Logo
news content

Kimin qaçqını daha qaçqındır?
Müharibədən qaçanlar indi sülhə əngələ çevriliblər

Sülh sazişi ilə bağlı Azərbaycanın 2023-cü il 11 sentyabr tarixində Ermənistana ünvanladığı növbəti təkliflər paketi Yerevanda soyuq duş effekti yaratdı. İlk dəfə idi ki, Bakı 1988-ci ildə Ermənistandan çıxarılmış azərbaycanlıların geri qaytarılması məsələsini paketə daxil edirdi. 

Azərbaycanın irəli sürdüyü şərtin məğzi Ermənistanın həmin insanların geri qayıtmaq hüququnu tanıması idi. Əsaslandırma da maraq doğururdu, qarşılıqlılıq prinsipinə əsaslanan rəsmi Bakı bunu Qarabağdakı ermənilərin təhlükəsizliyi üçün ən optimal təminat hesab edirdi. 

Sözsüz ki, Ermənistan bu təklifə dərhal cavab vermədi, sentyabrın 14-də baş nazir Paşinyan “ağlabatan müddətdə” ona reaksiya olacağını bildirdi. Bu arada Azərbaycan növbəti addımı atdı: 24 saatlıq antiterror əməliyyatı və hamını şoka salan nəticə. Artıq Qarabağda erməni qalmamışdı. İstər Azərbaycanda, istər Ermənistanda, istərsə də beynəlxalq müstəvidə Qarabağ məsələsini araşdıran ekspertlər üçün bu nəticə gözlənilməz idi. Erməni milliyyətindən olan şəxslərin Qarabağı tərk etməsinə beynəlxalq səviyyədə etirazlar olsa da, heç kim prosesin qarsısını almaq iqtidarında deyildi. 

Rəsmi Bakı həmin günlərdə dəfələrlə bəyan etdiyi fikri bir daha həm erməni, həm də beynəlxalq auditoriyaya ünvanladı: 1988-ci ilə qədər Qarabağda yaşamış ermənilər və onların xələfləri burada həyatlarını davam edə bilərlər və Azərbaycan dövləti onların təhlükəsizliyinə tam təminat verir. 

Amma panika öz işini görmüşdü. 

Jurnalistlərin Laçın keçid məntəqəsində müsahibə aldığı bir Qarabağ ermənisinin bu barədə dedikləri səmimi idi. Hətta qonşu rayonda azərbaycanlı dostunun olduğunu söyləməkdən çəkinməyən Əsgəran sakini Qarabağı tərk edirdi. Və onun geri qayıdacağı bir o qədər inandırıcı görünmürdü. 

Ötən bir ildən artıq müddətdə şahid olduq ki, Azərbaycanın təhlükəsizliyə təminat verməsinə baxmayaraq, gedən ermənilərdən heç kim geri qayıtmağa cəhd də göstərmədi. 

Azərbaycanda ermənilərin Qarabağı tərk etməsinə münasibət birmənalı deyildi. Xalqdan Qarabağ məsələsində tam kart-blanş almış Prezident Əliyev geri qayıtmaq istəyənlər üçün bütün şərait yaradılacağını deyirdi, onların qoyub getdikləri əmlak toxunulmaz saxlanılırdı, amma orta statistik Azərbaycan vətəndaşları arasında bu məsələ ilə bağlı fərqli düşünənlər çox idi. Belə fərqli düşünənlərin əksəriyyəti ermənilərin geri qayıtmasını istəmirdi. Məntiq çox sadə idi: Qarabağda onlar olmayacaqlarsa, problem də olmayacaq.

Maraqlıdir ki, həmin düşüncə cəmiyyətdə fikir toqquşması yaratmadı, sadəcə bir diskussiya mövzusu oldu. 

Hələ Vətən müharibəsindən əvvəl də cəmiyyətdə belə diskussiyalar olurdu. Doğrudur, bəzən onlar aqressiv reaksiya doğururdu. Amma bütün hallarda Qarabağda yaşayan ermənilərin Azərbaycan cəmiyyətinə inteqrasiyası açıq müzakirə mövzusu idi. Hətta belə mövzular, birmənalı qarşılanmasa da, Azərbaycan parlamentində və hakim zümrənin təmsilçilərinin çıxışlarında qaldırılırdı. 

Amma bütövlükdə erməni cəmiyyətində eyni mövzu – azərbaycanlılarla birgəyaşayışın forması, evlərini tərk edənlərin qayıtması – heç vaxt müzakirə predmeti olmayıb. Əvəzində sabiq prezident Robert Köçəryanın “etnik uyğunsuzluq nəzəriyyəsi” ortaya çıxarılıb. Doğrudur, Ermənistanda bu “nəzəriyyə”nin absurd olduğunu bilənlər və hətta absurdluğu açıq deyənlər də var idi. Amma yenə də müzakirə mövzusu azərbaycanlı qaçqınların geri qayıtması deyil, Köçəryanın fikirləri olurdu. 

Beləliklə, nə Ter-Petrosyan, Köçəryan və Sarkisyanın prezidentliyi dönəmində, nə də indi - Paşinyanın hökumət başçısı olduğu dövrdə Ermənistan cəmiyyəti 1988-ci ildə oradan qovulmuş azərbaycanlıların məsələsini müzakirə etmək istəməyib. Bundan da qəribəsi odur ki, hətta Qarabağda yaşayan ermənilər də həmin ərazidən məcburi köçürülmüş azərbaycanlıların geri qayıtması məsələsini diskussiya mövzusuna çevirməyiblər, çətin ki, ümumiyyətlə bunun mümkünlüyünü təsəvvür eləyiblər. 

Amma sonda (bəlkə də, məhz bunun nəticəsində) insanlar ağıllarına belə gətirmədikləri bir reallıqla üz-üzə qaldılar və reallığın yaratdığı panika onların Qarabağı kütləvi surətdə tərk etməsi ilə nəticələndi. 

Artıq Ermənistanda azərbaycanlı qalmadığı kimi, Azərbaycanda da erməni, demək olar, qalmayıb. Orda-burda barmaqla sayılacaq qədər erməninin olması iki dövlət arasında münasibətlərin nizamlanması prosesinə təsir etməyəcək reallıqdır. 

Büna rəğmən, Qarabağı tərk etmiş ermənilərin məsələsi vaxtaşırı manipulyasiya elementi kimi ayrıca ortaya atılır. Və bu element sülh prosesini birmənalı ləngidir. 

Prosesin ləngidilməsindən əlavə, eyni element Ermənistan üçün diplomatik diskomfort yaradır. Yəni, bu məsələni qaldıranlar əslində “ayı xidməti” göstərmiş olurlar.

Vaxtaşırı hansısa beynəlxalq güc mərkəzi, yaxud hansısa ölkənin parlamenti erməni diasporu və lobbisinin təşviqi ilə Qarabağdan köçən ermənilərin hüquqlarına Azərbaycanın hörmətlə yanaşmadığını iddia edir. Və Azərbaycana qarşı kampaniya aparılır. Məsələ ondadır ki, Prezident Əliyev başda olmaqla, Azərbaycanın siyasi isteblişmenti hər zaman Qarabağdan getmiş yerli ermənilərin orada yaşamaq haqqının olmasını tanıyıb və bunu bəyan edib.

Hətta 2023-cü ilin sentyabrından sonra Ermənistana köçmüş ermənilərin geri qayıtması üçün online müraciət platforması da yaradıldı. Amma platforma Ermənistanda bloklandı. Əslində, bu bloklanma özü də Azərbaycanın xeyirinə işləmiş oldu. Çünki platforma bloklanmış yox, açıq olsaydı, rəsmi Yerevan heç kimin onun üzərindən Azərbaycana müraciət etmədiyini söyləyə, buna hansısa izah verə bilərdi. Amma indi Azərbaycan tərəfi onu ittiham edənlərə reallığı göstərməklə, prosesin məhz Ermənistandan əngəlləndiyini deyəcək bir üstünlük əldə etmiş olub. 

Bu, Ermənistanın birinci yanlışlığıdırsa, ondan da böyüyü qonşu respublikanın həmin məsələni ümumiyyətlə beynəlxalq gündəliyə çıxarmasıdır. Çünki Azərbaycana qarşı tükənməyən ittihamlar əvvəl-axır söhbəti o yerə gətirib çaxarmalı idi ki, Bakı Qarabağdan köçən ermənilərin geri qayıtmaq hüququnu tanıyir, ən azından bunu deyir, Yerevan isə 1988-ci ildə Ermənistandan köçürülmüş, sayca Qarabağ ermənilərindən ikiqat üstün olan azərbaycanlıların hüquqlarını heç dilinə də gətirmir.  

Sözsüz ki, bu hüququn əməli olaraq tanınması çox çətin, təmin edilməsi isə istənilən halda mürəkkəb və uzun prosesdir, amma Ermənistan problemin hər hansı müstəvidə müzakirəsindən yayınır. Bu isə yenə də Azərbaycana diplomatik üstünlük yaradır. 

Amma məsələ tək diplomatiya ilə yekunlaşmır, gözlərimiz önündə zaman etibarı ilə çox da uzaqda olmayan nümunə, regionun üçüncü dövlətinin – Gürcüstanın analoji şəraitdə atdığı addımlar var.

Ahıska türklərinin öz doğma yurdlarına qayıtması hüququnu tanımaqla bağlı Gürcüstan 1999-cu ildə Avropa Şurası qarşısında öhdəlik götürdü. Bu, ölkənin Avroatlantik məkana inteqrasiyası üçün şərtlərdən biri idi. Doğrudur, işlər gözlənilən sürətlə getmədi və getmir. Bu günə qədər bir sıra obyektiv və subyektiv səbəblərdən Gürcüstana Ahıska türklərinin çox az hissəsi qayıdıb. Bir tərəfdən, prosedur özü çoxmərhələlidir və bəzi hallarda Tbilisinin Ahıska türklərini repatriat kimi qəbul etməsi üçün irəli sürdüyü şərtlər insanlara çox ağır gəlir. Digər tərəfdən, artıq onilliklərdir ki, başqa yerlərdə məskən salmış, kök atmış Ahıska türklərindən geri qayıtmaq istəyənlər də çox deyil. Amma bütün bunlara baxmayaraq, Gürcüstanın bu hüququ tanıması faktdlr. 

Amma bu gün Avropa İttifaqına doğru addımlar atan Ermənistandan qaçqın azırbaycanlıların eyni hüquqları nə daxili, nə beynəlxalq səviyyədə müzakirə mövzusu deyil. Hələlik Azərbaycan bu məsələdə israr edən yeganə tərəfdir və tamami ilə aydındır ki, Bakı öz tələblərinin nəzərə alınması üçün qarşı tərəfə davamlı təzyiqlər göstərəcək. Qərbi Azərbaycan icmasının fəallaşması, kütləvi informasiya vasitələri yaratması, tədbirlər keçirməsi, onun Ermənistan və dünya liderlərinə müraciətlərinin çoxalması bu təzyiqin təzahür formalarıdır.  

Geniş mənada - paradoksal situasiyadır və Azərbaycandan baxanda, vəziyyətdən paritet əsaslarla iki çıxış yolu ola bilər: birincisi, hər iki tərəf bu qəbildən olan iddialardan əl çəkir; ikincisi, hər iki tərəf öz doğma yurdlarını tərk etmiş insanların geri qayıtmaq hüququnu tanıyır

Ermənistan isə, görünür, belə bir seçim barədə düşünmək istəmir. Əvəzində Azərbaycandan rəsmi və qeyri-rəsmi səviyyədə bəyanatlar səslənir, addımlar atılır. Yeri gəlmişkən, bu addımlardan Yerevanda hakim elitaya təzyiq aləti kimi də istifadə olunur. Amma Ermənistanda hakimiyyətə müxalif qüvvələr Azərbaycanın təzyiqlərini daim gündəlikdə saxlamaqla, heç də sülh prosesinə tövhə verməyi qarşılarına məqsəd qoymurlar.