Logo
news content

Bayden rekord yeniləyir
ABŞ demokratiyası daha hansı sürprizlər vəd edir?

Amerika Birləşmiş Ştatlarının dünyanın ən güclü ölkələrindən biri olduğunu isbatlamağa ehtiyac yoxdur. Ancaq bu nəhəng ölkədə də bəzən demokratiya adı altında gözlənilməz, hətta anlaşılmaz hadisələr baş verir.

ABŞ-də bütün dünyanın şou kimi maraqla izlədiyi aksiyalardan biri də prezident seçkisidir. Bu maraq təkcə kampaniyanın maraqlı keçməsi ilə deyil, həm də hansı partiyanın qalib gələcəyi ilə bağlıdır. Düzdür, əksər hallarda yeni seçilən dövlət başçısı siyasi kursu dəyişmir. Çünki bütün istiqamətlərdə dövlətin müəyyənləşmiş siyasi konsepsiyası var və bu siyasət yalnız partiyaların baxışından formalaşmır.

Son iki prezident seçkisi bir qədər qəribəliyi ilə fərqlənir. 

2016-cı ildə Donald Trampın, 2020-ci ildə isə Cozef Baydenin seçilməsi müəyyən mənada təəccüb doğurmuşdu. 

Məsələn, Cozef Bayden ABŞ tarixində ən yaşlı Prezident seçilib. Ötən il noyabrın 20-də onun 81 yaşı tamam olub. O, 2024-cü ildə keçiriləcək bu siyasi kampaniyaya yenidən qoşulmaq istədiyini bildirib. Qaib gələrsə, prezidentliyinin ikinci müddətini 86 yaşında baş vura bilər. 

Məşhur kinoulduz, Kaliforniya ştatının keçmiş qubernatoru Arnold Şvarsenegger “Politico” qəzetinə müsahibəsində bildirib ki, ABŞ-yə Ağ evdə “təzə qan” lazımdır. Onun sözlərinə görə, indiki Prezident Cozef Bayden və keçmiş dövlət başçısı Donald Tramp ideal deyillər. 76 yaşlı kino-ulduz ABŞ-da prezident olmaq uğrunda mübarizə aparmağa hazır olsa da, ştatlarda doğulmadığı üçün ölkə konstitusiyasına əsasən, bu siyasi yarışda iştirak etmək hüququnun olmadığını bildirib: “İndiki Əsas Qanun Ağ evə Avstriyadan olan miqrantın yolunu bağlayıb”.  O, 2024-cü ildə Baydenlə Trampın Prezident kürsüsü uğrunda yenidən mümkün mübarizəsindən narahat olanların halına acıdığını vurğulayıb: “Onların heç biri həm də yaş amilinə görə ideal deyil. Həmişə demişəm, bizə yeni nəsil liderlər lazımdır”

Yeri gəlmişkən, sonuncu rəy sorğusunun nəticələrinə əsasən, Donald Tramp ilk dəfə olaraq, Cozef Baydeni üstələyib. Respondentlərin 46 faizi Trampı, 44 faizi isə Baydeni prezident olaraq görmək istədikərini bildiriblər. 

Deməli, ABŞ-də prezidentlərin yaş məsələsi diqqət mərkəzindən kənarda qalmayıb. 

Qeyd edək ki, ən yaşlı prezident seçilən Cozef Baydendir. O, seçkidə iştirak edəndə 77 yaşı olub. Ronald Reyqan isə ikinci dəfə bu posta seçiləndə 73 yaşında idi.

ABŞ tarixində ən yaşlı 5 prezident bunlar olub: Ronald Reyqan 1981-ci ildə, 69 yaşında seçilib. Uilyam H. Harrison 1841-ci ildə (67 yaş), Ceyms Byukenen 1857-ci ildə (65 yaş), Corc Buş (böyük) 1989-cu ildə (64 yaş), daha qədimlərə getsək, Zaxariya Teylor 1849-cu ildə (64 yaş) dövlət başçısı postunu tutublar. 

Yeri gəlmişkən, hazırda dünya dövlətlərinə rəhbərlik edən ən yaşlı və ən gənc liderlərin kimlər olduğu maraqlıdır. 

Hazırda dünyada ən yaşlı dövlət başçıları bunlardır: 

Danimarka kraliçası II Marqretin 83 yaşı var, 1972-ci il yanvarın 14-dən tac daşıyır. İsveç kralı XVI Karlın 77 yaşı var, 1973-cü il sentyabrın 15-dən bu titula sahibdir. Kamerunun baş naziri Pol Biya 90 yaşındadır, 1982-ci ildən vəzifədədir. 

Ekvatorial Qvineyanın prezidenti Teodoro Obianq Nqema Mbasoqo 81 yaşındadır, 1979-cu ildən bu postdadır. 

İranın ali rəhbəri Seyid Əli Hüseyni Xaməneinin 84 yaşı var, 1989-cu ildən bu titulu daşıyır.

Bruneyinin sultanı, baş naziri Hassanal Bolkiah 77 yaşındadır, 1984-cü il yanvarın 1-dən dövlətə başçılıq edir. 

Dünyanın ən gənc dövlət və hökumət başçıları isə bunlardır:

Monteneqronun Baş naziri Miloyko Spaiç (36 yaş); 

Çili Prezidenti Qabriel Boriç Font (37 yaş); 

Səudiyyə Ərəbistanının vəliəhdi, şahzadə Məhəmməd ibn Salman əl-Saud (38 yaş); Gürcüstanın Baş naziri İrakli Qaribaşvili (41 yaş). 

Yaşlı insanlara bütün cəmiyyətlərin hörmətlə yanaşması insanlığın əsas vəzifələrindən biri, borcudur. Donald Trampın və Cozef Baydenin prezident seçilməsi ABŞ cəmiyyətinin, seçicisinin istəyinin yekunudur. Bu, Birləşmiş Ştatlar kimi liberal cəmiyyətdə demokratiyanın açdığı qapıdır. Gənc də, yaşlı da uğur qazanıb, həmin qapıdan Ağ evə birinci şəxs kimi daxil ola bilər.

GƏnc demişkən, ABŞ-in tarixində 1901-ci ildə ən gənc prezident 42 yaşında Teodor Ruzvelt seçilib. Con Kennedi 1961-ci ildə 43 yaşında, Uilyam Klinton 1993-cü ildə 46 yaşında, Uilyam Qrant 1869-cu ildə 46 yaşında, Barak Obama və Qrover Klivlend isə 47 yaşında Ağ evə başçılıq ediblər. 

Həmin dövrlərdə də ABŞ-nin siyasi-ictimai həyatında çox ciddi hadisələr baş verib. Yaşlı Tramp və Bayden də mühüm dövrlərdə Ştatlara liderlik ediblər. 

Tramp və Bayden, eləcə də digər prezidentlər dövlət institutlarının, mütəxəssislərin, peşəkarlar texnoloqların hazırladaıqları siyasi konsepsiya ilə işləyirlər. Yəni, onlar özləri konsepsiya hazırlayacaq yaşda deyillər. Sovet lətifələrinin birində deyildiyi kimi, belə çıxır, ABŞ demokratiya rejiminin müəllifləri dünyaya sübut etmək istəyir ki, sistem düz işləsə, ölkəni lap 90 yaşlı Tramp, yaxud 100 yaşlı Bayden də idarə edə bilər. 

Odur ki, ABŞ vətəndaşlarının seçiminə hörmət etmək öz yerində, ancaq demokratiya adından Ginnesin Rekordlar Kitabını yeniləməyə də ehtiyac oxdur. 

Bir də, deyəsən, Şvarsenegger düz deyir axı...