Logo
news content

2025-ci ildə devalvasiya olacaqmı?
Devalvasiya o zaman olur ki, pul yüngülləşir, həyat isə ağırlaşır...

Azərbaycan manatının 2025-ci ildə mümkün devalvasiyası həm analitikləri, həm də sadə vətəndaşları narahat edir. Bəs bu iqtisadi terminin arxasında nə gizlənir? Devalvasiya - xarici valyutalara nisbətdə milli valyutanın dəyərdən düşməsi deməkdir. Hazırda bu prosesi Rusiyada, qismən Moldovada və Qazaxıstanda müşahidə edirik. Azərbaycan üçün isə bu prosesin təkcə maliyyə deyil, həm də sosial əhəmiyyəti var. Bank işçilərinin devalvasiya ilə bağlı məzəli ifadəsi yada düşür: “Devalvasiyaya görə bu gün dollar satılmır. Biz onu sadəcə göstərə bilərik”. 

Bu gün milli valyutamız inflyasiya, valyuta ehtiyatlarının vəziyyəti, fiskal siyasət və neftin qiymətinin dəyişməsi arasında müvazinətini saxlamağa çalışır. Bu terminlərin arxasında iqtisadiyyat üçün real risklər və sabitliyin qorunması ümidləri dayanır... Məsələn, inflyasiya hər zaman istənilən ölkənin iqtisadi həyatına qeyri-müəyyənlik əlavə edir. Əgər mal və xidmətlərin qiymətləri qalxmağa başlasa, bu, təkcə vətəndaşların pul kisəsinə deyil, həm də manata olan inama təsir edəcək. Təsəvvür edin ki, adi vətəndaş malların davamlı bahalaşmasını hiss edərək, “manat gözümüzün qabağında əriyir” qərarını verir və əmanətlərini xarici valyutaya dəyişməyə başlayaraq, dollar və ya avronun arxasında “gizlənməyə” çalışır.

Son illərdə Türkiyənin yüksək inflyasiya, tədiyyə balansının kəsiri və qeyri-sabit pul siyasətinin birləşməsindən qaynaqlanan necə ciddi devalvasiya ilə üzləşdiyini xatırlayaq. İnflyasiyanın ikirəqəmli sıçrayışı dərhal milli valyutaya inamı sarsıtdı və vətəndaşların çoxu əmanətlərini dollar və avroya köçürməyə başladı.

Yaxud, öz tariximizdən başqa bir misal. Azərbaycan 2015-ci ildə neftin qiymətinin kəskin ucuzlaşmasından sonra devalvasiya yaşadı. Mərkəzi Bank manatın məzənnəsinin süni şəkildə dollara bağlanması siyasətindən imtina etmək məcburiyyətində qaldı, bu da məzənnənin xeyli ucuzlaşmasına səbəb oldu. Bu təcrübə ölkənin maliyyə siyasətinə dərs oldu, bundan sonra valyuta ehtiyatları gücləndirildi və inflyasiya risklərinə diqqət artırıldı. Lakin bu gün də neft qiymətindən asılılıq bizim üçün əsas amil olaraq qalır.

Azərbaycan iqtisadiyyatın şaxələndirilməsinə can atır, lakin proses tam başa çatmaqdan xeyli uzaqdır. Təbii ki, bir sıra ekspertlər “dünyanı neft deyil, onun nəticələrini idarə etməyi bilənlər idarə edir” deyə təkrar etməyi xoşlayır. Amma neftin qiyməti həddən çox aşağı düşərsə, hökumətimiz manatın məzənnəsini dəstəkləmək üçün bütün ehtiyatlardan istifadə etməli olacaq. Bununla belə, ehtiyatlar sonsuz deyil və onların aktiv istifadəsi yalnız müvəqqəti həll yolu ola bilər.

Təəssüf ki, iqtisadi şaxələnmə istəyi Azərbaycanda sadəcə olaraq “neft tələsindən” xilas olmaq cəhdini xatırladır. İnvestorlar yeni istiqamətlərə hələ də ehtiyatla baxırlar, daha etibarlı sektor olan “neft və qaz”a  üstünlük verirlər. Təbii ki, devalvasiyanın qarşısını almaq olar. Ancaq IT, kənd təsərrüfatı və turizm kimi sahələrə (xoşbəxtlikdən logistika inkişaf edir) yeni investisiyalar cəlb olunması halında. Bu isə təkcə maliyyə investisiyaları deyil, həm də biznes üçün əlverişli şəraitin yaradılmasını tələb edir. Bu, bağ salmaq kimidir: torpağı düzgün seçmək, suvarmaq və zərərvericilərdən qorumaq lazımdır. Bizdə isə bu zərərverici bəzən sonsuz görünən bürokratiya və korrupsiyadır...

Bəs 2025-ci il nə gətirəcək? Azərbaycan ixracatının ən azı 85%-nin hələ də neft məhsulları təşkil etdiyi bir vəziyyətdə, dayanıqlı iqtisadiyyata gedən yol kifayət qədər çətindir. Neftdən asılılığın aradan qaldırılmasına nail olan ölkələr ÜDM-in 10%-ə qədərini təhsilə və elmi tədqiqatlara yönəldirlər, Azərbaycanda isə bu rəqəm hələ də cəmi 3%-ə yaxındır. Məsələn, eyni transformasiyadan keçən Səudiyyə Ərəbistanı növbəti beş il ərzində qeyri-neft sektorunun, eləcə də turizm və yüksək texnologiyaların inkişafına təxminən 500 milyard dollar xərcləməyi planlaşdırır. Aydındır ki, bizdə belə vəsait və imkanlar yoxdur. Lakin bu müqayisə yalnız onu sübut edir ki, qətiyyətli tədbirlər, şaxələndirmə və təhsilə əhəmiyyətli investisiyalar qoyulmasa, Azərbaycan “neft tələsindən” xilas olmaqda çətinlik çəkəcək. 

Devalvasiya ehtimalının faizlə qiymətləndirilməsi çox mürəkkəb və şərti bir işdir. Amma kobud ekspert qiymətləndirməsi göstərir ki, neftin qiyməti bir barel üçün 70-80 dollar diapazonunda qalarsa, yaxın 1-2 ildə devalvasiya ehtimalını aşağı, yəni təxminən 20% çərçivəsində qiymətləndirmək olar. Azərbaycan fiskal sabitliyi və əhəmiyyətli valyuta ehtiyatlarını qoruyub saxlaya biləcək... Qiymətlər 60 dollardan aşağı düşsə, diversifikasiya isə zəif olaraq qalsa, devalvasiya ehtimalı 50-60%-ə qədər artır. Mən daha ciddi iqtisadi şoku (neftin qiymətinin 50 dollardan aşağı düşməsi, dövlət borcunun kəskin artması və ya qlobal tənəzzül) ümumiyyətlə nəzərdən keçirmirəm. Bir sözlə, indi manatın sabitliyi birbaşa islahatların uğurundan və neftdən asılılığı azalda biləcək strategiyaların həyata keçirilməsindən asılıdır.

Ölkəmiz bu sahədə sıçrayış edə biləcəkmi? Bu sual hələlik açıq qalır, lakin bir şey aydındır: davamlı inkişaf təkcə planlar deyil, konkret, əhəmiyyətli investisiyalar və iradəli islahatlar tələb edir. Axı, amerikalı iqtisadçı və Nobel mükafatı laureatı Pol Kruqmanın dəqiq qeyd etdiyi kimi, sabitlik təbii qəbul ediləcək bir şey deyil, “gələcək üçün gündəlik mübarizə”dir...