Logo
news content

45 ilin düşmənləri
İranla ABŞ arasındakı ədavətin sonu uzaqda deyil...

İran-ABŞ qarşıdurmasının 45 ili tamam oldu. 1979-cu il noyabrın 4-də ayətullah Ruhullah Xomeyninin tərəfdarı olan bir qrup tələbə (onlara “xətte-İmam”, yəni imam xəttinin mənsubları da deyirlər) Ştatların Tehrandakı səfirliyinə basqın edərək, səfirliyin 53 əməkdaşını 444 gün girov saxlayıblar. Hadisə vaxtı səfirlikdə 66 əməkdaş olub. Xomeyninin tapşırığı əsasında iki həftə sonra 13 girov - Afrika mənşəlilər və qadınlar sərbəst buraxılıb. 

Bu hadisə tarixə “İranda girov böhranı” kimi düşüb. 

Girovların azad edilməsi üçün ABŞ 1980-ci il aprelin 24-də “Qartal pəncəsi” adlı əməliyyat keçirib. 

Əməliyyat planına əsasən, “Delta” xüsusi təyinatlı dəstə, helikopterlər hücum təyyarələri və tankerlərin müşayiəti ilə ölkənin mərkəzindəki səhraya enməli, Tehran yaxınlığında tərk edilmiş aerodromu ələ keçirməli idi. Ertəsi gün səhradan xüsusi təyinatlı dəstə maşınla Tehrandakı səfirliyə getməli, girovlarla birlikdə gələn mühafizəçiləri və vertolyotları məhv etməli, sonra bütün iştirakçılar oradan ələ keçirilən aerodroma uçmalı imiş. Onlar ABŞ-nin dostu Misirdəki gizli bazaya təxliyə edilməli imiş. ABŞ-nin o vaxtkı dövlət katibi Sayrus Vens əməliyyata qarşı çıxaraq, 1980-ci il aprelin 28-də istefa vermişdi. 

Əməliyyat zamanı ABŞ və inqilab qüvvələri (o vaxt yenicə yaranan İnqilab Keşikçiləri Qvardiyası) arasında atışma olub. Amerikaya məxsus helikopter partlayıb. Qarşıdurma nəticəsində ABŞ-nin doqquz hərbçisi ölüb, beş “RH-53D” helikopteri İranda qalıb, bir “EC-130E” və iki “RH-53D” helikopteri sıradan çıxarılıb. İran tərəfdən bir mülki vətəndaş, altı hərbçi ölüb. 

Bununla da əməliyyat tam uğursuzluqla başa çatıb. 

“Xətte-imam”çıların Ştatlardan tələblərindən biri Məhəmməd Rza şah Pəhləvinin mühakimə olunmaq üçün İrana təhvil verilməsi idi. 

Beləliklə, ABŞ-İran qarşıdurmasında 15 nəfər qurban oldu. 

Bundan sonra ABŞ İrana qarşı sanksiya tətbiq edib. Bu il noyabrın 14-də həmin məhdudlaşdırıcı tədbirin də 45 ili tamam olur. 

Bir neçə gün öncə ABŞ Prezidenti Cozef Bayden İslam Respublikasına qarşı birtərəfli sanksiyaları nəzərdə tutan “fövqəladə vəziyyət rejimi”ni bir il müddətinə uzatmaq haqqında qərarı imzalayıb. Sənəddə qeyd olunub ki, İranla münasibətlər hələ normallaşmayıb və 1981-ci il yanvarın 19-da imzalanmış ikitərəfli sazişlərin yerinə yetirilməsi prosesi davam edir. Söhbət ABŞ və İran arasında Əlcəzair sazişlərindən gedir. Bu sazişlər Amerika səfirliyi əməkdaşlarının azad edilməsinə gətirib çıxarıb. Sənədlərdə, xüsusilə ölkələrin bir-birinin daxili işlərinə qarışmaması prinsipi müəyyən olunub: “Bu səbəbdən 1979-cu il noyabrın 14-də elan edilmiş milli fövqəladə vəziyyət rejimi və bu vəziyyətə qarşı mübarizə məqsədilə o zaman tətbiq edilmiş tədbirlər 2024-cü il noyabrın 14-dən sonra da qüvvədə qalmalıdır”.

Cozef Bayden bildirib: “Mən İrana qarşı milli fövqəladə vəziyyət rejiminin müddətini bir il uzadıram”

“Girov böhranı” bir çox baxımdan İranın nüfuzuna zərbə vurub:

- Sanksiya tətbiqi üçün əsas olub; 

-ABŞ ilə münasibətlərin düzəlməsinə əlavə, başlıca problem yaradıb;

-“İran xarici diplomatlar üçün etibarsızdır” imicinin yaranmasına təsir göstərib;

- ABŞ müttəfiqlərinin İsam Respublikası ilə münasibətlərinə mənfi təsir göstərib;

-İran əlavə siyasi, maliyyə, iqtisadi, diplomatik məsuliyyət daşımağa başlayıb və s. 

Doqquz il əvvəl dekabr ayında ABŞ prezidenti Barak Obama İranın girov götürdüyü ABŞ səfirliyi əməkdaşlarına kompensasiya verməsi ilə bağlı sərəncam imzalayıb.

Həmin sənədə əsasən, səfirliyin girov götürülmüş əməkdaşlarına 4,4 milyon dollar, onların ailə üzvlərinə isə 660 min dollar məbləğində kompensasiya ödəniləcək.

İran hakimiyyəti indiyədək girov götürdüyü səfirlik əməkdaşlarından və ABŞ xalqından üzr istəməyib. Onlara və ailə üzvlərinə dəyən ziyanı da ödəməyib. 

Hazırda ABŞ-ın Tehrandakı səfirliyinin həyəti hasarlanıb, üstündən tikanlı məftillər çəkilib. Həyətin küçə divarına ABŞ-a qarşı şüarlar yazılıb. 

Noyabrın 4-ü İranda “Dünya imperializminə qarşı mübarizə günü” olaraq qeyd edilir. Bir neçə gün əvvəl İslam Respublikasının ali rəhbəri ayətullah Seyid Əli Xamənei məktəblilərlə görüşündə ABŞ-yə qarşı çıxış edib. 

Keçmiş müttəfiqlərin, strateji tərəfdaşların küsülülüyü yarım əsrə yaxındır, davam edir. 

Ötən illərdə tərəflərin münasibətləri normallaşdırmaq üçün bir neçə dəfə imkanları olub:

-İran-İraq müharibəsi zamanı;

-İraqa beynəlxalq koalisiyanın hücumu zamanı;

-2001-ci il 11 sentyabr terroru zamanı;

-Suriya və İraqı İŞİD terror qruplaşması işğal edən dövrdə;

-“Ərəb bahar” zamanı;

-2015-ci ilin yayında İranın nüvə proqramına dair Əhatəli Razılaşma Müqaviləsi imzalananda. 

HƏMAS-ın İsrailə hücumu isə iki ölkə arasında münasibətləri daha da gərginləşdirib. Artıq Tehran yəhudi dövləti ərazisinə iki dəfə hücum edib. Bu, həm də ABŞ-yə “ağ əlcək” atmağa oxşayır. Yeni cavab hücumlarının olacağı ehtimal az deyil. Ona görə 45 illik düşmənliyin kulminasiyaya doğru yüksələcəyi gözlənilir. 

Ancaq bütün hallarda, bu vəziyyətin ömrü bir əsrə çətin ki çata. ABŞ-İran ədavətinin də sonu uzaqda deyil…