Logo
news content

İslahat yubanır, narazılıq artır: İranı nə gözləyir?
Tehran rejimi HƏMAS-ı müharibəyə cəlb etməklə baş qatmağı daha sərfəli sayır

Prezident İbrahim Rəisi və onu müşayiət edən rəhbər şəxslərin helikopter qəzasında həlak olması İran İslam Respublikasının konstitusion quruluşuna nəzər yetirilməsini aktuallaşdırıb. Öncədən qeyd edək ki, İran “A”-dan “Z”yə qədər hər şeyə hakim ali rəhbər, rəhbərlikdir. 

Ölkənin ali rəhbəri Seyid Əli Xaməneidir. Nəzarət Şurası (Şuraye-Nigahban) adlı qurumun səlahiyyəti daha genişdir. O, deputatlığa, prezidentliyə və dövlətin başqa orqanlarına namizədləri süzgəcdən keçirir. Parlamentin qəbul etdiyi qanunları təsdiqlədikdən sonra ali rəhbər ona xeyir-dua verir və müvafiq prosedurlardan sonra qanunlar icra edilir. Bu şuraya namizədlərə də xeyir-duanı Xamənei verir. 

Bir də var Dini Ekspertlər Şurası (Məclise-Xübreqan). Bu, ümumxalq səsverməsi ilə seçilən 88 müctəhiddən formalaşır. Ancaq səsverməyə namizədləri Nəzarət Şurası süzgəcdən keçirir. Ekspertlər Şurası isə ali rəhbəri seçir. Dolayısı ilə Xamənei səlahiyyət müddətinin bəri başdan müəyyənləşdirir. 

Bu il martın 1-də İran parlamentinə və Dini Ekspertlər Şurasına seçkilər keçirilib. Seçicilər qanunverici orqana 290 üzv, ekspertlər məclisinə isə 88 müctəhid seçib. 

Mayın 21-də ayətullah Mohadi Kermani Dini Ekspertlər Şurasına sədr seçilib. Onun lehinə Şuranın 55 üzvü səs verib. Daxili reqlamentə əsasən, Mohadi Kermani iki il müddətinə quruma sədrlik edəcək. Xatırladaq ki, ondan əvvəl bu quruma 98 yaşlı ayətullah Əhməd Cənnəti başçılıq edib. 

Bu qurumun 6-cı çağırışının ilk iclası İbrahim Rəisinin meyitinin qəza yerindən aparıldığı günə təsadüf edir. Şuranın toplantısının təxirə salınmaması ilə rejim prezidentin əhəmiyyətinin ali rəhbərdən az olduğunu göstərib. Tehran bununla həm də İran əhalisinə işlərin qaydasında olduğunu, narahatlığa əsas olmadığı ismarışını verib.

Bütün hallarda, İranda yeni prezident seçilməlidir. Növbədənkənar seçki iyunun 28-ə elan edilib. İrandakı və regiondakı vəziyyət baxımından, bu seçki çox vacibdir. Əsas səbəb İran hakimiyyətinin gələcəyi və Xaməeninin varisi ilə bağlıdır. Odur ki, prezidentin kimliyi bu məsələlərə də aydınlıq gətirə bilər. 

Hələ mayın 10-da parlamentə seçkilərin ikinci turu keçirilərkən yerli mətbuat bu siyasi kampaniyanı “Seçkilərin ikinci turu - faciə, böhran və təhqir" kimi qiymətləndirib. Hakimiyyət daxilindəki mühafizəkar xəttin “Rəsalət” adlı qəzetinin redaktoru Məsud Pirhadi ikinci tura həsr etdiyi məqaləsində bildirib: “Mən bu yazıda “faciə” və “böhran”, bir az da “təhqir” ifadələrindən istifadə etməkdə israrlıyam. Onlar birlik və bütövlük yaratmalı idilər ki, hamı iştirak etsin, yoxsa seçki hüququ olanların 92 faizinin iştirak etməməklə “yox” deməsinə şərait yaratmamalı idilər.  

Tehranlıların 90 faizdən çoxu önəmli olanı yerinə yetirmir, mediada ağsaqqalların tövsiyələrini reklam etmir və bu, həyəcan təbili çalmaqdan daha artıqdır".

Məlumata görə, seçicilərin cəmi 8 faizinin iştirak etdiyi parlament seçkilərinin ikinci turu hökumətin nüfuzuna zərbə vurulub. Cəmiyyətlə rejim arasında uçurum daha da dərinləşir. Bunun başlıca səbəblərindən biri ölkədə islahatların aparılmamasıdır. Tehran hakimiyyəti 45 ildir cəmiyyəti başqa məsələlərlə məşğul edir. Məsələn, 8 il İraqla müharibəyə, bir neçə on il dirçəlməyə, indi isə HƏMAS-İsrail müharibəsi ilə İran vətəndaşlarının hədəfindən yayınmağa səy göstərir. 

Bu rejim üçün islahatlar intihara bərabər sayılır. Xarici amillərlə daxildəki etirazları susdurmağa səy göstərirlər. İkinci turda seçicilərin sayını azlığını cəmiyyətin Tehran hakimiyyətini boykot etməsi kimi dəyərləndirmək olar. 

Hakimiyyət daxili islahatçı xəttin təmsilçilərindən sayılan keçmiş prezidentlər Məhəmməd Xatəmi və Həsən Ruhani də siyasi sistemdən narazılıqlarını bildiriblər.  

Qeyd edək ki, Ekspertlər Şurasına seçkilərdə Həsən Ruhaninin namizədliyi qeydə alınmayıb. Nəzarət Şurası onu ittiham edib. Qurumdan bildirilib ki, “altılıq” ölkələri ilə İranın nüvə proqramı üzrə 2015-ci ilin iyulunda imzalanan Əhatəli Razılaşma Müqaviləsi doğru yerinə yetirilməyib. Şura bunu İranın maraqlarına zərbə kimi dəyərləndirib. 

Həsən Ruhani buna cavab olaraq  bəyanat dərc edib. O, Nəzarət Şurasının məktubunu “prezidentlik institutunun ittiham aktı” adlandırıb: “Bu ittihamnamə gələcək prezidentlərin artıq siyasi azadlığı olmayacağından xəbər verir”.

Keçmiş prezidentin açıqlamasına görə, şura onu İranın "məhkəmə sistemini və Nəzarət Şurasını təhqir etməkdə", "siyasi baxışın olmamasında", "konstitusiyaya hörmət etməməkdə" və "əsl dini inancları pozmaqda" ittiham edib.

Keçmiş prezident, cavab olaraq, bildirib: “Nəzarət Şurası katibinin məktubunda mənim ekspertləri seçməkdə səriştəsizliyimin sübutu kimi deyilənlər nəinki cinayət, hətta qanun pozuntusudur”. O, məlum müqavilə ilə bağlı gördüyü işləri “bəzi hallarda qürur mənbəyi” adlandırıb. 

Həsən Ruhani Ekspertlər Şurasına seçkilərdən kənarda qoyulmasının səbəblərindən bəhs edərkən deyib: “Gələcəkdə prezidentlər (əgər belə bir vəzifə və qurum qalsa) bilməlidirlər ki, bu ittihamlar onların hətta artıq siyasi azadlıqları olmadığını göstərir. Prezidentlər bu kimi qadağalarla qanuni vəzifələrini yerinə yetirə bilmirlər”

H. Ruhanin sözlərinə görə, bu faktlar göstərir ki, hökumət başçılari, prezidentlər konstitusiyaya deyil, Nəzarət Şurasına tabe olmalıdırlar. 

Xatırladaq ki, vaxtı ilə keçmiş prezidenti Əli Əkbər Haşimi-Rəfsəncaninin də bu quruma namizədliyinin irəli sürülməsinə imkan verilməmişdi. 

Keçmiş prezident Məhəmməd Xatəmi də bu qurumun fəaliyyətini və mövcudluğunu pisləyib. Qeyd edib ki, Həsən Ruhaninin iki dönəm prezident, beş çağırış deputat,  16 il Ali Təhlükəsizlik Şurasının katibi olmaq təcrübəsi var. Məhəmməd Xatəmi ali rəhbər Xaməneinin təyin etdiyi Nəzarət Şurası üzvlərinə müraciət edərək, onların seçilmədiklərini, bununla belə səsvermə yolu ilə xalqın etimadını qazanmış insanları seçilmək hüququndan məhrum oetdiklərini bildirib. Onların yetərincə biliyə, siyasət, təhlükəsizlik və diplomatiya sahəsində ən az təcrübəyə malik olmadıqlarını vurğulayaraq, sual edib: “Siz namizədləri xalqı tanımamaqda ittiham edirsiniz. O zaman özünüz neçə dəfə və hansı rəqabətli seçkilərə namizəd olaraq qatılıbsınız?”.

Qeyd edək ki, Məhəmməd Xatəmi martın 1-də keçirilmiş parlament seçkilərində səsvermədə iştirak etməmişdi. O bildirmişdi ki, bununla da etirazçılara dəstək verib.

Xatəmi və Ruhani İran hakimiyyəti daxilində islahatçı xəttin təmsilçilərindən sayılırlar.  

Rejim bu siyasi təbəqəni sakitləşdirmək üçün zaman-zaman onların nümayəndəsinin prezident olmasına imkan yaradır. Ancaq bütün hakimiyyət ali rəhbərdə və onun tabeliyində olan Nəzarət Şurasında cəmləşdiyindən hökumət başçısı və kabineti ölkə əhəmiyyətli daxili və xarici siyasətlə bağlı əməli addım ata bilmir. Başqa sözlə, prezident daha çox təmsilçilik funksiyasını yerinə yetirir. 

Yeri gəlmişkən, hakimiyyət daxili, mühafizəkar sərt xəttin nümayəndəsi, keçmiş prezident Mahmud Əhmədinejat da sonuncu parlament seçkilərini tənqid etmişdi: “Siz deyirdiniz ki, “düşmən bu siyasi kampaniyada 30 faiz seçicinin iştirakını proqnozlaşdırırdı, ancaq seçkilərdə seçicilərin 40 faizi iştirak etdi”. Bununla fəxr edirsiniz. Utanın, siz xalqdan və onun istəklərindən uzaq düşübsünüz”.

Bu örnəklərə diqqəti çəkməkdə məqsədimiz İran hakimiyyətinin konstitusiyada ciddi islahatlar aparmalı olduğunu göstərməkdir. Bunu keçmiş prezidentlər belə etiraf edir. Ancaq mövcud rejim Əsas qanunda dəyişiklik etməyi sərfəli siyasi addım saymır. Əks halda, Ekspertlər Şurasına seçkilərdə Xaməneinin varisinə, yaxud arxasında SEPAH-ın, hərbi-polis rejiminin gələcək ali rəhbəri üçün yol açılmaz, şərait yaradılmazdı. Bu etirazlar onu da təsdiqləyir ki, İran hakimiyyəti islahatdan qorxur. Xatəminin prezidentliyi dövründə buna cəhd edildi. Ancaq rejimin süqutuna səbəb olacağından ehtiyatlanaraq, prosesin qarşısı alındı, bu xəttə qoşulanların bir çoxu həbs olundu, təqiblərə, təzyiqlərə məruz qaldı. Keçmiş “Yaşıllar hərəkatı”nın lideri, prezidentliyə islahatçıların vahid namizədi olmuş Mirhüseyn Musəvinin hələ də ev dustağı olması da bunu təsdiqləyir. 

Tehran islahatdan qorxur. Onun üçün HƏMAS və başqa qruplaşmalarının İsraillə mənasız müharibəyə cəlb edilməsi daha faydalı və sərfəli sayılır...