Logo
news content

“Bacıma elçi gələn oğlan məni görüb, dedi bunu istəyirəm...”
Xalq artisti uşaqlıq illərindən, ağrılarından və sevgilərindən danışdı

Gənc Tamaşaçılar Teatrının səhnəsində onlarla yaddaqalan obrazları var. Mənim yaddaşıma “Pəri Cadu”da Şamama Cadu, “Romeo və Cülyetta”da dayə kimi yazılıb.  Geniş tamaşaçı kütləsinin xəyalında isə Əli Əmirlinin ssenarisi ilə Şərif Qurbanəliyevin hazırladığı “Yarımştat” teletamaşasından Tomka kimi qalıb. Söhbət Gənc Tamaşaçılar Teatrının aktrisası, Xalq artisti Naibə Allahverdiyevadan gedir. 

“Nə yaxşı, içimdəki uşağı öldürə bilmədilər”

Mənim uşaqlığım olmayıb. Yəqin siz də şahidi olmusunuz, bəzən insanlar ahıl yaşlarında sevgidən acgözlüklə danışırlar. Həmin adamlar heç sevgi görməyən adamlardır, kəsirləri qalıb. Mənim də sevgi sarıdan kəsirim var. Yoldan keçəndə təsadüfən övladını əzizləyən valideyin görəndə ayaq saxlayıb, arxalarınca baxıram. İndiyə qədər sevgisizliyin acısını yaşayıram, sevgi axtarıram. Heç vaxt tam sevgini tapa bilmədim. Ola bilər, uşaqlıqdan görməmişəm və daşlaşmışam, sərtləşmişəm, ona görə nə qədər olsa da mənə azlıq edir sevgi, doymuram. Həyat məni çox vurdu, yıxdı-sürüdü, hərdən Tanrıya şükür edirəm ki, aqressivləşmədim, qəddarlaşmadım. Nə yaxşı içimdəki uşağı öldürə bilmədilər, hələ də uşaq kimiyəm. Yəqin Allahın nəzərindəyəm.   

Atamla anam ayrılanda mənim 1 yaşım olub. Atam deyirdi anana xəyanət etdim, o da məni bağışlamadı. Anam bağışlamadı, amma 20 il gözləri yolda atamın qayıdacağını gözlədi, sevdiyindən bağışlaya bilmirdi. Axırda da xəstələnib, yatağa düşdü. Dayılarım dedilər, uşaqları ver, ataları baxsın. İki bacı idik, bacım getdi atamla ögey ana ilə yaşadı, mən Yevlaxda bibimin yanında qaldım. Bibim çox sərt adam idi. Uşaqlıqdan artist idim, şən, deyib-gülən, oynayan. Bibim də istəyirdi ağır oturub, batman gələm. Deyirdi, ciddi ol, qəbul edə bilmirdim, ciddi nə deməkdir. Bu, situasiya məsələsidir, şən-əhval ruhiyyə yaradan situasiya varsa, mən necə ciddi olum? Yaxud, əksinə. Hər insanın içində daha çox dramatizm var, zatən, nəinki komediya. Deyirdi, ciddi ol, amma müğənni olmağımı istəyirdi. Zeynəb Xanlarovanın mahnılarını əzbərlədirdi mənə. 

Aylı gecə, sərin külək, göy çəmən

Dörd yanımız ətir saçan yasəmən... - o vaxtdan əzbər bilirəm. 


Bibimin gözündən yayınan kimi başıma bir yaylıq bağlayıb, rola girirdim, qonşular yığışırdılar başıma. Hind filmlərindən səhnələr oynayırdım. Sonra bibim rəhmətə getdi, yenidən qayıtdım anamın yanına. Bacım da qayıtdı ki, bir yerdə olaq. Anam da aktrisa olmağımı istəmirdi, məni ərə vermək istəyirdi. Gürcüstanda qızları erkən verirlər ərə. 10-cu sinifdə oxuyanda mənə artıq elçi gəlirdi. Şeytanbazar məhəlləsində qız küçəyə çıxa bilməzdi, ancaq pəncərədən baxırdıq həyətə. 17 yaşını keçən qız da evdə qalmış sayılırdı. İdmana getmək istəyirdim, qoymurdular. Bibim məni piano məktəbinə qoymuşdu, anam davam etdirməyə icazə vermədi. 

“Dedilər, artistlik sənin qanındadır”

Bizim mühitimizdə evdarlıq öyrədirdilər qızlara, söhbətləri də yalnız qıza elçi gəlməkdən, köçməkdən, cehizdən olardı. Mənim fikrim göylərdə idi, o söhbətlərdən sıxılırdım. Masanın altında C.Cabbarlının əsərlərini oxuyurdum. Anam deyirdi oxuma, xeyri yoxdur, onsuz da səni köçürəcəm. 

Bir dəfə qonşumuz Solmaz xala anama dedi ki, Bilqeyis, bir nəfər var, sənin qızlarına baxmağa gələcək, oğlunu evləndirmək istəyir. Anam mənə tapşırdı ki, onlar gələndə sən içəridən çıxma, qoy bacını görsünlər, böyükdür, onu köçürək, sonra səni. Uzun qara saçlarım vardı, gözəgəlimli idim. İndi qonaqlar gəliblər, bacımı bəzəyib-düzəyib göstərirlər onlara. Dedim, indi görün başınıza nə oyun açıram. Pəncərədən qaçdım həyətə, əlimə bir süpürgə alıb, iş görməyi sevən qız kimi başladım həyəti süpürməyə. Saçlarımı da açıb tökmüşəm. Qonaqlar qalxıb gedəndə həyətdə məni gördülər. Oğlan soruşub ki, bu kimdir? Anam deyib ki, tənbəlin biridir, özü də artist olmaq istəyir. Sənə o birisi layiqdir. Oğlan deyib ki, yox, mən elə bu qızı istəyirəm. 10-cu sinifdə oxuyurdum, ərə getmək fikrində deyildim, məni gizlətmək istədiklərindən prinsipə düşdüm. Sonra anam saçımı yoldu ki, başın batsın, bacının yoluna maneə oldun. 


Atam oxumağımı istəyirdi, mənə dedi ki, oxu, amma hüquqşünaslığa get. Mən də ona söz verib, gəldim Bakıya, o vaxtkı “Molokan bağı”nın yanından keçəndə döndüm  sənədlərimi verdim indiki Mədəniyyət və İncəsənət Universitetinə. Əvvəl qabiliyyət imtahanı verdim, keçdim. Qaraçı rəqsim çox xoşlarına gəldi. O vaxt qaraçılar barədə çox filmlərə baxmışdım. Özüm çalıb-oxuyub, özüm də oynadım. Etüdüm də xoşlarına gəldi, çox gülməli eləmişdim. Dedilər artistlik sənin qanındadır. 

“Adi bir katibə rolu ilə məşhurlaşdım”

Oxuyub bitirəndən sonra təyinatla bir müddət Naxçıvan teatrında işlədim. İlk rolum Naxçıvan teatrında olub, Dudarevin “Astana” pyesinin tamaşasında baş rol olan Alina obrazı ilə ilk dəfə səhnəyə çıxmışam. 

Naxçıvan əhalisi çox teatraldır, biletlər hamısı satılırdı. Hər tamaşa anşlaqla keçirdi. O teatrda 2 il ərzində yaxşı obrazlar oynadım. Sonra Bakıya qayıtdım, düşündüm ki, burada tez tanınaram, amma teatrlarda mənə iş vermədilər. Dəmiryolu idarəsində kitabxanaçı işləməli oldum. Bir müddət sonra Gənc Tamaşaçılar Teatrına inzibatçı kimi işə götürdülər. Yəni biletləri aparıb, müəssisələrdə satırdım. Bəzən də haradasa unudub qoyurdum, sonra maaşımdan cərimə ödəməli olurdum, çünki sevmədiyim işlə məşğul idim. Mən peşəkar artist idim, bilet satmalı deyildim, səhnədə olmalı idim. 

Bir gün Ağaxan Salmanlı dedi ki, bu qızın yaxşı fakturası var, eşitmişəm Naxçıvan teatrında yaxşı rollar oynayıb, buna bir rol verək, görək necə oynayır. Onun quruluşunda “O da mənəm, bu da mənəm” tamaşasında oynadım, premyerada hamı obrazımı təriflədi və bununla da teatrda yolum açıldı. Çox təlatümlü sənət yolum olub. Teletamaşada adi bir katibə rolu ilə məşhurlaşdım, Tomka kimi.

“Xəstəlikdən qurtulmaq üçün başqalaşdım” 

Ailə qurdum, qızım dünyaya gəldi. Ailəm sənətimi də qəbul etməli oldu, çünki məni heç nə sənətimdən ayıra bilməz. Bu sənət belədir, bəzən sonu tənhalıqla bitir, bilirsən, amma yolunu dəyişə bilmirsən. Dahilərin hamısı ömrünü tənhalıqda başa vurub, amma yaratdıqları əsərlər tarixdə qalır, çünki özlərini bütünlüklə sənətə verirlər. Bütün ruhunla, canınla sənətə verilməsən, səndən heç nə olmayacaq. 

Şəxsi həyatda da xoşbəxt olmaq istəyirsən, amma onu yoluna qoya bilmirsən, çünki bu sənət səni heç kimlə bölüşmək istəmir, çəkir özünə. Qısqanc sənətdir, həm də vəfasız. 

Şəxsi həyatımda sevdiyim olub, amma sənətim qədər sevməmişəm. Məni ondan ancaq xəstəlik, ya ölüm ayıra bilər. Gəncliyimdə bir neçə dəfə oldu, dedilər sənətini at, səni milyonlara bükərik, demişəm yox. Özümü bilirəm, sənətim olmadan yaşaya bilmərəm. Ən ağır günlərimdə gəlib Gənc Tamaşaçılar Teatrının qoxusunu içimə çəkib özümə gəlmişəm.

Sağlamlığımla bağlı uzun müddət sənətdən ayrı qalmışam. Panik atak olmuşdum, depressiyaya düşdüm. Həkimlərdə çox oldum, Türkiyədə müalicə aldım, qızıllarıma qədər satdım, axırda özüm çıxdım o vəziyyətdən. Özüm özümü çıxartdım. Bu vəziyyət 8 il çəkdi. Mərahim Fərzəlibəyov xəstəxanaya yanıma gəlmişdi, dedim, ölmək istəyirəm, yaşaya bilmirəm. Mənə dedi, sən aktrisasan, dəyiş, özündən sıyrıl, başqa bir qadının həyatını yaşa. Ağlıma batdı, xəstəlikdən qurtulmaq üçün başqalaşmalı oldum. Həyat məni yormuşdu, yeni həyata başqa qadın kimi başladım. 

Başqalarına məsləhətim odur ki, qadın kimi, insan kimi xoşbəxt olmaq istəyirsənsə, bu sənətə gəlmə, amma özüm yenidən başlasam, yenə səhnədə olardım. 35 ildən artıqdır ki, məhz Gənc Tamaşaçılar Teatrının səhnəsindəyəm. Ətrafımda çox istedadlı insanlar tənhalıqda, imkansızlıqda dünyalarını dəyişiblər, borc içində ölüblər, amma dərs olmur mənə. Sabah üçün qorxuram! Ölümdən qorxmuram, möhtac qalmaqdan qorxuram. Heç övladıma da möhtac qalmaq istəmirəm. İstəyirəm oturduğum yerdə an içində köçüm dünyadan. İnsanlar insansızlaşıb. Heç kimin dərdi heç kimin vecinə deyil. Bir zamanlar hamı bir-birinin psixoloqu idi. İndi insanlar ancaq özünü sevir. İndi övladlar özlərini valideyn qarşısında borclu hesab etmir. Heç kim heç bir məsuliyyət daşımır. Anam heç məni böyütməmişdi, ilk maaşımdan ona hədiyyə aldım.  

Ailə qursaydım, beş uşağım olsaydı, bugünkündən xoşbəxt olardım, amma bu sənət qanımdadır, ruhumdadır, onu necə dəyişim. Ağrıdan ölə-ölə səhnəyə çıxıram və bütün ağrılarım keçir. Bilmirəm sevgidir, yoxsa xəstəlik, amma belədir. Səhnədə başqasının həyatını yaşayırsan, onun ağrılarını çəkirsən, səhnədən çıxıb evə gedirsən, roldan çıxa bilmirsən, adamda ikiləşmə gedir, həm öz həyatını yaşayırsan, həm həmin vaxt yaratdığın obrazın həyatını. Qatil qadın obrazını oynayanda evdə mənə deyirdilər ki, obrazdan çıx, qorxulu görünürsən. 

Bizim nəsil az qalıb, yaxşı məktəb keçmiş nəsilik. Bizi qorumaq lazımdır. Gənclər bizdən öyrənməlidir. Yaxşı istedadlı gənclərimiz var. Kollektivimiz çox safdır. Çarli Çaplin deyib ki, aktyor qəlbən uşaqdır, böyüsə, təbiiliyini itirəcək. 

Qızım çox istedadlıdır, özü də çox gözəldir, səhnəyə yaraşardı, qoymadım. Tərcüməçidir, hələ ailə qurmayıb, istəmir, amma mən nəvə arzusundayam.