
“Azdrama”da nə baş verir – nəyimizə lazım?
Bizə bu məbədin kabinetlərində danışılanlar yox, səhnəsində göstərilənlər maraqlı olmalıdır
09 Aprel 2025
Neçə gündür müşahidə aparıram, yazım-yazmayım deyə düşünürəm. Ona görə tərəddüd edirəm ki, zəmanəmizdə hər şeyin satılıb-alınması, sifarişli olması adi hal alıb, ədalət naminə dediyin fikrə görə səni asanlıqla qərəzli olmaqda, yaxud sifariş almaqda ittiham edə bilərlər. Amma sonra düşündüm ki, hər kəs hamını çox gözəl tanıyır, elin gözü tərəzidir məsələsi...
Sovet dönəmində məbəd adlanan, asılqandan başlayan teatrdan danışıram, həm də teatr tərəfdən.
90-cı illərdə yanı üstünə çevrilən, hələ də tam qalxa bilməyən teatrdan. Elə indi-indi qalxmağa başlayırdı, təzə-təzə tamaşaçı teatra qayıdırdı ki, teatrdakılar ayağa qalxdılar...həm də teatrın ziyanına. Bəli, məhz ziyanına. Haradasa, nə vaxtsa yolları çarpazlaşıb sözü çəp gələnlər şəxsi qərəzlə, hikkə ilə, mənasız iddialarını, problemlərini teatrın daxilinə də sığdıra bilməyib, püskürdülər çölə. Təbii ki, onların arxasında özlərindən də xəbərsiz qızışdırıcı amillər-şəxslər var. Niyə buna əminəm, çünki zamanla belə məsələlərin arxasından qara əl görünüb, hələ də görünür. Kim ki, iş görür, sənət naminə, millət naminə çalışır, əmin olun ki, o artıq kimlərinsə gözünün düşmənidir. Müxtəlif yollarla ona mane olmağa, çirkab atmaqla özlərinə tay etməyə, yıxmağa, yıxıb sürüməyə, sürünən etməyə çalışacaqlar. Sənət adamının belə hallarda alətə çevrilməsi isə bir başqa müsibətdir.
Alət həm də öz rəhbərinə, teatrı düşünən, gecəsi-gündüzü sənət-teatr olan bir kəsə qarşıdırsa, bu da ikinci müsibət. Məhz o adamı şəhidə qarşı hörmətsizlikdə ittiham edirsənsə, vallah, amansız və qərəzlisən, çünki Mehriban Ələkbərzadənin gördüyü işlər tamam əksini deyir, fakt göz qabağındadır, axtarmağa ehtiyac yoxdur. Can qoyduğu televiziya layihələri, sənədli və bədii filmləri, tamaşaları təpədən-dırnağa millidir, vətənpərvərlik ruhundadır. Təkcə son illər onun Gənc Tamaşaçılar Teatrının səhnəsində hazırladığı “Kod adı VXA” tamaşası iddianızı təkzib edir. Hansısa tamaşası, filmi xoşunuza gəlməyə bilər, mənim də xoşuma gəlməyəni olub, yaxud sənə rol verməməsindən danışa bilərsən. Amma onun şəhidə hörmətsizlik etməsi iddiası absurddur, manipulyasiyadır.
Sonuncu dediyim söz də o teatra çox “doğmadır”, zamanla istifadə olunub. “Azdrama” son 10 ildə neçə bədii rəhbər, baş rejissor “yeyib”? Hamısı da eyni “ittihamla”. Bu teatr düzəlməyəcəkmi? Özüm də cavab verə bilərəm. Nə qədər ki, o teatrda sənətə aidiyyatı olmayan adamlar var, yox, düzəlməyəcək. Mehriban Ələkbərzadə əslində bunu düzəltmək istəyir. Neynəsin ki, kimlərəsə bu düzəltmə xoş gəlmir. Ola bilər, işin gedişatında səsinin tonunu qaldırmış olar, bunu təkzib edə bilmərəm, belə deyə bilərsiniz, amma ittihamlar çox uzağa gedir.
Nolardı, ittihamınız sənətlə bağlı olaydı... O gün iclasda olduğu kimi, rol bölgüsü üzərində, daha bazarda gedən söhbətlər kimi yox. Teatr bazar deyil!
Bu, məsələnin birinci tərəfidir.
İkinci tərəfi odur ki, Akademik Milli Dram Teatrı tarixən intriqa yuvası olub, sənətdən çox intriqa var orda. Kollektiv özü də deyir ki, burda ala qarğa bala çıxartmaz. Sadəcə, əvvəllər onlar çölə püskürmürdü, çünki sənət adamları bir-birini qırsalar da sənəti yüksək tutmağı bacarırdılar. Saçyoldular-filan teatr daxilində həll olunurdu. Tamaşaçıya teatrda tamaşa lazımdır, sənət lazımdır. Orda hansısa aktrisaya ev verilmədi, kimsə kiminsə sevgilisini əlindən aldı (misal üçün) və sair və ilaxır, bizə aidiyyatı yoxdur, səhnəyə çıxanda mənə sənət göstər, efirə çıxanda sənətindən və sənətkardan danış, saytlarda səsini başına atıb bazardaymış kimi bağırmağın bizi o teatrdan, sənətdən iyrəndirir. Bunu bizə, sənətə etməyə heç bir haqqın yoxdur. Zəhmət çək, özün öz yerini müəyyən elə, ya teatr, ya da...
Bir daha deyirəm, mən Mehriban Ələkbərzadənin sənətini, fəaliyyətini, milliliyini, ruhunu bəyənirəm, amma bununla belə teatrda baş verənlərlə bağlı tərəf tutmadan, ədalət və sənət, yazıq o başıbəlalı teatr tərəfdən çıxış edirəm. Tamaşaçını yenə teatrdan qaçaq salmayın!