Gərginlik üçbucağı: Tehran, yoxsa Təl-Əviv?
Seçimin əsas meyarı müstəqilliyimizə və Qarabağa olan münasibətdir
25 Aprel 2023
İrandakı rejim Azərbaycan Respublikasını İsraillə əməkdaşlığa, münasibətə görə 30 ilə yaxındır qınayır. Bu istiqamətdə Tehran hakimiyyəti rəsmi Bakıya təzyiqlər edir, Azərbaycan daxilində bununla bağlı pozuculuq fəaliyyəti aparır.
İsrail tərəfdən isə Tehranla Bakı arasında əlaqələrə və əməkdaşlığa görə indiyədək heç bir açıq ittihama, yaxud qınağa rast gəlməmişik.
Azərbaycan Respublikası üçün bu iki tərəfdən hansının daha yaxın, faydalı olmasına dair məsələ ortaya çıxır.
Biz bu yazıda İranı deyil, Tehrandakı rejimlə İsrail hökumətini müqayisə edəcəyik. Çünki İsraillə əməkdaşlıq etdiyimizə görə narazılıq qonşu ölkənin cəmiyyətindən deyil, hökumətindən eşidilir. Keçirilən etiraz aksiyaları isə İran hakimiyyətinin bu istiqamətdə hikkə və iddiasının təzahürüdür. Yəni belə tədbirləri Tehran rejiminin təşkil etdiyi açıq-aydın görünür.
Əslində İran Azərbaycana daha yaxın dövlətdir. Bu ölkə əhalisinin az qala yarısı türk, azərbaycanlıdır. Bununla kifayətlənmək olardı. Ancaq mədəniyyət, din, təriqət, məzhəb, ortaq dəyərlər, genetik, etnik qohumluq əlaqələri, qədim tarixi birlik, ortaq ailələr, dil birliyi kimi amillər İranın Azərbaycan üçün əhəmiyyətinin göstəricisidir.
İsraillə Azərbaycanı birləşdirən amillərə baxaq. Min illərdən gələn mədəniyyət yaxınlığı, vaxtı ilə din birliyi, yəhudi dininə xidmət edənlər arasında türklərin olması, yəhudilərlə azərbaycanlılar arasında mədəni, ticarət, ictimai əlaqələr, ortaq ailələr, İsraildə Azərbaycan diasporu, Azərbaycanda yəhudi diasporu, ortaq iqtisadi maraqlar və başqa sahələr iki dövlətin bir-biri ilə əməkdaşlığının genişlənməsinə təkan verir.
Azərbaycan cəmiyyəti, dövləti üçün vacib məsələlərdən biri düşmən, rəqib sayılan tərəflərə, xüsusən Ermənistana Tehran rejimi və İsrail dövlətinin münasibətidir. Ermənistan müstəqilliyini elan etdikdən sonra İsraillə diplomatik əlaqə uzun müddət qurulmadı. Hətta Ermənistanın İsrailə təyin etdiyi səfiri İsrail qəbul etmədiyindən İrəvanda qalmışdı. Yəni iki ölkə arasında diplomatik münasibət bir neçə ildir normallaşıb. Bundan başqa, Ermənistan Cənubi Qafqazda antisemit ölkə sayılsa da rəsmi İrəvan daim yəhudi dövləti ilə əlaqə saxlamağa can atıb.
Azərbaycanla İsrail arasında hərbi-texniki əməkdaşlıqdan Ermənistan da qıcıqlanır. 44 günlük müharibədə erməni lobbisi və onun yandaşları bu əməkdaşlığa qarşı çıxaraq, rəsmi Təl-Əvivi ittiham belə etmişdi. Ancaq həm müharibə dövründə, həm ondan əvvəl, həm də indi İsrail dövləti Azərbaycanın ərazi bütövlüyünü birmənalı olaraq dəstəkləyib.
“Yisrael Beiteinu” Partiyasının (“İsrail evimizdir” Partiyası) sədri, keçmiş xarici işlər və müdafiə naziri Aviqdor Liberman dövlətinin mövqeyini birmənalı olaraq yerli "Vesti" nəşrinə belə açıqlamışdı: “Tarixdən gördüyümüz kimi, hələ Sovet İttifaqı yaranandan əvvəl də Dağlıq Qarabağ əsasən Azərbaycanın tərkibində olub”. O, Ermənistan Baş naziri Nikol Paşinyanı da Azərbaycan torpaqları ilə bağlı tutduğu mövqeyə görə tənqid etmişdi. A. Liberman beynəlxalq hüquq baxımından da Qarabağın Azərbaycan torpağı olduğunu xatırladaraq, vurğulamışdı: “Elə buna görə də BMT üzvü olan heç bir dövlət, o cümlədən Ermənistanın özü də Qarabağı suveren qurum kimi tanımayıb. Tarixi gerçəklik, beynəlxalq hüquq, İsrail dövlətinin mənafeyi baxımdan bizim mövqeyimiz tamamilə birmənalıdır”.
O, ölkəsində dəyişən hökumətlərin bu məsələdə mövqeyinin də dəyişməz olacağını vurğulamışdı: “Xarici işlər naziri kim olur-olsun, bu mövqe ardıcıl olaraq həyata keçirilib. Azərbaycan və ona münasibət məsələsinə dair İsrail siyasi rəhbərliyində yekdillik var. Biz Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və bu ərazi bütövlüyü bərpa olunmadan regionda məsələnin həllinin mümkün olmadığını düşünürük. Azərbaycanın ərazi bütövlüyü tarixi, beynəlxalq, milli mənafe baxımdan İsrailin rəsmi mövqeyidir”.
Aviqdor Liberman onu da vurğulayıbki, Azərbaycan İsrail üçün Fransadan daha önəmli ölkədir.
İsrail siyasiləri Güney Azərbaycan türklərinin milli-mədəni hüquqlarının pozulduğunu da gizlətmirlər. Bununla bağlı İsrailin Azərbaycandakı səfiri Corc Dikin “Təbrizin sehirli nağılları” kitabını oxuması fotosu ətrafında Tehran rejiminin yaratdığı qalmaqalı yada salmaq kifayətdir.
İran hakimiyyəti 30 ildir Azərbaycan Respublikasının daxili işinə qarışmaqdadır. Onun son zamanlar dini-siyasi ideoloji əsasda yaratdığı təşkilatları, həmin qrupların Azərbaycana təhdid dolu çıxışları və s. buna örnəkdir.
İsrail dövlətinin Azərbaycanın daxili işinə qarışmasına dair belə bir hərəkətə hələ təsadüf edilməyib.
İsrail başqa bir dövlətin silahını müharibə zamanı Ermənistana ötürməyib.
İsrail Ermənistana terrorçu-təlimatçılar göndərmir.
İsrail Azərbaycanın Qarabağ iqtisadi rayonunda separatçılarla qanunsuz fəaliyyəti göstərmir.
İsrail Azərbaycanın Ermənistanla sərhədi müəyyənləşmədən Qafanda konsulluq binası acımır.
Ermənistanın baş naziri Təl-Əviddə “Qarabağ Ermənistandır” deməyib.
İsrail Ermənistana ucuz qiymətə yancaq və başqa neft-az məhsulları satmır.
Sadaladığımız bu halların hamısını və daha çoxunu İran hakimiyyəti Azərbaycana qarşı edir.
Ticarət əlaqələri ölkələr arasında etibarın da göstəricisi sayılır. Bu baxımdan, Azərbaycanla İsrail arasında ticarət dövriyyəsi də Azərbaycanla İran arasında bu istiqamətdə əlaqələrdə müqayisə ediləcək vəziyyətdə deyil.
Ötən il İran-Azərbaycan ticarət dövriyyəsi 400 milyon dollar ətrafında olub. Ancaq bu ilin yanvar-mart aylarında Azərbaycan-İsrail ticarət dövriyyəsi 450 milyon dollar təşkil edib.
Bu günlərdə Azərbaycan səfər edən İsrailin xarici işlər naziri Eli Kohenin də çıxışında İsrailin Azərbaycana münasibətinin dəyişmədiyinin şahidi olduq.
Kohenin səfəri zamanı iki ölkə arasında 4 sənəd imzalanıb. imzalanan sənədlər sırasında ətraf mühitin mühafizəsi ilə bağlı Saziş, Azərbaycan İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə İsrail Dövlətinin Milli Texnoloji İnnovasiya Qurumu arasında texnoloji innovasiyalar sahəsində Birgə Bəyannamə, SOCAR və İsrailin “Union Energy” şirkəti arasında əməkdaşlıq haqqında Saziş, “Azərsu” ASC ilə İsrail Milli Su Şirkəti – “Mekorot” arasında Anlaşma Memorandumu var.
Azərbaycan-İran münasibətlərinin inkişafına kim mane olur? Tehran rejimi iddia edir ki, İsrail. Bəs, Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxlamasına kim dəstək olmuşdu? Yaxud müharibə zamanı ermənilərə bütün sahələrə, hətta təbliğat və informasiya dəstəyinin kim vermişdi? Hər iki sualın cavabı birdir - Tehran rejimi. Azərbaycanın İranla, İranın da İsraillə münasibətlərinə mane olan da Tehran rejimidir. Belə pozucu hakimiyyətin uzun müddət, az qala yarım əsr qalması dövlətlərarası münasibətlərə problem yaratmırmı? Həm Cənubi Qafqazda, həm də Orta Şərqdə maraqlarının təmin olunmasını istəyənlər, bu istiqamətdə fəaliyyət göstərənlər bu maneəni aradan qalxmasını tezləşdirsə, necə olar? Yoxsa, bunu da Çinə tapşırıb “kitayski” siyasət də yaradacaqlar?