
Müsəlman məzarlığı üstündə kilsə, yaxud apreldən sonra gələn may - RESENZİYA
“Tağıyev: Çar” filmi üzərində gəzişmələr
15 Aprel 2025
Aprelin həlim havası adamın ruhunu oxşayır, ağaclar tumurcuqlayır, quşlar cəh-cəh vura-vura qayıdırlar. Bakıda belə hava hələm-hələm ələ düşməz. Qışı sazaq, payızı tozanaq, yayı da ki, adamın cızdağını çıxarır, ancaq yazın əvvəlində Bakı bir az nəfəs alır. Ona görə ki, biz tikib-quran millətik, sadəcə məmur və biznesmenlərimiz tikib-quranda yaşıllıq salmağı unudurlar. Pulu o qədər çox istəyirlər ki, sağlamlığın heç bir valyuta ilə geri qaytarılmadığı ağıllarına gəlmir. Onu da unudurlar ki, dünyada ən böyük iş tələbə oxutmaqdır, bir də bağ salmaq, yaşıllıq inşa etmək... Hər ikisi millətin, ölkənin gələcəyinə yatırım qoymaqdır. Şükür, bunu anlayan insanlar olub, yenə də azdan-çoxdan var. Həmin insanlardan biri barədə danışıram. Daha doğrusu, mən yox, bəhs edəcəyim filmdə danışılır. Yəni, mətləb kinodur.
Nizami Kino Mərkəzi yenə dolub-daşırdı. Qapının astanasında sıraya düzülən adamları görəndə xatırladım ki, axırıncı dəfə belə növbəni 90-cı illərdə çörək mağazasının qarşısında görmüşəm. O vaxt insanlar kinoteatr sözünü unutmuşdular. İndi yavaş-yavaş xatırlayırlar, hətta bilet alıb kinoya, teatra gedirlər. Bu gün də gəlmişdilər deyə, kinoteatrda qələbəlik idi.

Nizami Kino Mərkəzində “Tağıyev: Çar” filminin təqdimatı keçirilirdi. Bu ikinci film idi.
Filmin “Tağıyev: Neft” adlı ilk bölümünü kinoteatrlarda 70 mindən çox tamaşaçı izləyib. Hətta bu vaxt ərzində beynəlxalq səviyyədə ilk uğurunu da qazanıb. Dünyaca məşhur "Dehancer Colourist Awards 2024" festivalına qatılan film keyfiyyətli rəng korreksiyalı tammetrajlı film nominasiyasında qalib gəlib.
4 hissədən ibarət olacaq film Bakıda başmaqçı ailəsində dünyaya gələn, öz əməyi ilə bəxti gətirib milyonçu olan və xalqı üçün böyük işlər görən Hacı Zeynalabdin Tağıyevin həyatından və fəaliyyətindən bəhs edir. Daha doğrusu, həyatının müxtəlif dövrlərini özündə əks etdirir.
“Neft” adlı birinci hissədə Hacı Zeynalabdinin həyat yolunun bildiyimiz və bilmədiyimiz ilkin etapı canlandırılır.
İkinci - “Tağıyev: Çar” filmində isə artıq nefti fontan vurmuş milyonçu Tağıyevdən danışılır.
O Tağıyev ki, ərazisindəki neft quyuları fontan vurmaqla Balaxanı kəndinin neft altında qalmasına əlac tapa bilmədiyindən və bu qınaqlardan bezib, əlacsız durumda intihar edən Teymurbəyov soyadlı iş adamının torpağını çar məmurunun əlindən alıb, dul və imkansız qalmış xanımına qaytarır.
O Tağıyev ki, xalqının gələcəyi naminə müsəlman məzarlığı üstündə kilsə tikdirilməsinə razılıq verir. Bu, həm də o Tağıyevdir ki, çarizmin qarşısında çəkinmədən Azərbaycan xalqı adından danışıb, onun gələcəyi üçün mübarizə aparır.
Tarixi şəxsiyyətlərə xalq arasında münasibət birmənalı deyil, təzadlıdır. Şəxsiyyətlər özləri təzadlıdır. Filmdə Tağıyev barədə bu təzadlı məsələlərə aydınlıq gətirməklə reallığa qapı açmağa çalışılır. Milyonçunu mənfi və müsbət keyfiyyətləri ilə tamaşaçıya tanıtdırır.
Prinsipləri və məqsədi, doğru bildiyi mətləblər yolunda mübarizəsi ilə milyonçu olan Hacı Zeynalabdin Tağıyev həyatının sonuna qədər haradan gəlib kim olduğunu unutmayıb. Öyrənib, öyrədib, məktəb açıb, xalqı mədəniyyətə və təhsilə səsləyib və onlara bu imkanları yaradıb.
Ekran əsəri yalnız Tağıyev və onun ailəsi, yaxud neft barədə deyil, həm də o dövrdə baş verən ictimai-siyasi hadisələrə, tarixi faktlara, dövrün həqiqətlərinə işıq salır.
Bəzən biz tarixi keçmişdə olan hadisələrə, tarixi şəxsiyyətlərə dövrün həqiqətlərinə göz yumaraq qiymət veririk. Belə filmlər bu baxımdan vacibdir ki, dövrü, zamanı və şəxsiyyətlərin ona uyğun atdıqları addımları, verdikləri qərarı düzgün qiymətləndirə bilək.
Bütün bunlar filmdə öz əksini tapır. Amma hələ sona qədər deyil, çünki 4 hissəli filmin yalnız iki hissəsi barədə danışa bilərik, qalan ikisi irəlidədir. Üçüncü filmdə Hacının ikinci evliliyi, Ərəblinski ilə zəncirvari qohumluğu barədə həqiqətləri görə biləcəyik.
İkinci film də birinci kimi birnəfəsə baxılır.
Filmin çəkilişləri 70-dən çox məkanda aparılıb, 300-dən çox dekorasiya hazırlanıb.
“Azərbaycanfilm” kinostudiyasının geyim və rekvizit bölməsindən 1600 əlbisə filmin geyim emalatxanasına daxil olub. Çəkiliş boyu 3600 insan geyindirilib və onların geyim davamiyyəti ssenariyə uyğun olaraq həll edilib. Bomboz, quru, cansıxıcı çöllükdə neft fontanı ilə həyatlarının çiçəkləyəcəyi barədə xəyallar quran fəhlə obrazlarının hər biri dövrün bir salnaməçisi kimi görünür. İllah da, hərdən o ağır əməyin altında şirin bir milli musiqini ağız-ağıza verib oxumaqları elə o çöllükdə neft fontanı təsiri bağışlayır. Obrazları yaradan aktyorların oyunu maraqlıdır.
Filmin baş prodüseri Arzu Əliyeva, prodüseri Orman Əliyev, rejissoru Zaur Qasımlı, ssenari müəllifləri İsmayıl İman, Asif İsgəndərli və Zaur Qasımlı, operatoru Vladimir Artemyev, rəssamı Səbuhi Atababayev, geyim rəssamı Vüsal Rəhim və bəstəkarı Etibar Əsədlidir.

Xalq artistləri Pərviz Məmmədrzayev, Qurban İsmayılov, əməkdar artistlər Rasim Cəfər, Elşən Rüstəmov, Natəvan Hacıyeva da olmaqla geniş peşəkar aktyor heyəti filmdə tarixi personajları canlandırıb.
Film Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Kino Agentliyinin dəstəyi, Neqsol Holding, Kapital Bank, Bakcell və Norm şirkətlərinin sponsorluğu ilə Bakı Media Mərkəzi tərəfindən istehsal olunub.
Premyeradan çıxanda Bakının havası mənə bir az da doğma gəldi, film vətənpərvərlik damarıma toxunmuşdu. Vətənimlə fəxr etməli olduğumu bir daha anlatmışdı mənə. Sabah bu gündən də yaxşı olacaq - apreldən sonra hələ may var!
Film ölkənin bütün kinoteatrlarında nümayiş olunur.