Erməni sevgisi, yoxsa NATO qorxusu?
Tehran rejiminin Zəngəzur məsələsinə münasibətinin səbəbi bilindi
09 Oktyabr 2023
İran hakimiyyətinin Zəngəzur dəhlizinə qarşı çıxması ilə bağlı “mus-mus”unun Mustafası bəlli oldu.
İranın ali rəhbəri ayətullah Seyid Əli Xamenei hələ ötən il Zəngəzur dəhlizinə dair sosial şəbəkədəki səhifəsində təhdid dolu paylaşım etmişdi: “İslam Respublikası İran-Ermənistan sərhədinin bağlanmasına səbəb olacaq siyasət və ya planlara dözməyəcək”. O, bildirmişdi ki, Tehran hakimiyyəti İran-Ermənistan sərhədinin bağlanmasına qarşı çıxacaq: “Çünki bu sərhəd bir neçə min illik əlaqə yoludur”.
Xameneinin çıxışı İran, o cümlədən xaricdə yaşayan panfarsçı qüvvələr üçün başlıca siyasi kurs sayıla bilər. Ölkənin bütün rəsmiləri və siyasi təhlilçiləri gözüyumulu olaraq yalnız bu istiqamətdə fikir söyləyir, onu ərazi bütövlüyünün pozulması kimi qiymətləndirirlər.
Xameneinin, rejimin irəli sürdüyü bu ideyanı doğrultmaq üçün İran rəsmiləri məntiqə uyğun olub, olmayan fikirlər səsləndirib, özlərini guya Ermənistanın qayğısına qalan kimi göstərməyə çalışırlar.
Onlardan biri də İranın keçmiş xarici işlər naziri, Xarici Əlaqələr Strateji Şurasının sədri Kamal Xərrazidir. O, bildirib ki, Tehran Azərbaycanın Ermənistan ərazisini işğal etməsinə dözməyəcək: “Biz region ölkələri arasında mövcud sərhədlərin saxlanmasını vacibliyini vurğulayırıq”.
İranın xarici siyasət idarəsinə başçılıq etmiş bu şəxs Zəngəzur dəhlizinin açılmasına ehtiyac qalmadığını çox gülünc arqumentlə əsaslandırmağa çalışıb. Onun hikkəsinə görə, Qarabağ Azərbaycanın nəzarətinə keçdiyi üçün Zəngəzur dəhlizinə ehtiyac qalımır. Xərrazi iddia edib ki, Zəngəzur dəhlizi Azərbaycanla Naxçıvanı, Laçın dəhlizi isə Qarabağla Ermənistanı birləşdirmək üçün olub: “Qarabağ Azərbaycanın nəzarətinə keçdiyi və Laçın dəhlizinə ehtiyac qalmadığı üçün artıq Azərbaycanın Zəngəzur dəhlizini tələb etməsi ilə bağlı əsası yoxdur”.
Kamal Xərrazinin və rəhbərlərinin ermənisevər məntiqindən belə çıxır ki, Tehran rejimi Qarabağı Ermənistan ərazisi olaraq tanıyırmış. İndi Qarabağ “Azərbaycanın nəzarəti altına keçdiyi üçün” Laçın yoluna ehtiyac qalmadığı kimi, Zəngəzur dəhlizi də açılmamalıdır.
Qarabağ Azərbaycan ərazisidir. Laçın yolu isə orada yaşayan ermənilərə humanitar məqsədlə verilmiş yol idi. Yəni bu yol Ermənistandakı ermənilərin Azərbaycan ərazisində, Qarabağ iqtisadi rayonunda yaşayan soydaşları ilə bir-birinə gediş-gəlişi asanlaşdırmaq məqsədi ilə açılıb. Zəngəzur dəhlizi isə Azərbaycanın bir bölgəsini o biri hissəsi ilə birləşdirəcək bir xətdir. Kamal Xərrazi məsələdən ya xəbərsizdir, ya da siyasi coğrafiya savadı kəmdir.
İran Silahlı Qüvvələri Baş Qərargahının rəisi, general-mayor Məhəmməd Hüseyn Baqeri isə deyəsən, İranın qonşularını indi tanımağa başlayıb. O, Ali Milli Müdafiə Universitetində çıxışında bildirib ki, Azərbaycan son hadisələrdən sonra öz ərazisini və suverenliyini tam bərpa edib: “Müharibəni davam etdirməyə əsas yoxdur”. Bu arada, o, etnik azlıqların hüquqlarından bəhs edərək, ermənilərin hüquqlarının müdafiəçisi kimi çıxış edib.
Baqeri də İranın əvvəllər Azərbaycan və Ermənistan ərazilərinə fərqli münasibəti olduğunu gizlətməyib: “Bu gündən bizim Qafqazda hörmət etdiyimiz ərazi bütövlüyü bizim üçün vacib olan iki qonşumuz var: Azərbaycan və Ermənistan”.
Baqerinin dediklərindən belə çıxır, indiyədək İran Qafqazdakı qonşularının sayını bilmirmiş, ya da onların sayı 2-dən çox imiş. Yaxud, ermənilərin qondarma, separatçı rejimi özünə “qonşu” sayırmış.
İran rəsmiləri ərazi bütövlüyündən danışanda da belə səhv edirlər. Belə görünür ki, Tehran rejimi üçün qonşularının ”ərazi bütövlüyü” məsələsi vacib amil deyil. Əks halda, Baqeri ölkəsinin Qafqazdakı qonşularını indi saymazdı.
Bu baxımdan Tehran rejiminin Ermənistanın ərazi bütövlüyü üzərində də belə canfəşanlığı bayağı təsir bağışlayır.
Ona görə də Baqerinin Azərbaycan və Ermənistanla bağlı verdiyi açıqlamanı səmimi olduğu ifşa olunub.
Qərargah rəisindən və Kamal Xərrazidən fərqli olaraq, İran Prezidenti İbrahim Rəisi İranın “mustafasını” açıqlayıb. O, Azərbaycan və Ermənistan rəsmiləri ilə görüşdə bildirib ki, Zəngəzur dəhlizi NATO-nun regionda mövcudluğu üçün platformadır və İranın təhlükəsizliyinə təhdiddir.
İranın müdafiə naziri Reza Karai Aştiani də Şimali Atlantika Alyansına qarşı çıxış edib: “Biz NATO-nun regionda mövcudluğuna yol verməyəcəyik”.
Beləliklə, Xameneinin ötən ildən başladığı anti-Zəngəzur kampaniyasının əsil mahiyyətini nəhayət İbrahim Rəisi açıqlayıb. Onda Rəisinin irəli sürdüyü iddia əsasında demək olar ki, İran üçün “Ermənistanın ərazi bütövlüyü”, “Ermənistanla min illik əlaqə” və s. bəyanatlar, açıqlamalar İranın NATO qorxusunu ört-basdır etmək üçün imiş. Tehran rejiminin bu təlaşı da əsassızdır. Çünki bu ölkənin 71 ildir qonşu olduğu Türkiyə Cümhuriyyəti həmin Alyansın üzvüdür. İran 1952-ci ildən NATO ilə qonşudur. Yaxud İraqda və Suriyada NATO hərbçiləri var. Körfəzdə, regionun ərəb ölkələrində ABŞ və onun NATO-dakı müttəfiqləri yerləşir. Yəni Tehran rejimin “təhlükə mənbəyi” saydığı amil onu çoxdan mühasirəyə alıb. Belə şəraitdə NATO-nun Zəngəzurdan mümkün istifadəsi İran hakimiyyətinə heç bir təhlükəsi yoxdur. Bu, sadəcə, “keçi suyu bulandırır” məsələsidir...