Logo
news content

Rəisinin ölümü və İranın qarşısındakı suallar
Bu hadisə sistemin yaratdığı heç bir problemi həll etməyəcək, amma...

Hakimiyyət dövlətin əsas və aparıcı institutlarındandır. Sərhəd, ərazi, ordu, əhali kimi o da dövlət quruluşunun başlıca komponentidir, olmazsa, olmazıdır. Bu institutların birinin təhlükəsizliyinin istənilən səbəbdən pozulması başqasına da təsir göstərir. Bu baxımdan, mayın 19-da İranın dövlət rəhbərinin başına gələn faciəli hadisə dövlətin təhlükəsizliyinin pozulması kimi dəyərləndirilməlidir. 

Əvvəla, İbrahim Rəisinin ölümü qalanlara, onun yaxınlarına “hamı öləcək” ismarıcı, təskinliyidir. Bu, məsələnin bir tərəfi.

Başqa tərəfdən, insan faciəsini bir kənara qoysaq, ortada xeyli suallar var. Bu ölüm İran dövlətinin və xalqının həyatına necə təsir göstərəcək? Yəni, məsələn, hicab ləğv ediləcəkmi, İsraillə müharibə bitəcəkmi, “ABŞ və İsrailə ölüm” şüarından əl çəkəcəklərmi? Yoxsa, türkcə məktəb açılacaq? Fars olmayanlar öz körpələrinə ana dilində ad qoymaqda heç bir çətinlik çəkməyəcək? İqtisadi sahədə islahatlar aparılacaq? İraq, Suriya, Yəmən, Livan, Fələstindəki proksi qüvvələrin fəaliyyəti dayandırılacaqmı? ABŞ və İsraillə, başqa region və dünya dövlətləri ilə əlaqələr düzələcəkmi? 

Bu və başqa suallar İran cəmiyyətinin inkişafını əngəlləyən məsələlərdən doğur. İbrahim Rəisi dövlət başçısı, sistemin lideri deyildi. O, hökumət başçısı, konstitusiyaya əsasən, dövlətin ikinci məsul şəxsi idi. Yəni ali rəhbər hər hansı səbəbdən səlahiyyətlərinin icrasını həyata keçirə bilməyəndə bu vəzifəni müvəqqəti olaraq o tutur. 

İbrahim Rəisi 21 yaşından 63 yaşına kimi İran İslam Respublikasına xidmət edib. Gənc yaşında, prokuror işləyib. Əks fikirdə olan siyasi qüvvələrin cəzalandırılması, xüsusilə də onların edamı ilə bağlı qərar verən komitənin əsas üzvlərindən olub. 

Sonrakı illərdə də prokurorluq və məhkəmə sistemində aparıcı vəzifələri tutub. Yəni İslam Respublikasının siyasi-ideoloji maraqları naminə əzmlə fəaliyyət göstərib. 

Onun prezidentliyə başladığı dövrdə Tehran hakimiyyəti çox ciddi problemlərlə üz-üzə qalıb. 2022-ci ilin payızında hicab əleyhinə etiraz aksiyaları, işsizlik, sosial tələblərlə tətillər, qız tələbə və məktəblilərin tədris müəssisələrində kütləvi zəhərlənməsi kimi hadisələr onun başçılıq etdiyi 13-cü hökumət üçün sınaq sayılıb. 

2023-cü il oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumu da bu imtahanlardandır. Ona görə də öləndən sonra İbrahim Rəisi və XİN başçısı Əmir Hüseyn Abdullahian “müqavimətin prezidenti, “müqavimətin naziri” adlanırlar. 

Etiraz aksiyaları zamanı iddia olunurdu ki, dövlət rəhbərliyi günahları Rəisinin boynuna yükləyərək, onu sıradan çıxaracaq. Ancaq həmin aksiyalar rejimin toparlanmasına təkan verdi. Hicaba qarşı aksiyalar hərbi-polis qüvvələrin bütün vasitələrdən istifadəsi nəticəsində yatırıldı. Bununla belə, İranda əsaslı problemlər bitmədi. Elə “Azadlıq, Ədalət, Milli hökumət!” şüarının irəli sürülməsi də ölkədə həllinin gözləyən daha dərin problemlərin olduğundan xəbər verir. 

İbrahim Rəisinin həlak olması yuxarıda qeyd etdiyimiz problemləri həll edə bilmədiyi kimi, yenilik də gətirməyəcək. Yəni bu hadisənin İranın ictimai, siyasi, hərbi və iqtisadi həyatına heç bir təsiri olmayacaq. 

Çünki İran İslam Respublikasında əsl söz sahibi, dövlət başçısı ayətullah Seyid Əli Xaməneidir. Onun təsdiqləmədiyi, xeyir-dua vermədiyi heç bir plan reallaşmır. Onun ofisi hətta prezidentin apardığı danışıqları belə sonradan təftiş edir. Sistem elə qurulub ki, hökumət başçısının apardığı danışıqların nəticəsi ali rəhbər tərəfindən ləğv edilə bilir. 

Qəza baş verən sonra Xamənei İnqilab Keşikçiləri Qvardiyası (SEPAH) məmurlarının ailə üzvləri ilə görüşdə İbrahim Rəisinin helikopterinin qəzaya uğraması ilə bağlı belə açıqlama vermişdi: “İran xalqı narahat olmasın, ölkənin işində heç bir axsama olmayacaq”.

Bununla belə, konstitusiyanın tələbinə görə, demokratiya görüntüsü yaratmaq naminə olsa belə, yeni prezident seçilməsi lazımdır. 

İran prezidenti səlahiyyətlərinin icra edən, birinci vitse-prezident Məhəmməd Mohbir, Məhkəmə sisteminin sədr Qulamhüseyn Möhsün-Ejeyi, parlamentin sədri Bakir Qalibaf, Prezidentin hüquqi məsələlər üzrə müavini Məhəmməd Dehkan, Konstitusiya Qoruyucuları Şurasının (Məsləhət Şurası) katibi Siyamək Rahpeyk iyunun 28-də İranda növbədənkənar prezident seçkisinin keçirilməsinə dari qərar qəbul ediblər. Prezidentliyə namizədliyə namizəd olmaq istəyənlər mayın 31-dən iyunun 3-dək sənədlərin Daxili İşlər Nazirliyinə təqdim edəcək. Siyahı Nəzarət Şurası tərəfindən araşdırıldıqdan sonra onların bəziləri qeydiyyata alınaraq, namizəd olacaqlar. İyunun 12-dən 27-dək seçkiqabağı təbliğat kampaniyası aparılacaq. 

İran konstitusiyasının 131-ci maddəsinə əsasən, prezident istənilən səbəbdən səlahiyyətlərinin icrasını davam etdirə bilmirsə, o halda 50 gün ərzində növbədənkənar prezident seçkisi keçirilir. Yəni İbrahim Rəisi həlak olandan sonrakı 50 gün ərzində bu siyasi kampaniya reallaşmalıdır. 

Düzdür, İbrahim Rəsinin ölümü İranın siyasi və dövlət həyatında heç nəyi dəyişməyəcək. Ancaq bir sıra mülahizələrə əsasən, o, ölkəsinin taleyində aparıcı rola sahib ola bilərmiş. 

İran kimi ölkələrdə həmişə liderin varisi gizli şəkildə müəyyənləşir. Məsələn, vaxtı ilə Sovetlərdə də bu barədə az adam bilərmiş. Rəhbər vəzifə səlahiyyətlərini icra edə bilməyəndə ölkədə xaosun yaranmaması, təhlükəsizliyin pozulmaması, rejimin qorunub saxlanılması üçün bu yeni lideri əvvəlcədən gizlicə müəyyən edirdilər. Bu baxımdan, az qala hər il Xaməneiyə də “varis” axtaranlar var. “Reuters” agentliyi bildirib ki, altı ay öncə Dini Ekspertlər Şurası (ali rəhbəri seçən orqan) İbrahim Rəisinin adını Xaməneinin yerinə namizədlər siyahısından silibmiş. Agentlik iddia edir ki, İbrahim Rəisinin ölümü Xaməneinin “taxtı” uğrunda rəqabəti gücləndirə bilər: “Altı ay əvvəl İbrahim Rəisinin populyarlığının azalması, iqtisadi vəziyyətin pisləşməsi, yanlış siyasət nəticəsində ABŞ sanksiyalarının tətbiqi ilə bağlı Ekspertlər Şurası onun mümkün varislər siyahısından çıxarıb”.

Beləliklə, İran İbrahim Rəisindən sonrakı dövrə hazırlaşır. Bu, əvvəlki illərə heç oxşamayacaq. Çünki yeni hökumətin qarşısında daha çətin məsələlərin həlli durur. Seçiləcək, yaxud müəyyən ediləcək yeni prezident həm də zərurət yaranarsa Xaməneinin səlahiyyətlərini icra edəcək. Ona görə də gücünün, ictimai-siyasi nüfuzunun bu səviyyədə olması vacib şərtdir.