“K” əməliyyatı və Putinin başqa macəraları
Rusiyanın Ukrayna paytaxtı uğrunda savaşı uduzması tarixi əhəmiyyətlidir: 100 il əvvəl təsis olunmuş Sovet imperiyasını eyni sxem üzrə - Rusiya-Belarus-Ukrayna ittifaqı təməlində bərpa etmək siyasəti iflasa uğradı
03 Aprel 2022
Rusiya Kiyev uğrunda müharibədə məğlub oldu. Ukrayna dövləti 2 aprel 2022-ci il tarixi etibarilə Kiyev vilayəti üzərində nəzarətini bərpa etdi.
38 gün davam edən şiddətli döyüşlərin nəticəsində rus ordusu həm çox ağır itkilərə məruz qaldıqdan, həm də Kiyev ətrafında, Dnepr sahilində yerləşən kiçik, sakit, gözəl şəhər və qəsəbələri vəhşicəsinə dağıdıb, yüzlərlə dinc sakini qətlə yetirdikdən sonra geri çəkilmək zorunda qaldı. Onların Buça, İrpen və digər yerlərdə insanlığa qarşı törətdikləri dəhşətli cinayətlərlə bağlı faktlar hazırda toplanır və bu məsələni araşdıran BMT-nin Haaqa beynəlxalq məhkəməsinə təqdim olunacaq. Rusiyalı işğalçıların bütün dünyanı şoka salan qanlı əməlləri Hitler faşizminin bu torpaqlarda yol verdiyi cinayətləri də kölgədə qoyaraq 1240-cı ildə Kiyevin yerlə yeksan edilməsi və əhalisinin qırılması ilə nəticələnən monqol istilasını xatırladır...
Kiyev əməliyyatında əsas məqsəd nə idi?
Fevralın 24-də Putinin əmri ilə bütün sərhədlər boyu Ukraynaya genişmiqyaslı hücuma başlayan Rusiya Silahlı Qüvvələrinin qarşısındakı əsas tapşırıq Kiyevə daxil olub, qanuni hakimiyyəti devirmək və bununla da müstəqil, suveren Ukrayna dövlətinin mövcudluğuna faktiki olaraq, son qoymaq idi. İndi Rusiya hərbi və siyasi rəhbərliyi Kiyev məğlubiyyətini pərdələmək üçün iddia etməyə başlayıb ki, əslində onların Ukrayna paytaxtını və digər böyük şəhərləri ələ keçirmək niyyəti olmayıb. Əsas məqsəd guya Donbas regionunun Ukraynanın nəzarətində qalmış digər hissəsini də “azad etmək” imiş. Amma Putin fevralın 24-ü səhərə yaxın - Ukrayna şəhərlərinə intensiv raket-aviasiya hücumlarının başladığı saatlarda - efirə verilən çıxışında “xüsusi əməliyyat”ın siyasi vəzifələrini açıq elan etmişdi. O bildirmişdi ki, məqsəd Ukraynanın denasifikasiyası və demilitarizasiyasına nail olmaqdır.
Denasifikasiya nə deməkdir? Guya Ukraynada nasist hökumət var, onlar xalqa (ruslara, rusdillilərə, digər etno-konfessional qruplara) zülm edir, hələ üstəlik, Rusiya dövlətini təhdid edirlər, ona görə də bu sistemi ləğv edib, Ukraynanı nasist qüvvələrdən və təfəkkürdən xilas etmək lazımdır. Yəni məqsəd bu idi ki, Ukraynada hakimiyyəti dəyişib, orada kukla rejim qursunlar, bu rejimlə iki ölkə arasında sülh və əməkdaşlıq məsələlərini tənzimləyəcək müqavilə imzalasınlar, sonda isə Ukraynanı Rusiya-Belarus ittifaq dövlətinə daxil etsinlər. (Bu niyyəti Rusiyanın Belarus general-qubernatoruna çevrilmiş Lukaşenko son aylar bir neçə dəfə ifadə edib.)
SSRİ-nin təsis olunması haqqında müqavilə 1922-ci il dekabrında Rusiya Sovet Federativ Sosialist Respublikası, Ukrayna Sovet Sosialist Respublikası və Belarus Sovet Sosialist Respublikası, eləcə də Zaqafqaziya Sovet Federativ Sosialist Respublikası arasında imzalanmışdı. SSRİ-nin mövcudluğuna son qoyan Belovejsk sazişi də məhz Rusiya, Ukrayna və Belarus arasında 1991-ci ilin dekabrında imzalandı. Putinin simvolizmə, sakrallığa, numerologiyaya xüsusi önəm verdiyi sirr deyil – onun imperiyanı bərpa etmək niyyəti sirr olmadığı kimi. SSRİ-nin qurulmasının 100-cü ildönümündə Putin şərqi slavyanların 3 ölkəsini yenidən birləşdirmək istəyirdi. Rusiya-Ukrayna-Belarus ittifaq dövlətinin yaranması ilə Moskva postsovet coğrafiyasına yenidən hakim olacaqdı və digər respublikaların bu ittifaqa daxil olub-olmaması artıq prinsipial əhəmiyyət kəsb etməyəcəkdi. (Bu ölkələrin bir çoxu Avrasiya İttifaqı, KTMT kimi inteqrativ birliklər vasitəsilə Moskvaya bağlıdır. Həmin birliklərdə iştirak etməyən Azərbaycanın ərazisində Rusiya hərbi kontingenti var, avrointeqrasiya kursu seçmiş Gürcüstan və Moldovanın isə Ukraynanın məğlubiyyəti halında duruş gətirməyib, Moskvanın bayrağı altına keçəcəkləri şübhə doğurmurdu.)
Çox dərinə getmədən mövzunun məğzinə qayıdaq.
Rusiya ordusunun irəlilədiyi istiqamətlər də əsas hədəfin məhz Kiyev olduğunu sübut edir, bunu anlamaq üçün xəritəyə nəzər yetirmək yetərlidir. Rusiya komandanlığı 3 istiqamətdən Ukrayna paytaxtına hücum planlaşdırıb, həyata keçirməyə çalışdı: Belarusdan və Ukraynanın Çerniqov, Sum vilayətləri istiqamətindən. Hücumun ilk saatlarında Kiyev vilayəti ərazisinə daxil olan böyük qruplaşma məhz Belarus ərazisindən girmişdi və belə görünür ki, Ukrayna komandanlığı bunu gözləmirdi. (Yeri gəlmişkən, bu epizod müharibədən sonra Ukrayna hərbi prokurorluğu və məhkəməsi tərəfindən araşdırılmalıdır, çünki ABŞ və Britaniya hökumətləri Rusiyanın Belarus ərazisindən birbaşa Kiyevə hücuma keçəcəyi barədə Ukrayna rəhbərliyinə dəfələrlə xəbərdarlıq etmişdilər.) Bu boşluq nəticəsində Kiyev şəhəri bir anda işğal təhükəsi ilə qarşı-qarşıya qaldı. Müharibə zamanı paytaxtın itirilməsinin nə demək olduğunu yəqin ki, izah etməyə ehtiyac yoxdur.
Martın əvəllərinə qədər təkcə ukraynalılar deyil, dünyanın dörd bir yanında onların halına yanan və Ukraynanı dəstəkləyən bütün insanlar Kiyevin taleyinə görə çox həyəcanlı, stresli günlər keçirdi. Elə bizlər – Azərbaycanda Ukraynanı dəstəkləyən insanlar da hər gecə “görəsən, səhər açılanda Kiyev kimin əlində olacaq” narahatlığı ilə başımızı yastığa qoyur və səhər oyananda həyəcanla smartfona əl atıb, son durumu öyrənirdik. Vəziyyət kritik idi və artıq şəhərdə düşmənin kəşfiyyat-diversiya qrupları fəaliyyət göstərirdi.
Ukrayna siyasi və hərbi rəhbərliyi ilk şokdan tez özünə gəlib, paytaxtın və ümumilikdə ölkənin müdafiəsi ilə ciddi məşğul olmağa başladı. Kiyevin müdafiəsinə rəhbərlik Quru Qoşunlarının komandanı, general-pokovnik Aleksandr Sırskiyə tapşırıldı, Donbasdakı Birləşmiş Qüvvələrin komandanı, general-leytenant Aleksandr Pavlyuk Kiyev vilayət administrasiyasının, general-mayor Nikolay Jirnov isə Kiyev şəhər hərbi administrasiyasının rəhbəri təyin olundular. Bu generallar təcili olaraq paytaxt ətrafında 3 eşelondan ibarət müdafiə sistemi yaratdılar və bir qədər sonra effektiv hücum əməliyyatları təşkil edərək işğal təhlükəsini azaltdılar. Kiyevin qarnizonu şübhəsiz ki, bütün Ukrayna ordusu kimi qəhrəmancasına döyüşdü və işğalçıları ölkənin qəlbinə buraxmadı. Kiyev ətrafında vurulan, məhv edilən Rusiya zirehli və avtomobil texnikasının sayı-hesabı yoxdur, bu barədə çoxsaylı videoları və fotoları müharibəni izləyən hər kəs görüb. Xüsusən Buça-Hostomel-İrpen üçbucağında amansız çarpışmalar yaşandı, bu şəhərlər həm dağıntı, həm də yerli sakinlər arasındakı itkinin miqyasına görə Ukrayna yaşayış məntəqələri arasında ilk sıralardadır. (Təbii ki, əzabkeş Mariupoldan sonra.) Rusiyanın Kiyev ətrafında canlı qüvvə itkisi də kifayət qədər çoxdur, əlimizdə konkret rəqəm olmasa da, ölü və yaralı olaraq bu itkilərin minlərlə ölçüldüyünü rahat söyləyə bilərik.
Lakin Kiyevin müdafiəsində həlledici rol oynayan qüvvə kimi təkcə şəhərin öz qarnizonunu qeyd etmək haqsızlıq olar. Kimə qarşı haqsızlıq? Ukrayna Silahlı Qüvvələri Quru Qoşunlarının Şimal Operativ Komandanlığının rəhbərliyinə və şəxsi heyətinə qarşı. Bu qoşun qruplaşması düşmənin paytaxta istiqamətlənmiş on minlərlə əsgər, minlərlə zirehli hərbi texnikadan ibarət batalyon-taktiki qruplarının ilk zərbələrini sərhəddə öz üzərinə götürərək əfsanəvi müqavimət ortaya qoydu. Arasıkəsilməz hücumlara baxmayaraq, onlar düşməni Kiyevə buraxmadılar, cavabdehlik daşıdıqları ərazini, qeyri-strateji xarakterli ərazi itkiləri xaricində, qoruya bildilər. Əgər Çerniqov və Sumdan irəliləyən Rusiya qüvvələri Kiyev ətrafına yetişib, orada Belarusdan gələn qüvvələrlə birləşsəydi, Kiyevin taleyi çox acınacaqlı olacaqdı. Təsadüfi deyil ki, Şimal Operativ Komandanlığının komandanı, general-mayor Viktor Nikolyuk prezident Zelenski tərəfindən “Ukrayna Qəhrəmanı” adına layiq görüldü.
Maksimal plandan minimal plana keçid
Kiyevi ələ keçirmə planının mövcudluğunu təsdiqləyən daha bir fakt isə budur ki, Ukrayna ordusu hücumları dəf edərək tədricən əks-hücumlara başlayıb, işğalçıları qovmağa başlayanda şəhər ətrafındakı bir məntəqədə Rusiya ordusuna aid parad geyimləri aşkarlandı. Bu tapıntının yeganə məntiqli izahı budur ki, Rusiya komandanlığı Kiyevə nəzarəti təmin etdikdən sonra şəhərdə hərbi parad təşkil etmək fikrində imiş. (Bunu Ukrayna rəsmi mənbələri də təsdiqləyir.) Belə bir tədbir Ukrayna ordusunun və xalqının müqavimət ruhunu tamamilə öldürməyə hesablanmış olmaqla bərabər, Putinin triumfunu bütün dünyaya nümayiş etdirəcəkdi.
Rusiya komandanlığı Kiyevi ələ keçirməyin mümkünsüzlüyünü anladıqdan sonra B planına keçdi və şəhər ətrafında mühasirə həlqəsi yaratmağa çalışdı. Aydındır ki, məqsəd şəhəri mühasirədə saxlayaraq Polşa vasitəsilə göndərilən silah-sursat və humantar yardımların Kiyevə daxil olmasını, oradan ölkə üzrə bölüşdürülməsini əngəlləmək və Zelenski hökumətini təslimçi sülh imzalamaq məcburiyyəti qarşısında qoymaq idi. Lakin bu vəzifəyə də nail ola bilmədilər, üstəlik, martın son həftəsinə doğru Rusiya qoşunlarının özünün mühasirəyə düşməsi təhlükəsi yarandı. Onsuz da işğalçıların təchizat-logistika imkanları məhdud idi, Ukrayna ordusu partizan metodları ilə düşmənə fasiləsiz zərbələr vurmaqla yanaşı, onun təminatını da hədəf alaraq rusiyalıları taqətdən salırdı. Belarus sərhədindən Kiyevə qədər olan dar yolda 64 km-lik zirehli texnika karvanının vahiməli görüntüsü hamının yadındadır. Lakin bu karvan qısa müddət ərzində “buxarlandı”. Çünki həm aramsız hücumlara məruz qalaraq itki verdi, həm də yanacaq ehtiyatı azaldı. Məhz bu səbəbdən Rusiya Silahlı Qüvvələri Baş Qərargah rəisinin birinci müavini, general-polkovnik Sergey Rudskoy martın 25-də bəyan etdi ki, əməliyyatın ilk mərhələsinə aid vəzifələr yerinə yetrilib və indi səylərini əsas məqsəd olan “Donbasın azad olunmasına” yönəldəcəklər. Martın 29-da Ukrayna nümayəndə heyəti ilə İstanbulda keçirilən danışıqlarda iştirak edən Rusiya müdafiə nazirinin müavini, general-polkovnik Aleksandr Fomin isə Kiyev və Çerniqov vilayətləri ərazisində hərbi aktivliyi ciddi şəkildə azaltmağa qərar verdiklərini açıqladı. Guya məqsəd danışıqların davam etdirilməsi üçün əlverişli şəraitin yaradılması və qarşılıqlı etimadın artırılmasıdır. Aydındır ki, geri addımın səbəbi Kiyev ətrafında cəmləşdirilən qoşunun verilən tapşırıqları yerinə yetirə bilməyərək uğursuzluğa düçar olmasıdır. Geniş coğrafiyada hərbi əməliyyatları davam etdirmək üçün rezerv yaratmaqda çətinlik çəkən Rusiya komandanlığı qalan canlı qüvvə və hərbi texnikanı Kiyevdən çıxararaq şərq cəbhəsinə göndərməyə qərar verdi.
Yəni Rusiya rəhbərliyi maksimal plandan (qısaca: Ukraynanı belaruslaşdırmaq) vaz keçmək məcburiyyətində qalaraq minimal plana – Donbasın tam işğalına və Krıma quru yolu açmağa yönəldi. Rusiya rəhbərliyi hərbi əməliyyatın əvvəlindən bəri əsas məqsədin məhz bu olduğunu iddia etməklə, aramsız təbliğatla beyni yuyulmuş daxili ictimaiyyəti aldada, inandıra bilər, dünya isə bilir ki, belə deyil. Əgər Rusiya 24 fevraldan etibarən bütün gücünü məhz Donbas istiqamətinə yönəltsəydi, bəlkə də indiyədək qələbə əldə edə bilərdi. Lakin Putin ən maksimalist, ən irrasional varianta - bütün quru və su sərhədləri boyunca hücuma keçməklə Ukrayna milli dövlətini dəfn etməyə üstünlük verərək öz hisslərinin - nifrətinin əsirinə çevrildi.
Növbəti günlər və həftələrdə Ukraynanın şərqində döyüş əməliyyatları daha da şiddətlənəcək, orada çox qanlı və amansız savaş gözlənilir. Rusiya çalışacaq ki, Donetsk və Luqansk vilayətlərinin inzibati sərhədlərinə çıxaraq oradakı Ukrayna hərbi qruplaşmasını mühasirəyə salsın və qələbəsini elan edərək sülh danışıqlarında əlini gücləndirib, Ukrayna tərəfini ciddi güzəştlərə məcbur etsin. Lakin Donbas savaşının nəticələrindən asılı olmayaraq, artıq hər kəsə məlumdur ki, Putinin A planı iflasa uğradı və o, azad Ukraynanı tabe etdirə bilmədi.
Nüvəsini Rusiya-Belarus-Ukrayna ittifaq dövlətinin təşkil edəcəyi yeni totalitar imperiya rus imperializmi üçün xəyal olaraq qalacaq.
Postsovet xalqları və bütün mütərəqqi dünya bunun üçün Ukraynaya minnətdardır.