Logo
news content

Daşkənddə 2 minədək uşağın süd məhsullarından zəhərləndiyi ehtimal olunur

Daşkənd vilayətində uşaq bağçalarında uşaqlar kütləvi zəhərlənib. Bu barədə gazeta.uz nəşri yazıb. Sanitar-epidemioloji rifah və ictimai sağlamlıq komitəsi sədrinin birinci müavini Nurmat Atabekov 1900-dən çox uşaqda zəhərlənmə simptomlarının müşahidə olunduğunu, onlardan 900-dən çoxunun xəstəxanaya yerləşdirildiyini deyib. Uşaqlarda hərarət, susuzluq, qusma halları qeydə alınıb.

Zəhərlənmə ötən həftə baş verib. Bukin, Pskent, Bekabad, Akkurqan, Kuyiçirçik rayonlarında valideynlər uşaqları uşaq bağçalarından xəstəxanalara aparıblar. Sentyabrın 26-da səhər xəstəxanalarda 961 pasiyent uşağın 941-nin vəziyyəti yüngül, 22-nin vəziyyəti orta ağır qiymətləndirilib. Pskent rayonundakı yoluxucu xəstəliklər xəstəxanası dolduğundan bəzi xəstələri qonşu şəhər və rayonlardakı tibb ocaqlarına köçürüblər.

İnternetdə Daşkənd vilayətindəki tibb ocaqlarından yayılan videoların birində tibb işçisi həmkarlarından yardım istəyir, tibb bacılarının pasiyent axınının öhdəsindən gələ bilmədiyini deyir.

Uşaqların kütləvi zəhərlənməsi ilə bağlı yeddi nəfər saxlanılıb. Onların arasında süd məhsulları istehsal edən şirkətin üç təmsilçisi, eləcə də autsorsinq şirkətlərinin vəzifəliləri var.

Sanitariya qanunvericiliyinin və ya epidemiya əleyhinə qaydaların pozulması üzrə cinayət işi açılıb.