İran vasitəçi ola bilərmi?
23 Noyabr 2023
İran hakimiyyəti güc mərkəzi, bu olmadıqda isə təriqət lideri rolunda olmağa çalışır. Ancaq bu istiqamətlərdə Tehranın cəhdləri uğursuzluğa düçar olub.
Bu rejim farsdilli dövlətləri ətrafında birləşdirərək, güc olmaq istədi. Ancaq bir sıra maraqlar və yanaşmalar səbəbindən bu alınmadı. Bununla da İran farsdilli dövlətlərin əsas gücü rolunu itirmiş oldu. Təriqət mərkəzi kimi çıxış etmək üçün İslam Respublikasının ali rəhbəri, ayətullah Seyid Əli Xaməneninin nümayəndəsi Əli Əkbər Ocaqnejatın Azərbaycan Respublikasında 5-ci kolon yaratmaq cəhdi fiaskoya uğradı.
Tehran hakimiyyəti Əfqanıstan, İraq, Suriya, Pakistanda müxtəlif siyasi-ideoloji hərbi birləşmələrin – “Zeynəbiyyun”, “Fatimiyyun”, “Həşdi Şəbi”- yaranmasına xeyir-dua verib və onların təminatını üzərinə götürüb. Bu yolla təriqət mərkəzi kimi çıxış edib, bu ölkələrə nəzarəti perspektivdə ələ keçirməyi, yaxud onların ərazisində qarışıqlıq yaratmağı hədəfləyir. Odur ki, İran hakimiyyəti yuxarıda sadaladığımız istiqamətlərdə deyil, iğtişaşlar, qarşıdurma yaratmaq, pozuculuq fəaliyyəti göstərmək üçün mərkəz rolunda oynayır.
Oktyabrın əvvəlindən HAMAS-İsaril müharibəsi başlayıb. HAMAS-ın İsrailə qarşı başlatdığı “Əl-Əksa tufanı” əməliyyatına qarşı tərəf “Dəmir qılınclar” əməliyyatı ilə cavab verir.
Qəzza zolağındakı hökuməti təmsil edən HAMAS iddia edir ki, bu hücumla İsrail ərazisində həbsdə olan 6 min adamını azad etmək istəyir. İran, onun proksi təşkilatları, habelə Şimali Koreya, Venesuela və Latın Amerikasında hakimiyyətdə olan bir sıra sol yönümlü qüvvələr HAMAS-ı açıq şəkildə müdafiə edir.
Tehran hakimiyyəti ilə onları birləşdirən başlıca amil anti-Qərb mövqedə olmaqlarıdır. ABŞ başda olmaqla bir sıra qərb dövlətləri İrana və onlara qarşı sanksiyalar, məhdudlaşdırıcı tədbirlər tətbiq edib. Onlar beynəlxalq aləmdə baş verən istənilən bu sayaq hadisələrdə bir mövqedən çıxış etməklə Qərbə müqavimət göstərməyə cəhd göstərirlər.
Yeri gəlmişkən, Rusiya-Ukrayna müharibəsində də oxşar mövqe sərgilənir.
Bu hadisələr dünyanı sanki qəsdən iki yerə bölür. Beynəlxalq münasibətlər soyuq müharibə illərinin xatırladır. 3-cü dünya müharibəsi baş verməsə də, qütbləşmə var.
Belə qütblər arasında barış, atəşkəs, sülh danışığı üçün beynəlxalq vasitəçilərə ehtiyac yaranır. HAMAS-İsrail müharibəsində də dayanıqlı atəşkəsə nail olmaq üçün nüfuzlu gücə ehtiyac yaranıb. Bu, kim ola bilər? Bir sıra dövlətlər var ki, onlar münaqişə zamanı tərəfsizliyini hələ qoruya bilib.
Ancaq əsas məsələ atəşkəsə nail olmaq deyil, Qəzza zolağını Fələstinin bir hissəsi kimi tanıtmaq, habelə orada vahid idarəetmə sistemini, rəhbərliyi təmin etməkdir.
Fikrimizcə, indiki şəraitdə bu güc ABŞ-dır. Onun ata biləcəyi addım, çağırışı səmərəli olar. Başqalarının vasitəçiliyi müvəqqəti və nəticəsiz qalacaq.
“Amerikaya ölüm!”, “İsrailə ölüm!” şüarlarını irəli sürən İran hakimiyyəti bu müharibədə neytraldırmı?
İki misal.
Birincisi, İran Prezidenti İbrahim Rəisi Qəzza zolağına hücumu dayandırması üçün dünyanın 50 ölkəsi liderinin İsrailə təzyiq etməsi ilə bağlı müraciət edib. Yəhudi dövlətini siyasi xəritədən silməyi özünün başlıca siyasi-ideoloji şüarı edən bir rejimin hökumət başçısının çağırışına qoşulmaq, hətta, ona reaksiya vermək məntiqi deyil, yaxud o şüarı dəstəkləməkdir.
İkinci belı fakt isə Tehranın BMT-dəki səfiri və daimi nümayəndəsi Əmir Səid İravani ilə bağlıdır. O, İsraili onun ölkəsini bu hadisələrdə günahlandırdığı üçün ittiham edib. Habelə HAMAS-la müharibədə İsrailin məsuliyyətdən xilas ola bilməyəcəyini vurğulayıb.
Bu savaşda BMT-nin 193 üzvündən yalnız biri, İran HAMAS-ı bütün istiqamətlərdə müdafiə edir. Bundan başqa, Livandakı “Hizbullah”, Yəməndəki husi qiyamçıları, Suriyadakı Bəşşar Əsəd rejimi, İraqdakı “Həşdi-şəbi” kimi qüvvələr vasitəsi ilə İsrailə qarşı mübarizə aparır.
Bu kimi müdaxilələr üzündən, münaqişə ocağını körüklədiyi üçün Tehran rejimi HAMAS-İsrail müharibəsində vasitəçiliyə yaramır. Onun İsraili istənilən şəkildə tənqidi də inandırıcı sayılmır. Çünki o, 44 ildir dünyanın siyasi xəritəsindən İsrailin silinməsinə çalışır. HƏMAS da onunla eyni mövqedədir. Belə olan halda, İranın İsraili müdafiə edənləri, yaxud tərəfsiz qalanları ittiham etməyə mənəvi, siyasi haqqı çatmır.
Ümumiyyətlə, İran hakimiyyəti dünyanın hansı münaqişəndə ciddi və səmimi vasitəçi ola bilər? Məsələn, Rusiya-Ukrayna müharibəsində, yaxud Gürcüstanın, Moldovanın ərazi bütövlüklərinin bərpasında bu rolu oynaya bilərmi?
Heç bir arqument, fakt, əsas göstərmədən birmənalı şəkildə demək olar: “Xeyr”.
Çünki İran bütün konfliktlərdə tərəfdir. Bu isə onu barışdırıcılıq missiyasından məhrum edir.
Yada İranın Azərbaycan-Ermənistan münaqişəsində vasitəçilik arzuları düşür. Onda elə zənn edilirdi ki, Tehran rejimi bir çox cəhətlərdən Azərbaycanın haqq işinə yardım edəcək. Bu istiqamətdə Ermənistan təzyiq göstərib, bir növ ağsaqqallıq edəcək. Təəssüf, demə, bu rejim üzdə söz verib, arxada saqqala gülənlərdəndir. Vasitəçilik böyüklərin işidir. Məsələn, Fransa və ona oxşarlar heç vaxt böyük ola bilmir. Elə İrandakı hakimiyyətinin də şəninə bu cür böyüklük yaraşmır. Çünki kiçiklərin haqqını yeyib, böyüklər qarşısında buyruqda dayanmaqla böyük olmurlar.