Logo
news content

33 ildə ilk dəfə: Bütün Azərbaycanda…
Bu gün Azərbaycan 31 dekabr bayramını ilk dəfədir, ərazi bütövlüyünü və suverenliyini tam təmin etmiş halda qeyd edir

Azərbaycan çağdaş tarixində çoxlu bayramlar olub. Ancaq onların bəziləri indi heç xatırlanmır da. Müstəqillik və milli azadlıq hərəkatı belə günlərə də yerini göstərdi. Məsələn, aprelin 28-ni indi heç kim bayram saymır, heç onu qeyd də etmir. Noyabrın 7-si də çoxdandır bayramlıqdan çıxıb. 30 ildən artıqdır, Azərbaycan cəmiyyəti özünü yaratdığı tarixi günlərin eşqinə 28 May, 18 Oktyabr, 17 Noyabr, 31 Dekabr və 8 Noyabrı Bayram olaraq qeyd edir. Bu hadisələr həm xronoloji baxımdan, həm də mahiyyət etibarilə biri-birinin davamı kimidir. 

Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür. 31 Dekabr Azərbaycan milli azadlıq hərəkatının “millətləşmə, dövlətləşəmə, bütövləşmə” şüarının hədəfini göstərir. 

Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün əsası 1989-cu il dekabrın sonlarında Cəlilabad, Biləsuvar və Naxçıvanda SSRİ-İran sərhədlərinin uçurulması zamanı qoyulub. Onda Quzey və Güney Azərbaycan arasındakı sərhədin dirəkləri dağıdıldı, tikanlı məftillər yığışdırıldı.

“Sərhəd hərəkatı” adlanan bu hadisəni hələ də mahiyyətinə ziddi yozanlar var. Kimin necə qiymətləndirməsindən asılı olmayaraq, 31 dekabr azərbaycanlıların yaratdığı Bayramdır. Həmin günlərdə Arazın bir tərəfindən o biri tərəfinə qardaşlıq, birlik ismarışları verildi. Sovet hərb maşınından, həmçinin panfarsçıların fitnəsindən qorxmayan, ehtiyatlanmayan minlərlə azərbaycanlı əsr yarımlıq həsrət son qoydu. Təbrizi, Bakını, Ərdəbili, Gəncəni görmək istəyənlər arzularına çatdılar. 

Milli hərəkatçıların və xüsusilə Azərbaycan Xalq Cəbhəsinin yerli şöbələrinin əvəzsiz xidməti sayəsində millətin birləşmək, bütövləşmək istəyi açıq şəkildə nümayiş etdirildi. 

Sərhəd hərəkatı Azərbaycan Milli Hərəkatının hədəflərini göstərdi. Bu hadisə Azərbaycan türklərinin bölünmüş millətlərdən biri olduğunu dünyaya bir daha çatdırdı. 

Sovet-kommunist imperiyası bu hadisələrin hikkə və kinini 1990-ci ilin yanvar ayında Azərbaycandan çıxmağa çalışdı. Ancaq bununla hərəkat geri çəkilmədi: “Bir ölür, min diriliriz!”, “Şəhidlər ölməz, Vətən bölünməz!”, “Azərbaycan oyaqdır, öz haqqına dayaqdır!”, “Güney Azərbaycan İran deyil!”, “Azadlıq, Ədalət, Milli hökumət!” şüarları yarandı, Babək qalasına yürüşlər edildi və s. 

Azərbaycan milli azadlıq hərəkatının lideri, mərhum prezident Əbülfəz Elçibəy bu günlə bağlı çıxışlarının birində demişdi: “Bu həmrəylik günü 190 il bundan öncə yağı düşmənlər tərəfindən parçalanmağa başlayan еlimizin, yurdumuzun 1989-cu ildə birliyə doğru ilk böyük addımını atdığı gündür… Bu birliyə rəhmətlik İsmayıl bəy Qaspiralı “dildə, fikirdə, işdə birlik”, bu bərabərliyə rəhmətlik Məmməd Əmin bəy Rəsulzadə “müsavat” dеmişlər. Biz bu birliyə və bu bərabərliyə möhtacıq və Ulu Tanrının buyruğu ilə tarix bizi buna səsləyir”.

Bu günün önəmini nəzərə alan, dünya azərbaycanlılarının birliyi ideyasını gücləndirməyi vacib hesab edən Heydər Əliyev isə hələ Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olan vaxt – 1991-ci ilin 16 dekabrında dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi rəsmi olaraq elan edib.  

Sonradan, onun Azərbaycan Prezidenti olduğu dövrdə Dünya Azərbaycanlılarının birinci qurultayı çağırılıb. 

Prezident İlham Əliyev də bu ideyanı aktual saxlamaqla bərabər, daxili və xarici siyasətdə ona xüsusi əhəmiyyət verib. Dünya azərbaycanlılarının növbəti qurultayında “50 milyonluq azərbaycanlının prezidenti olduğunu” elan etməklə, o, birlik və həmrəylik ideallarına sadiqliyini isbatlayıb. 

O illərdə bu istiqamətdə baş verən hadisələrə, planlara, düşüncələrə, istəklərə xəyal kimi baxardılar. Belə düşünənlərə “siyasi romantik” deyərdilər. “Qarabağ bizimdir, bizim olacaq!”, “Təbrizə gedəcəyik” deyəndə ironiya ilə gülərdilər. 

2020-ci ilin 44 günlük, 2023-cü ilin 23 saatlıq antiterror əməliyyatları güc və iradə birliyinin bütün arzuları gerçək edə biləcəyini sübut etdi. Ali Baş Komandanın başçılığı, Azərbaycan cəmiyyətinin birliyi, Silahlı Qüvvələrin rəşadəti sayəsində bu arzular, xəyallar, ideallar gerçək oldu. Azərbaycan Cənubi Qafqazın aparıcı gücü olduğunu nümayiş etdirdi.  

Bu gün Azərbaycan müstəqil olduğu 33 il ərzində ilk dəfə 31 Dekabr Bayramını ərazi bütövlüyünü və suverenliyini təmin etmiş halda qeyd edir. 

30 ildən artıq işğal altında qalmış torpaqlarımızın hər bir qarışı azad edildikdən sonra bu bayramı qeyd etməyin, dünyadakı soydaşlarımıza səslənməyin xüsusi yeri və əhəmiyyəti var. 

Azad Qarabağdan – onun simvolu sayılan Şuşadan, Xankəndidən Qərbi Azərbaycana – Zəngəzura, Göyçəyə, Güney Azərbaycana – Təbrizə, Ərdəbilə, Urmiyaya xoşməramlı ismarışlar göndəriləcək. 

Parçalanmış torpaqlarına salam olsun, Vətən. 

31 Dekabrın ideallarının bütün Azərbaycanda gerçəkləşməsi arzusu ilə 

Bayramınız mübarək!