Logo
news content

Fələstin müharibəsi kimə sərf edir?
Dinc əhali və müstəqillik ideyası siyasi hikkənin qurbanına çevrilir

Fələstin beynəlxalq siyasətin iç üzüdür. O, dünya güclərinin açıq-aydın toqquşduğu ən yaşlı döyüş meydanıdır. 

Ötən ilin oktyabrında HƏMAS-ın İsrailə hücumu zamanı cəbhələşmə daha aydın göründü. Müharibənin başlamasından 8 ay ötüb, bu qütbləşmə getdikcə dərinləşir. 

Söhbət təkcə ərəblərin müstəqil Fələstinin dövlətinin tanınmasından, bu məsələnin dəstəklənməsi və ya bu istiqamətdə onlara yardımların edilməsindən getmir. 

Cəbhələşmə regional nüfuz ətrafında baş verir. Bir çox ölkələr iddia edir ki, Qəzza zolağına ərzaq və başqa humanitar yardımların daşınmasında problem var. İsrail ərazini blokadaya alıb. Onda sual olunur: HƏMAS 8 aydır İsrailə qarşı hansı silah və hərbi texnika ilə döyüşür? Zolağa silah-sursat və başqa hərbi ləvazimatlar daşımaq mümkündürsə, onda dinc sakinlərin istifadəsi üçün gündəlik tələbat malları da tədarük etmək olar. Yaxud belə yük daşınır, ancaq dünya ictimaiyyətini bu məsələdə aldadırlar. 

Başqa münaqişə bölgələrində də oxşar mənzərəni müşahidə etmək olar. 

Hadisələr bir daha isbatlayır ki, Fələstin dövlətinin yaranmasından daha çox hərə öz hikkəsi ilə bölgədə savaş aparır. Çünki ötən 77 il ərzində bu ölkənin ərazisi kiçilib, iki yerə bölünüb. Heç indi də savaşın mahiyyətində, dəstəkçilərin hədəfində Fələstin dövləti durmur.

Cəbhənin bir tərəfində ABŞ, Böyük Britaniya və onların müttəfiqləri, o bir tərəfdə isə İran, Rusiya, Çin və onların müttəfiqləri durur. 

Əsir və girovları dəyişdirilməsi, atəşkəs başlıca müzakirə mövzularıdır. İsrailin Baş naziri Binyamin Netaniyahu bildirib ki, girov və əsirlərin mübadiləsi üçün hərbi əməliyyatların 42 gün dayandırmağa razıdırlar. O, bu müddət bitəndən sonra döyüşləri yenə bərpa edəcəklərini bildirib: “İsrail məhbusları geri qaytarmaq üçün 42 gün ərzində döyüşləri dayandıra bilər. Ancaq biz müharibəni dayandıra bilmərik. İran və bütün düşmənlərimiz bizi izləyir, təslim olub-olmayacağımızı görmək istəyirlər”.

HƏMAS isə İsrail qoşununun Qəzzadan çıxmasını israrla şərt olaraq irəli sürür.

Fələstindəki müharibə kimə və niyə lazımdır? Belə çıxır bu savaş fələstinlilərdən başqa onları müdafiə edən hər kəsə lazımdır. 

Fələstin dövlətinin başçısı Mahmud Abbas İranı HƏMAS-ı müdafiə etdiyinə görə ittiham edib: “İran fələstinliləri qurban vermək istəyir”.

O, bununla İranın ali lideri Seyid Əli Xaməneinin 2023-cü il oktyabrın 7-də HƏMAS tərəfindən həyata keçirilən hücumu təriflədiyi çıxışına cavab verib. 

Mahmud Abbas deyib: “Belə çıxışlar müstəqil Fələstin dövlətinin yaradılmasına gətirib çıxarmayacaq”.

Mahmud Abbas bildirib ki, Əli Xaməneinin bəyanatlarının hədəfi fələstinliləridir. O, İslam Respublikasının liderini oktyabrın 7-də HƏMAS-ın başladığı hücumla bağlı açıqlamalarını kəskin tənqid edərək, Fələstin xalqının azadlıq və müstəqillik məqsədlərinə uyğun olmayan müharibələrə ehtiyac duymadığını vurğulayıb.

Bir müddət əvvəl Fələstinin dövlətinin başçısının müşaviri Əl-Həbbaş da oxşar bəyanatla çıxış etmişdi: “Oktyabrın 7-də baş verənləri qiymətləndirməyə İranın haqqı yoxdur. Tehran öz məqsədləri üçün Qəzza zolağında müharibə başlayandan bəri HƏMAS-ın bütün hərəkətlərini dəstəkləyir”. 

Mahmud Abbas bununla həm də İranın və onun kimi HƏMAS-ı dəsətkləyənlərin, yardım edənlərin faktiki olaraq Fələstini parçaladıqlarını vurğulayır. Parçalanmış ölkədə iki hakimiyyət yaranıb. Biri İran və onun mənsub olduğu cəbhənin hökuməti, yəni HƏMAS rejimi, o biri isə Qərbyönümlü sayılan, müstəqilliyin dinc, beynəlxalq hüquq normaları çərçivəsində həllinə çalışan Mahmud Abbasın başçılıq etdiyi Fələstin. 

Belə dağınıq, parçalanmış ölkədə ancaq əcnəbilər at oynadar. Bu tərəflər İsraillə danışıqlara aparsa idi, indiyə yəqin çoxdan bir çox mərhələləri keçmişdilər. 

Bu qarışıqlıqda Mahmud Abbasla rəsmi Təl-Əvivin mövqeyi HƏMAS və İran hakimiyyətinin istəyi ilə müqayisədə daha məntiqi görünür. 

HƏMAS-İran birliyi İsrail dövlətinin xəritədən silinməsi uğrunda mübarizə aparır. Hətta Tehranın bununla bağlı planının olduğu da bildirilir. HƏMAS-ın hücumu bu böyük planın tərkibi, başlanğıcı sayılır. Belə bir layihənin reallaşmasının mövcud şərtlər daxilində mümkünsüzlüyü də istisna edilmir. Odur ki, HƏMAS-la İranın mübarizəsi daha çox qurban verməyə, bununla da guya İsraili “beynəlxalq aləmdə gözdən salmağa” hesablanıb.

Seyid Əli Xamənei HƏMAS və onun kimi qrupların əməliyyatlarını tərifləyərək, bildirib ki, oktyabrın 7-də baş verən bu hücum məhz regionun ehtiyac duyduğu hadisədir. O, ABŞ, İsrail və bəzi regional dövlətləri ittiham edərək deyib ki, HƏMAS qruplaşması Qərbin bütün səylərini puça çıxarıb: “Beləliklə, son 8 ayda baş verənləri nəzərə alsaq, bu planın yenidən canlanmasına ümid yoxdur”.

İranın ali rəhbərinin bu çıxışının və HƏMAS-İsrail müharibəsinin müstəqil Fələstin dövlətinin tanınmasına elə ciddi təsiri yoxdur. Bu, İranın və onun təmsil olduğu qütbün özünü müdafiə üçün atdıqları birgə addımdır. 

Fələstinin rəsmi hakimiyyəti ölkənin birləşməsinin, vahid silahlı qüvvənin yaradılmasın, Qəzza zolağının da mərkəzə tabe olmasını və s. bu kimi şərtlər irəli sürür. O İsraillə danışıqlar belə aparır. 

Lakin HƏMAS-İran cütlüyünün sayəsində dinc fələstinlilər və onun müstəqil dövlət olmaq ideyası Fələstində İsrailə qarşı silahlı münaqişənin qurbanına çevrilir.