından müqayisəyə gəlməz dərəcədə fərqli hadisə idi.
Yeri gəlmişkən, iki gün sonra - avqustun 12-də Güney Azərbaycan Kültür Mərkəzi Bakıda “Güney Azərbaycan mədəniyyətinin təbliği və problemləri” mövzusunda konfrans keçirəcək. Tədbirin təşkilatçılarından biri də Dünya Gənc Türk Yazarları Birliyidir. Konfrans APA İnformasiya Agentliyinin iclas zalında keçiriləcək.
İran İnqilab Keşikçiləri Qvardiyasına (Sepah) məxsus informasiya vasitəsi bu tədbirə belə qiymət verib: “Bakıda Güney Azərbaycan mədəniyyətinin təbliği və problemləri ilə bağlı konfrans. Güney Azərbaycan adı İranı parçalamaq üçün seçilib və daha çox Qarabağ müharibəsindən sonra istifadə olunur”.
Sepah bu iki cümlə ilə Azərbaycan Respublikasını “işğalçı, qonşu dövlətlərin ərazisində gözü olan dövlət” kimi təbliğ etməyə çalışır. Halbuki Azərbaycan torpaqlarının işğal altında qalmasında Sepahın özünün çox böyük rolu olub. Azərbaycanın qonşu dövlətlərin ərazisi sayılan tarixi torpaqlara istənilən şəkildə iddia etməyə haqqı olsa da, bunu dilə gətirməyib. Başqalarının ərazisini işğal etmək İrandakı hakimiyyətə daha çox yaraşır. Bunu Birləşmiş Ərəb Əmirlikləri ilə mübahisəli Əbu Musa, Böyük Tomb, Kiçik Tomb adalarla bağlı məsələdə daha aydın görmək olar.
Sepah öz internet səhifəsində Güney Azərbaycana dair tədbirin afişasını paylaşır. Əslində, o, bununla öz aləmində Azərbaycan Respublikasına qarşı təbliğat aparmağı hədəfləyib. Ancaq necə deyərlər, “hər şərdə, bir xeyir var”. Bunun özü də Güney Azərbaycan məsələsinin təbliğinə xidmət edir...