Logo
news content

Pezeşkianın qələbəsi və İranda türk milli kimliyi - TƏHLİL
Milli kimlik məsələsi siyasi faktora çevrilir

Məsud Pezeşkianın İranın prezidenti seçilməsinin regional və qlobal təsirlərinin olacağı ilə bağlı təcrübəli siyasətçilərin və nüfuzlu analitiklərin fikirlərinin təsdiqini tapması üçün zamana ehtiyac var. Lakin bu hadisənin İranın daxili siyasətində dəyişiklikləri sürətləndirəcəyini əminliklə söyləmək olar. Bu əminliyi yaradan məqam İran əhalisinin gerçək etnik tərkibi və prezident seçkilərində bu amilin siyasi faktora çevrilməsidir. 

İran əhalisinin etnik tərkibi ilə məlumatlar, bir qayda olaraq, Azərbaycan türklərinin (azərbaycanlılar) sayının az göstərilməsi üzərində qurulub və bu tendensiya hələ də davam edir. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi məlumatlarında İran əhalisinin 15-20 faizini azərbaycanlıların təşkil etdiyi qeyd edilir. İranla bağlı ən çox məlumatlı dövlətlərdən biri olan Rusiyanın Xarici İşlər Nazirliyinin təsadüfən belə yanlışlığa yol verdiyinə inanmaq mümkün deyil. 

Ən azı, İranın gerçək etnik tərkibini göstərən ciddi elmi araşdırmalar mövcud olduğu üçün Rusiya bu məsələdə səhv edə bilməz. Həmin araşdırmalardan biri dünyada ən çox insanın doğma dili olan 100 dilin müəyyənləşdirilməsi ilə bağlı 1996-cı ildə aparılmış və 1999-cu ildə yenilənmiş “Etnoloq: Dünya Dilləri” (Ethnologue: Languages of the World) araşdırmasıdır. 

Həmin araşdırma zamanı İranda 24 364 000 nəfərin doğma dilinin Azərbaycan dilli (Cənubi) olduğu qeyd edilir. Araşdırmanın nəticələrinə görə, 1999-cu ildə İranda fars dillilərin sayı Azərbaycan dillilərdən 84 000 nəfər az olaraq, 24 280 000 nəfər təşkil edib. Sıralamada Azərbaycan dili (Cənubi) fars dilindən bir pillə öndə, 38-ci yerdədir. 

Azərbaycan dilinin (Şimali) 100-cü sırada yer aldığı siyahıya ancaq 7 milyon və daha çox insanın doğma dili hesab etdiyi dillər daxil edilib. İrandan bu siyahıya Azərbaycan və fars dillərindən başqa dil daxil edilməyib. Bu isə o deməkdir ki, 1999-cu ilə İranda soydaşlarımızdan və farslardan başqa eyni dildə danışan və sayı 7 milyondan çox olan üçüncü bir xalq olmayıb. 

Qeyd edək ki, 1999-cu ildə İranın əhalisi 64.47 milyon nəfər olub. Bu isə Azərbaycan dillini ana dili hesab edənlərin o zaman İran toplumuun ən azı 38 faizini təşkil etməsi deməkdir. 

Həmin araşdırılmanın aparıldığı 1999-cu ildən bəri İranın əhalisi artaraq, 2023-cü ildə 87.76 milyon nəfərə çatıb. Bu, ötən müddət ərzində İranın əhalisinin 23.29 milyon nəfər və ya 36 faiz artması deməkdir. Soydaşlarımızın da təxminən 36 faiz artdığını qəbul etsək, bu o deməkdir ki, 1999-cu ildə sayı 24 364 000 nəfər olan Azərbaycan dillilərin sayı 8 771 040 nəfər artaraq, 2023-cü ildə 33 135 040 nəfər olub. 

Totalitar rejimdə rəsmi dövlət dilini özünün doğma dili kimi göstərənlərin olmasını da nəzərə alsaq, İranda azərbaycanlıların daha çox olduğuna şübhə qalmaz. Bütün bunlar İranda azərbaycanlıların sayının 35 milyonla 45 milyon arasında olduğunu və İran əhalisinin ən azı 40 faizindən çoxunu təşkil etdiyini qeyd edən İsrail mənbələrinin məlumatlarının daha doğru olduğunu göstərir.  

Məsud Pezeşkianın prezident seçkisində qələbəsini təmin edən əsas amil İranın tarixində ilk dəfə olaraq prezidentliyə namizədin milli kimliyini önə çıxarması olub. Azərbaycanda və türk ailəsində dünyaya gəldiyini bəyan edən Məsud Pezeşkian Qərbi Azərbaycan, Şərqi Azərbaycan və Ərdəbil vilayətində seçicilərin 75 faizindən çoxunun səsini qazanıb. Güney Azərbaycanının digər vilayəti Zəncanda isə Məsud Pezeşkian seçicilərin 50 faizindən çoxunun səsini qazanıb. 

Seçkilərin birinci turunda da Azərbaycan vilayətlərində Məsud Pezeşkian seçicilərin güclü dəstəyini qazanmışdı. Məsələn, Məsud Pezeşkian seçkilərin birinci turunda Ərdəbildə 382 600 seçicinin səsini aldığı halda, Səid Cəlili cəmi 72 800, Məhəmmədbaqir Qalibaf isə 36 300 səs almışdı. Milli faktorun önə çıxdığını görən rejim, qələbəsində maraqlı olduğu Səid Cəlilin anasının dövlət televiziyasında çıxış edərək Ərdəbil doğumlu türk olduğunu söyləməsini təşkil etməyə məcbur olmuşdu. Bir sıra şəxslər, xüsusən Quzey Azərbaycandan İrana qaçmış dindar şəxslər də seçkilərin birinci turundan sonra Səid Cəlilinin azərbaycanlı olduğu haqqında fəal təbliğat aparırdılar. Youtube və digər sosial şəbəkələrdə bu məzmunlu çoxsaylı çıxışlar var. 

İran televiziyasında çıxışı zamanı İranın Ali Milli Təhlükəsizlik Şurasının sabiq sözçüsü Hüseyn İntizaminin Məsud Pezeşkiyanın “pantürkist” kəsim tərəfindən dəstəkləndiyini önə çəkməsi də İranda milli məsələnin siyasi faktora çevrildiyini hər kəs tərəfindən qəbul edilməyə başlandığını göstərir. 

İran parlamentində 100 millət vəkilinin iştirakı ilə yaradılan Türk Bölgələri Fraksiyasının başqanı olan Məsud Pezeşkianın milli kimliyini qabardaraq prezident seçkilərində qalib gəlməsi İranda bir dönəmin başa çatması, yeni bir mərhələnin başlanğıcıdır. Pezeşkianın prezident vəzifəsində göstərəcəyi fəaliyyətdən asılı olmayaq, türk kimliklərinə vurğu salan azərbaycanlıların İran cəmiyyətində təsir imkanları bundan sonra da artan xətlə yüksələcək. 

İranda türk kimliyinin siyasi faktora çevrilməsində üç amilin böyük rol oynadığını qeyd etmək olar. 

Birincisi, İran İslam Respublikasının təməlini təşkil edən dini kimlik ciddi aşınmaya məruz qalaraq, İslam İnqilabının ilk illərindəki cazibədarlığını itirib. 

İkincisi, informasiya texnologiyaların inkişafı, sosial şəbəkələrin təsirinin artması milli kimlik duyğusunun daha sürətlə və toplumun daha geniş təbəqələrinə yayılmasına səbəb olub. Ümumiyyətlə, sənayeləşmə və texnologiyanın inkişafı milli kimliyin önə çıxmasına səbəb olduğu üçün baş verənlər təbii proses hesab oluna bilər. 

Güney Azərbaycanda milli kimliyin sürətlə önə çıxmasında rol oynayan üçüncü amil isə İkinci Qarabağ Müharibəsində Quzey Azərbaycanın Ermənistan üzərində sarsıdıcı qələbə qazanaraq, işğal olunmuş torpaqlarını azad etməsi olmuşdur. 

Qeyd etmək lazımdır ki, İran əhalisinin 40 faizindən çoxunu təşkil edən Azərbaycan türkləri (azərbaycanlılar) XX əsrin əvvəlindən başlayaraq, ikili kimliyi, siyasi-coğrafi kimliyi ifadə edən iranlı və milli mənsubiyyəti ifadə edən türk kimliyini bir arada tutmağa çalışıblar. Bunun, heç şübhəsiz ki, tarixi və mədəni əsasları var. Azərbaycan xalqının vahid etnos kimi formalaşması bu coğrafiyada gerçəkləşdiyi üçün İran coğrafiyasında qurulan dövlətləri azərbaycanlılar özləri üçün yad dövlət hesab etmirlər. Əksinə, bu coğrafiyada türk tayfalarının qurduqları dövlətlər azərbaycanlılar üçün qürur mənbəyidir. Ona görə də iranlı siyasi-coğrafi kimliyi azərbaycanlıların alt şüurunda başqa dövlətin siyasi kimliyinə mənsubluq düşüncəsi doğurmurdu.  

İndi isə milli kimlik siyasi-coğrafi kimliyi üstələməyə başlayıb. Məsud Pezeşkianın seçki kampaniyası və seçkidə qələbəsi bu prosesi sürətləndirərək, yeni mərhələyə keçirməklə milli kimliyin əsas müəyyənedici faktora çevrilməsinə tarixi xidmətini göstərib. Növbəti mərhələ öz müqəddəratını təyin etmə mərhələsi olacaq. Öz müqəddəratını təyin etmə hüququnun hansı formada həyata keçirilməsi isə dünya, region və İranda baş verən proseslərdən asılı olacaq. 

P.S. Qeyd etmək vacibdir ki, Güney Azərbaycanda əsas müəyyənedici faktora çevrilən türk kimliyi Quzey Azərbaycandakı azərbaycanlı kimliyinə qarşı deyil. Azərbaycan türklərinin düşüncələrində azərbaycanlı kimliyi ilə türk kimliyi eyni mənanı daşıyır.