Logo
news content

Qəfil ölümün acısı, sehrli dünyadan gələn səs, nakam ömür... – HƏYAT HEKAYƏTİ
“Hara gedirdim, öz səsimi eşidirdim”

Nədənsə bu xanım yaddaşımın küncündə balaca, qaraşirin, incə səsli qızcığaz kimi qalıb. Deyəsən, bu obraz “Sehrli xalat” filmindən yaranıb. Amma bir də tez-tez oxuduğu mahnı ilə xəyalıma gəlir. Çox incə, məlahətli səslə oxuyurdu: 

Məclislərin gözü mənəm, gözü mən,

Elin ürək sözü mənəm, sözü mən.

Harda bir xoş nəğmə olsa, xoş nəğmə, 

O nəğmənin özü mənəm, özü mən. 

Gənc Tamaşaçılar teatrının səhnəsindən birbaşa televiziya ilə nümayiş olunan uşaq  tamaşalarını xatırlayıram. “Mənim nəğməkar bibim”, “Ana laylası” tamaşalarında onun canlı ifasını xatırlayıram. Yuxarıdakı mahnı da elə o tamaşalardan birindəndir, “Ana laylası”ndan. 

Söhbət Gənc Tamaşaçılar Teatrının aktrisası olmuş mərhum sənətkarımız Almaz Mustafayevadan gedir. Görkəmi, üzünün ifadəsi o qədər məsum uşaq kimiydi ki, həmişə teatrda uşaq rolları oynayırdı, dublyajda uşaq rollarını səsləndirirdi.    

“Ana laylası”nın Baharı

Uşaqlığından bütün günü mahnı oxuya-oxuya gəzirmiş. Yaxşı səsi olub, məktəbdən Əfsər Cavanşirovun xoruna seçiblər. İndiyə qədər radionun “Qızıl Fond”unda uşaqlıq səsi var. Bir gün xordan onu telerejissor Nazim Zeynalov seçib aparıb televiziyaya. Televiziyada “Gecəniz xeyrə qalsın, balalar” verilişində müxtəlif rollar oynayırdı.  Televiziyada hansı verilişdə uşaq çıxışı olurdusa, Almaz orada idi. Bir gün də məktəbə kinoya çəkməyə uşaq axtarmaq üçün gəlirlər. Sinif rəhbəri Almazı göstərib deyir ki, bizim özfəaliyyət dərnəyimizin fəalıdır. Onu bu dəfə də kinostudiyaya dəvət edirlər. 

Rəhmətlik Əlisəttar Atakişiyev çəkəcəyi filmin sözlərini qıza əzbərlədir, sonra da danışdırıb qulaq asır. Belliklə, onu “Sehrli xalat”  filminə Zərifə rolu üçün seçirlər, amma sonradan nədənsə Zərifə yox, Səidə roluna çəkiblər. 

Çəkilişlərdən sonra rejissor Əlisəttar Atakişiyev balaca Almazın əlindən tutub dublyaj redaksiyasına aparır. 

O gündən bütün uşaq rollarını  Almaz səsləndirir. Danışırdı ki, çoxlu qonorar yazırmışlar, amma pulu onun əvəzindən atası alırmış. 

“Ailəmiz imkanlı idi, o pula ehtiyacları yox idi, özümə xərcləyirdilər, qəşəng səhnə paltarları alırdılar mənə. Anam evdar qadın idi, atam ixtisasca hüquqşünas olsa da bir dövlət idarəsində baş mühasib-müfəttiş işləyirdi. Atam Şuşalıdır. Özü də deyirdi ki, Şuşalı yox, Qalalıyam. Hər ikisinin yaxşı səsi vardı. Ümumiyyətlə teatra, mədəniyyətə meylli idilər.  

Mənim də səsim onlardan keçib. Deyirdilər ki, get oxu, sən müğənnisən. Düşünürdüm ki, Şövkət xanımın yanında mən nə karəyəm oxuyam. Həm də görünür, teatr daha çox cəlb etdi məni”. 

Almazı elə uşaq yaşlarından ən çox populyar edən “Ana laylası” tamaşası olub: “O tamaşa 7 yaşdan 70 yaşa qədər hamını maraqlandırırdı. Rayona qastrola getmişdik. Küçə ilə gəzirdik, evlərin pəncərəsindən öz ifamın sədasını eşidirdim. 

Bir gün atam dedi ki, kinostudiyanın nəzdində kinoaktyor kursları açılır, imtahan olacaq, get sına özünü. Cənnət Səlimova imtahan götürürdü, çox xoşuna gəldim. Artıq orda oxuyurdum, Cənnət xanım Gənc Tamaşaçılar Teatrında Ə. Əylislinin “Mənim nəğməkar bibim” əsərini tamaşaya hazırlayırdı, məni də dəvət etdi. Sonra elə oldu ki, tamaşa hazırlanmadı, amma mən teatrda işləməli oldum. Kino kurslarını qurtarandan sonra bir filmdə rejissor köməkçisi işlədim. Teatrda artıq məşğul idim, tamaşalarda oynayırdım.  İlk rollarımdan biri İsgəndər Coşqunun “Tülkü həccə gedir” tamaşasında baş rol idi. Təəssüf ki, o vaxtlar tamaşalarımızın heç biri lentə yazılmayıb”.

İlk baxışdan məhəbbət

Almaz xanımın gənclik illəri də maraqlı keçib. Ailə qurduğu gənc də elə mədəniyyət  aləmindən olub: “Bir gün küçədə tanış rəssamla rastlaşdıq, yanında da bir dostu vardı bizi tanış elədi. Vaqif Mustafayev adlı bu oğlan Moskvada V. Zaytsevin kursunu bitirmişdi. Vaqif Azərbaycanda ilk təhsilli modelyer-rəssam idi. Tez-tez görüşürdük, bizə birlikdə çox xoş olurdu. Görüşlərimiz evliliklə nəticələndi. İki oğlumuz dünyaya gəldi, çox xoşbəxt idik. Ehtiyac nədir bilmirdim. Elə bir insan idi ki, tutaq ki, kinoya baxdığımız yerdə orda balıq bişirirdilər, deyirdim ki, lap balıq istədim. Hökmən gedib balıq alıb gətirirdi. Həyatımın ən gözəl illəri onunla yaşadığım illər olub. Çox təəssüf ki, tez köçdü həyatdan. Birdən-birə ürək tutmasından dünyasını dəyişdi. O vaxtdan mənim də dünyam dəyişdi. Əvvəla uşaqlar balaca idilər, bütün məsuliyyət tək mənim boynuma düşdü. Özüm də bir uşaq kimi onun qayğısına sığındığım halda birdən-birə iki valideynin funksiyasını yerinə yetirməli oldum. Çətin oldu, maddi sıxıntılar yaşadım. Sağ olsunlar ki, teatr şərait yaratdı uşaqları böyütdüm. Mustafa atasının yolu ilə getdi, rəssamdır”.

Acların sırasında bir nəfər də artdı

Uşaqlarının ikisi də orta  məktəbdə yaxşı oxuyublar, Almaz xanım onların sənət arxasınca getmələrini istəməyib: 

“Mustafa uşaq rəsm müsabiqəsində birinci yeri tutmuşdu, o xətlə də getdi rəssamlığa qəbul oldu, rəssam oldu. Tural isə Tibb Universitetinə hazırlaşırdı. Qəbul üçün çox az balı çatmadı. Dedim, get tibb texnikumuna, boş qalma. Getdi daxil oldu. Sonra rəhmətlik Vaqif İbrahimoğlu onu öz teatrında işə götürdü ki, maddi çətinlikdən bir az qurtaraq. Tural texnikumu qurtarıb diplomu gətirib verdi mənə ki, mən gedirəm incəsənətə. Yıxıldım qapının ağzına ki, ölüm, meyitimin üstündən keç get incəsənətə. Vaqif dedi ki, mənim kursumda bir nəfər Tural kimi uşaq olsa, bilərəm ki, əziyyətim hədər getməyib. Saqqızımı oğurladılar, razılıq verdim. Dedim, get, acların sırasında bir nəfər də artdı. Şükür, yanılmadıq. Şükür ki, atalarını əlimdən tez alan Allahım uşaqlarımı ağıllı verdi mənə. Hər ikisi ağıllı, istedadlı, pis vərdişləri yoxdur. Fəxr edirəm onlarla. Hardasa kimsə siz Turalın, Mustafanın anasısınız – deyəndə çox sevinirəm”. 

Böyük oğlu Mustafa teatr tamaşalarına quruluş verir, Tural  teatr rejissorudur. İkisi bir yerdə iş qururlar. Tural Polşada Krakov şəhərinin teatrında təcrübə keçdi. Mustafanın yoldaşı Opera Teatrının solistidir, Eleonora Mustafayeva. 

Ömrünün sonlarında Almaz Mustafayeva teatrda “Ah, qadınlar, qadınlar”, “MSS” tamaşalarında böyük rollarda oynadı. Uşaq tamaşalarında da həmişəki kimi rolları olurdu, ömrünün sonlarına qədər uşaq tamaşalarında oynayıb. 

Əsas işi dublyajda olurdu, səsi bütün yaşlara uyğun gəldiyi üçün seçimi çox olardı.

Çox istəyirdi ki, 70 yaşının tamamında teatrda ona uyğun bir tamaşa qoyulsun, “Rusiya kinosunda, teatrında o qədər balaca boylu aktyorlar var ki, onlar üçün məxsusi rollar yazılır.” 

Ömür vəfa etmədi... 

Əməkdar artist Almaz Mustafayeva 2020-ci il dekabrın 26-da 71 yaşında dünyasını dəyişdi.